​“İmarət tayfa”: "Biz xuliqan deyilik, müharibə, qisas istəyirik" - MÜSAHİBƏ

Bu il “Qarabağ” komandası Çempionlar Liqasının qrup mərhələsində tarixində ilk dəfə Azərbaycanı təmsil etdi. Liqadakı rəqiblərilə müqayisədə klub büdcəsinin dəfələrlə aşağı olması onun mübarizə əzminə zərrə qədər təsir göstərmədi. Böyük bir ordu qədər iş görən 12 nəfərlik heyətlə birgə, onu sevən və dəstəkləyən minlərlə insan nəfəs aldı, qaçdı, həyəcanlandı, tərlədi, sevindi. Ancaq bu toplumun içində hər zaman başqa bir avazla “Qarabağ” oxuyan var idi. Onların avazının yanğısı isə futboldan deyil, uzaq düşdüyümüz ellərdən gəlirdi...
Publika.az “Qarabağ” futbol klubunun ən böyük azarkeş qrupu olan “İmarət tayfa”nın yaradıcıları Elvin İbrahimov və İsko Babazadə ilə müsahibəni təqdim edir.
- “İmarət tayfa” nədir, kimdir, haradır?
Elvin:
- “İmarət” "Qarabağ" futbol klubunun 1950-ci ildə inşasına başlanılıb, 1951-ci ildə isifadəyə verilən stadionu olub. Həmin stadion tikiləndən sonra “Qarabağ” futbol klubu yaranıb. O vaxt Ağdam şəhərini təmsil edən klubun adı “Məhsul” olub. “İmarət” tikildikdən sonra isə komanda professional klub kimi fəaliyyətə başlayıb. Hər zaman da öz doğma stadionunda oynayıb. “İmarət” təkcə Ağdamın deyil, bütün Qarabağın futbol məbədi olub. Bütün qarabağlılarda həmin stadionda futbola baxmaq bir ehtirasa çevrilib.
Komanda 1987-ci ilə qədər müxtəlif adlar altında oynayıb. 1987-ci ildən sonra isə yenidən “Qarabağ” adını alıb. Adil Nadirov prezident olandan sonra emblemini və formasını dəyişib. Klub 1993-cü ilə qədər ev oyunlarını “İmarət”də oynayıb. 1993-cü il 23 iyul tarixində Ağdam şəhərinin işğalından sonra isə Bakıda fəaliyyət göstərməyə məcbur olub.
 
 
“İmarət tayfa” azad azarkeş qrupu isə 2009-cu ildə yarandı. “Qarabağ”ın tribunasında onsuz da, azarkeşlər vardı. Ancaq “Qarabağ”a yaraşan ideologiya ilə azarkeş topluluğunun yaranmasına ehtiyac var idi. Və beləliklə, “İmarət tayfa” yarandı. Qrup təbliğatsız şəkildə öz ideologiyasına uyğun olan insanları cəlb etdi. Qrupun üzvlərini bu topluluğa çəkən iki şey var idi: “İmarət”in ideologiyası və azad azarkeş qrupu olması. “İmarət”in adı klubun ilk stadionu olan “İmarət”dən götürüldü. Bu adın götürülməsində məqsəd isə onun adını, həm də Qarabağın yaşadığı həqiqətləri yaşatmaq idi. “İmarət” azarkeşlərə, məşqçilərə, kluba “Qarabağ”ın təkcə bir futbol klubu olmadığını, üzərlərinə düşən məsuliyyətin ağırlığını xatırladır.
“Qarabağ”ın əfsanəsi, kapitanı və baş məşqçisi olmuş milli qəhrəman Allahverdi Bağırov qrupun üzvlərinin idealına çevrilib. “İmarət” yaranandan bu günə qədər eyni təbliğatda və eyni ideologiyada davam edir.
