İran epidemiyanı ört-basdır etməyə çalışır? - ŞOK FAKTLAR

Baxış sayı: 
194
1  
0  

İran koronavirusun ən çox yayıldığı ölkələrdən biridir. Ailələr Novruz bayramını qeyd edir, ancaq ölkə əhalisində belə bir rəy var ki, hakimiyyət virusun vurduğu zərərin həqiqi ölçülülərini gizlədir və vəziyyət daha sürətlə pisləşəcək.

Koronavirus epidemiyası başlayandan bəri Məhəmməd xəstələrinin həyatını qurtarmaq üçün durmadan çalışır. Ölkənin şimalında - Gilan vilayətindəki bir xəstəxanada işləyən doktor Məhəmməd 14 gündür ailəsini görmür. Tibb fakültəsindəki müəllimi də daxil, bəzi həmkarları artıq həlak olub.

"Koronavirus epidemiyası təkcə bizim xəstəxananı yox, bütün səhiyyə sistemimizi iflic vəziyyətinə salıb. İşçilərin əhvalı çox pisdir. Ailələrimiz narahatdırlar, çox böyük bir təzyiq altındayıq" - Məhəmməd belə deyir.

İranda hökuməti tənqid etmək həbslə nəticələnə bildiyi üçün Məhəmmədin adı dəyişdirilib. Ancaq ölkənin şimalındakı xəstəxanalarda çalışan həkimlərin bir çoxu BBC-yə eyni şeyləri danışıblar, onlar da vəziyyətin çox pis olduğunu, hökumətin böhranı çox pis idarə etdiyini deyiblər.

Məhəmməd hətta kifayət qədər maska da olmadığını deyir: "Hər gün həyatını itirən tibb işçiləri olur. Neçə nəfərin öldüyünü bilmirəm, amma hökumət böhranın həqiqi miqyasını gizlətməyə çalışır. Epidemiyanın elə ilk günlərindən yalan danışırlar".

Cəmi 16 gün ərzində "Covid-19" virusu İranın 31 əyalətinə yayılıb. Bundan başqa, 16 ölkə - İraq, Əfqanıstan, Bəhreyn, Küveyt, Ümman, Livan, Birləşmiş Ərəb Əmirlikləri, Kanada, Pakistan, Gürcüstan, Estoniya, Yeni Zenlandiya, Belarus, Azərbaycan, Qətər və Ermənistan öz ərazilərinə koronavirusun İrandan keçdiyini deyir. İran rəsmilərini tənqid edənlər hökumətin epidemiyaya ciddi yanaşmadığını qeyd edirlər.

19 fevralda hökumət mövzuyla bağlı ilk dəfə açıqlama verib, əhaliyə virusla bağlı narahat olmamağı təvsiyə edib. Dini lider Ayətullah Ali Hamaney İranın "düşmənlərini" virus təhdidini şişirtməkdə ittiham edib. Bir həftə sonra yoluxma və ölüm halları qəflətən artıdığı üçün prezident Həsən Ruhani onun sözlərini təkrarlayaraq iranlıları "düşmənlərin qəsd nəzəriyyələrindən və qorxu dəllalığından" uzaq durmağa çağırıb.

İranda bir həkim xəstəsini təcili yardım maşınında müayinə edir

Bunların ölkəni iflasa uğratmaq üçün planlaşdırıldığını deyən Ruhani iranlıları gündəlik fəaliyyətlərinə və işlərinə davam etməyə çağırıb.

Son zamanlar dövlətin nəzarətində olan televiziya kanallarında koronavirusun ABŞ-da istehsal olunmuş "bioloji silah" ola biləcəyi deyilir.

Ayətullah Xameneyi də öz "Twitter" hesabında "bioloji hücum" haqqında yazıb.

Martin 16-da İranın Səhiyyə Nazirliyi 17361 yoluxma, 1135 ölüm faktı olduğunu açıqlayıb.

Çin və İtaliyadan sonra virusdan ən çox zərər çəkən ölkə İrandır.

Yoluxma hallarının daha çox olduğu Gilan, Gülüstan və Mazandaran vilayətlərində çalışan həkimlər BBC-yə açıqlamalarında bildiriblər ki, koronavirus testləri və tibbi ləvazimatlar, hətta ən vacib dərmanlar, oksigen balonları, steril maskalar və əlcəklər belə azdır.

