​Koronavirus hansı ölkədə təkrar hücuma keçirsə, ona qarşı mübarizə sərtləşdirilir - Azərbaycanda da

Baxış sayı: 
109
2  
0  

 
Bizim dövlət öz gəlirlərini deyil, vətəndaşının sağlamlığını üstün tutdu
Azərbaycan hökuməti koronavirus infeksiyasının yayılmasına qarşı mübarizəni gücləndirmək məqsədilə sərt karantin rejimini daha 2 həftəliyə uzatmaq barədə qərar qəbul edib. Qərar ölkənin virusun geniş yayıldığı 16 şəhər və rayonunda tətbiq edilməklə karantin rejiminin daha da sərtləşdirilməsini nəzərdə tutur.
 
Bütün dünyanı ağuşuna alan dəhşətli bəladan qurtulmaq üçün pandemiyanın ilk başlandığı Çindən tutmuş, Kanadaya, ABŞ-a qədər əksər dövlətlər əhalinin ictimai və izdihamlı yerlərdə, qapalı məkanlarda hərəkətini məhdudlaşdırmaq yolunu tutdular. Bu zaman fərqli ölkələrdə hökumətlər fərqli dərəcədə məhdudiyyətlərə getdilər. Çin kimi dünya nəhəngi olan ölkə ən sərt və amansız qaydalar tətbiq etməklə prosesi 2 aya nəzarət altına ala bildi, İtaliya daha az qadağalarla ən ağır nəticələrlə üzləşdi, ABŞ zəruri məhdudiyyətləri vaxtında tətbiq etməməklə dünyada yoluxma və ölüm sayına görə birinci yerə yüksəldi və sair.
 
Virusun geniş yayılması nəticəsində mart-aprel aylarında demək olar ki, bütün dünya iqtisadiyyatı, sosial-mədəni həyatı dayandı. Azərbaycanda da eyni addımlar atıldı, ölkədə sərt karantin rejimi tətbiq olundu. Azərbaycan dövləti bu zaman həm vətəndaşlarının sağlamlığının qeydinə qaldı, həm də onun sosial vəziyyətinin, maddi rifahının. Fəaliyyətləri dayanan sahələrdə çalışan şirkətlərə işçilərinin əmək haqqının 50-100 faizi dövlət büdcəsindən ödəndi ki, iş yerləri bağlanıb, insanlar gəlirlərindən məhrum olmasınlar. İşsiz olan, yaxud qeyri-formal işləyən, karantin rejiminə görə işləyə bilməyən 600 min şəxsə ayda 190 manat müavinət verildi. 300 mindən yuxarı fərdi və mikrosahibkarın ötən il dövlətə ödədikləri bütün vergilər özlərinə qaytarıldı. İndi isə pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlara dövlət zəmanəti ilə kreditlərin verilməsi mexanizmi işə salınıb. Dövlət həm kreditin 60 faizinə zəmanət verir, həm də faizin yarısını özü ödəyir. Beləliklə, dövlət biznesin götürdüyü 1 milyard manatlıq kreditə zəmanət verəcək, 500 milyon manatlıq kredit faizini ödəyəcək. Bundan əlavə, karantin rejiminin sərtləşdirildiyi ərazilərdə yaşayan şəxslər üzrə 190 manat müavinətin ödənilməsi davam etdiriləcək. Böyük ehtimalla, dövlət bu bir aylıq dayanmaya görə də biznesin dəstəklənməsi üçün əlavə tədbirlərə əl atacaq.
 
Hansı banklar biznes krediti verir: SİYAHI - FED.az
 
Məlumdur ki, may ayından etibarən yoluxma sayının azalması şəraitində Operativ Qərargah karantin tədbirlərinin tədrici yumşaldılmasına başladı. Lakin bir çox ölkələrdə olduğu kimi, məhdudiyyətlərin götürülməsi Azərbaycanda da insanlar arasında təmasları, bu isə yoluxmanı və çox təəssüflər ki, ölüm hallarını artırdı. İyunun ortalarından bu amil hökumətin yenidən məhdudiyyətlərə getməsinə səbəb oldu. Nəhayət, son addım olaraq məhdudiyyətləri yenidən daha da sərtləşdirməyə, tətbiq dairəsini genişləndirməyə gedildi. Bu addım yalnız Azərbaycanda deyil, koronavirusun təkrarən geniş yayıldığı digər ölkələrdə də atıldı.
 