 
 
2013-cü ildə İsveçdə qrupun “İmarət Avropa” adı altında qolu yarandı. Ukraynada və Türkiyədə daha bir qolu quruldu. Sonra gördük ki, “İmarət" böyüyüb və ictimai bir quruma çevrilir. Ancaq bu ictimailəşmək özü ilə birgə bəzi problemləri gətirir. Qrup ictimailəşməyin arxasınca düşürdü və tribuna yaddan çıxırdı. Ümumilikdə “Qarabağ” tribunasına təkan vermək üçün qərara gəldik ki, “İmarət”in Bakı qolunu yaradaq. Beləliklə, 2014-cü ildə “İmarət” azad azarkeş qrupunun Bakı tribunası yarandı. Düzdür, bu qrup “İmarət”in tərkibində “Tribuna uşaqları” adı altında formalaşmışdı. Ancaq biz bunu rəsmiləşdirdik və qrupun 3-cü qolu olan “İmarət tayfa”nı yaratdıq. Tayfanın yaranmasından sonra “Qarabağ” tribunasında böyük irəliləyişlər baş verdi və fəaliyyət göstərdiyi 3 il ərzində komandanın tribunası çox yaxşı yerlərə gəlib çıxdı. Azərbaycanda “Qarabağ” futbol klubu bütün klublardan qabaqda olduğu kimi, tribunası da eyni səviyyədə irəli getdi. Artıq Avropa qrupları ilə baş-başa gedə bilən bir qrupa sahibik.
 
 
- “İmarət tayfa”sının ideologiyası nədən ibarətdir?
- “Qarabağ” klubuna və komandanın azarkeşlərinə, hətta “Qarabağ” tribunasından kənarda olan və “Qarabağ”ı dəstəkləyən insanlara “Qarabağ”ın sadəcə bir futbol klubu olmadığını aşılamaq. “Qarabağ” 24 ildir ki, səfərdə oynayır. Bu fikri insanlara çatdırmaq üçün fərqli ideologiya ilə azarkeşlik etməyə başladıq. “İmarət”in hər bir üzvü təkcə “Qarabağ” futbol klubunun deyil, Qarabağ adının azarkeşidirlər. Tayfa “Qarabağ” həqiqətlərini bağıra bilmək üçün başqa yol tapa bilmədi və üzünü tribunaya tutdu. “İmarət”in hər bir üzvü sabah könüllü şəkildə bir batalyon qurub “Qarabağ” uğrunda döyüşmək potensialındadır. Elə devizimiz də “Bu gün tayfa, sabah batalyon”dur.
Biz tribunada “Qarabağ üçün döyüşürük. Bu döyüş sabah müharibəyə də çevrilsə, eyni qaydada döyüşməyə davam edəcəyik. Hazırda isə əlimizdən gələn tək şey “Qarabağ”ı tribunadan dəstəkləməkdir. Çünki Qarabağımızı dünyaya tanıdan və ondan bizə əmanət qalan tək şey “Qarabağ” futbol klubudur. Və biz özümüzə borc bilirik “Qarabağ”ı dəstəkləməyi. Bu ideologiyanın arxasınca düşməklə biz həm də bütün Azərbaycan tribunasına tribuna mədəniyyətini aşılayırıq.
“İmarət” yarandığı gündən bu vaxta qədər nə kənar təsirlərin, nə də sonradan daxil olan üzvlərin təzyiqi ilə öz vahid ideologiyasından yayınmayıb. Kənardan bir üzv gəlir və qrupun istiqamətinə uyğunlaşa bilmir. 3-5 gündən sonra öz istəyi ilə çıxıb gedir. Çünki tayfanın ideologiyası artıq sabitləşib.
 
 
- Tribuna mədəniyyəti deyəndə nəyi nəzərdə tutursunuz?
Elvin:
- Tribuna mədəniyyəti stadiona gəlib səssizcə, heç kimə mane olmadan futbol izləmək deyil.
