“Kitabı kinodan çox sevdim… Heyif, o cavanlıqdan…” – Məşədi İbadın Gülnazı

Baxış sayı: 
48
1  
0  

…Onu lap uzaqdan tanıdım. Yaddaşımdakı gənc, gözəl, uzun hörüklü qız obrazına bənzəməsə də, bəzi tanış, doğma cizgiləri köməyimə gəldi. Ən çox da gözləri, baxışları… Mənimlə görüşüb gülümsünəndə baxışları bir az da doğmalaşdı… Amma aradan uzun illər keçib. Kinodan tanıyıb sevdiyim o gənc xanımın bu gün 80-nə yaxın  yaşı var. Bilirsiz o kimdir? Azərbaycan Televiziyasının ilk diktorlarından biri, “O olmasın, bu olsun” bədii filminin Gülnaz xanımı – Tamara Ağamirova!
 
Tamara Gözəlova-Ağamirova 1940-cı il fevralın 14-də Bakıda, Içərişəhərdə ziyalı ailəsində anadan olub. 1957-ci ildə Bakıdakı 190 saylı orta məktəbi, 1965-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsini bitirib. 1965-ci ildən 2011-ci il yanvarın 18-nə qədər M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında şöbə müdiri vəzifəsində çalışıb.19 56-59-cu illərdə Bakı Televiziya Studiyasında işə başlayan T.Gözəlova Azərbaycan Dövlət Televiziyasının ilk xanım diktoru olub.
 
Azərbaycan kinosunun şah əsəri sayılan, Üzeyir Hacıbəyovun eyni adlı operettası əsasında çəkilən ilk rəngli və tammetrajlı, el arasında “Məşədi Ibad” adıyla məşhurlaşan “O olmasın, bu olsun” filmində məşhur Gülnaz rolunu canlandırıb.
 
– Tamara xanım, necəsiz?
 
– Səhhətimlə bağlı bəzi ağrı-acılarım olmasa, çox yaxşıyam. Yaş üstünə yaş gəlir, ay qızım! İnsan qocalmaq istəmir. Nə qədər ki cavansan, ad günlərini həvəslə gözləyirsən, altmışı ötdün, bundan sonrası Allahın hədiyyəsidir. Amma qocalsan da, insanın arzuları tükənmir. Bu il bir nəvəm institutu qurtarır. Deyirəm, Allah mənə bir az da ömür verə, onun toyunu görüm, balasını  görüm…
 
– Televiziya tarixində sizin də əməyiniz var. Necə xatırlayırsız o günləri?
 
– Televiziyaya gəlişimdə ədəbiyyat müəllimim Gültəkin Cabbarlının rolu olub. Məni yanına çağırıb dedi ki, səni telestudiyaya dəvət edirlər.
 
– Deyəsən, o vaxt hələ orta məktəbdə oxuyurduz?
 
– Bəli, 15 yaşım vardı. Elə məktəbdən birbaşa telestudiyaya getdim. Sınaq çəkilişləriydi. Çəkilişə yaraşıqlı, gözəl geyimli qızlar gəlmişdi. Mənim də əynimdə qəhvəyi rəngdə məktəbli forması: ağ önlük, sadə corab, yastıdaban ayaqqabı… Əlimdə də məktəbli çantam. Saçlarımı hörüb bant vurmuşdum. Qızlara baxıb fikirləşdim ki, nahaq bura gəlmişəm, bunları qoyub, məni seçməyəcəklər ki? Elə geri qayıtmaq istəyirdim, kimsə qolumdan yapışdı, dedi, hara qaçırsan? Bu, rejissor Rauf Kazımovskiydi. O vaxt mən onu tanımırdım. Dedi, keç içəri. İçəridə  dedilər ki, sən artıq seçilmisən. Sadəcə, diksiyanı yoxlayacağıq. Diksiyamı da bəyəndilər. Məndən başqa bir nəfəri də seçdilər – Nailə Mehdibəyovanı. Beləliklə, 1956-cı il, mayın 1-də efirə çıxdıq. Nailə xanım rus dilliydi deyə, o, efirdə rusca, mənsə azərbaycanca danışırdım. Bizdən iki-üç ay sonra Sevda Cənibəyova seçildi. Qəşəng, ala gözləri vardı. Bir müddət sonra da Ədilə Bayramova gəldi. İndi o vaxtkı diktorların çoxu rəhmətə gedib. Sara Manafova, Nailə Mehdibəyova, Rəna Nəsirova… Bilmirəm, nədənsə, ancaq diktorları yada salırlar. Mən istəyirəm, o vaxt televiziyanın sədri işləyən, gözəl şair Ənvər Əlibəylinin, onun müavini Seyfəddin Dağlının, redaktorlarımız İslam Səfərlinin, Alp Ağamirovun da adını çəkim. Yaxşı rejissorlarımız vardı – Ağali Bədəlov, Kamil Rüstəmov, Rauf Kazımovski, Sabir Rüstəmov, İsmət Səfərəlibəyov. Operatorlarımız – Karlen Orucov, Həsən Quliyev, Arif Babayev… Sonralar Arif Babayev rejissor kimi işlədi.
 
