İngilislərin Bakı finalına 1 həftə qaldı

Baxış sayı: 
50
1  
0  

 
AFFA azarkeşlərə hansı əşyaları stadiona keçirməyin qadağan olunduğu barədə xəbərdarlıq edildiyini açıqladı, rayon maşınları 3 gün şəhərə buraxılmayacaq
“Hazırda final oyunu ilə bağlı gündəlik iş rejimi üzrə hazırlıq gedir. Demək olar ki, hazırlıq işləri yekunlaşmaqdadır, yeni stadiondur, infrastruktur təzədir, xüsusi qabardılmalı bir iş yoxdur, artıq vaxt da qısalır, hər şey öz qaydasındadır”.
 
Bu sözləri “Yeni Müsavat”a AFFA-nın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının “Arsenal”- “Çelsi” qarşılaşması barədə danışarkən bildirdi.
 
AFFA sözçüsü qeyd etdi ki, azarkeşlərə stadiona hansı ləvazimatların gətirilməsi barədə qadağalar olduğu biletlərin arxasında yazılıb: “Yəni hansı əşyaları keçirib-keçirməməyə icazə haqda biletdə məlumat verilib. Bu, dünya təcrübəsində var”.
 
BOS-nun rəsmi saytında isə qadağan olunmuş əşyaların və davranışın müfəssəl siyahıları ilə bağlı məlumatlar yer alıb.
 
Açıq od mənbəyindən istifadə etmək, spirtli içkilər içmək, psixotrop maddələrdən, onların analoqlarından və toksik təsir göstərən maddələrdən istifadə etmək, siqaret çəkmək qadağandır. Həmçinin ölçüsü 100 ml-dən böyük olan mayelər, şüşə qablar və butulkalar da qadağandır.
 
***
 
Bu arada final oyununa tamaşa etmək üçün xarici dövlətlərdən paytaxta gələcək çoxsaylı qonaqların, azarkeşlərin və rəsmi şəxslərin nəqliyyat vasitələrinin sərbəst hərəkətinin təşkil olunması üçün Baş Dövlət Yol Polisi İdarəsi əlaqəli qurumlarla birlikdə zəruri tədbirlər həyata keçirir.
 
Bu barədə qurumun mətbuat xidmətindən bildirilib. Nəqliyyatın sıxlığının azaldılması, habelə avtomobillərin və piyadaların şəhər daxilində rahat, fasiləsiz hərəkətinin təşkili məqsədilə respublikanın digər şəhər və rayonlarından paytaxta gəlmək istəyən vətəndaşlarımıza mayın 27-dən 30-dək olan müddətdə ictimai nəqliyyat vasitələrindən, marşrut avtobuslardan istifadə etməyi tövsiyə edirik.
 
Sumqayıt sakinləri isə avtobuslarla yanaşı, Bakı-Sumqayıt marşrutu üzrə fəaliyyət göstərən sürətli elektrik qatarlarından istifadə edə bilərlər.
 
Şəhərin giriş hissələrində lazımi şəraitlə təchiz olunmuş və mühafizə olunan ödənişsiz duracaqlar fəaliyyət göstərir.
 
Paytaxta fərdi minik avtomobilləri ilə gəlmək məcburiyyətində qalan şəxslər avtomobillərini həmin duracaqlarda saxlayaraq xüsusi marşrutla işləyən avtobuslarla ən yaxın metro stansiyasına gedə bilərlər.
 
***
 
Bundan əlavə, final oyunu ilə əlaqədar azarkeşlərin bir çoxunun Gürcüstana səfər edərək oradan Bakıya gəlməsi ehtimalının böyük olduğunu nəzərə alaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) Tiflisdən Bakıya və əks istiqamətdə gedən müntəzəm marşrut xətləri üzrə avtobusların artırılmasına dair müvafiq daşıyıcılara tapşırıq verib.
 
Məlumata görə, həmin azarkeşlərə yüksək səviyyədə xidmət göstərilməsi məqsədilə 27-31 may tarixlərində mövcud Bakı-Tiflis-Bakı marşrut xəttinə əlavə avtobuslar buraxılacaq.
 
