“İndi türkün iştirakı olmadan dünyada heç bir problem həll olunmur” - BƏDRƏDDİN QULİYEV

Baxış sayı: 
31
3  
0  

“Hər kəs indi daha yaxşı dərk edir ki, bizlər bir olduqca, bu dərin siyasətlər də iflasa uğrayacaq”
 
“Türkün dar günündə ya Ergenekon, ya da bir Atatürk peyda olur”
 
Bu yaxınlarda Quzey Makedoniyanın paytaxtı Üsküpdə “Balkan Türkləri Forumu” keçirilib. Quzey Makedoniya, Rumıniya, Bosniya-Hersoqovina, Xorvatiya, Bolqarıstan, Yunanıstan, Türkiyə, Azərbaycan, Serbiya, Albaniya, Sloveniya və Monteneqro daxil olmaqla çoxsaylı siyasi-ictimai qurumlar bu möhtəşəm forumda iştirak qatılıblar. Balkanlarda indiki durum, eləcə də adı çəkilən dövlətlərdə yaşayan türk toplumlarına məxsus ictimai – siyasi təşkilatlar və mədəni haqlar yönündə inkişaf perspektivləri, Avropa Şurası və Avropa Birliyində təmsilçilik kimi mövzular geniş şəkildə müzakirə olunub.
 
Azərbaycanı bu forumda Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev təmsil edib. Bu məqsədlə Bədrəddin bəylə görüşərək Balkan dövlətləri və burada yaşayan türklərə məxsus ictimai-siyasi təşkilatlarla Azərbaycan arasında hansı bağlantıları qurmaq və dövlətimizin milli maraqları çərçivəsində nə kimi addımların atılmasını öyrənməyə çalışdıq.
 
– Bədrəddin bəy, bu forumda qəbul edilən qərarlar və önə çıxarılan strateji hədəflərin  perspektivləri barədə nə düşünürsünüz?
 
– İlk öncə onu qeyd edim ki, forumda Avropanı təmsil edən 20-dən çox türk təşkilatları bir araya gəlmişdilər. Bu, “soyuq savaş”dan sonra Avropada yaşayan türklərin ilk belə bir böyük toplantısı idi. Türkiyəni Milliyyətçi Hərəkat Partiyası, İYİ Parti və Cümhuriyyət Xalq Partiyası təmsil edirdi. Azərbaycan və Türkiyənin bu forumda təmsil olunması həm də tədbirə möhtəşəmlik gətirdi. Türkiyənin “Kamu Sen”in başqanı  Öndər Kahveçi, “Türk Eyitim Sen”in başqanı Talıb Ceylan, “Türk Tarım-Orman Sen”in başqanı Əhməd Dəmirçi forumda iştirak edirdilər. Beləliklə Balkanlarda həm də həmkarlar ittifaqları təşkilatlarının önə çıxmasının imkanları müzakirə olundu.  Forumda sadəcə ictimai-siyasi və sosial baxımdan təmsil olunan təşkilatlar deyil, həm də çoxsaylı aydınların və elm xadimlərinin iştirakı, onların fundamental şəkildə araşdırmaları xüsusi əhəmiyyət daşıdı. Osmanlı dönəmi, sonrakı dövr və çağdaş standartlar çərçivəsində  Balkanlarda  stabillik, demokratik təsisatların inkişafı, Avropa Birliyi ilə inteqrasiyanın prioritetləri barəsində müzakirələr aparıldı. Unutmaq olmaz ki, uzun illər yalnış olaraq Balkanlarda yaşayan türklərin sosial-iqtisadi, ictimai və mədəni baxımdan inkişaf etmələrinə qarşı çox böyük əngəllər yaranıbdır. İndi hər bir dövlətdə türklər özləri ayrıca ictimai-siyasi və mədəni təsisatlarına sahibdirlər. Bu, dini faktorla deyil, etnik-milli kimlik dəyərləri çərçivəsində inkişafın düsturu ilə müşahidə olunur. Ona görə də türklərə məxsus təşkilatlar hüquq çərçivəsində istənilən fəaliyyətləri həyata keçirə bilirlər. Bu tədbirdə Yuxarı Makedoniyanın iç  işlər naziri və baş nazirin müavini Oliver Spasovskinin məruzəsi demək olar ki, hamı böyük coşqularla qarşıladı.
 
– Belə bir məlumat aldıq ki, “Balkan Türkləri Forumu”nda ilk çıxışı siz etdiniz.
 
