​Keçmiş baş prokurordan DTK agentləri barədə açıqlamalar

Baxış sayı: 
35
2  
0  

 
İxtiyar Şirin: “Pənah Hüseynlə DTK-ya getdik və arxivlərin qapılarını möhürlədik”
Tanınmış vəkil Adil İsmayılov facebookda Azərbaycandakı sovetdənqalma agent şəbəkəsi haqda faktlar açıqlayıb. Vəkil DTK-MTN-dəki arxivlərin kimlər tərəfindən yandırıldığını yazıb. O, yazıda Milli Şuradan arxivlərin kimlər tərəfindən möhürlənməsini qeyd edib.
 
O bildirib ki, “1992-ci ildə Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra keçmiş sistemin əsas dayaqlarından biri olan Dövlət Təhlükəsizlik Komitəsində (DTK)-keçmiş MTN-də islahatlar etməyə, arxivləri açmağa cəhd göstərmədi. Nədən cəhd edilmədiyi barədə suala hələ o vaxt və ümumiyyətlə, həmin orqanın fəaliyyəti barəsində başqa suallara ətraflı və mötəbər məlumat almaq məqsədi ilə dəfələrlə milli təhlükəsizlik naziri Fəxrəddin Təhməzovla söhbət etməyə cəhd göstərib. Lakin nazir vaxtı olmadığını, başının qarışıq olduğunu bəhanə edərək görüşməkdən imtina edib. DTK-MTN-in keçmiş rəhbəri İlhüseyn Hüseynov da suallara cavab verməyi rədd edib”.
 
Adil İsmayılov qeyd edib ki, İxtiyar Şirin (Əbülfəz Elçibəy hakimiyyəti dövründə baş prokuror), Tahir Kərimli və Çingiz Qənizadə 1992-ci ilin may hadisələrindən dərhal sonra Milli Şuranın qərarı ilə DTK-nın arxivləri və bəzi şöbələrini möhürləmişdilər: ”Nazirliyin bəzi əməkdaşlarının deməsinə görə, bu əməliyyatı həyata keçirənlərin naşılığına qibtə etmək olardı, çünki əməliyyatı həyata keçirənlərin heç birinin nazirlik və onun işi barəsində ümumi də olsa anlayışları yox idi.
 
Adil İsmayılov
 
Elə buna görədir ki, İ.Hüseynovun tərəfdarları bir sıra mühüm sənədləri məhv etməyə imkan tapdılar. Hadisələrin sonrakı inkişafı, AXC rəhbərlərinin bu sahədəki qətiyyətsizliyi, yəni arxivlərin indiyə kimi açılmaması nəinki Elçibəyin əleyhdarları, hətta öz yaxın məsləkdaşları arasında da xoşagəlməz söz-söhbətlərin yaranmasına səbəb olmuşdu.
 
Belə bir fikir var idi ki, hakimiyyətdə olan AXC liderləri arasında vaxtilə DTK ilə əməkdaşlıq etmiş şəxslər olduğundan, hətta respublika rəhbərliyində mühüm postlar tutan bəzi şəxslər barəsində MTN arxivlərində ifşaedici materiallar olduğundan onlar, arxivləri açmağa tələsmir, özlərinə aid olan sənədləri məhv edirlər. O vaxt bu söz-söhbətin qarşısını almaq üçün MTN-in fəaliyyətini tədqiq edəcək komissiyanın yaradılmasını onun tərkibinə müxtəlif siyasi qüvvələri təmsil edən nümayəndələrin salınmasını təklif etdim.
 
Hesab edirdim ki, komissiya öz işinə məhz mövcud hakimiyyətdə olan şəxslərin barəsində olan materialların öyrənilməsindən başlamalıdır. DTK-MTN-in fəaliyyətinin təhqiq edilməsi ilə əlaqədar məsələyə xüsusi diqqət verilməlidir. Bu orqanın may ayında baş vermiş dövlət çevrilişindəki (Ayaz Mütəllibovun birgünlük qayıdışı) rolu heç kim üçün sirr deyildi.
 