Tribunada tayfanın ideologiyası nisbətən kənara qoyulur. Çünki tribuna mədəniyyəti tam başqa bir anlayışdır. Tayfanın tribuna anlayışı Türkiyənin “Qalatasaray” klubunun azarkeş qrupu olan “Ultraslan”dan qaynaqlanıb. Biz onlarla birlikdə matçlarda iştirak etmişik və tribunanın quruluşu, mədəniyyəti, idarə edilməsi ilə bağlı təcrübələr toplamışıq. Azərbaycanda futbol aşağı səviyyədə olduğu üçün kənar mədəniyyətlərdən yararlanmağa çalışmışıq. Elə insanlar var ki, tribunada stullara düzülən bayraqların üzərində otururlar, futbola baxarkən tum çırtlayırlar. Bəzi azarkeşlərin tribuna anlayışı isə qəzet və tum alıb stadionda evdəki kimi futbol izləməkdir. Biz isə bütün bunlara qarşı çıxaraq azarkeşliyin belə olmadığını təbliğ etməyə çalışırıq. Çünki əksər azarkeşlərin etdiyi “azarkeşliyi” evdən də etmək olar. Onların stadiona gəlib yer tutmağının heç bir anlamı yoxdur.
Kimsə stadiondan dəstək verirsə, bir iş görməlidir. Qol vurulandan sonra “qooool” qışqırmaqla kluba dəstək vermək olmur. Tribunadan komandanı məcbur etməlisən ki, qol olsun. Dəstək vermək isə təkcə qışqırmaqla deyil, pankart açmaq, bəstə oxumaq, xareoqrafiya düzəltmək, hətta adi alışqan, telefon işığı ilə belə dəstək vermək olar.
Əlbəttə ki, bu mədəniyyəti aşılayan tək biz deyilik. “Neftçi”nin də, “Xəzər Lənkəran”ın da, “Qəbələ”nin də, “Kəpəz”in də öz azarkeş qrupu tribuna mədəniyyətini aşılayıb və aşılamaqda davam edir. Biz də onlardan biriyik və fikrimcə, ən yaxşılarındanıq. “İmarət tayfa”nın təkcə tayfa daxilində 200-ə yaxın üzvü var. Ancaq ümumi “İmarət” adı altında birləşən azarkeşlərin sayı 600-dən çoxdur.
 
 
İsko:
-“Çelsi” ilə Bakıda keçirilən oyunda Rəşad Sadıqov qırmızı vərəqə aldı və bütün futbolçular baş məşqçinin başına yığışaraq nə isə müzakirə etməyə başladı. Həmin anda Mahir Mədətov tribunaya yaxınlaşdı və əllərini göyə qaldıraraq azarkeşlərdən dəstək istədi. Onsuz da, həmin anda ”Qarabağ” hakim tərəfindən döyülürdü. Mahirin isə tribunadan istədiyi şey o idi ki, komandanın meydançada tək olmadığını göstərək. Və onun həmin hərəkəti göstərdi ki, Azərbaycanda azarkeş tribunası var və o, çox şeyə qadirdir. Bizim üçün Çempionlar Liqasında oynamaq belə fantastik bir şey deyil. Forma tərləsin, bəsdir bizə. Nəinki “Çelsi”, “Səbail” klubuna belə uduzsa, komandanın meydançada can qoyması yetərlidir.
-Tribunalarda çətinliklər yaşayırsınız?
İsko:
- Bizim üçün ən böyük problemlərdən biri tribunadakı bəzi polislərin azarkeş tayfasını qəbullanmamasıdır. Bu gün azarkeşlərin polislə arasında ciddi anlaşmazlıqlar yaşanır. Polis bir azarkeşi kənarlaşdırırsa, onun yerinə gələn daha aqressiv və sərt formada gəlir. Ancaq biz bunu istəmirik. Çünki bizim polislərlə heç bir problemimiz yoxdur. Hazırda bəzi polislər bütün azarkeş qruplarına xuliqan, terrorçu, “hər şeyini itirmiş”, evində gözləyən bir kəsi olmayan, avara kimi baxır. Bu da bizə çox ağır gəlir. İtaliyanın “İnter” klubu azarkeş tribunasının yarandığı ilk özəklərdən biridir. Həmin azarkeş qrupunun rəhbərinin çox doğru bir sözü var: “Tribuna həbs edilmiş ruhların azadlıq tapdığı yerdir”. Çünki tribunada istənilən tərəfə çevriləndə özünlə eyni amalda, məqsəddə, istiqamətdə olan insanları görə bilirsən.