“27-31 may tarixlərində regionlarımızdan Bakıya gələcək və ölkənin turistik məkanlarına istirahət üçün üz tutacaq azarkeşlərin Quba, Qusar, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Zaqatala, Qax şəhərlərinə rahat gediş-gəlişi üçün ümumilikdə əlavə olaraq 100 avtobus xəttə buraxılacaq”.
 
***
 
Hüquq-mühafizə orqanlarından ONA-ya verilən məlumatda isə bildirilir ki, ölkəmizə çoxsaylı əcnəbi azarkeşlərlə bərabər turist axını da gözlənilir. Bütün bunları nəzərə alan və həmin günlərdə gücləndirilmiş iş rejimində xidmət aparacaq hüquq-mühafizə, o cümlədən daxili işlər orqanları tərəfindən final oyunu ərəfəsində ictimai asayişin və ictimai təhlükəsizliyin daha etibarlı qorunması, oyunu izləmək üçün gəlmiş çoxsaylı əcnəbilərin rahat, maneəsiz və sərbəst gəzintilərinin təmin edilməsi üçün mayın 25-dən 31-dək paytaxtın bəzi mərkəzi küçə və meydanlarında, xüsusən də Nizami (“Torqovı”) və İstiqlaliyyət küçələrində və Fəvvarələr meydanında vətəndaşların sıx hərəkətinə, eləcə də “Respublika Günü” ilə əlaqədar “İstiqlaliyyət” küçəsindəki abidəni ziyarətə gəlmələrinə məhdudiyyətlər qoyulacaq.
 
***
 
Rəsmi Bakı isə növbəti dəfə “Arsenal”ın futbolçusu Henrix Mxitaryanın Bakıya gəlməsi üçün təhlükəsizliyinə zəmanət verib.
 
Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə “Sky Sports”a müsahibəsində deyib: “Mxitaryan təhlükəsizliyinə təmanat almaq üçün şəxsən mənimlə əlaqə saxlaya bilər. Əgər Henrix mənimlə danışsaydı, buna şad olardım. Avropa Liqasının finalı A səviyyəli tədbirlər sırasındadır. Əgər bizim məqsədimiz bu matç ətrafında siyasi oyun oynamaqdırsa, bu, başqa məsələ.
 
 
Tahir Tağızadə
 
Amma Mxitaryana pulu siyasətçi deyil, futbolçu olduğuna görə ödəyirlər. Ona görə də gəlin, digər məsələləri kənara qoyaq".
 
Səfirin sözlərinə görə, Mxitaryanın problemi odur ki, rəsmi Bakının icazəsi olmadan Azərbaycanın işğal altındakı bölgələrinə qanunsuz səfər edib: “Buna görə də onun adı hökumətin qara siyahısına düşüb. Amma buna baxmayaraq, Mxitaryanın təhlükəsizliyinə zəmanət verilib”.
 
Daha sonra səfir belə bir sual verib: “Həqiqətdə axı Mxitaryan nə istəyir? Mənim ona mesajım belə olacaq: sən futbolçusan və futbol oynamaq istəyirsən? Onda Bakıya gəl, sən təhlükəsizlikdə olacaqsan. Amma əgər sən bu məsələ ətrafında oynamaq istəyirsənsə, bu ayrı mövzudur. Mən təminat verirəm ki, Azərbaycan hakimiyyəti bu matça gələn hər bir azarkeş və komanda üzvünün təhlükəsizliyini qoruyacaq”.
 
“Arsenal” futbolçusu Henrix Mxitaryanı  gətirib-gətirməyəcəyi ilə bağlı yekun qərarını verib. Klubun rəsmi saytı vasitəsilə yayılan açıqlamada erməni yarımmüdafiəçinin Bakıya gətirilməyəcəyi vurğulanıb:
 
““Arsenal” futbolçunun özü və ailəsi ilə müzakirədən sonra onu Bakıya gətirməməyə qərar verdi. Biz UEFA-ya məktub yazıb, bu vəziyyət haqqında narahatlığımızı ifadə etdik. Henrix klubumuz üçün əsas oyunçudur. Buna görə bu, böyük itkidir. Çox kədərli vəziyyətdir. Çünki finallar futbolçunun karyerasında nadir hallarda olur".
 
Final matçı yerli vaxtla 23:00-da başlayacaq.
 
Emil SALAMOĞLU
“Yeni Müsavat”

Загрузка...
Загрузка...