​Koronavirusun 49 nəfəri yaxaladığı, 3 nəfəri tələf etdiyi Qaxdan reportaj FOTO

Baxış sayı: 
100
1  
0  

 
Səfalı bölgədə epidemiyaya ən pik yoluxma iyulun 7-də 10 nəfərdə qeydə alınıb, restoranlar, otellər işləsə də, nəzarət gücləndirilib; polis rəisi: “Yoluxmalar iyunda artmağa başladı...”
Bəli, gəldik çıxdıq ezam olunduğumuz, möhtəşəm təbiətə malik Qax rayonuna. Burada fındıq bağlarında görülən işlər, fındıqçılığın perspektivləri barədə çəkiliş apardıqdan sonra Qaxın mərkəzinə üz tuturuq. Sərt karantin rejimi olan Şəki şəhəri ilə qonşu Qaxda vəziyyətin nə yerdə olduğunu öyrənmək istəyirik.
 
Məlum olur ki, Qaxda karantin rejimi mövcud deyil, həyat öz axarındadır, insanlar sərbəst hərəkət edirlər, kafe-restoranlar fəaliyyətdədir, amma koronavirusa yoluxmalar və ölüm halları bu bölgədən yan keçməyib.
 
Ona görə insanların maska taxması tələb olunur, sosial məsafənin gözlənməsi mütləqdir. Çünki yoluxmalar artsa, Operativ Qərargah tərəfindən gedişat təhlil olunaraq Qax rayonunda da karantin elan edilə bilər.
 
Hazırda Qaxda polis postları qurulmasa da, ümumi vəziyyətə nəzarət olunur, əhali arasında maarifləndirmə aparılır, marketə, bazara gedən sakinlərin maska taxması tələb edilir.
 
 
 
Bölgədəki real vəziyyət və statistikanı isə Qax Rayon Polis Şöbəsinin rəisi Vidadi Qurbanovdan öyrənə bildik. V.Qurbanov “Yeni Müsavat”a bildirdi ki, martın 19-dan bəri Qaxda 49 nəfərin koronavirus testi pozitiv çıxıb: “Xəstələrdən 14 nəfər artıq sağalıb, 3 nəfər isə dünyasını dəyişib. Onlar əsasən ürək çatışmazlığı, şəkərli diabet xəstəliyindən əziyyət çəkənlər idi və virusun yoluxması vəziyyətlərini daha da ağırlaşdırıb. Yoluxanlardan 3 nəfər Balakən Rayon Mərkəzi Xəstəxanasında müalicə alır, aktiv 26 xəstə isə evdə müalicə olunur”.
 
V.Qurbanovun sözlərinə görə, martda sərt karantin tətbiq edilib, müəyyən xidmət sahələrinə işləmək izni verilib, Qaxa giriş-çıxış məhdudlaşdırılıb: “O zaman infeksiyaya yoluxmalar bu səviyyədə deyildi. Yoluxmalar iyun ayında artmağa başladı. Bizdə ilk yoluxma Olqa Osmanova adlı vətəndaşda qeydə alınıb və Balakən xəstəxanasında bir həftə ərzində sağalaraq evə buraxılıb. Ümumilikdə, Qaxın İlisu, Şotavar, Qaxbaş, Qorağan, Almalı kəndlərində yoluxmalar var. İyulun 7-də Qaxda 10 nəfərin testi pozitiv çıxıb. Bu, Qaxda hələ ki ən pik nəticədir. Biz gündəlik yoluxma barədə Daxili İşlər Nazirliyinə məlumat veririk”.
 
 
 
RPŞ rəisi qeyd etdi ki, rayonda sərt karantin rejimi olmadığı üçün istirahət mərkəzlərinin fəaliyyətinə hər hansı məhdudiyyət qoyulmayıb: “Lakin istirahət mərkəzlərinə qarşı tələbkarlıq var. Qonaq gələn müştərilərin hərarətinin ölçülməsi, sosial məsafənin gözlənməsi kimi tövsiyələrə riayət olunmalıdır. Həmçinin, rayonda insanlara maska paylamışıq, vətəndaşlara maskasız gəzməmək barədə xəbərdarlıq edirik. Şüurlu, məsuliyyətli insanlar çoxdur və tibbi maskadan istifadə edirlər. Amma xəbərdarlıqdan nəticə çıxarmayanlar olur və onların barəsində inzibati qaydada tənbeh tədbiri görülür”.
 