Bizim üçün tribuna 90 dəqiqədən ibarət deyil. Bir ömürdən ibarətdir. Ancaq bu o demək deyil ki, biz bütün işimizi atıb azarkeşliklə məşğul oluruq. Bu belə deyil. “İmarət” tribunasında 600 balla universitetə qəbul olan da var, xarici universitetlərdə təhsil alanlar da. Hətta yaxşı vəzifələrdə işləyən üzvlərimiz də mövcuddur. Avropa qolumuzdakı üzvlərin 70%-i xaricdə dövlət hesabına təhsil alan çox savadlı və dünyagörüşlü gənclərdir.
 
 
- Tayfanın digər ölkələrdəki qolları ilə münasibətlər necədir?
Elvin:
- “İmarət tayfa” xaricdəki səfər oyunlarına 2014-cü ildən etibarən getməyə başladı. İlk səfərimiz Kiyevə oldu. Komanda “Dnepr” ilə qarşılaşdı və oyun 1:0 hesabı ilə bizim xeyrimizə başa çatdı. Sonra Yunanıstanda “PAOK” komandası ilə keçirilən oyuna getdik. Gürcüstanda, Kopenhagendə, İspaniyada, İngiltərədə keçirilən matçlarda komandamıza tribunadan dəstək verdik. Səfər oyunlarına gedən “İmarət tayfa” həmin ölkədəki “İmarət” üzvləri ilə birləşir və eyni ad altında iştirak edirik. Hətta Ukraynada keçirilən matçda “Qarabağ” öz evindəymiş kimi oynayırdı. Çünki bütün səfər tribunasını “İmarət” tayfası zəbt etmişdi. Həmin oyuna gedən dövrdə Ukraynada güclü döyüşlər gedirdi və qatar ölkəyə daxil ola bilmirdi. Birinci dəfə Donetsk şəhərindən girməyə çalışdı, ancaq orada ağır döyüşlər olduğu üçün relsi dəyişməyə məcbur olduq. Bütün bu təhlükələrə baxmayaraq, 3 günə gedib çatdıq və digər qollarla birləşərək Kiyevin mərkəzində oradakı tələbələrlə, bizim diasporamız ilə böyük bir yürüş etdik. Kiyevdə hakimiyyət dəyişikliyi ediləndən sonra şəhərin “Maydan” meydanına ilk dəfə idi ki, o qədər insan toplaşmışdı. Bizim dəstəyimiz nəticəyə böyük təsir göstərdi və komanda qələbə ilə geri qayıtdı.
-İdeologiyanızın hansı sahələrlə bağlılığı var?
Elvin:
- Bizim ideologiyamız dövlətin və xalqın ideologiyasıdır. Biz hakimiyyətin və millətin ideologiyasını təbliğ edirik. Azərbaycan Respublikasının ideologiyası budur ki, Azərbaycanın ərazi bütövlüyü qorunmalıdır. Ölkə torpaqlarının 20%-i işğal altındadır və bu işğal Ermənistan tərəfindən həyata keçirilib. Biz də həmin ideologiyanın tribunadakı daşıyıcılarıyıq.
