​İnstitutdan qovulan,həbsxanada yatan, oğlunu savaşda itirən şair- Nəsiman Yaqublunun yazısı

Baxış sayı: 
213
0  
0  

 
 
 
 
 
 
Moderator.az araşdırmaçı alim, tarix emləri doktoru Nəsiman Yaqublunun yeni nəşrə hazırladığı “Azərbaycan Milli - Azadlıq Hərəkatı Ensiklopediyası” (sovet dövrü:1920-1991) kitabından böyük şair Xəlil Rza Ulutürk haqqında yazını  oxuculara təqdim edir:
 
 
 
Xəlil Rza Ulutürk 1932-ci ildə anadan olub. Azərbaycan Dövlət Universitetinin (BDU-nun) filologiya fakultəsini bitirib. Şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçidir. 1954-cü ildən Yazıçılar Birliyinin üzvüdür. Filologiya elmləri doktorudur. 1992-ci ildən Azərbaycanın Xalq Şairidir.
 
Xəlil Rza Azərbaycan dilinin saflığı, əcnəbi dilinə məruz qalmaması üçün də mübarizə aparıb. Ana dilinin saflığı uğrunda ruslaşdırmaya qarşı mübarizə aparırdı. Onun bu fəaliyyətinə görə Sovet hakim dairələri ictimai-pedaqoji fəaliyyətini məhdudlaşdırır, “Bilik”  cəmiyyəti xətti ilə Azərbaycanın rayonlarına göndərilməsi qadağan olunur. Tezliklə Azərbaycan Pedaqoji İnstitutundan da uzaqlaşdırılır.
 
1980-ci illərin sonlarında xalq-azadlıq hərəkatı genişləndiyi zaman Xəlil Rza meydanlarda alovlu çıxışlar edirdi. Dağlıq Qarabağ torpağına təcavüz edən erməni daşnaklara qarşı mübarizə aparan Xəlil Rza yazırdı:
 
Biz Türküstan elləriyik,
Qeyrət, qüdrət selləriyik.
Daşnakları qovan bizik,
Dar gözləri ovan bizik.
Yetər meydan suladılar,
Yurdumuzu taladılar.
 
1990-cı ilin yanvarında Sovet ordusu Bakıya daxil olub, 100-dən çox insanı qətlə yetirdi. Bu günlərdə X. Rza xalqı mübarizəyə çağırmaqdan çəkinmirdi. Xarici ölkə jurnalistlərinə müsahibələr verir, 20 Yanvar hadisələrini, M. S. Qorbaçovun cinayətini dünya ictimaiyyətinə çatdırırdı.
 
1990-cı ilin yanvarın 26-da X. Rza SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları tərəfindən həbs edilib Moskvaya aparılır, Lefortovo həbsxanasına salınır. O, burada 8 ay 13 gün qalır. Şair burada “Lefortovo gündəliyi”ni, 200-dən çox şeir, poema və məktublarını yazır. “Lefortovo  gündəliyi”ndə  “Ulutürk” təxəllüsünü işlədir, digər imzaları kənara qoyur (Xəlil Odsevər, Xəlil Rza və s.).
 
1990-cı ilin oktyabrın 9-da Xəlil Rza Moskvadan Bakıya gətirilir. Bir ay davam edən məhkəmə prosesindən sonra azadlığa buraxılır.
 
Bu ağır həbsxana həyatından sonra onun səhhəti də pisləşir, ürəyindən əməliyyat olunur. Türkiyədə, Almaniyada müalicə olunsa da, səhhəti yaxşılaşmır. 1994-cü ilin iyunun 22-də vəfat edir. Xəlil Rza Ulutürk Fəxri Xiyabanda dəfn edilib.
Qeyd: Böyük şair Xəlil Rza Ulutürkün oğlu Təbriz Xəlilbəyli də Qarabağ savaşında həlak oldu. Böyük şair oğlunun dəfn mərasimində özünü çox dözümlü apararaq, yenə çoxlarını heyrətləndirmişdi.
    