Həkimlər hazırda müvəqqəti səhra xəstəxanalarında çalışmaq məcburiyyətindədirlər. Reanimasiya həkimlərindən biri deyib ki, xəstələrin sayı həddindən artıq çox olduğu üçün yaxınlıqdakı futbol meydançasına yataqlar düzüblər.

BBC-yə müsahibə verən bütün həkimlər şəxsi təcrübələrindən çıxış edərək rəsmi statistikanın gerçək rəqəmlərin çox az qismini əks etdirdiyini deyiblər.

Gülüstanda işləyən bir təcili yardım həkimi bildirib ki, çalışdığı xəstəxanaya gündə ortalama 300 həkim gəlir.

Həkim xəstələrin 60-70%-inə koronavirus yoluxduğunu təxmin edir. Onun sözlərinə görə, yer qıtlığı ucbatından xəstəxanalara ancaq vəziyyəti ağır olanları yerləşdirirlər.

Rəsmi statistika məhz belələrinin sayı əks olunur.

Həkim deyib ki, 2 həftədir ki, hər gün ortalama 5 xəstə həyatını itirir.

Həkimlər ölür

Səhiyyə işçiləri üçün daha bir faciəli vəziyyət onların arasında da itki olmasıdır. Həkimlərin bir çoxu məsləkdaşlarından da ölənlər olduğunu bildirir.

İranın dini lideri Ayətullah Əli Xameneyi

Daha bir ürək parçalayan hadisə İranın şimalındakı Lahican şəhərində tibb bacısı işləyən və fevral ayının axırlarında vəfat edən 25 yaşlı Narjes Khanalizadeh-in hekayəsidir. Onun şəkli sosial şəbəkələrdə minlərlə dəfə paylaşılıb, ancaq hökumət onun "Covid-19" virusuna yoluxduğunu rədd edib.

Dövlətin nəzarətində olan televiziya kanalları ön cəbhədə koronavirusla mübarizə aparan, xəstələrin həyatını xilas edən yardımsevər və qorxmaz səhiyyə işçisi portretini yaratmaqda davam edir.

Ölümündən bir müddət sonra İran Tibb Bacıları Birliyi Narjesin koronavirusdan öldüyünü təsdiqləyib.

Virus niyə belə sürətlə yayıldı?

İran hökuməti bildirir ki, koronavirus Qum şəhərində iki nəfərin ölməsi nəticəsində ölkəyə yayılıb. Onlardan biri Çində yoluxmuş iş adamı olub. Qısa müddət ərzində şəhər epidemiyanın mərkəzinə çevrilib.

Ən yüksək səviyyəli din adalarının yaşadığı Qum şiələr üçün xüsusi əhəmiyyətə malikdir, hər il bura ölkə içindən 20 milyon, ölkə xaricindənsə 2,5 milyon turist gəlir.

Hər həftə minlərcə hacı şəhərdə dolaşır; türbələri, simvolik strukturları öpərək, onlara toxunaraq sayğılarını bildirirlər.

Virus sürətlə yayılır və yoluxma sayları durmadan artır. Ancaq şəhərdə dərhal karantin elan etmək əvəzinə, Ayətullah Xameneyinin təmsilçiləri (məsələn, Məhəmməd Seydi) hacıların bu şəhərə ziyarətini təbliğ edən kampaniya aparır.

Tehranda bəzi fabriklər 24 saat maska istehsal edir

"Biz bu müqəddəs məbədi bir sağalma mərkəzi kimi görürük. İnsanlar ruhi və fiziki xəstəliklərindən qurtulmaq üçün bura gəlməlidirlər".

Ümumdünya Səhiyyə Təşkilatının fövqəladə vəziyyətlər üzrə nümayəndəsi Richard Brennan bu yaxınlarda orada olub və qayıdandan sonra deyib ki, "Qum xüsusi dini əhəmiyyəti olan şəhərdir. İranın özündən və xaricdən gələn dindar turistlər vasitəsilə virus sürətlə bütün ölkəyə yayılıb".