 
– Niyə televiziyadan tez getdiniz?
 
– Orta məktəbi bitirdim, instituta qəbul olmaq istəyirdim. Ona görə də işdən çıxdım. Amma qəbul ola bilmədim, yenidən işə qayıtdım. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsinə daxil oldum. Birdəfəlik televiziyadan getdim.
 
– Niyə?
 
– Bilirsiz, o vaxt televiziyada indiki şərait yoxuydu. Telestudiyamız  20 kvadrat metrlik bir otaqda yerləşirdi. Bütün verilişlər o otaqda olurdu. Çox çətiniydi. Gündüz verilişləri, axşam verilişləri… Bir yandan da təhsil alırdım. Heç cür alınmadı (Fikrə gedir). Yadımdan heç çıxmaz, İran şahı Şah Pəhləvi Bakıya gəlirdi. Mən də onları canlı efirdə qarşılamalıydım. Təyyarə iki-üç saat gecikmişdi. Axşam efirimin vaxtıydı. Məni təcili telestudiyaya yola saldılar. İran şahınısa rejissorumuz qarşılamalı oldu.
 
Bir də görürdün, veriliş gedə-gedə səs qəfildən kəsildi. Bir barabanımız vardı. Karandaşla barabanın üstünə yazırdıq ki, texniki səbəblərə görə səs eşidilmir. (Gülür). Ya efirdə olduğumuz vaxt qəfildən işıq partlayırdı. Gərək diksinməyəydin. Belə hadisələr çox olurdu. O vaxt mətnləri əzbərləyirdik. İndiki kimi suflyor olmurdu. Sırğa, üzük – belə şeylər taxmaq qadağanıydı. Paltarımıza da fikir verirdilər. Bir dəfə ağ köynək geymişdim, fon da ağ idi. Rauf Kazımovski məni taksi ilə evə göndərdi ki, get, paltarını dəyiş.
 
Bir də  ən maraqlısı odur ki, mən hələ də o vaxt efirdə necə göründüyümü bilmirəm. Axı  verilişlərin hamısı canlı olurdu, heç vaxt özümə baxa bilmirdim. (Gülür)
 
– Həyat yoldaşınız, tənqidçi, jurnalist Alp Ağamirovla da telestudiyada tanış olmuşdunsuz…
 
– Alp müəllim “O olmasın, bu olsun” filmindən məni tanıyırdı.
 
Amma biz onunla telestudiyada yaxından tanış olduq. Sonra onu “Kommunist” qəzetinə məsul katib göndərdilər. Mən də iki-üç ay sonra işdən çıxdım. 1962-ci ildə ailə qurduq. Bir oğlum var, şərqşünaslığı bitirib. Gəlinim həkimdir. İki nəvəm var.
 
– İndi gələk 1956-cı ildə filmə çəkilməyinizə…
 
– Çəkilişlər başlayanda 14 yaşındaydım. İngilis dili dərsindəydik, 3 nəfər sinfə daxil oldu. Sinfimizdən beş-altı qızı ayağa qaldırdılar. Mən də onların arasındaydım. Zəngdən sonra hamımızı direktorun otağına yığdılar. Əlli qız olardıq. Elə orda dedilər ki, səni seçmişik, qalanları getsin. Məktəbdə müəllimlərim mənimlə şərt kəsdi, dedilər, dərslərindən geri qalsan, kinoya çəkilməyə qoymayacağıq.
 
– Filmə çəkiləndə 14 yaşınız varmış, amma orda çox böyük görünürsüz…
 
– Ay qızım, əynimə geyindiyim o tumanlar 10 metr parçadan tikilmişdi. Özü də  üç-dördünü üst-üstə geyinirdim. O vaxt boyum 1 metr 68 santimetriydi. Bir az da uca olum deyə, hündürdaban ayaqqabılar geyindirirdilər. Qaşlarımı nazik eləməkçün altını, üstünü yapışqanla örtürdülər. Saçlarımı tən ortadan tağ ayırıb yapışqanlayırdılar ki, səliqəli olsun. Ona görə də yaşımdan böyük görünürdüm.
 