Xəlil Rzanın yaradıcılığına sovet rejimində birmənalı yanaşılmayıb.SSRİ-ni Oyrənmə İnstitutunun jurnalı ilan “Dərgi”də tanınmış mühacir Süleyman Tənkinər şairin yaradıcılığına olan mənfi yanaşmalarla bağlı maraqlı təhlillər vermişdir.
 
 
 
Məlum olduğu kimi 1962-ci ildə  Xasay Vəzirov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideologiya məsələləri üzrə katibi seçildikdən sonra  ziyalılara təzyiqlər bir qədər güclənmışdi (X.Vəzirov 1950-ci illərin  sonunda Azərbaycan Dövlət İnformasiya Agentliyinin – “AzTAq”-ın (hazırda “AZƏRTAC”) direktoru təyin olunub və Mərkəzi Komitədən sonra  10 il Partiya Tarixi İnstitutuna başçılıq edib).
 
1962-ci ilin iyun ayının 17-də  Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinın  bürosu  “Respublikanın ayrı-ayrı yazıçılarının səhvləri haqqında” qərar qəbul etmişdi.Həmin qərarda yazılırdı: “Bizim partiyanın siyasətinə və yüksək proletar beynəlmiləlçiliyi prinsipinə zidd olan milli məhdudluq və lovğalıq kimi yanlış mövqeyə yuvarlanmış şair Xəlil Rzanın və tənqidçilər Məsud Əlioğlunun, Qulu Xəlilovun davranışı pislənilsin. Mətbuatda səhv çıxışına görə Məsud Əlioğlu “Azərbaycan” jurnalının redaksiya heyətinin tərkibindən çıxarılsın”.
 Qərarda “bəzi gənc yazarların”  reallığı pis bilməsi və “kommunizm quruculuğunun tarixi nailiyyətlərini dərindən dərk etməməsi”qeyd olunurdu.
 
Xəlil Rzanın o dövrdə yazdığı“Ana dili” şeiri,“Məftilə sarınmış yaralar” poeması
Sovet rəhbərliyini ciddi narahat etmişdi.Şairin sonradan nəşr edilən  “Davam edir 37”, “Lefortovo zindanında” əsərləri də geniş oxucu kütləsinin marağına səbəb olmuşdur.
 
1988-ci ildə “Yazıçı” nəşriyyatında  Xəlil Rzanın “Məndən başlanır Vətənim” kitabı çap edilsə də, yayılmağı dayandırıldı. Kitabda verilən “Silahlan” şeiri hökumət orqanlarını narahat etmişdi. Lakin bir müddət sonra həmin kitabın yayılmasına icazə verildi.

 
 
Xəlil Rza həm də bir neçə davranışı ilə insanların yaddaşında yaşamaqdadır. Onun bir gündəliyi var idi.  X. Rza  mitinqlərdə, toplantılarda, hansı şəraitdə olmasından asılı olmayaraq bir yerdə əyləşər,  çantasının üzərinə dəftərini qoyub qeydlər edərdi.
 
X. Rzanın digər xüsusiyyəti isə onunla Azərbaycan dilində danışan şəxs rus sözü  işlədirdisə, o, həmin adama qarşı 5 qəpik, 10 qəpik, bəzən “3” manatlıq pul cəriməsi tətbiq edərdi. Hətta bir dəfə onun Azərbaycanın Baş Nazirini də “cərimələdiyi”ni söyləyirlər.
 
XƏLİL  RZA
 
SİLAHLAN
 
Tanınmış şair Xəlil Rzanın “Silahlan”  şeiri onun 1988-cu ildə “Məndən başlanır Vətənim” kitabında çap olunub. Bu şeirə görə kitabın bir il müddətində yayımına icazə verilməmişdir. Ciddi etirazlardan sonra 1989-cu ildə kitab satışa çıxarılıb.
 
Bu sərt, ağır günlərdə,
Mən Ali Baş Komandan
Olsam, olmasam belə,
Azərbaycan adından
Əmr edirəm: Silahlan!
 
Silahsız dayanmağa bir qırpım da haqqın yox,
Gözlərin qoşalülə... kirpiklərin güllə, ox!
 
