İstiqlal düşməninin alçaq pyedestallı heykəli nə vaxt demontaj olunacaq?

Baxış sayı: 
74
1  
0  

 
Bakının ən hündür məkanında bu adamın heykəli var. Birinci paradoks budur. Vaxtilə şəhəri rus-erməni-gürcü əsilli siyasilərə, hərbçilərə peşkəş edən şəxsin abidəsi indi azad şəhərə yüksəklikdən baxır. Amma burda da bir aşağılıq var. Vaxtilə onun heykəli Kirovunkundan uca olmasın deyə pyedastalını alçaq ediblər.
 
Ondan bir az yuxarıda “Alov qüllələri”ndə bərq vuran, bayrağımızın rənglərini yayan işıqların şölələri onun abidəsinin də üzərinə düşür. O isə üçrəngli bayrağımızı endirmiş, yerinə rus bolşeviklərinin qan qırmızı parçasını dikəltmişdi.
 
Elə ikinci paradoks da budur. Həmin qırmızı bayraq Gəncədə üsyana qalxan millət fədailərinin al qanıydı. Onlar rus-erməni tapdağında yaşamaq istəmirdilər, amma özünü millətin ziyalı, inqilabçı oğlu sayan zat öz millətini zorlatdırır, baştutanlıq edirdi.
 
Şəhərin ən iri və mərkəzi rayonlarından biri onun adını daşıyır. Bu rayonda onun adına park da var. Bir vaxtlar kinoteatr da vardı. Paytaxtın mərkəzi və gur metrostansiyalarından biri də onun adınadır. Hər gün minlərlə sərnişin bu istiqlal düşməninin adını eşidir.
 
Ölkədə elə bir şəhər, qəsəbə yoxdur ki, onun yaxşı küçələrindən biri bu vətən nankorunun, bolşevik tiryəkinə uymuş şəxsin adını daşımasın.
 
Kitabxanalarda onun yazdığı, 2019-cu ildə dövlət varidatı elan edilmiş siyasi və bədii əsərlər hələ də qalır.
 
 
Azərbaycanın müstəqilliyinə son qoymuş, xalqımızın ziyalı oğullarının edamına fərman vermis bütün inqilabçılar tarixdə layiq olduqları nifrətamiz yeri alıblar. Bu gün hər kəs Şaumyanın, Caparidzenin, Fioletovun, Əzizbəyovun, Əmiryanın, Əliheydər Qarayevin, Çingiz İldırımın, Həmid Sultanovun, Ayna Sultanovanın, Qəzənfər Musabəyovun, Qasım İsmayılovun, Mirbəşir Qasımovun, Ruhulla Axundovun, Mirzə Davud Hüseynovun, Levon Mirzoyanın və başqa bolşevik tör-töküntülərinin xalqa nə kimi yamanlıqlar etdiyini bilir və onları lənətləyir.
 
Yalnız o və bir neçə o qədər də tanınmayan özü kimilər qalıb ki, adları hələ də “müsbət qəhrəman”, “xalqın böyük oğlu” kimi anılır. Başqaları o qədər də məşhur deyillər, sadəcə, yaddan çıxıblar. Amma hamı onu – Nəriman Nərimanovu yaxşı tanıyır. Azərbaycan bolşeviklərinin ən məşhuru, ən qəddarı, ən ziyankarı nəyə görəsə zamanın ütüsündən salamat çıxıb. O, hələ də qorunur. Ruslar Lenindən vaz keçmədikləri kimi, biz də milli dövlətimizin süqutuna “töhfə vermis” adamın adından, xatirəsindən yapışmışıq.
 
Bəlkə də onun “qanının arasına” həkimliyi, yazıçılığı girib. Bu peşələrin hər ikisi humanizm dəyərləri ehtiva etdiyindən sövq-təbii olaraq adama elə gələ bilər ki, “yoldaş Nərimanov” da humanist adam olub. Əsla belə olmayıb.
 
Bu günlərdə tarixçi Cavid İsmayıl onun – “Azərbaycanın əbədi səadəti Rusiyaya bağlıdır” deyən millət dönüyünün 31 mart 1920-ci ildə qələmə aldığı məqaləni dərc etdirib. Onu oxuyanda görürsən ki, bu adamda zərrə qədər humanizm olmayıb.
 
