KXDR və Cənubi Koreya sülh müqaviləsi imzalamağa hazırlaşır - RAMİYƏ MƏMMƏDOVA

Baxış sayı: 
40
1  
0  

"Hazırda tam birləşmə məsələsi gündəmdə qalsa da, bunu ancaq gələcək proseslərdə görə bilərik"

ABŞ Rusiya və Çini regionda sıxışdırmaq, onların təsir gücünü zəiflətmək məqsədiylə Koreya yarımadasının birləşdirilməsinə çalışır

Yarım əsrdən artıqdır ki, bir-birinə düşmən mövqedə dayanan Şimali Koreya Xalq Demokratik Respublikası (KXDR) və Cənubi Koreya artıq bu ildən etibarən yaxınlaşmağa çalışır, hətta hər iki ölkənin lideri görüşlər keçirərək, birləşmə planını müzakirə edirlər. Halbuki dünənə qədər heç kim Cənubi Koreya prezidenti Mun Çjo İnlə Şimali Koreya lideri Kim Çen Inın bir araya gələ biləcəyini belə, ehtimal etmirdi. Bunun əsas səbəbi isə Şimali Koreyada diktatura, Cənubi Koreyada isə demokratik rejimin mövcud olmasıdır. Eyni zamanda, xarici müdaxilələr, daha dəqiq desək, Şimali Koreyanın Rusiya və Çinin, Cənubi Koreyanın isə ABŞ və Yaponiyanın təsir dairəsində olması da bu ölkələri daim üz-üzə qoyub. Lakin artıq hər şeyin keçmişdə qaldığını, tərəflərin real nəticələr əldə etməkdə maraqlı olduqlarını deməyə əsas verən konkret addımlar mövcuddur. Belə ki, Şimali Koreya və Cənubi Koreyanın bu ilin aprel ayının 27-də birgə sammit keçirməsi, ölkə başçılarının görüşüb bir masa arxasında oturması bunun ilkin işartılarındandır.

Sentyabrın 19-da KXDR lideri Kim Çen In və Cənubi Koreya prezidenti Mun Çjo İnin Pxenyanda keçirilən sammitin nəticələrinə əsasən birgə sənəd imzalamaları isə Koreya yarımadasının birləşdirilməsi istiqamətində atılan növbəti ciddi addım kimi dəyərləndirilməlidir. Qeyd edək ki, Şimali Koreya ilə Cənubi Koreya arasında imzalanan hərbi sahədə əməkdaşlıq müqaviləsinə əsasən, liderlər nüvəsizləşdirmə üzrə tədbirləri davam etdirmək, ikitərəfli münasibətləri normallaşdırmaq, mümkün sahələrdə əməkdaşlıq qurmaq, iki azad iqtisadi zona yaratmaq barədə razılığa gəliblər. Sammit çərçivəsində, həmçinin birgə hərbi komissiya, sülh zonası yaradılması haqqında da razılıq əldə olunub, müvafiq sənədlər imzalanıb. Şimali Koreya lideri Kim Çen In isə öz növbəsində, bildirib ki, o, Cənubi Koreya prezidenti Mun Çjo İnin yaxın vaxtlarda Seula səfər etmək barədə təklifini qəbul edib.

Bu arada, ABŞ prezidenti Donald Tramp iki ölkə arasında yeni sazişlərin imzalanmasını alqışlayaraq özünün "Twitter" səhifəsində belə yazıb: “Kim Çen In nüvə obyektlərində təftişə və beynəlxalq ekspertlərin iştirakı ilə nüvə poliqonunun və start meydanının tam bağlanmasına icazə verib. Bununla yanaşı, Şimali və Cənubi Koreya 2032-ci illərdə keçiriləcək Olimpiya oyunlarının keçiriləsi üçün birgə ərizə verəcək". Donald Trampın açıqlamasından da göründüyü kimi, o, Şimali Koreya ilə Cənubi Koreya arasında münasibətlərin normallaşdırılmasında, hətta gələcəkdə onların birləşməsində maraqlıdır. Aydın şəkildə hiss olunur ki, ABŞ bu gün özünün əsas rəqiblərindən olan Rusiya və Çini regionda sıxışdırmaq, onların təsir gücünü zəiflətmək məqsədiylə Yaponiyanı da prosesə cəld edərək Koreya yarımadasının birləşdirilməsinə çalışır. Maraqlıdır, görəsən Vaşinqton və Tokionun vasitəçiliyi ilə baş tutan Kim Çen In və Mun Çjo İn görüşləri, liderlər arasında müşahidə olunan yaxınlaşma sonda iki ölkənin birləşməsi ilə nəticələnə bilərmi?

