İran sosial inqilab ərəfəsində: Parlamentdə istefalar başladı

Baxış sayı: 
35
1  
0  

 

  İran İslam Şurası Məclisinin İsfahan vilayətindən seçilmiş millət vəkilləri dövlətin və spikerin Zayəndərud çayının bərpası, bölgənin içməli su problemi ilə bağlı verdikləri vədlərə əməl etmədiklərinə görə istefa veriblər.

Ovqat.com-un bildirdiyinə görə, istefalarının səbəbini açıqlayan deputat Hüseynəli Hacı Deliqani qeyd edib ki, onlar ötən il Enerji naziri və İslam Şurası Məclisinin spikeri ilə İsfahanın su probleminin həll olunması ilə bağlı müzakirələr aparıblar. Görüş zamanı rəsmilər deputatlara problemin aradan qaldırılması üçün lazımi tədbirlərin görüləcəyini söz versələr də, ötən müddət ərzində müsbətə doğru heç bir addım atılmayıb. Bu səbəbdən İsfahandan seçilmiş 18 millət vəkili öz istefa ərizələrini spikerə təqdim ediblər.

İstefa ərizəsində İsfahanda hələ də su probleminin qaldığı və dövlətin bu istiqamətdə heç bir addım atmadığı bir daha vurğulanıb. Deputatlar buna görə öz vəzifələrində qalmağın heç bir önəm daşımadığı vurğulayaraq, istefa ərizəsi təqdim edilən andan Məclisin iclaslarına qatılmayacaqlarını bildiriblər. İran rəsmiləri isə İsfahan əhalisinin su problemini indiyədək həll edə bilməmələrini ölkəyə tətbiq olunan sanksiyalarla əlaqələndiriblər və bu böhrandan çıxana qədər bəzi sosialyönümlü siyasətləri dayandırmağa məhkumdurlar.

Göründüyü kimi, ilk baxışdan istefalar sırf sosial tələbdən qaynaqlanmış kimi görünsə də, bu addımın arxasında ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların da mühüm rol oynadığı şübhəsizdir. Zatən ABŞ-ın sanksiya siyasəti İranda sosial vəziyyəti çətinləşdirmək və ümumxalq etirazına nail olmaq məqsədi güdürdü. Verilən məlumatlara görə, sanksiyalar təkcə su problemi ilə üzləşən İsfahan sakinlərini deyil, ölkənin bütün əhalisini çətin vəziyyətə salıb. Bu baxımdan, 2019-cu ildə İranı qarışdırmağa hesablanmış sanksiyaların indidən məqsədinə çatdığını iddia etmək olar. Belə ki, İranda baş verən devalivasiyalar nəticəsində əhalinin alıcılıq qabiliyyəti 80% azalıb və ölkə hər an partlaya biləcək barıt çəlləyinə çevrilib. Hər halda bunu “Save” Həmkarlar İttifaqının sədri Davud Mirzənin ölkədəki sosial-iqtisadi vəziyyəti şərh edən açıqlamasından da çıxarmaq mümkündür.

Davud Mirzə bir ay əvvəl İSNA informasiya agentliyinə verdiyi açıqlamada  işçi maaşlarının bu ilin əvvəlində 19,5 faiz artırılmasının müsbət qarşılandığını, ancaq dollar məzənnəsindəki yüksəliş və qiymətlərin artması işçilərin təməl ehtiyac maddələrini belə təmin edə bilməməməsinə səbəb olduğunu, alıcılıq qabiliyyətinin 2 il əvvəlkindən daha geriyə düşdüyünü bildirmişdi. D.Mirzə maaşların devalivasiyaya uyğunlaşdırılması məsələsində Əmək naziri ilə görüşmək istədiklərini, ancaq hələ də müraciətlərinə cavab almadığını qeyd edib.

