Kaliforniya ABŞ-da xəz istehsalını və heyvanların sirkdə çıxışını qadağan edən ilk ştat olub

Baxış sayı: 
39
1  
0  

 
 
Kaliforniya xəz məmulatlarının istehsalını, satışını, habelə heyvanların sirkdə çıxışını qadağan edən ilk ABŞ ştatı olub.
 
“Associated Press” agentliyinin xəbərinə görə, ştatın qanunverici palatasında qəbul olunan yeni akta əsasən, 2023-cü ildən başlayaraq xəzdən hazırlanmış geyim, ayaqqabı və çantaların satışı yasaqlanacaq.
 
Həmin qanun heyvanların müdafiəsi ilə məşğul olan təşkilatlar arasında böyük sevincə səbəb olsa da, ABŞ-ın iri xəz istehsalçılarını təlaşlandırıb. Amerikanın Xəzlər üzrə informasiya şurası indidən ştat rəhbərliyini ağır məhkəmə çəkişmələri ilə hədələyib.
 
Sənəddə göstərilən qaydaların artıq alınmış məhsullara, həmçinin dini və ya etnik ənənələr çərçivəsində istifadə olunan məmulatlara aid edilməyəcəyi göstərilib. Bundan başqa qanun it, pişik, maral və qoyunlardan alınan natural dərilərə şamil edilməyəcək.
 
Artıq indidən dünyanın ən böyük dəri emal və lüks geyim müəssisələrindən sayılan “Versace”, “Gucci” və “Giorgio Armani” kimi şirkətlər natural xəz istehsalından imtina etdiklərini açıqlayıblar.
 
Yeni qanunu pozan şəxsləri 1000 dollara qədər cərimə gözləyir.
 
Kaliforniya Havay adaları və Nyu-Cersidən sonra heyvanların sirkdə çıxışına da yasaq gətirən 3-cü ştat olub. Doğrudur, bu qanunda sirk itlərinin, pişiklərin, atların, habelə öküzlərin radeo yarışlarında iştirakına qadağa qoyulmayıb.
 
Qanun nəticəsində ştatdakı sirk kollektivlərinin bütün proqramlarını dayandırdığı qeyd edilib.
 
Musavat.com

Загрузка...
Загрузка...