– Elədir ki, var. Azərbaycan və Türk Dünyasının inteqrasiyası, bağımsız Türk Dövlətləri arasında birliyin olmasının tarixi zərurətləri barəsində məruzə etdik. Özəlliklə bundan sonra hansı addımların atılmasına diqqətləri yönəltməyə çalışdıq. Belə ki, Attila və Hun imperatorluğu çağından türklər Avropada bütün xalqların hüquqlarının qorunması faktını önə çəkərək bildirdik ki, türklər heç bir zaman Avropada hər hansı toplumun dilini, dinini, nə də etnik kimliyini aradan qaldırmaq siyasətini aparmayıblar. Ancaq, min dəfələrlə təəssüflər olsun ki, XVIII yüzillikdən başlayaraq, anqlosaks-rus işbirliyinin sonucu olaraq, Avropadan bütün türkləri dışlamaq siyasəti yürüdülüb. Balkanlar, Krım, Dəşti-Qıpçaq, yəni indiki Ukrayna, eləcə də Mərkəzi Avropada bütün toplumları biz türklərə qarşı səfərbər ediblər. Bu yöndə kilsə və dövlət siyasəti özəlliklə öndə gediblər. Çarlıq və Sovet Rusiyası anqlo-saks siyasətinin zopası rolunda çıxış edərək biz türklərə qarşı tarixin ən amansız və qəddar siyasətini yürüdüblər. Rus yazıçısı Fyodor Dostoyevski nə qədər antitürk ovqatlı baxışlara sahib olsa da, bunu deməkdən çəkinməyib: “Rusiya Qərbdə jandarm, Şərqdə cəlladdır”. Assimliasiya kimi dəhşətsaçan hədəflərindən heç bir zaman əl çəkməyiblər. Bu mümkün olmadıqda türk toplumlarına fərqli adlar qoyaraq onları bir-birindən ayırmağa çalışıblar. Moskva siyasətinin sonucu olaraq Balkanlarda Todor Jivkov, Broz Tito, Ənvər Xoca, Nikolay Çauşesko kimi diktatorların türklərə qarşı apardıqları assimliasiya siyasəti yaxın tarixin acı həqiqətlərindən biridir. “Soyuq Savaş” bitdikdən sonra, bu dəfə türk xalqlarının hər birinə  qarşı fərqli problemlər yaratmağa başlayıblar. Bu, Türkiyənin qarşısında “PKK”, “PYD”, “YPG”, “PJAK”, Azərbaycan üçün qondarma “Dağlıq Qarabağ” kimi problemlərin gündəmə gətirilməsi bir həqiqətdir. 1944-cü ildə öz tarixi vətənlərindən sürgün edilən Krım türklərinin ərazisinin işğal edilməsi və onların yenidən doğma yurdlarından deportasiya olunması XXI yüzilin ən dəhşətli faciələrindən biridir. 1990-1998-ci illərdə Balkanlarda yaşanılan savaşlar isə heç zaman unudulmayacaq. Keçmiş Yuqoslaviyanın 8 dövlətə bölünməsi diktatorluğa son qoyulması ilə nəticələndi. I Dünya Savaşı zamanı və ondan sonra Mustafa Kamal Atatürk olmasaydı, Türkiyə Cümhuriyyəti də olmayacaqdı. Biz qətiyyətlə inanırıq ki, türkün dar günündə Ergenekon, ya da bir Atatürk peyda olur. Ancaq, bu dəfə hər iki dəyəri özündə birləşdirə biləcək yeni bir lider ortaya çıxacaq.
 
– Bəs forumda digər çıxışçılar hansı məsələlərə üstünlük verdilər? 
 
– Demək olar ki, Avropa Birliyi, Avropa Şurası və NATO ilə əməkdaşlıq məsələlərinə daha çox üstünlük verildi. Xüsusilə demokratik proseslərin Balkanlarda inkişafının yeni perspektivləri geniş şəkildə müzakirə olundu. Bundan əlavə Türk Dünyası ilə inetqrasiya və qarşılıqlı əməkdaşlıq məsələləri gündəmə gətirildi. Biz çıxışımızda Türk Dövlətlərinin Bakıda keçirilən XIII Zirvə Toplantısında əldə olunan ümumi razılığın prioritetləri önə çəkdik. Türkiyə, Azərbaycan, Qazaxstan, Qırğızstan, Özbəkistan, Türkmənistan və Macarstanın bir arada olması artıq dünyanın coğrafi mənzərəsində türk dövlətlərinin varlığının təsdiqidir. Monqolustanın da bu birliyə daxil olmaq üçün irəli sürdüyü təşəbbüs çox sevindiricidir. Bizim təşəbbüsümüzlə Fin-Uqor xalqlarını təmsil edən dövlətlərin bir araya gələrək tarixi və əcdad kultunda yer alan dəyərləri forumda müzakirə edildi.
 
– Həmin bloka hansı dövlətlər daxildirlər?
 
– Fin-Uqor xalqları dünyanın etnik mənzərəsinin bir parçasıdırlar. Çox təəssüflər olsun ki, bu xalqlara məxsus dövlətlər sadəcə xristian dövlətləri kimi xarakterizə olunurlar. Bu blokda Norveç, İsveç, Estoniya, Finlandiya və Macarstan təmsil olunurlar. Macarstan bu məsələdə artıq öz milli iradəsini ortaya qoyub.
 
