İmişli rayon ərazisindəki DSX əməkdaşları qanunsuzluqlara nəyin müqabilində göz yumurlar - Araşdırma / FOTO

Baxış sayı: 
240
0  
0  

Vətən sərhəddən başlayır. Sərhəd dövlətin namusudur. Məhz bu amil sərhəddi göz bəbəyi kimi qorumağı şərt edir. Lakin İmişli rayon ərazisində bu amil öz aktuallığını itirir.
 
 
Oxucuların nəzərinə çatdıraq ki, Dövlət Sərhəd Xidmətinin İmişlidəki N saylı hərbi hissəsində baş verənlər sözün əsl mənasında şok effekt yaradacaq hərəkətlərdir. Belə ki, psixoloji problemlərinə rəğmən, həkim təyinatı ilə hərbi xidmətdə olmayan Qəmbərov Vəli Qərib oğlu həmin hərbi hissələrin sərhəd keçid məntəqəsindən gün ərzində dəfələrlə neyteral zonaya keçir. Oxucuların diqqətinə çatdıraq ki, Vəli Qəmbərov normalda sərhəddin neyteral zonasına məhz xəstəliyindən dolayı buraxılmamalıdır. Lakin DSX-nın İmişli rayonu ərazisində yuxarıda qeyd etdiyimiz kimi bu şərtlər tam pozulur. Görəsən psixoloji durumunda problemləri olan şəxsin toxunulmaz əraziyə buraxılması sərhəd zastavasının rəhbərliyi üçün nəyə görə bu qədər vacibdir? Nədən bu ərazidə qanunlar bilərəkdən, həm də bir nəfər psixoloji durumu problemli olan şəxs tərəfindən pozulur? Və ya pozdurulur?
 
Bundan başqa Nahid Məmmədov adlı fermer ölkənin neytral ərazisindən istədiyi formada istifadə hüququna malikdir. Hərbi zastavanın rəhbərliyində təmsil olunan Tağı müəllimə məsələ ilə bağlı müraciət etdik. Tağı müəllim məsələdən zastava rəhbərliyinin xəbəri olduğunu, sərhəddən keçidin isə qanuni baş verdiyini söylədi. Qəribədir Tağı müəllimin etiraf etdiyini Nahid Məmmədov inkar etdi. Əməkdaşımızla söhbət edən Nahid Məmmədov “mən yalnız fermer təsərrüfatı ilə məşğulam və biyan kökünün isə mən çıxrtdırmıram. Digər tərəfdən isə həmin şəxsin kimliyi ilə bağlı da sizə məlumat verə bilmərəm” – deyə bildirdi. Bəs görəsən nədən Tağı müəllim “hər şeyin qanunauyğun” olduğunu və məsələdən “rəhbərliyin xəbəri olmasını” iddia edir? Tağı müəllimdən həmin rəhbərin kimliyi ilə bağlı sual versək də, o bu məsələ haqqında danışmaq istəmədi. Onu da xatırladaq ki, həmin zastava ərazisində Nahid Məmmədova məxsus avtomobil mütəmadi olaraq dayanır. Həmin hərbi hissənin ərzaq anbarından müxtəlif ərzaq məhsullarının çıxarıldığını ehtimal edən mənbə bildirdi ki, satışı qanunla qadağan olunmuş ərzaqlar zastavadan çıxarılaraq müxtəlif ticarət obyektlərinə və bu məsələ ilə bağlı müəyyən edilmiş şəxsi evlərə satış məqsədilə paylanılır. Xatırladaq ki, yığımı qanunla qadağan olunan biyan bitkisinin kökünü kütləvi şəkildə toplatdıraraq, eyni formada da sərhəddən keçirməyi bacaran şəxslərlə bağlı redaksiyaya video və foto görüntülər təqdim olunub. Oxucuların nəzərinə çatdıraq ki, həmin bitkinin kökü müxtəlif təyinatlı dərman pereparatlarının hazırlanmasında vacib komponentlərdən hesab olunur. Redaksiyaya daxil olan məlumatda o da qeyd edilir ki, tonlarla sərhəddən keçirilən biyan köklərinin yükləndiyi lafelərin içərisində, köklərin altında olması ehtimal edilənlər də şübhə doğurur. Dövlətin mühafizə etdiyi, bunun üçün büdcədən milyonlarla manat vəsait ayırdığı sərhəd xətti boyunca dövlətin ehtiyat fondu olan ərazidən sıradan bir fermerin otlaq sahəsi kimi istifadə etməsi müxtəlif nüanslar yaradır. Görəsən Dövlət Sərhəd Xidmətinin rəhbərliyi bundan xəbərdardırmı? Əməkdaşımızın Nahid Məmmədova “əgər siz dövlət sərhəd xidmətinə məxsus ərazidə hər hansı qanunsuz əməllə, konkret biyan kökünün çıxarılması ilə bağlı əlaqəniz yoxdursa, o halda sizə məxsus əraziyə baxış keçirə bilərikmi? – sualımıza fermer “sizi həmin əraziyə buraxmazlar” – deyə bildirdi. Əgər jurnalist əraziyə baxış keçirə bilmirsə, bəs o halda psixoloji durumu səbəbiylə hərbi xidmət keçməmiş şəxs necə olur ki, gün ərzində dəfələrlə əraziyə girə bilir. Və ya nədən hərbi hissəyə məxsus ərazidə qanunsuz açılmış keçid qapısına mülki şəxs nəzarət edir? Onu da xatırladaq ki, bu məsələ ilə bağlı da redaksiyaya video görüntülər daxil olub. Düzdür Nahid Məmmədovdan fərqli olaraq Tağı müəllim ərazidə baş verənləri qismən etiraf etdi. Və onu da etiraf etdi ki, ərazidən biyan kökü çıxarılır. Bu prosesə icazə isə daha yuxarı dairələrdə verilib. Daha sonra hərbi hissədə əməliyyatçı vəzifəsini daşıyan Tağı müəllim baş verən hadisələrlə bağlı mülki vətəndaşın da hüquq – mühafizə orqanlarına şikayət xarakterli müraciət etdiyini bildirdi. Və əlavə etdi ki, müraciətlə bağlı aidiyyatı qurumlar tərəfindən araşdırma aparılır.
 
Məsələyə aydınlıq gətirmək məqsədilə DSX-nın mətbuat xidmətinə dəfələrlə etdiyimiz telefon zənglərinə isə cavab verilmədi. Onu da qeyd edək DSX MX-da əlaqə saxlamağa cəhd etdiyimiz şəxs R.Cahangirov idi.
 
Mövzuya qayıdacağıq. Araşdırmamız davam edir.
 
Anons:
1. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun dayısı, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının təminat bölüyünün komandiri, mayor Vəli Əmirovun ehtiyata buraxılması ilə bağlı dəfələrlə etdiyi müraciətə niyə baxılmır?
2. Şəxsi heyət üzrə müavin, polkovnik–leytenant Hamlet Qurbanov iflic olduğu halda, “Naxçıvan” ƏSD komandiri Asəf Quliyev tərəfindən tərxis olunmasına nə üçün maneçilik törədilir?
3. Dövlət Gömrük keçid məntəqələrindən Naxçıvana daxil olan və çıxan avtomobillərdən qanunsuz pul yığımı kimin tapşırığıdır?
 
Redaksiya yazıda adı çəkilən qurum və ya şəxslərində münasibətlərini dərc edə bilər. 



 

Загрузка...
Загрузка...