Bilirəm düşmənlərin bərk
durub keşiyində.
Alınmışdır əlindən hətta,
Öz tüfəngi də.
 
Nə qəm, kinlə silahlan!
Topdan, tüfəngdən üstün.
Tankdan, raketdən güclü
Qeyrətinlə silahlan!
 
Arxalı köpəklərə nifrətinlə
silahlan!
Xiyabani nuru alışdır nəfəsinlə,
Cürətinlə silahlan!
Bilirəm Elbrusdan, Savalandan ağırdır,
Çiynində sənin yükün.
Telegüzgü, radio, mətbuat
Çoxdan ölgün.
 
Yox... sən ölməməlisən!
Hələ ki, gedib-gələn nəfəsinlə silahlan!
Qəfəsdəsənmi? Dur, sök, qəfəsinə silahlan!
Sən bizim şeirimizdən, nəsrimizdən
güclüsən,
Əsrimiz qəhrəmandır, əsrimizdən
güclüsən.
37-də batmış, 46-da vurulmuş
nəslimizdən güclüsən.
 
Dodaqlarından qopan neçin amandır,
ahdır?
Alçaqlara qəzəbli bir baxış da
silahdır.
Baxışınla, qanınla, vicdanınla
silahlan!
Dön Səməndər quşuna... Yan odunla silahlan!
 
Dəyənəklə, kürəklə, daş-kəsəklə
silahlan!
Nuş et ildırımları, bir şimşək (?) söz var ki “ol”
silahlan!
Onlar səni silahsız, pənahsız görmək
 istər.
Sən nəğməylə, marş ilə nümayişlə silahlan!
Bayraq elə özünsən,
Qalx, döyüşlə silahlan!
Silahlan insanlığa sonsuz
məhəbbətinlə,
Humanizm adlanan ən böyük
sərvətinlə!
 
Hələ heç bir fitnəyə, felə, məkrə
uymayan,
Bircə qarış  qanı da tapdamağa qıymayan,
Qəlbi ümmandan dərin, bənövşədən də kövrək.
Hətta düşmənlərinə
Duz-çörək verən xalqım!
Çəkinmə, bu döyüşdə aləm sənə
pənahdır,
Sənin gül təmizliyin, saflığın da silahdır.
 
Qanında saflıq adlı
daşqın ilə silahlan!
Dünyaya məhəbbətin, eşqin ilə
silahlan!
Vur-çatdasın içində elə bilmə ki,
təksən,
Yer də, göy də sənindir. Sən
qalib gələcəksən!
 
      Xəlil Rzannın yaradıcılığına sovet rejimində birmənalı yanaşılmayıb.SSRİ-ni Oyrənmə İnstitutunun jurnalı ilan “Dərgi”də tanınmış mühacir Süleyman Tənkinər şairin yaradıcılığına olan mənfi yanaşmalarla bağlı maraqlı təhlillər vermişdir.
         Məlum olduğu kimi 1962-ci ildə  Xasay Vəzirov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideologiya məsələləri üzrə katibi seçildikdən sonra  ziyalılara təzyiqlər bir qədər güclənmışdi.
       1962-ci ilin iyun ayının 17-də  Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinın  bürosu  “Respublikanın ayrı-ayrı yazıçılarının səhvləri haqqında” qərar qəbul etmişdi.Həmin qərarda yazılırdı:“Bizim partiyanın siyasətinə və yüksək proletar beynəlmiləlçiliyi prinsipinə zidd olan milli məhdudluq və lovğalıq kimi yanlış mövqeyə yuvarlanmış şair Xəlil Rzanın və tənqidçilər Məsud Əlioğlunun, Qulu Xəlilovun davranışı pislənilsin. Mətbuatda səhv çıxışına görə Məsud Əlioğlu “Azərbaycan” jurnalının redaksiya heyətinin tərkibindən çıxarılsın”.
   Qərarda “bəzi gənc yazarların”  reallığı pis bilməsi və “kommunizm quruculuğunun tarixi nailiyyətlərini dərindən dərk etməməsi”qeyd olunurdu.

Загрузка...
Загрузка...