Özünüz baxın, humanist adam da belə sözlər yazarmı? Nərimanovun Gəncə üsyanının qan içində boğulmasından 4 gün öncə çıxan məqaləsindən parçalar:
 
“Düşünürdülər ki, Müsavat … yaxın zamanlarda bir daha hakimiyyəti ağlının ucundan belə keçirməyə cürət etməyəcək. Heç olmasa bir az abır, vicdan olmalıdır, heç olmasa bir az gözləmək lazımdır ki, xalq Müsavatın həyasızlığını, insanları satmasını unutsun. Amma yox! Xalqın və dövlətin milyonlarını məngirləmiş və həmin milyonlarla aradan çıxmış quldurlarda nə vicdan var, nə canıyananlıq var, nə də zərrə qədər olsun abır-həya”.
 
O bunu o adamlar haqqında deyir ki, baş nazir olanda borc-xərclə dolanmışdılar. Ölkəni tərk edərkən tamahkar oğrular tərəfindən öldürülən Nəsib bəy Yusifbəylinin çantasından qızıl əvəzinə yalnız üzqırxan, dəsmal, paltar tapılmışdı.
 
Nərimanovun yazısından: “Qızıl Ordu (o, tarixdə “qırmızılar” kimi tanınan 11-ci qırmızı ordunu sevə-sevə belə adlandırır – hələ də elə deyənlər var) Rusiyada kapitalistlərin və mülkədarların işini bitirmişdir. O, müsavat hökumətinin zülmündən qurtulmağı arzulayan fəhlələrin və kəndlilərin dəvəti ilə Azərbaycana gəlmişdir. Bu amansız hökuməti devirməyə gəlmişdir, və ordu Azərbaycanı və yaxud da hər hansı başqa dövləti ələ keçirməyə hazırlaşmır”.
 
(Şəkildə Nəriman Nərimanov XI qırmızı ordunun zirehli qatar komandiri Mixail Yefremovla birlikdə)
 
Yalanın, axmaqlığın böyüklüyünə baxın. Qırmızı ordu Bakıya gəldi, milli hökuməti devirdi, dövlətçiliyimizə son qoydu, insanları güllələdi, daha sonra böyük repressiya apardı, torpaqlarımızı əlimizdən alıb erməniyə verdi. Bu ordu milli kadrları o qədər küncə sıxdı ki, Bakıya, eləcə də ölkəyə 1933-cü ilə qədər iki erməni, iki gürcü, iki rus, iki yəhudi rəhbərlik etdi.
 
Nərimanovun yazısından: “Bu xainlərdən, fəhlə və kəndlilərin Şura hakimiyyətinin düşmənləri olan bu mənfur insanlardan qurtulmağın zamanı yetişmişdir. Nə fəhlələr, nə Kommunist partiyası əsarətçilərə, burjuylara və möhtəkirlərə əksinqilab hazırlamaq üçün şərait yaratmağa imkan verməmişdir. Onların boynunu üzmək, məhv etmək lazımdır. Və şübhə yoxdur ki, fəhlələr və kəndlilər bunu edəcəklər”.
 
Öz xalqının vətənpərvər və yadelli istilasına dirəniş göstərən oğullarının məhv edilməsi üçün çağırışlar edən “millət fədaisi”nə, “boyun üzən humanist”ə, “ziyalı”ya baxın!
 
Yazının davamı: “Bəylərin və xanların silaha əl atmaları o qədər də qorxulu deyil. İnqilabi hökumət tezliklə onların işini bitirəcək. Qoy yeni əksinqilabi qiyam sevdasına düşən bəylərə, xanlara və kapitalistlərə bəlli olsun ki, Şura hökuməti onların nazı ilə oynamayacaq, ən şiddətli tərzdə cəzalarını verəcək. Zalımlara, möhtəkirlərə və kapitalistlərə nəzakətlə və yumşaq yanaşanda, onlar zəhmətkeşlərin qanlarını tökməyə başlayırlar. Ona görə də onlara yumşaq münasibət olmayacaq. Əksinqilabçılar savaşa başlamışlar. Biz onları əzəcəyik, amansızcasına intiqam alacağıq”.
 
“Bahadır və Sona” kimi, Məhəmməd Əmin Rəsulzadənin də böyük dəyər verdiyi bir roman yazaraq erməni-azərbaycanlı gənclərin faciəvi sevgisindən bəhs edən adamın - Nərimanovun taleyini məhz ermənilər tərs gətiriblər. 1920-24-cü illər arasında gənc kommunist ermənilər onu Bakıda işləməyə qoymayıblar, partiyadaxii qiyamlar təşkil ediblər. Onun hər çıxışı Sarkis və Mirzoyan tərəfindən milli təmayüllü kommunistin çıxışı kimi şərh edilib. Bu qiyamlarda Suren Ağamirov, Şaumyanın katibəsi Olqa Şatunovskaya da fəallıq ediblər.
 