Brenna həmçinin qeyd edir ki, həm Qumdakı, həm də paytaxt Tehrandakı test laboratoriyalarında və xəstəxanalarda fəaliyyətləri artırmaq "səmimi cəhdlər" gördüyünü bildirib.

Qumdakı türbələr artıq ziyarətə qapadılıb.

Hökumət epidemiyanı əhəmiyyətsiz bir şey kimi göstərib?

Fevral ayında ölkədə iki vacib hadisə baş verdib: İslam inqilabının 41-ci ildönümü qeyd olunub və parlament seçkiləri keçirilib.

Tehrandakı səhiyyə məmurlarına hesabatlar göndərərək epidemiyayla bağlı xəbərdarlıq edən təcrübəli bir həkimin sözlərinə görə, o və həmkarları anormal nəfəs yolu xəstəliyini İslam inqilabı günündən əvvəl təsbit ediblər:

"Düşünürük ki, dövlətin dəstək verdiyi ənənəvi toplantıların baş tutması üçün səhiyyə məmurları koronavirusun İrana gəlib çıxması xəbərini gizlətmək qərarına gəliblər".

İranlılar 6 aydır xaos içində yaşadıqları üçün həm ildönümü tədbirləri, həm də seçkilər hökumətin populyarlığını test etmək vasitəsi hesab olunurdu.

Noyabr ayında benzinin bahalanmasına etiraz olaraq keçirilən kütləvi aksiyalar, o cümlədən, yüksək rütbəli hərbçi Qasım Süleymaninin öldürülməsinə qarşılıq ABŞ-ın İraqdakı hərbi bazasının İran tərəfindən vurulması və bu iki ölkə arasında münasibətlərin gərginləşməsi hökumətin nüfuzunu zədələmişdi.

Narjes Xanəlizadə 23 fevralda xəstələib, iki gün sonra isə vəfat edib

176 sərnişini olan Ukrayna təyyarəsinin raketlə vurulması və İran rəsmilərinin bunu danması cəmiyyətin hökumətə inamını yerlə bir etmişdi.

Seçkilərdən az sonra Ayətullah Ali Xameneyi İran "düşmənlərini" seçiciləri seçki qutularından uzaqlaşdırmaq üçün koronavirus təhlükəsini şişirtməkdə ittiham edib:

"Əks təbliğat bir neçə ay əvvəl başlamışdı, 2 gün əvvəlsə kütləvi informasiya vasitələri xəstəlik və virus bəhanəsiylə insanların səsverməyə getməməsi üçün əllərindən gələni etdilər".

Bir qədər əvvəl İranın səhiyyə naziri Səid Namaki hesabatlara ciddi yanaşmamalarıyla bağlı iddianı rədd etdi. Dövlət televiziyası açıqlama verdi: "Seçkilər 21 fevralda keçiriləcəkdi, virusla bağlı xəbər dərhal (19 fevral) yayımlandı".

Fatimə Məsumə türbəsi

Seçkilərdən 5 gün sonra hökumət tərəfindən təsdiqlənmiş yoluxma sayı 139, ölüm sayı isə 19 nəfər olaraq göstərildi.

Qatı mühafizəkar kimi tanınan, Qumdan seçilmiş deputat Əhməd Əmirabadi Fərahani həmin gün parlamentdə dedi ki, iki həftə ərzində şəhərdə 50-dən çox adam ölüb.

Səhiyyə nazirinin köməkçisi İraj Harirci xəbərin yalan olduğunu, ölənlərin sayı bunun yarısı qədər olsa belə, istefa verəcəyini bildirdi.

Bir neçə saat sonra koronavirusla bağlı mətbuat konfransında iştirak edən Harirçinin çox tərlədiyi və öskürdüyü müşahidə olundu. Sonra o, test nəticələrinin pozitiv çıxdığını açıqladı və beləliklə də virusa yoluxan bir neçə yüksək postlu məmurdan birincisi oldu.

Martın 13-də televiziyada canlı yayıma çıxan Harircinin "tamam sağaldığı" bildirilir.

Bir xeyli mütəxəssis və jurnalist rəsmi rəqəmlərin İranda yaranmış geniş miqyaslı və təhlükəli yoluxma vəziyyətini doğru əks etdirmədiyini deyir. BBC Farsca bir gün ərzində qeydə alınmış ölüm sayının rəsmi məlumatdakından 6 dəfə çox olduğunu aşkar edib.