Bu ilin iyul ayında Füzulinin Aşağı Veysəlli kəndinə həmin işğalçı qüvvələr odlu silahlarla hücum etdi. Hücum nəticəsində 2 yaşlı Zəhra adlı qız şəhid oldu. Biz də Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçirilən “Samtredia” ilə “Qarabağ”ın matçında həmin hadisə ilə bağlı pankart açmaq istədik. Ancaq icazə verilmədi. Halbuki nə ölkənin, nə də bizim ideologiyamıza uyğun olmayan heç bir şey yazmamışdıq. Sadəcə “Tökdüyünüz hər bir qanın hesabını verəcəksiniz” cümləsini qeyd etmişdik və Zəhranın nəşini təsvir etmişdik ki, bütün dünyada o tip pankartların açılması çox normal haldır. Bildirmək istədiyimiz şey isə bu idi ki, uşaqlar müharibələrin qurbanı olmasın. Məsələni qanuni yolla həll etməyə çalışsaq da, alınmadı. Daha sonra aidiyyatı qurumlara da müraciət etdik və mətbuatda işıqlandırmağa çalışdıq. Ancaq yenə məqsədimizə nail ola bilmədik və oyunu boykot etdik. Pankart içəri girmədi və buna görə biz də stadionu tərk etdik. Bizim stadionu tərk etməyimiz bütün medianın və qurumların diqqətini bir anda həmin pankarta yönəltdi. Qanuni yollarla keçirə bilmədiyimiz pankart bizim boykotumuzla diqqət çəkdi. Yəni istənilən halda biz məqsədimizə çatdıq. Qeyd edim ki, “Qarabağ” həmin oyunda 5:0 hesabı ilə qalib gəldi.
 
 
Biz təkcə “Qarabağ”a qarşı deyil, bütün Azərbaycan klublarına qarşı edilən haqsızlıqlara göz yummamışıq. Məsələn “APOEL” klubu “Neftçi” ilə qarşılaşanda rəqib komandanın azarkeşləri qondarma Dağlıq Qarabağa aid pankart açmışdılar. Həmin matçda 90 dəqiqə boğazımız yırtılana qədər “Neftçi”ni dəstəkləmişik. Rəqabəti bir kənara qoymuşuq və ideologiyamızı hər şeydən öndə tutaraq, rəqib azarkeş qrupu ilə çiyin-çiyinə tribunada iştirak etmişik.
“Neftçi” Gürcüstanın “Zestafoni” klubu ilə qarşılaşanda da təmsilçimizə dəstək olmaq üçün tribunaya getmişdik. Çünki rəqib azarkeşlər Azərbaycanın Qazax, Zaqatala, Tovuz bölgələrini Gürcüstanın ərazisi kimi göstərən pankart açmışdılar. Halbuki bu məsələnin də Qarabağa heç bir aidiyyatı yox idi.
- Stadionda rəngli məşəllər yandırmaq qadağandır. Buna baxmayaraq, demək olar ki, hər oyunda yandırırsınız. Xüsusi bir səbəbi var?
Elvin:
- Xüsusi səbəbi sadəcə zövqdür. Komandaya müxtəlif vasitələrlə dəstək oluruq. Onlardan biri də məşəl yandırmaqdır.
İsko:
-“Çelsi” ilə ev oyununda hesab 4:0 olanda “İmarət” qrupu məşəllər yandırdı. Çünki biz komandaya orada olduğumuzu və dəstəkdən vaz keçmədiyimizi göstərmək istəyirdik.
 
 
Bizim məqsədimiz nə diqqət mərkəzində qalmaqdır, nə də əfsanə olmaq. Biz sadəcə Qarabağ uğrunda döyüşməyə hazır uşaqlar olduğumuzu göstərmək istəyirik.
- Müharibə istəyirsiniz?
Elvin:
- Məqsədimiz odur. Müharibə bizim üçün təkcə torpaq almaq deyil, həm də qisasdır. Ancaq müahribə olmasının tərəfdarı deyilik. Mən əsgərlikdə olan zaman “Aprel döyüşləri” baş verdi və o hadisələrin içində idim. Bu gün birlikdə yemək yediyim yoldaşım iki saat sonra şəhid olurdu. Biri gözündən vurulurdu, biri ayağını itirirdi. Dəhşətli şeylər görürdüm. Buna görə də müharibəni pisləyirəm. Bizim istəmədiyimiz siyasi müharibələrdir. Ancaq tərəfdarı olduğumuz bir müharibə var. O da bizim müqəddəs hesab etdiyimiz yarımçıq qalmış hesabdır.