Aydın məsələdir ki, yayın və istilərin başlanması insanların evlərdə qalmasını çətinləşdirir, bir çox hallarda emosional gərginliyə səbəb olur. Lakin nəzərə alanda ki, dövlətin atdığı addımlar birbaşa insanların səhhətinin, sağlamlığının, böyük ölçüdə isə həyatının qorunması məqsədi daşıyır, onda müvəqqəti çətinliyə dözmək üçün hamının özündə iradə tapmasının son dərəcə zəruri olduğunu anlamaq mümkündür. Birdəfəlik qəbul etmək lazımdır ki, karantin rejimi insanların azadlığını məhdudlaşdırmağa deyil, virusun yayılmasını məhdudlaşdırmaqla, onların həyatını mühafizə etməyə yönəlib. Özünü, yaxınlarını, ailəsini, övladlarını düşünən, onların sağlamlığının qeydinə qalan hər kəs dövlətin qərarına əməl etməyin vacibliyini dərk etməlidir.
 
Faktlar göz önündədir, artıq heç kim bəhanə gətirə bilməz ki, mən xəstəliyin olmasına inanmıram, koronavirusa yoluxan xəstələr hanı? Çünki artıq hamımızın tanıdığımız insanlar bu xəstəliyə yoluxub, hətta çoxumuzun tanıdıqları, yaxınları arasında həyatını itirənlər də var. Bu şəraitdə dövlətin qərarlarına anlaşıqlı yanaşmaq bir yana, tətbiq olunan məhdudiyyətlərə tamamən əməl etmək hər bir kəsin vətəndaş borcudur.
 
''Bu çətin günlərdə Azərbaycan dövləti vətəndaşının sağlamlığını öz iqtisadi maraqlarından yuxarıda görməklə ölkə iqtisadiyyatının 90 faizdən çoxu yerləşən ərazilərdə iqtisadi həyatı bir aylığına dondurmaq kimi fədakar addıma gedir''
Pandemiyanın yaratdığı qlobal iqtisadi böhran şəraitində xammal bazarlarında, o cümlədən Azərbaycanın əsas ixrac məhsulu olan neft bazarında qiymətlər kəskin şəkildə aşağı düşüb. Dünya üzrə pandemiya nəticəsində itirilən gəlirlərin həcmi 10 trilyon dollardan yuxarı qiymətləndirilir. Bu proses Azərbaycandan da yan ötməyib. Ölkəmizin neft gəlirlərində ciddi azalma baş verib, may ayının yekunlarına görə, Ümumi Daxili Məhsulumuz 1,7 faiz azalıb, ticarət əlaqələri məhdudlaşıb. İyun ayında bu azalmanın daha da dərinləşdiyi göz önündədir. Bundan əlavə, daxildə istehsal, xidmət və ticarət sektorundakı dayanmalar, həmçinin biznesə edilən güzəştlər, tətillər nəticəsində dövlət büdcəsi yüz milyonlarla manat gəlirdən məhrum olub. Bunun qarşılığında koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri səhiyyə xərclərinin kəskin artmasına gətirib çıxarıb. Biznesə və əhaliyə dəstək proqramları isə indiyədək yarım milyard manatdan yuxarı vəsaitə başa gəlib, xərclər hələ davam edir. Yəni heç bir dövlət istəməz ki, ilin iki ayında qarşısına qoyduğu iqtisadi göstəricilərə artıqlaması ilə nail olduğu halda qəfildən iqtisadiyyatı dayansın, gəlirləri kəskin azalsın, xərcləri çoxalsın. Heç bir dövlət istəməz ki, vətəndaşlarının sərbəst hərəkəti məhdudlaşsın. Çox sadə bir səbəbdən ki, bütün baş verənlərdən vətəndaşlarla yanaşı, ən böyük zərərçəkən elə dövlətin özüdür. Dövləti, onun qurumlarını, qəbul edilən qərarları qiymətləndirərkən bunu da nəzərə almaq lazımdır.
 