Rəsmi rəqəmlər artmağa davam etsə də, hazırda iranlıları narahat edən əsas məsələ virusun qarşısının nə vaxt alınacağıdır.

Qum şəhərindəki Fatimə türbəsi

Karantində yaşamaq

Əlirzanın atası martın ortalarında vəfat edib:

"Onu dəfnində ailəmizdən heç kim olmayıb. Hətta meyitini də görmədim. Bizə ancaq öldüyünü və Tehranın əsas qəbirstanlığındakı xüsusi bir ərazidə dəfn edildiyini dedilər".

Təhlükəsizlik məqsədilə Əlirzanın adı dəyişdirilib.

Rəsmilər ailəyə yas mərasimi keçirməməyi qadağan ediblər, deyiblər ki, dəfndən sonra məzarı ziyarət etməyə icazə veriləcək.

Ancaq Əlirza və ailə üzvləri qəbirstalığa gedəndə oranın işçiləri içəri girməyin təhlükəli olduğunu, orda hələ də çox sayda meyitin basdırılmasına davam edildiyini bildiriblər.

"Atamın ölməsindən çox onun basdırılması haqqında danışırıq. Mən dindar adam deyiləm, ancaq hələ də içimdə atama sayğısızlıq etmişik kimi qəribə bir hiss var".

İran rəsmiləri bütün böyük yas məclislərini qadağan ediblər.

Ayətullah Xamaneyi də daxil olmaqla, bir çox din adamı ölüyuyanları yoluxmadan qorumaq üçün bu ənənəyə qarşı fitva veriblər.

Məktəblər, universitetlər və seminarlar bağlanıb, futbol yarışları ləğv edilib, Tehranda geniş miqyaslı dezinfeksiya tədbirləri başladılıb. Vətəndaşlara səyəhət etməmək və evlərindən çıxmamaq tövsiyə olunub. İran İslam Respublikasınn qurulduğu 1979-cu ildn bəri ilk dəfə cümə namazları təxirə salındı.

Sıxlıq faizi yüksək olan həbsxanalarda virusun yayılmasına mane olmaq üçün 155 min məhkum müvəqqəti olaraq azad edilib.

Onların arasında siyasi məhbuslar da var və çoxunun səhhətinin pis olduğu deyilir. Yardım təşkilatının nümayəndəsi, İngiltərə-İran vətəndaşı Nazanin Zaghari-Ratcliffe-nin də azadlığa buraxıldığı bildirilir.

Tehranın cənubunda qəbiristanlıq

Ancaq bir çox hökumət idarəsi, iş mərkəzi və bank hələ də fəaliyyət göstərməyə davam edir.

Təqaüddə olan Fatma müəllimə (ad şərtidir) və onun əri kimi orta sinif nümayəndələri deyirlər ki, əsas problem nəğd pul çatışmazlığındadır:

"Təqaüdlərimizi almaq üçün banka getmək məcburiyyətindəyik. Sonrakı günlərdə Novruz münasibətilə ödənəcək mükafatımızı alacağıq".

Həm İranda, həm də ondan kənarda bir çox tibb mütəxəssisi qeyd edir ki, hökumət rəqəmləri şəffaf şəkildə açıqlamadıqca və Qum kimi şəhərlərin hamısında karantin elan olunmayınca, virus ölkə əhalisini qırıb-biçməyə davam edəcək.

Prezident Ruhani deyib ki, şəhərlərə giriş-çıxış qadağan edilməyəcək, mağazalar açıq qalacaq, insanlar işlərini davam etdirə biləcəklər. Müşahidəçlər İranın virusla münarizəyə gücü olmadığı üçün belə qərar verildiyini düşünürlər - ABŞ-ın sanksiyaları İran iqtisadiyyatını zəiflədib.

Novruz İranın ən böyük bayramıdır, ancaq Fatma deyir ki, bayram ovqatının bu qədər az olduğu Novruz xatırlamır:

"Bütün həyatım boyu elə bir Novruz olmayıb ki, onu evdə təkbaşıma qeyd edim. Hətta Səddam şəhərlərimizi bombalayanda da Novruzda bir-birimizi ziyarət edərdik".

Загрузка...
Загрузка...