– Bütün bu təşəbbüslərə qarşı hər hansı bir təhlükə varmı?
 
– Əlbəttə var. Biz XX yüzilin başlanğıcında baş verənləri unutmamışıq. “Sevr”, “Brest-Litovsk”, “Lozan” və digər utancgətirici müqavilələri, eləcə də onların şərtlərini unutmaq mümkündürmü? Xüsusilə ABŞ prezidenti Vurdi Vilson tərəfindən hazırlanmış antitürk xəritələr, Orta Doğu Projesi və digər siyasi fəndgirliklər tamamilə dünyada biz türklərin inkarına hesablanmış hədəflərdən ibarət idi. Bu gün qarşımıza çıxan kürd və erməni etnik separatizminin təməli elə o dönəmdən qoyulubdur.
 
– Biz indi XXI yüzili yaşayırıq. Bu gün məşhur nə etməli sualının cavabı varmı?
 
– Sözsüz ki, ötən yüz il ərzində türk dövlətləri və xalqlarının yaşadıqları acılardan örnək götürülür. Bizim forumda elə həmin məsələlər müzakirə olundu. Hər kəs indi daha yaxşı dərk edir ki, bizlər bir olduqca, bu dərin siyasətlər də iflasa uğrayacaq. Forumda biz belə bir düsturu önə çəkdik. Dünyanın etnik-dini mənzərəsində Gök Tanrı inancı ilə, yəni şamanizmlə yanaşı türklər xristianlıq, yəhudilik, islam və buddizm dinlərinin daşıyıcısı olsalar da öz varlıqlarını qoruya bilən yeganə etnosdurlar. Fərqli dinlərin daşıycısı olsaq da, heç bir zaman bir-birimizə qarşı savaş açmamışıq. Digər xalqlarda belə bir yüksək dəyər yoxdur. Ona görə də bu gün bütün türk toplumları və dövlətləri inteqrasiya yolu ilə bir araya gələ bilirlər. Yaşadığımız coğrafiyadakı sivilizasiyalarda dini deyil, milli kimliyi önə çəkməklə dünya xalqları ilə əməkdaşlıq sayəsində gücümüzü milli iradəyə çevirməyin sayəsində mövcud problemlərin birlikdə həllinə nail olacağıq. İndi elə dövr gəlib ki, türkün iştirakı olmadan dünyada heç bir problem həll olunmur.
 
– Azərbaycanın üz-üzə qaldığı problemləri forumda gündəmə gətirdinizmi?
 
– Biz orada həm Quzey, həm də Güney Azərbaycanın köklü problemlərini qabartdıq. Qarabağ məsələsi, eləcə də Güney Azərbaycanın milli problemləri barəsində ətraflı çıxış etdik. Forumda iştirak edən  Avropadakı 20 türk təşkilatının rəhbərlərinin Bakıda Türk Dünyası adına ayrıca toplantı keçirmək təklifimizi alqışlarla qarşıladılar. Bununla yanaşı, Balkan dövlətlərinin parlamentlərində təmsil olunan türk siyasi təşkilatlarının millət vəkilləri və nazirlər Azərbaycanla iqtisadi əlaqələr məsələsində maraqlı olduqlarını açıq şəkildə bildirdilər. Bir də unutmaq olmaz ki, Balkanlardakı dövlətlər yaxın zamanda NATO-nun üzvü olmağa hazırlaşırlar. Azərbaycanın həmin dövlətlərlə yaxından təmas qurması böyük perspektivlərə yol aça bilər. 2020-ci ildə TransQafqaz projesinin tərkib hissəsi olan TAP və TANAP layihələri tam gücü ilə fəaliyyətə başlayacaq. Bu, neft-qaz sektorunun inkişafı baxımdan ciddi gəlir mənbəyidir. Azərbaycanın hər iki layihədə çox böyük payı vardır. TransQafqaz və TransXəzər layihələri sayəsində Balkan yarımadası dövlətləri Azərbaycan üçün geniş perspektivlər vəd edir. Balkanlarda ən güclü sosial- ictimai dayağı olan Türk Hərəkat Partiyasının lideri Enis İbrahimin yaxşı bir ideyası var: “Türkü gücə çevirən və aydınlığa aparan yol bizlərin birliyimizdən keçir”. Biz gerçəkdən bu yola çıxmışıq. Balkanlarda uzun illər ərzində apardığımız genişmiqyaslı işlərimizin bu gün nə kimi faydalı olduğuna indi hər kəs şahiddir. Sədri olduğumuz Cümhuriyyət Xalq Partiyasının təşəbbüsü ilə apardığımız təbliğatlar sayəsində Balkanlarda indi hər kəs Dağlıq Qarabağ məsələsinə görə erməniləri və Ermənistanı lənətləyir.   
 
Söhbətləşdi: Ə. Yusifoğlu, Hurriyyet.org

Загрузка...
Загрузка...