– Yəqin ki, filmin çəkilişi zamanı maraqlı kadrarxası hadisələr olub.
 
– Olurdu belə şeylər. Birini danışım: çəkiliş zamanı birdən Məşədi İbadın alnına milçək qondu. Mənim gülməyim tutdu, uşağam  axı. Bu da rejissorun xoşuna gəldi.
 
– Bu, ssenaridə yoxuydu?
 
– Yox, amma sonrakı dubllarda milçəyi Məşədi İbadın alnına yapışdırdılar.
 
– Film yayımlanandan sonra, yəqin, küçədə sizi tanıyırdılar?
 
– Ən çox gənclər tanıyırdı. Hiss eləyirdim ki, mən gedirəm, arxamca gəlirlər. Hərdən öz aralarında mərcə girirdilər. Biri deyirdi, bu, Gülnaz rolunu oynayan qızdı, o biri deyirdi, yox, o deyil. Gəlib soruşanda danırdım, deyirdim, səhv salmısız, mən o qız deyiləm.
 
– Niyə belə deyirdiz?
 
– Diqqət mərkəzində olmağı xoşlamırdım. Mən həmişə kompleksli insan olmuşam. İndi də məni kimsə tanıyanda sıxılıram.
 
 
– Gülnaz sizin ilk, həm də son obrazınız oldu. Niyə bu sənətin arxasınca getmədiniz?
 
– Elə xasiyyətimə görə. Xarakterim imkan vermədi. Kitabı kinodan çox sevdim. Bütün günü evə qapanıb kitab oxuyurdum. İçərişəhərdə yaşayırdıq, qonşular anamdan soruşurdu ki, Tamara görünmür, hardadır? Anam deyirdi, evdədir, kitab oxuyur. İnanmırdılar. Anam da məni çağırırdı ki, ay qız, bir çölə çıx, üzünü görsünlər. Kitabı sevdiyimdən kitabxanaçı oldum, universiteti bitirən kimi də təyinatımı Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Kitabxanasına verdilər. 1965-ci ilin sentyabrından  2011-ci ilin yanvarına kimi orda işlədim. İndi təqaüdə çıxmışam.
 
– O vaxt Gülnaz roluna görə nə qədər pul almışdız?
 
– Mən maaş kimi alırdım. O vaxtın puluyla hər ay 2 min rubl. Böyük məbləğiydi.
 
– Hətta bu məbləğ belə sizi kinoya bağlaya bilmədi?!
 
-Yox, kinonu sevmədim. Telestudiyada maaşımsa 1500 rubl olub. Qonorarım da ayrıca.
 
– Filmə çəkildiyiniz o zamandan 60 ildən çox keçib. İndi filmə oturub yenidən baxanda nə fikirləşirsiz?
 
(Köksünü ötürür)
 
– Baxıram… deyirəm, o vaxt necəydim, indi necə olmuşam. Heyif, o cavanlıqdan bir də geri gəlməyəcək!
 
– Gülnaz obrazında ən çox hansı yeri bəyənirsiz?
 
– Mənə elə gəlir, hamısını yaxşı oynamışam. Amma ən çox toy səhnəsi xoşuma gəlir. Ağlamağım.
 
– Doğrudan ağlamışdız?
 
– Həə, hərdən kövrəlib ağlayanda uşaqlar zarafatla deyirlər ki, ay nənə, sən ağlamağı elə o kinodan öyrənmisən haa!
 
– Sizi sonralar da filmə dəvət elədilər, amma çəkilmədiz. Bu gün peşman deyilsiz?
 
– Yox, qətiyyən! Gülnaz obrazından sonra Hüseyn Seyidzadə “Koroğlu” filmində Nigar obrazının sınaq çəkilişlərinə dəvət elədi, getmədim. Tək bircə şeyə təəssüflənirəm!
 
– Nəyə?
 
– Həkim ola bilmədiyimə. O vaxt sənədlərimi Tibb Universitetinə verdim, daxil ola bilmədim. Üç “5” aldım, axırıncı imtahandan “2”verdilər. Haqsızlıq məni çox incitdi. Necə küsdümsə, sonrakı il ora təkrar sənəd vermədim. Amma indi də həkim sənətinin vurğunuyam.
 
modern.az

Загрузка...
Загрузка...