Bu barədə Nərimanov özü Stalinə yazdığı məktubda xüsusi qeydlər edib: “Mikoyan Bakı Komitəsinin şəxsində müxalifət yaradır ki, mənim fəaliyyətimin, milli təmayüllülüyümün qarşısını alsın”; “Mərkəz mənə etibar etsəydi bu, çox asan olardı. Mərkəz ancaq S.Orconikidzeyə etibar edir”.
 
Milli hökumət devriləndən cəmi 3-4 il sonra adam anlayıb ki, vətəni yadellilərə, düşmənlərə satıb və indi Bakının ağası ruslarla ermənilərdir və özü öz vətənində oturaraq mərkəzə şikayət yazmağa məcburdur.
 
Sonradan onun Zəngəzur, Dağlıq Qarabağ, Naxçıvan torpaqlarının müdafiəsi üçün əlləşməsi, çıxışlar etməsi isə artıq daldan atılan və topuğa dəyən daş səciyyəsi daşıyırdı. Çünki artıq Azərbaycanın taleyi azərbaycanlıların əlində deyildi, Tiflisdən, İrəvandan, Polşadan, Kiyevdən, Urjumdan, Sankt-Peterburqdan gələn bolşeviklərin əlindəydi və onlar yerli kommunistlərə etimad göstərmirdilər, onları əl buyruqçusu kişi işlədir, “qara işlər” gördürürdülər.
 
Bəli, Nərimanov bu olub. Onun tərifini göylərə qaldırmağa, “böyük dövlət xadimi” kimi təqdim etməyə ehtiyac yoxdur. Xainliyi illərcə dilə gətirilməmiş, yazılmamış, ifşa edilməmiş bu adamı layiqli qiyməti tarixdə yerini olduğu kimi almalıdır.
 
***
Nərimanovun bioqrafiyası
 
N.Nərimanov 1870-ci ildə Tiflis şəhərində anadan olub. 1890-cı ildə Qori seminariyasını, 1908-ci ildə Novorossiysk (Odessa) Universitetinin tibb fakültəsini bitirib. 1905-ci ildə Sosial-Demokrat "Hümmət" təşkilatınnın rəhbərliyinə daxil olub. 1909-cu ildə həbs olunaraq Həştərxan şəhərinə sürgün edilib. 1917-ci ildə N.Nərimanov "Hümmət"in mərkəzi komitəsinin sədri və RSDF(b)P Bakı Komitəsinin üzvü seçilib. 1918-ci ilin martında Nərimanov Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetində şəhər təsərrüfatı üzrə xalq komissarı təyin olunub. Həmin ilin iyun ayında Həştərxana müalicəyə göndərilib. Sağaldıqdan sonra Bakıya qayıtmayıb, həmin şəhərdə partiya orqanlarında çalışıb, bu üzdən Ağcaqum çölündə güllələnən “26-lar”ın sırasında olmayıb. N. Nərimanov 1919-cu ildə Moskvaya çağırılaraq RSFSR Xalq Xarici İşlər Komissarlığında (XİN) Şərq məsələləri üzrə Xalq komissarının müavini vəzifəsinə təyin edilib.
 
28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti devrildikdən sonra N.Nərimanov rus müstəmləkəsinə çevrilən
 
Azərbaycanın Müvəqqəti İnqilabı Komitəsinin sədri və Xalq Komissarları Sovetinin sədri vəzifəsini tutub. 1922-ci ildə SSRİ yarandıqdan sonra SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədrlərindən biri seçilib.
 
N. Nərimanov 1925-ci ildə müəmmalı şəkildə ölüb və Moskvada Kremlin divarları yaxınlığında dəfn edilib.
 
***
 
Nəhayət, millətə xəyanətinin 100-cü ilində bu adamın alçaq pyedestallı abidəsi sökülməli, adına olan rayon və qəsəbələrin, parkların, küçələrin adı dəyişdirilməlidir. Qoy bu gün də ölkənin əbədi səadətinin yadellilərin qucağında olduğunu düşünənlərə və buna çalışanlara dərs olsun. Bilsinlər ki, xainlər bağışlanmır, əvvəl-axır ifşa edilir və layiq olduqları yerə qoyulur.
 
Rəsulzadənin qaldırdığı bayrağın rənglərinin işığı o bayrağı endirənlərin abidəsinin üzərinə düşməməlidir.
 
Xalid Kazımlı, Musavat.com
 
 

Загрузка...
Загрузка...