Nazir İ.Hüseynovun televiziya ilə çıxışını, DTK əməkdaşlarının Ali Sovetin binasında tərk-silah edilməsini, çevrilişdən əvvəl nazirliyin rəhbərinin Moskvada olması, Primakovla və Rusiya xüsusi xidmət idarələrinin başqa rəhbərləri ilə danışıqlar aparmaları barədə məlumatlar vardı. Bütün bunlara baxmayaraq, həmin faktların heç biri yoxlanılmadı, bu orqanda işləyənlər barəsində xidməti yoxlama təşkil edilmədi, çevrilişin təşkilində bilavasitə əli olan əməkdaşlar müəyyən edilərək onların hərəkətlərinə qiymət verilmədi".
 
Vəkil daha sonra yazıb ki, AXC hakimiyyətinin süqutu ilə nəticələnmiş çoxsaylı səhvlərdən biri agenturaya münasibət və agentura şəbəkəsinin açıqlanmaması idi.
 
 İxtiyar Şirin
 
Adil İsmayılovun yazdıqları ilə bağlı keçmiş baş prokuror İxtiyar Şirin “Yeni Müsavat”a bildirdi ki, DTK arxivinin qapılarını möhürlədiyi barədə yazılan doğrudur. Arxivin qapısının möhürlənməsinin səbəbi olub: “Keçmiş DTK-nın arxivlərinin açılması məsələsi illərdir aktuallığını qoruyur. Ona görə də tez-tez ayrı-ayrı şəxslərin bu məsələyə toxunması, keçmişdə baş verənlərlə bağlı yazıları təbiidir. 1992-ci ilin may ayında-Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldiyi zaman DTK arxivləri ilə bağlı məsələlər müzakirə olundu. DTK-nın arxivlərinin Rusiyaya qaçırılması təhlükəsi haqqında çox ciddi siqnallar almağa başlamışdıq. Məlumatlarda Azərbaycan DTK-sının arxivlərindəki materialların Rusiyaya qaçırıldığı barədə deyilirdi. Ona görə də belə bir qərar qəbul olundu ki, DTK-nın arxivləri təcili qapadılsın və bu quruma yeni rəhbərlik təyin olunandan sonra açılması məsələsinə baxılsın. Dövlət katibi Pənah Hüseynə və mənə həvalə olundu ki, DTK-nın arxivlərini öz imzamızla möhürləyək və orada rəsmi işçilərə təhvil verək. Pənah Hüseynlə DTK-ya getdik və arxivlərin qapılarını bağlayıb öz imzamızla birlikdə möhürlədik. Möhürlü qapıları DTK işçilərinə təhvil verdik. Bizim işimiz bununla da yekunlaşdı. Sonra quruma yeni rəhbərlik təyin olundu və arxiv məsələsi Milli Məclisdə də müzakirə olundu”.
 
İ.Şirin qeyd etdi ki, arxivlərin açılması sadə bir məsələ olmadığı üçün o vaxtkı hökumətdə bu addımın atılması üçün ciddi hazırlıq işi gedirdi: “Bu, uzunmüddətli və dərin bir iş olduğu üçün məsələ bizim hakimiyyətimiz dövründə həll olunmamış qaldı. Yəni əgər Əbülfəz Elçibəy hakimiyyətinin ömrü bir qədər uzun davam etsəydi, DTK arxivləri mütləq açılacaqdı. Hakimiyyətin DTK arxivlərini açmamaq qərarı və mövqeyi yox idi. Hazırlıq işləri aparılmadan arxivlərin açılması lazımsız və mənfi nəticələnən bir iş olardı. Ona görə də hazırlıq işləri gedirdi. Sadəcə, 1993-cü ilin iyununda bizim hakimiyyət devrildi və məsələnin həll olunması bu səbəbdən Elçibəy iqtidarı zamanında baş vermədi".
 
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Загрузка...
Загрузка...