Sanksiyalardan sonra İranın dərin bir böhran keçirməsi, yerli valyutanın qısa müddət ərzində 100 faizlərlə ölçülən devalivasiyalara məruz qalması ölkədə getdikcə narazılıq dalğasını artırır və sosial inqilab öncəsi durumu xatırladır. Başqa sözlə desək, bu ölkədə dəyişiklik rüzgarının təməlində iqtisadi səbəblər dayanır, başlıca səbəb isə devalivasiyadır. Zira İranda bu ilin birinci rübündə bir dollar 4 min 500 tümən ikən, ABŞ nüvə müqaviləsini ləğv etdikdən sonra baş verən devalivasiyalar nəticəsində  əvvəl 10 min tümənə, daha sonra isə 15 min tümənə yüksəldi. Qısa zaman ərzində hardasa 300%-lik devalivasiyaya baxmayaraq, işçilərin maaşları artırılmadı. Ölkədə minimum əmək haqqı 1 milyon 114 min 140 tüməndir (təxminən 77 dollar, eynilə bizdəki kimi). Bu isə işçilərin bir aylıq tələbatını ödəmir və narazılıqlara ol açır.

 

Ölkədəki iqtisadi böhran molla rejiminin daxilində də ciddi parçalanmalara səbəb olub. Məlumata görə, İranın əsas idarəetmə mexanizmi və dini mərkəzi kimi tanınan Qum elm hövzəsində mühafizəkarlarla islahatçılar arasında çəkişmələr artıb və onlar bir-birinə qarşı “soyuq savaş”a və təxribatlara başlayıblar. Bildirilir ki, İran İslam rejiminin ideoloji əsaslarının müəllifi və hazırda ölkənin Mədəni İnqilab Ali Şurasının üzvü olan Həsən Rəhimpur Əzgədi İslam İnqilabı Qvardiyasına bağlı tələbələrin keçirdiyi tədbirdə çıxış edərək elm hövzələrinə ağır tənqidə məruz qoymuşdu. O, bir sıra islahatçı ayətullahları və mötəbər din alimlərini "İslam dövləti möhkəmlətmək yerinə, dünyəvi (sekulyar) fiqh istehsal etməkdə” suçlayıb. İran dini idarəetmə nəzəriyyəsində sekulyarizmin küfr kimi qəbul olunduğunu nəzərə alsaq, Rəhimpur Əzgədinin bu fikirlərində qarşı tərəfi təhqirə varacaq qədər irəli getdiyini anlamaq mümkündür. Rəhimpur bununla da kifayətlənməyib, Qum elm hövzəsini "bir-birindən fərqlənməyən din alimləri istehsal edən zavoda" bənzədib, onları "oxumamış, cahil və ictimai həqiqətlərdən uzaq" zümrə adlandırıb.

Xamaneyi tərəfdarlarının Ruhani tərəfdarlarına hücumu kimi anlaşılan bu ittihamlar Qum elm hövzəsində böyük narazılıqlara səbəb olsa da, Gənc İnqilabçı Tələbələr təşkilatı tərəfindən və bir sıra nüfuzlu din xadimləri tərəfindən dəstəklənib. Feyziyyə mədrəsəsində keçirilən bu toplantıda bəzi tələbələrin daşıdıqları hökumət əleyhinə plakatlar və bu plakatlarda Prezident Ruhaninin üstüörtülü şəkildə ölümlə təhdid edilməsi də İran hökuməti tərəfindən narahatlıqla qarşılanıb.