Polis rəisi bildirdi ki, banklarda, bazarlarda reydlər keçirilir, insanların maska tələbinə riayət edib-etmədiklərinə nəzarət olunur. O, polisin məqsədinin xalqın pandemiya bəlasından minimum az zərərlə çıxmaq olduğunu qeyd etdi.
 
Onun sözlərinə görə, Şəkidə sərt karantin rejimi tətbiq edilib və Qaxa gəlib-gedənlərin icaze.gov.az portalında icazəsi olub-olmadığı yol polis əməkdaşları tərəfindən yoxlanılır: “Təəssüf ki, icazəsi olmayanlar arasında müxtəlif yollar axtaranlar olur. Məsələn, bu yaxınlarda bir sürücü posta çatanda şəxsi maşınını saxlamışdı və evakuator çağırmışdı. Guya avtomobili xarab olub, yolda qalıb. Deməli, evakuator həmin əraziyə gəlir, maşını postdan keçirir və bir az getdikdən sonra saxlayır, sürücü yenə öz maşını ilə yola davam edir. Yəni belə hallar var və biz nəzarəti gücləndirmişik ki, icazəsi olmayanlar ”alternativ" yollar axtarmasınlar".
 
Qax RPŞ rəisi sonda dedi ki, görülən kompleks tədbirlərin bir hədəfi var - Azərbaycan xalqının COVİD19 bəlasından xilas olması və epidemiyadan az itki ilə çıxması...
 
Daha sonra kurort ərazisi olan İlisu-Qaxbaş istiqamətinə yollandıq. Bu kəndlərdə bildiyiniz kimi otellər, istirahət mərkəzləri fəaliyyətdədir. İstirahət mərkəzlərində az-çox olsa da, turistlər var idi. Baş çəkdiyimiz otellərdə apardığımız müşahidə zamanı müştərilərin giriş qapısında bir-bir hərarətinin ölçüldüyünü gördük. Həmçinin, qonaqlardan sosial məsafənin gözlənməsi tələb olunurdu.
 
 
 
Amma otellərin məsul şəxsləri etiraf edirlər ki, pandemiya turizmə ciddi təsir göstərib və ötən illə müqayisə oluna bilməz. İndi otellərdə, restoranlarda az sayda müştərilər var və təbii ki, obyektlər ziyan ediblər.
 
Əvvəla, Bakıdan giriş-çıxış məhdudlaşdırılıb, ikincisi, qonşu Şəkidə sərt karantin rejimi tətbiq olunub, üçüncüsü isə Qaxda yoluxmaların və ölüm faktının qeydə alınmasından sonra insanlarda koronavirus xəstəliyi ilə bağlı artıq qorxu, daxili senzura əmələ gəlib. Odur ki, əksəriyyət lüzum olmadığı halda evdən çıxmamağa çalışır.
 
 
 
Otellərdəki vəziyyətlə tanış olduqdan sonra İlisu-Qaxbaş-Ağçay istiqamətində yol polis əməkdaşlarının reyd keçirdiyi əraziyə yollandıq. DYP əməkdaşları Şəki istiqamətindən gələn avtomobillərin sürücülərini və sərnişinlərini yoxlayır, onların icazəsi olub-olmadığını dəqiqləşdirirdilər. Məsələn, biz çəkiliş apardığımız zaman DYP əməkdaşlarının saxladığı maşınlardan birinin karantini pozduğu üzə çıxdı. Şahid olduq ki, Şəki sakini olan sürücü və maşında oturan yaxınları icaze.gov-az portalında qeydiyyatdan keçməyiblər və Qax rayonuna gəliblər.
 
Ümumilikdə bir neçə belə sürücü müəyyən olundu və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə uyğun olaraq protokol tərtib olundu. DYP əməkdaşları vətəndaşları karantin qaydalarını pozmamağa çağırır, xəbərdarlıq edir, maarifləndirmə işləri aparırdılar.
 
Bizsə səfalı və gözəl təbiəti olan Qax rayonunu tərk edir, yoluxmaların azalmasını arzulayır və Bakıya dönürük. Qayıdarkən sərt karantin rejimi olan Şəkidə gördüklərimizlə, yoluxmaların səviyyəsi ilə bağlı əldə etdiyimiz məlumatlarla növbəti reportajımızda tanış olacaqsınız...
 
“Yeni Müsavat”ın
Reportyor Qrupu
Qax

Загрузка...
Загрузка...