​Kitab oxuma vərdişi qazanmaq üçün nə etməliyik?

Baxış sayı: 
31
1  
0  

Kitab oxunulmayan cəmiyyətdə fərqli düşüncələr, sorğulama, mühakimə və dəyərləndirmə bacarıqları da zəif inkişaf edəcəkdir. Bu səbəblə kitab oxumaq vərdişini qazanmaq, düşünən insanın formalaşması üçün vacibdir. Bu yazıda da kitab oxumaq vərdişi qazanmaq üçün bir neçə məlumatı qeyd edək:
 
▪ 50 səhifə qaydası: 50 səhifə oxudunuz və hələ də kitab marağınızı çəkmədisə, buraxıb başqa kitaba keçə bilərsiniz. Özünü kitabı sonadək oxumaq məcburiyyətində hissetməyin. Sizi cəlb etməyən kitabları məcbur oxumağa davam etsəniz, bir müddət sonra kitab oxumaqdan sıxıla bilərsiniz. Hər kitabı sevməli deyilsiniz. Sevdiyiniz kitabları oxuyun.
 
▪ Qəribə, qalın, çox elmi və texniki terminləri olan kitablara başlamadan öncə bir az düşünün: ilk öncə məqsədimiz vərdiş qazanmaqdır. Bəzən ətrafımızdakı insanlar bizim səviyyəmizi və maraq dairəmizi bilmədən kitab tövsiyyə edirlər. Bu kitablar isə çoxlu texniki terminlərdən istifadə edilmiş, akademik və ya çox uzun ola bilər. Bu cür kitablara başlamaq oxuma vərdişi qazanmağımıza kömək etməyəcəkdir.
 
▪Hər zaman yanınızda ən azı bir kitab olsun. Gün ərzində müəyyən boşluqlarınız ola bilir: növbədə gözləmək, səyahət etmək və s. Bu boş vaxtlarda çoxumuz ya telefonla başımızı qatırıq, ya da sıxılaraq zamanımızı boş yerə xərcləyirik. Amma hər zaman yanımızda kitab olsa, bu boş vaxtlar faydalı oxuma saatlarına çevrilə bilər. Buna görə də hər zaman çantanızda kitab olmağı sizə fayda verəcəkdir.
 
 
 
▪ Əzmlilik. Yeni vərdişə başlayarkən ən önəmlisi əzmli olmaqdır. Əgər belə olmasaq, qazanmağa çalışdığımız vərdiş qısa müddət sonra həyatımızdan çıxacaqdır. Sürətli başlanğıcların çoxunun sonu gözlənilməyən nəticələrlə bitə bilər. Bir çox mövzuda tez həvəsə gəlib, sürətlə başlayırıq. Buna görə də düzgün başlanğıclar etmək, qazanmaq istədiyiniz vərdişin qalıcılığı üçün vacibdir. Kitab oxumaq vərdişinin başlanğıc müddəti olaraq 20 dəqiqə tövsiyyə edirik. Nə olursa olsun, hər gün, axsatmadan 20 dəqiqə kitab oxumaq ideal başlanğıc formalaşdıracaqdır.
 
▪ Oxuyub bitirdiyiniz kitabların siyahısını hazırlayın. Geriyə baxanda sizi motivasiya edəcək nələr isə olmalıdı. Özünüzə gözəl dəftər seçin. Bu dəftərin həm kitab siyahısı, həm də oxuduğunuz kitablardakı sevdiyin cümlələri qeyd etmək üçün faydalı olacağına əminik. Dəftəriniz dolduqca özünüzü çox yaxşı hiss edəcəksiniz. Həmçinin, oxuduğunuz kitabları paylaşa və ya dostlarına tövsiyə edə bilərsiniz.
 
 
 
Kitab oxumaq sizlərə bir çox yeni, sağlam fikirlər qazandıracaq və dünyagörüşünüzü artıracaqdır. Onu da qeyd edək ki, müasir dövrdə kitab oxumaq və əldə etmək çox asandır. Saysız pdf-lər, kitabxanalar və kitab kirayə edilən bir çox yerlər var. Təki, siz həqiqətən istəyin, inanırıq ki, alınacaq. Xoş mütaliələr!
 
Aytac ASƏFQIZI, Hurriyyet.org

Загрузка...
Загрузка...