​“Koronavirus və başqa proseslər yer üzündə ahəng pozulmasından baş verir” – Əhməd Qəşəmoğlu

Baxış sayı: 
54
2  
0  

 
Azərbaycanlı alim yer üzünün yeni inkişaf modelini – ahəngyol elmini təklif edir
“Koronavirus və ümumən yer üzündə baş verən başqa proseslər onu göstərir ki, yer üzündə ahəng pozulduğuna görə, ahəng yolu ilə getmədiyimizə görə bu qədər problemlər yaranıb. Bu mənada düşünürəm ki, indi ahəngyol elminin faydası daha artıq səviyyədə duyulacaq və qabaqcıl ölkələr ondan istifadə edəcək”.
 
Bu barədə sosioloq, “Ahəngyol” elmi-fəlsəfi konsepsiyasının yaradıcısı Əhməd Qəşəmoğlu Musavat.com-a açıqlamasında bildirib. O, qeyd edib ki, son zamanlarda
ahəngyol elminə beynəlxalq elmi dairələrdə maraq artıb:
 
“Bu münasibət elə ahəngyolun faydalı olmasının qəbul edilməsi kimi də başa düşülə bilər. Amerikanın iki jurnalıdan redaksiya heyətinə üzv olmaq üçün mənə dəvət göndərilib. Bir neçə jurnaldan isə məqalə yazmaq təklifi edilib. İndi mən böyük məmuniyyətlə həmin məqalələr üzərində işləyirəm. Bəli, uzun illər idi ki, mən ahəngyol elminin vacibliyi barədə haray çəkirəm. Koronavirus bəlası mənim bu harayımın əbəs olmadığını göstərdi.
 
Məmuniyyətlə qeyd etmək istəyirəm ki, ahəngyol elminin ciddiliyinə ilk inanan xalqımızın fəxri olan, dünya şöhrətli böyük alimimiz Rafiq Əliyev oldu. Geniş ürəkli, əsil elm adamı olan Rafiq müəllim bu elmin tezislərini dahi Lütvi Zadəyə də göndərdi və o da həmin tezisləri Kaliforniya Universitetinin elm aləmində çox nüfuzlu olan BİSC elektron jurnalına təqdim etdi. Bundan sonra beynəlxalq aləmdə ahəngyol elminə yaşıl işıq yandı. Xeyli beynəlxalq elmi konfranslarda məruzələr etdim və yüksək indeksli jurnallarda məqalələr çıxdı. Çindən, Yaponiyadan, Avropa ölkələrindən elmi konfranslara xüsusi dəvətlər aldım. Bu yaxınlarda Amerikanın çox geniş yayılan “Business and Economics” jurnalı da ahəngyol elmi barədə geniş bir məqalə verdi. Görünür, bu məqalə də beynəlxalq aləmdə ahəngyola marağı daha da artırıb.
 
Artıq min illərdir ki, bütün dini kitablar, peyğəmbərlər, müdrik insanlar bizi yer üzünün ahəngini pozmamağa çağırır. Diqqətlə fikir versəniz, görəcəksiniz ki, bütün dinlərin kəsişmə xətti ahəng ideyasıdır. Hər dinin əsas prinsipləri, öz metodları ilə bizi yekunda dunyanın ahəngini pozmamağa çağırır. Bu ahəngin olması üçün ən mühüm olan insanların mənəvi dəyərlərə münasibətidir. Artıq bütün tarix göstərir ki, ölçüsündən asılı olmayaraq, hansı sosial sistemdə mənəvi dəyərlər öndə olanda o sistem özünü ahəngdar şəkildə tənzimləyir. Mənəvi dəyərlər arxa plana keçdikdə isə gərginlik, qarşıdurma, münaqişələr, müharibələr baş verir. Bu ailədə də belədir, təşkilatda da, ölkədə də, bütün yer üzündə də. İnsanlar əvvəllər, bütün tarix boyu tarixi şəraitə uyğun olaraq cahangirlik, maddiyyatçılıq prinsipləri əsasında fəaliyyətdə olublar.
 
Elə dini kitabların, müdrik insanların fəlsəfəsinin dediklərini birbaşa yada salsaq, bu müddəaların təhlükəli olduğunu dərhal görmək olar. İslam alimlərinin də bir çoxunun dediyi kimi, yer üzünün resurslarından səmərəli istifadə edilməli, insanların təlabatları tənzimlənməlidir”.
 
 Sosioloq agəngyol elminin müddəalarından da söz açıb, bildirib ki, əgər kainat ahəng prinsipləri ilə mövcuddursa və fəaliyyətdədirsə, o zaman ahəngi pozan hər bir fəaliyyət hökmən problemlər yaradır:
 
