​İranda benzin üsyanı - Təbriz əhalisi yolları bağladı (VİDEO)

Baxış sayı: 
112
3  
0  

 
İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı etiraz olaraq onlarla şəhərdə hakimiyyət əleyhinə kütləvi aksiyalar keçirilib. Aksiyalar zamanı ölkə rəhbərliyinə qarşı sərt şüarlar səsləndirilib.
 
Məlumata görə, noyabrın 15-i axşam saatlarında başlanan kütləvi etirazlar Məşhəd, Əhvaz və Sircanda daha kəskin hal alıb. Sircanda etirazçılar şəhərin neft anbarına od vurmaq istəyərkən polis qüvvələri buna mane olublar. Nəticədə etirazçılarla hökumət qüvvələri arasında baş verən qarşıdurmada 1 aksiyaçı polis tərəfindən öldürülüb. Şiraz, Bəndər Abbas, Kirman, Kərəc, Dezful, Gəçsaran, Abadan, Xürrəmşəhr, Behbəhan, Brucen və bir neçə digər şəhərlərdə də keçirilən kütləvi etirazlarda aksiyaçılar küçələri bağlayaraq rejimə qarşı şüarlar səsləndirərək, benzinin bahalaşması ilə bağlı qərarın ləğv olunmasını tələb ediblər.
 
Gunaz.tv xəbər verir ki, hökumət qüvvələri etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Aksiyaçılardan bir neçəsinin avtomobillərinin şüşələri sındırılıb. Sistan-Bəlucistan şəhərlərində də rejimə qarşı küçə etirazlarının keçirildiyi, aksiyaçılarla silahlı hökumət qüvvələri arasında qarşıdurmaların yaşandığı bildirilir.
 
Hazırda İranın bir sıra digər şəhərlərində vəziyyətin gərgin olduğu, ölkənin əsas iri şəhərlərində isə elan olunmamış bir növ fövqəladə vəziyyətin yarandığı bildirilir.
 
İran Milli Neft emalı şirkəti ölkə vətəndaşlarına əvvəlcədən xəbərdarlıq etmədən benzinin qiymətini noyabrın 14-dən 15-nə keçən gecədən başlayaraq birdən-birə üç dəfə qaldırıb. Bu isə ölkə vətəndaşlarını şoka salıb. İran Milli Neft emalı şirkəti bildirib ki, noyabrın 15-dən başlayaraq benzinə kvota qoyulacaq. Belə ki, kvota qoyulmuş hər litr benzinin qiyməti 1500 tümən, azad benzinin hər bir litrinin qiyməti isə 3 min, super benzinin qiyməti isə 3500 tümən olacaq. Bildirilib ki, benzinin qiymətinin birdən-birə üç dəfə artması İranda qanunvericilik, İcraiyyə və Məhkəmə hakimiyyətləri başçılarının ali koordinasiya şurasının birgə qərarı ilə həyata keçirilib.
 
Bu gün, noyabrın 16-sından etibarən Təbriz başda olmaqla Cənubi Azərbaycan ərazisində də kütləvi etirazlar keçirilir. Sosial şəbəkələrdə yayılan məlumatlardan və görüntülərdən əhalinin əsas magistralları bağladığı və hakimiyyət əleyhinə şüarlar səsləndirdiyi bəlli olur. Hələlik qarşıdurmalar barədə məlumat yoxdur. Amma müşahidəçilər deyir ki, hadisələrin nəzarətdən çıxması hakimiyyəti ciddi şəkildə narahat edir.
 
Məsələnin ciddiliyi Qum dini dairəsinin axundu, ayətullah Safi Qolpayeqanini də reaksiya verməyə vadar edib. Noyabrın 16-da o, bəyanat yayaraq, ölkədə benzinin qiymətinin artmasına kəskin etiraz bildirib. Axundun məsələyə münasibət bildirməsi və benzinin yeni qiymətinin ləğv edilməsi ilə bağlı tələbi, ölkənin onlarla şəhərində kütləvi etirazlarnın keçirilməsindən az sonraya təsadüf edib. Yaydığı bəyanatda ölkə parlamentinin deputatlarına müraciət edən axund Qolpayeqani, hökumətin benzinin yeni qiyməti ilə bağlı qərarının ləğv olunmasını tələb edib: “Təəssüflər olsun ki, ölkə əhalisinin əksəriyyəti bahalıq, inflyasiya və işsizlik problemi ilə üz-üzə qaldığı bir vaxtda, İslam peyğəmbərinin doğum günü axşamında qanunvericilik, İcraiyyə və Məhkəmə hakimiyyətləri başçıları elə bir qərar qəbul etdilər ki, onların bu addımı dərin nigaranlığa səbəb olub. Mən, İran İslam Respublikası parlamentinin deputatlarından istəyirəm ki, benzinin qiymətinin artması ilə bağlı qəbul edilmiş həmin qərarı ləğv etsinlər və ölkə vətəndaşlarının iqtisadi problemlərini aradan qaldırmaq üçün iqtisadçı alimlərlə dərhal məşvərət aparsınlar” –deyə, “ayətullah” Safi Qolpayeqani bəyan edib.
 
Qeyd edək ki, Qərbin sanksiya qərarlarından sonra İranda iqtisadi durum ağırlaşıb və hakimiyyət vəziyyətdən çıxmaq üçün əhalini narazı salan addımlar atmağa qərar verib. 
Musavat.com

Загрузка...
Загрузка...