İrandan Azərbaycandan keçməklə Ukraynaya yarım ton heroin aparılmasının qarşısı alınıb

Baxış sayı: 
69
2  
0  

 
Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə İran İslam Respublikasından Ukrayna Respublikasına yük avtomobilində külli miqdarda narkotik vasitənin gömrük nəzarətindən gizlədilərək aparılacağı barədə məlumat daxil olub.
 
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən APA-ya verilən məlumata görə, həmin əməliyyat məlumatı əsasında, Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasının Astara şəhərindən Ukrayna Respublikasının Xarkov şəhərinə “yemiş” yükü aparan Azərbaycan vətəndaşı Allahverdi İman oğlu Məmmədovun etibarnamə ilə idarə etdiyi “Mercedes-Benz” markalı, 99BF868/99ZD868 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi saxlanılıb.
 
Gömrük yoxlamasından öncə adı çəkilən vətəndaş idarə etdiyi yük avtomobilində müvafiq sənədlərdə göstərilən “yemiş” yükündən başqa, gömrük nəzarətindən gizlədilən və ya gömrük nəzarətinə bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.
 
 Lakin kinoloji xidmət itinin tətbiqi ilə keçirilən yoxlama zamanı xidməti it avtomobilin qoşqusuna reaksiya verib. Qoşquda olan 26 ədəd paletdə qablaşdırılan “yemiş” yükü boşaldılıb və xidməti itin tətbiqi ilə yenidən yoxlanılıb. Bu dəfə isə xidməti it əsasən 10 ədəd paletə reaksiya verib və həmin paletlərdə olan yüklər əsaslı yoxlanılıb.
 
Yoxlama zamanı 10 paletdə olan 720 ədəd yeşikdə 526 ədəd bağlama aşkar edilib. Bu bağlamalar “örtücü mal” qismində istifadə olunmaq məqsədilə yığılan “yemişlərin” altından çıxarılıb. Bağlamaların içərisində isə preslənmiş halda, spesifik qoxu ilə müşayiət olunan, açıq-qəhvəyi rəngli, qablaşdırma ilə birlikdə ümumi çəkisi 545 kiloqram 105 qram təşkil edən narkotik vasitə - heroin aşkar edilib.
 
Faktla bağlı nəqliyyat vasitəsinin sürücüsü Məmmədov Allahverdi İman oğlu CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
 
Məlumatda o da bildirilir ki, Azərbaycan gömrük orqanları son üç gün ərzində 826 kiloqram 054 qram heroin aşkarlayıb. Həmin narkotik vasitələrin Avropanın qara bazarında dəyəri 50 milyon avrodan artıqdır.

Загрузка...
Загрузка...