​İranda aksiyalar çevrilişə səbəb ola bilərmi? – Ekspert

Baxış sayı: 
326
0  
0  

İran ötən əsrin 70-ci illərinin sonunda inkişaf templərinə görə dünyanın qabaqcıl sıralarına yaxınlaşdıqda ölkədə islam inqilabı baş verdi və hər şey köklü surətdə dəyişdi.
 
Bunu Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. O bildirib ki, ABŞ hazırda İran rejiminin dəyişilməsini istəsə də, bu, baş verməyəcək:
 
“Bir çoxlarına indi də məlum deyil ki, İranın inkişafının qabağını alan məhz şah hökumətinin ən çox inandığı məmləkətlər - ABŞ və İsraildir. Onların elitasına elə gəlirdi ki, postşah dövrünün hökuməti yenə də Vaşinqtona köklənib onun istəyi ilə oturub-duracaq. Lakin Ayətullah Xomeyni Amerikanın ayağını İrandan yığışdırmağı siyasi strategiyasının sütunu elan etdi və istəyinə nail oldu. Hazırda İran yenə böyük inkişaf yolu dəf edib və müsəlman aləminin üç liderindən biridir. Türkiyə, Pakistanla bərabər, İran böyük irəliləyişlər əldə edib və hətta yüksək texnologiyalarda Türkiyə ilə Pakistanı üstələyir. Buna baxmayaraq, ölkədə sosial problemlərin həllində xeyli boşluqlar mövcuddur və bu da ondan irəli gəlir ki, Tehran əldə etdiyi resursun böyük həcmini bölgədə siyasi mövqelərinə yönəldir. Düzdür, buna böyük zərurət var, çünki İŞİD məhz İran və ona bağlı gücləri məhv etməyi məqsəd seçib”.
 
Politoloqun sözlərinə görə, bir halda ki, Tehran bölgə siyasətində Amerika, İsrail, Səudiyyə Ərəbistanı və s. məmləkətlərin vahid planına təsirli zərbələr endirməyi bacardı, onun əleyhdarları da son illər ölkə daxilində özünəməxsus casus şəbəkəsinin iştirakı ilə etiraz qüvvələrinin konsolidasiyasına nail ola bildilər:
 
“İslahatlara sürət verməzdən əvvəl, gərək sabitlik bərpa edilsin. Sonra isə casus şəbəkəsi tərki-silah edilsin və dəyişikliklər həyata keçirilsin. Çox güman ki, hazırda baş verən qeyri-stabilliyin məsuliyyəti Prezident Ruhaninin üzərində qalacaq. O, qarışılıqlığı ram edə bilməsə, parlament onu istefaya da göndərə bilər. Zənnimcə, İranda tezliklə sabitlik bərpa ediləcək. Sonra isə həyatın bütün sahələrinə aid prioritetlərinə dəyişikliklər və əlavələr edilməlidir. Amerika İran rejiminin dəyişilməsini istəsə də, bu, baş verməyəcək. Hakimiyyətin müxtəlif səviyyələrində yerdəyişmə və istefalar baş verəcək. Bu fonda isə hakimiyyət həqiqətən də köklü islahatları həyata keçirməyə məcbur olacaq”.
 
Qeyd edək ki, İranda 28 dekabrdan davam edən etirazlar nəticəsində 27 nəfərin öldüyü, 300 nəfərin xəsarət aldığı, 700-dən çox adamın həbs olunduğu bildirilir.

Загрузка...
Загрузка...