Bu sualla müraciət etdiyimiz siyasi ekspert Ramiyə Məmmədovanın sözlərinə görə, bu gün iki Koreya dövləti müxtəlif siyasi, iqtisadi və mədəni şəraitdə yaşayır və bir-birlərini öz ərazi bütövlüyünün işğalçıları kimi görürlər: "1945-ci ildə İkinci Dünya müharibəsi başa çatdıqda Koreyanı idarə edən Yaponiyanın məğlubiyyətindən sonra ölkənin iki hissəyə - Şimali Koreya və Cənubi Koreyaya bölünməsi baş verdi. ABŞ və SSRİ ölkənin birgə idarə edilməsi haqqında müqavilə imzaladılar. İki super gücün təsir zonalarının bölünməsi xətti 38 paralelə keçdi. Bu gün iki Koreya dövləti müxtəlif siyasi, iqtisadi və mədəni şəraitdə yaşayır və bir-birlərini öz ərazi bütövlüyünün işğalçıları kimi görürlər. Bu iki dövlətin yarandığı gündən, yəni 65 il ərzində dövlət başcıları 3 dəfə görüş keçirib. Bu görüşlərin hər biri bu günə qədər davam edən tərəflər arasındakı sülhün bərqərar olması haqda razılaşmayla bitmişdir". Hal-hazırdakı sülhün belə, hüquqi cəhətdən heç bir əhəmiyyət daşımadığını deyən politoloq hesab edir ki, beynəlxalq hüquq baxımından bu saziş müharibənin sona çatmasını nəzərdə tutmur: "Yalnız hərbi əməliyyatların müvəqqəti dayandırılmasını nəzərdə tutur. Yəni tərəflər arasında sülh müqaviləsini imzalayana qədər qüvvədə ola bilər. Bu il baş verən hadisələr belə yöndə davam edərsə, belə bir müqaviləyə gətirib çıxara bilər. Lakin burda bir məsələni unutmaq lazım deyil ki, artıq bu iki dövlət illərdir dünyanın aparıcı qüvvələri olan ABŞ və Yaponiyanın, eləcə də Rusiya və Çinin geosiyasi mənafelərinin maraqlarındadır. Yəni burda gedən hər prosses və bağlanılacaq hər saziş bu dövlətlər tərəfindən də dəyərləndirələcək. Bu gün artıq hər iki siyasi liderlər hər hansı bir düşmən hərəkətinin qarşılıqlı tam şəkildə dayandırılması barədə razılığa gəlib, yarımadada heç bir müharibə olmayacağına söz verdilər və bununda nəticəsi olaraq Pxenyan sammitində hərbi sahədə əməkdaşlıq haqda saziş bağlandı".

Ekspertin fikrincə, Pxenyan və Seul bu il sülh müqaviləsi imzalamağa hazırlaşır. Ramiyə Məmmədovanın sözlərinə görə, tərəflər bu zonanı tamhüquqlu sülh ərazisinə çevirməyi planlaşdırırlar: "Bütün bunlar təbii ki, gələcək planlardır. Lakin bu dövlətlərin birləşməsi məsələsində iki konsepsiya nəzərdən keçirmək olar. Birincisi, bir dövlətin bir çox siyasi məsələlər müstəvisində digərinə birləşdirilməsi, ikincisi isə həm Şimali, həm də Cənubda mövcud olan ikinci model, mərhələ-mərhələ konfederasiyasını nəzərdə tutur. Aydındır ki, bu, yalnız birgə iqtisadi layihələr həyata keçirərkən mümkün olan çox uzun bir prosesdir. Bununla belə, hazırkı sanksiyalar şərtlərində bu layihələri həyata keçirmək mümkün deyil. Ona görə də əsas vəzifə sanksiyaların tədricən aradan qaldırılmasıdır. Əlbəttə, bu da ABŞ-dan asılıdır. Yəni hal-hazırda tam birləşmə məsələsi gündəmdə qalsa da, bunu ancaq gələcək proseslərdə görə bilərik. Yəni burda hər iki dövlət başcılarının şəxsi münasibətləri də rol oynaya bilər. Belə ki, biri dəyişikliklərə ehtiyacı olduğunu başa düşən gənc və iddialı bir lider, diğəri isə ötən il hakimiyyətə gələn və hər bir sahədə dialoqa gedən sol liberal siyasətçidir".

Загрузка...
Загрузка...