Keçmiş MTN polkovniki Gəncə olayları barəsində danışdı – Hadisənin detalları…

Baxış sayı: 
116
0  
0  

Məlum olduğu kimi ötən gecə Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti dünyasını dəyişib, 40 nəfər aksiya iştirakçısı isə saxlanılıb.
Minval.info xəbər verir ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi, polkovnik, politoloq Arzu Nağıyev bəzi məsələlərlə bağlı maraqlı açıqlamalar verib.
Arzu Nağıyev ilk olaraq Gəncədə öldürülən polis zabitlərinin nə üçün hazırlıqsız olduğuna aydınlıq gətirib: “Təcrübələr göstərir ki, oxşar etirazlar zamanı yaşı çox polis əməkdaşları etiraz edən qüvvə ilə danışığa gedir, onları sakitləşdirməyə çalışır. Üstəlik rayon yerlərində camaatla polis bir-birini yaxşı tanıyır. Buna görə də onlar özlərinə hücum olacağını düşünməyiblər. Hər şey qəfil olub. Polis zabitləri bunu gözləməyiblər. Başqa heç bir səbəb ola bilməz”.
Ekspert cinayət törədənlərin ərazidən qaçması ilə bağlı da danışıb: “Bu şəxslərin qəfil parka toplanması, polisə hücum çəkmələri… Bunlar diqqət çəkir. Bu şəxslər oraya soyuq silahla gəliblərsə artıq məqsədləri əvvəldən bəlli imiş. Ya öldürmək, ya da yaralamaq istəyiblər. Hər bir halda məqsədləri cinayət olub. Düşünün ki, gözləmədiyiniz halda iki polis zabiti bıçaqlanır. Bu da panika yaradır və cinayətkarlar qaçırlar. Bunlar normal heç bir ölkədə gizlənə bilməyəcəklər. Hara getsələr ölkəyə gətiriləcəklər və cəzalarını alacaqlar”.
Baş verən hadisələrdə xarici dövlətlərin əlinin olması iddiasına da ekspert maraqlı cavab verib: “Cinayətkarın vətəni olmur. Kimisə xüsusi xidmət orqanları özünə cəlb etmək istəyirlərsə bunun üçün müxtəlif yollara əl atırlar. Gəncədə baş verən hadisəni demək olmaz ki, sırf hansısa ölkə edir. Ola bilər ki, həmin ölkələrin içində olan daxili qruplaşmaların bu işdə əli olsun. Bunlar hamısı araşdırılır”.
Politoloq Yunis Səfərovla bağlı danışıb: “Yunis Səfərovu qəhrəman elan edənlər var. Bu, tamamı ilə səhvdir. Hansısa qurumların, şəxslərin əlində oyuncağa çevrilən bir adama qəhrəman adı verilə bilməz. Heç kim ona haqq vermir ki, dövlət məmuruna qarşı silahlı hücum etsin. Sosial şəbəkələrdə Yunisin haqqında müxtəlif iddialar yazıldı. Gah Rusiya xüsusi xidmət orqanlarına, gah İrana, gah da müxtəlif yerlərə bağladılar. Bu da aydın göstərdi ki, hər kəsin bu məsələdə öz marağı var. Yunislə bağlı bir çox məsələlər var ki, bunu istintaq orqanları araşdıracaq”.

Загрузка...
Загрузка...