Bakupost.az - Neft ucuzlaşdı
 
Bir çoxları iddia edirlər ki, may ayında məhdudiyyətlərin aradan qaldırılmasına getmək düzgün qərar deyildi, hökumət səhv etdi. Amma bu yumşalmalar başlayanda ölkədə gündəlik yoluxma sayının 20-25 nəfər arasında olduğunu nəzərə alan yoxdur. Əhalinin sayı ilə yoluxma sayının nisbətini götürsək, görərik ki, sərt karantin rejiminin yumşaldılmasına gedilən vaxt Azərbaycanda vəziyyət əksər analoji addım atan ölkələrdən daha yaxşı idi: istər Almaniya, istər İtaliya, istərsə də Fransa, ABŞ və digər ölkələrdən. Və bu ölkələrin bir çoxunda məhdudiyyətlər qaldırılandan sonra yoluxma sayında artım müşahidə olundu, olunmaqda da davam edir: ABŞ-ın bir neçə ştatında yenidən karantin tədbirlərini sərtləşdiriblər, Almaniyanın bəzi əyalətlərində, bəzi region ölkələrində də həmçinin. Və maraqlıdır ki, heç bir ölkənin vətəndaşları bu qərarları özlərinin azadlığına qarşı yönəlmiş addım kimi qiymətləndirmirlər, dövləti qınamırlar, ittiham etmirlər. Nə qədər çətin olsa belə, qoyulan tələblərə əməl edirlər.
 
Hökumətdən sərt karantin rejimi ilə bağlı qərar - DETALLAR | marja.az
 
Bu günlərdə Azərbaycanda koronavirus infeksiyasının pik dövrü yaşanır. Dünyada müşahidə etdiyimiz təcrübə göstərir ki, pik dövrü bir neçə həftəyə qədər davam edə bilir. Bu çətin günlərdə Azərbaycan dövləti vətəndaşının sağlamlığını öz iqtisadi maraqlarından yuxarıda görməklə ölkə iqtisadiyyatının 90 faizdən çoxu yerləşən ərazilərdə iqtisadi həyatı bir aylığına dondurmaq kimi fədakar addıma gedir. Məqsəd çox aydındır: maksimum az sayda vətəndaş xəstələnsin, ölüm halları minimuma ensin. Bu zaman iqtisadi çıxarların deyil, İNSAN HƏYATININ düşünüldüyünü anlamaq, VƏTƏNDAŞ olaraq dövlətə doğru addım atmaq son dərəcə vacibdir. Bu addım isə hər nə qədər çətin olsa belə, təyin olunan müddətdə zərurət olmadıqca evdən bayıra çıxmamaq, çıxmaq məcburiyyəti yarandığı təqdirdə gigiyena, sosial məsafə qaydalarına əməl etmək, maska taxmaqdan ibarətdir. Bu sadaladıqlarımız hər bir şəxsin özünümüdafiə tədbirləridir. Bundan əvvəl biz adi qrip infeksiyasından özümüzü belə qorumurduqmu - asqırıb-öskürəndən maksimum aralı gəzir, bayırdan evə gəldikdə əllərimizi yuyub sonra süfrəyə əyləşirdik. İndi bizdən tələb olunan bu mühafizə tədbirlərinə daha məsuliyyətlə yanaşıb, həm özümüzü, həm ətrafımızı, həm də dövlətimizi qorumaqdır. Gəlin, özümüzü, ətrafımızdakıları, sevdiklərimizi qoruyaq!
 
 
 
Musavat.com

Загрузка...
Загрузка...