Digər məlumatlara görə, Ruhani hökumətininin baş verənlərə ciddi etirazlarından sonra dini lider Xamaneyi özünə bağlı Qum İnqilab Keşikçilərini və Qum İmam Sadiq Briqada komandirlərini mərkəzə gətirmək məcburiyyətində qalıb. İranın seçmə hərbi qüvvəsi sayılan və Yaxın Şərqdə hərbi əməliyyatları keçirən İran İslam İnqilabı Keşikçilərinin Qumdakı silahlı qüvvələrinin mərkəzə çəkilməsi təsadüfi deyil. Xüsusilə Qum İmam Sadiq Briqadasının keçmişdə rejim müxaliflərini zərərsizləşdirmə əməliyyatında fəal rol oynadığı iddia edilir. Məhz bu səbəbdən də həmin qüvvələrin mərkəzə çəkilməsi bir sıra müşahidəçilər tərəfindən iki amillə əsaslandırılır. 

  Birinci amil: İran dini rəhbərliyi ABŞ sanksiyalarının və xalq narazılığının artdığı indiki şəraitdə islahatçı ayətullahların  rejim əleyhinə fitvalar verməsinə yol açmamaq üçün bu addımı atmışdır.

İkinci amil: Dini lider Xamaneyi özünə və İran rejiminə qarşı əsl təhlükənin Qumdan deyil, Tehrandan gələ biləcəyini düşündüyü üçün ən sadiq hərbi qüvvələri mərkəzə gətirmişdir.

Onu da qeyd edək ki, xalqın iradəsi ilə seçilən hökumətlə İranın əsl siyasi iradəsi sayılan Vəlayəti-fəqh arasında ziddiyyətlər bütün islahatçı hakimiyyətlər zamanı özünü büruzə verir. Bunun əsl səbəbi isə İranda rejimin xarakterindən irəli gələn ikihakimiyyətlilikdir. Ölkədə ilk baxışdan seçkili hakimiyyət qolları fəaliyyətdə olsa da, əslində ən həlledici qərarları Vəlayəti-fəqh və onun rəhbəri verir. Yalnız din rəhbərləri tərəfindən seçilən və ömrünün sonuna qədər səlahiyyətlərini davam etdirən dini lider heç kimin qarşısında məsuliyyətli deyil və kimsə onu taxtından laxlada bilməz. Bu da dini rəhbərə sərhədsiz səlahiyyətlər verir.

Maraqlıdır ki, ikihakimiyyətlilik ordu və polis orqanlarında da hökm sürür. Xüsusilə dini rejimi qorumaq və yaymaqla mükəlləf olan İran İslam İnqilabı Keşikliləri Diviziyası ən çevik və qüdrətli hərbi birləşmə hesab olunur. “İnqilab keşikçiləri öz fəaliyyətlərini İran torpaqlarında icra etməklə kifayətlənmir, Yaxın Şərqdə və dünyanın digər müsəlman ölkələrində də “cihad”a qoşulurlar. Əslində sosial-iqtisadi baxımdan ölkənin uçuruma sürüklənməsində xarici “cihad”lara sərf olunan milyardlar da önəmli rol oynayıb. İndiki çətin vəziyyətində İranın Suriyadan çəkilməməsi də xalq arasında ciddi narazılıqlar doğurur. Dini hakimiyyət isə xaricdəki hərbi əməliyyatları İranın sərhədlərini qorumağın əsası kimi görür.

İstər sosial vəziyyətin getdikcə dərinləşməsi, istər narazıların tədricən küçələrə çıxması, istər dini hakimiyyətin yürütdüyü cihad əməliyyatları, istərsə də dini hakimiyyət arasında cəbhələşmələr İranda yeni inqilabi şəraitin yarandığından xəbər verir. Bu da azmış kimi, neftin qiymətlərinin getdikcə ucuzlaşması və ABŞ sanksiyaları cənub qonşumuzda hadisələrin öz cizgisindən tamamilə çıxma ehtimalını artırır. Gözləniləm İran böhranı zamanı cənubdakı soydaşlarımızın ciddi problemlərlə üzləşməsi də qaçılmaz ola bilər və Azərbaycan hökuməti bu istiqamətdə yürüdəcəyi siyasəti indidən müəyyənləşdirməlidir.

Heydər Oğuz

ADAM

 
Загрузка...
Загрузка...