“Bu ona bənzəyir ki, məsələn, insanın bədəninə, bu bədənin mövcudluq və fəaliyyət prinsiplərinə uyğun olmayan bir müdaxilə edilsin. O zaman təbii ki, müdaxilə edilən orqanda, ümumiyyətlə bədəndə problemlərin yaranması qaçılmaz olur. Ortaya sual çıxa bilər ki, bəs ahəng prinsiplərini konkret olaraq necə müəyyənləşdirmək olar. Cavab sadədir. Mövcud olan hər bir varlığın özünün konkret təyinatı var. Əgər hansısa bir varlıq öz təyinatına uyğun olaraq fəaliyyətdədirsə, o daha çox ahəng vəziyyətindədir. Həmin varlıq öz təyinatına uyğun vəziyyətdəki fəaliyyətindən kənarlaşdığı qədər ahəng vəziyyətindən uzaqlaşır. Ahəng vəziyyətindən uzaqlaşmış obyektlər biri-biri ilə qarşılıqlı fəaliyyətdə olduqca ahəngin pozulması daha da güclənir. Təbiətdəki bütün varlıqlar insan müdaxiləsi olmadıqda öz təyinatlarına uyğun olaraq fəaliyyət göstərirlər və onların fəaliyyəti birbaşa və ya dolayısı yolla təbiətin ahənginə xidmət edir. Buna təbii ahəng deyək. İnsanın öz idraki fəaliyyəti ilə ahəngin pozulmasına xidmət edən bir şey yaratdıqda, o yaranmış şeyin özünün də ahəng prinsipləri olur. Yəni həmin şey də öz təyinatına uyğun olaraq fəaliyyətdə olduqca təbii ahəngi daha çox dağıdır”.
 
Sosioloq qeyd edib ki, dünyada insanların sayı çoxaldıqca, yer üzündə təbii ahəngi pozan vasitələrin sayı artdıqca münaqişələr, gərginlik daha da artır:
 
“İndi ən mühüm qlobal problem dünyada əhalinin sürətlə artmasıdır. Hamı böyük həyacanla yer üzündə insanların sayının sürətlə artmasından, bununla da yer üzünün resurslarının insanlara çatmayacağından danışır. Həm də bu artım əsasən zəif inkişaf etmiş ölkələrin hesabına baş verir. Həqiqətən də, əhali artımının belə sürətlə getməsinin qarşısını almağa böyük ehtiyac var. BMT əhali artımının sürətini azaltmaq üçün maarifləndirmə yoluna üstünlük verir. Eyni zamanda bir sıra başqa metodlar da həyata keçirilir. Amma yer üzündə əhali artımının sürəti hələ də həyacan verici səviyyədədir. Çıxılmaz bir vəziyyət yaranıb. Ötən əsrin 90 – cı illərindən S. Handiqtonun “sivilizasiyaların toqquşmasının qaçılmazlığı” nəzəriyyəsi ortaya çıxdı. Ahəngyola görə, bu olduqca yanlış, təhlükəli bir nəzəriyyədir. Yer üzünü bir orqanizmlə, lap elə insanın bədəni ilə müqayisə etsək, orqanların biri-biri ilə toqquşmasının qaçılmazlığından danışana nə ad vermək olar? Elə həmin nəzəriyyə kimi baxışlara görə formalaşan çoxüzlü beynəlxalq siyasət hesabına yer üzü indi bu günə gəlib çıxdı.
 
İndi ortaya Bill Qeytsin nəzəriyyəsi çıxıb. İnsanların beynindən Allah sevgisini, Allah ideyasını silmək, insanların bədəninə elektron vasitə olan çiplər yerləşdirmək, vaksinasiya həyata keçirmək və insanların sayını azaltmaq. Çox vəhşi bir yanaşmadır. Amma insanların sürətlə artmasının qarşısını almaq üçün kimlərsə bu ideyanı məqbul olaraq qəbul edə bilər.
Halbuki, yer üzündə əhali artımının qarşısını çox asan bir yolla almaq olar”.
 
Əhməd Qşəmoğlu vurğulayıb ki, ahəngyol elminin müddəalarına əsasən təhlil apardıqda bu qənaətə gəlmək olar ki, son 50 ildə əhali artımının sürətinin qarşısını almaq üçün həyata keçirilən tədbirlər uğurla seçilməyib:
 
“Yer üzü, özü təbii yolla təsdiq etmişdi ki, hər bir ölkədə, bölgədə əhali artımının sürəti o zaman aşağı düşür ki, oranın əhalisin get-gedə savadı artır, mədəni səviyyəsi yüksəlir, hər bir insan zəif inkişaf etmiş ölkələrdə olduğu kimi yalnız uşaqları üçün yox, həm də özü üçün yaşamağa üstünlük verir. Yəni savad, mədəniyyət artdıqda əhali artımı məsələsi özü-özünə tənzimlənir. Əgər silahlara xərclənən pullar yer üzünün hər yanında əhalinin təhsilinin, elminin, mədəni səviyyəsinin artmasına sərf edilsəydi, eyni zamanda, paralel olaraq maarifləndirmə, beynəlxalq hüquqi nəzarət də həyata keçirilsəydi, o zaman əhali artımının sürəti indikindən xeyli aşağı olardı. Beynəlxalq hüquqi nəzarət dedikdə məsələn, hər bir ölkənin öz əhali artımını özünün tənzimləməsi sahəsində beynəlxalq öhtəlik götürməsini və bu öhdəliyin həyata keçirilməsinə nəzarət nəzərdə tutula bilər. Başqa variantlar barədə də düşünmək olar.
 
Amma necə deyərlər, hələ də bütün şanslar itirilməyib. Güc mərkəzləri, böyük dövlətlər, ciddi elm mərkəzləri yer üzünün təbii, ahəngdar inkişaf yollarını axtarmağa qərar verə bilsələr yaxın onilliklərdə olduqca müsbət dəyişikliklər baş verə bilər. Ahəngyol elmi bu sahədə olduqca faydalı ola bilər”.
 
Xalidə Gəray
Musavat.com

Загрузка...
Загрузка...