İsko:
- Çünki heç bir sülh danışığı Zəhranı, mənim atamın sağlamlığını və tökülən qanları, zorlanan qızları, hamilə qadınların qarnından deşilərək çıxarılan uşaqları geri qaytarmayacaq.
Elvin:
- Aprel döyüşləri vaxtı general-polkovnik Zakir Həsənov çox gözəl bir ifadə işlətmişdi. Xarici bir jurnalist müharibəyə aid sual verdi. Zakir Həsənov isə dedi ki, müharibə filan yoxdur. Biz öz torpaqlarımızda təlim keçiririk. Orada biri ölürsə, gedin soruşun görün, onun orada nə işi var?
- Ən yaddaqalan oyununuz hansı olub?
Elvin:
- Qurban Qurbanov “Nefçi”dən sonra “Qarabağ”ın baş məşqçisi postuna təyin olundu. Doğrusu, bizim onun yaxşı işlər görəcəyinə heç ümidimiz yox idi. Çünki “Neftçi”dən qovulmuşdu və uğursuz idi ki, qovulmuşdu. O gələndən sonra kubok oyunlarda komanda irəliləməyə başladı. Açığı, komandanın nailiyyət qazanacağına heç ümidimiz yox idi. Çünki “İnter” həmin dövlərdə çox güclü oynayırdı. Həmin qarşılaşmada Vaqif Cavadov penalti qazandı. “İnter” “Qarabağ”a təzyiq göstərsə də, nəyəsə nail ola bilmədi və “Qarabağ” həmin il kuboku qazandı. Bax həmin komanda hal-hazırda “Çelsi”nin qarşısında olan komandadır. İlk dəfə o matçda dəstəklədiyim komandanın kubok qazanmasına canlı şahid olmuşdum. Çox möhtəşəm hisslər keçirirdim.
 
 
Daha sonra “Qarabağ” Avroliqada “Rosenburq” komandası ilə qarşılaşmışdı. Bütün mətbuat yazırdı ki, bir möcüzə olsun və komandamız, heç olmasa, heç-heçə edə bilsin. Və elə də oldu. Cavab matçında isə Rəşad Sadıqov möhtəşəm bir qol vurdu. Mən “Qarabağ”ın yüzlərlə oyununda iştirak etmişəm. Ancaq həmin oyunda keçirdiyim hissləri heç Çempionlar Liqasına düşəndə keçirməmişdim. “Rosenburq”la olan matçda o qədər həyəcan və sevinc içində idim ki, üstündə oturduğum qəzeti yandırıb başımın üzərinə qaldırmışdım. Özü də həmin matç Ağdam şəhərinin işğalı gününə təsadüf etmişdi. Ona görə də o gün qələbə qazanmağımız ikiqat sevinc bəxş etmişdi.
Bir şeyi də qeyd edim ki, “Qarabağ” - ”Rosenburq” matçı keçiriləndə klubda əsas və əvəzedici heyət, alt yaş qrupları, məşqçi heyəti, prezident, həkimlər daxil, bircə legioner var idi. O da albaniyalı Admir Teli idi. Qalan bütün heyət azərbaycanlılardan ibarət idi. Həmin gün sırf azərbaycanlılardan ibarət bir komanda Norveç liqasının rəqibindən 25 xal irəlidə olan “Rosenburq” komandasına bir qolla qalib gəlmişdi. O zaman da kapitan Rəşad Sadıqov idi və onun o möhtəşəm qolu kapitanı “Qarabağ”ın gəlmiş-keçmiş ən yaxşı oyunçusu etdi.
- Türkiyədə “Beşiktaş”ın “Çarşı” azarkeş klubu atom bombasından tutmuş, Orham Pamukun “Nobel” mükafatı almasına qədər bir çox məsələlərə öz münasibətini bildirib. Hətta Van şəhərində zəlzələ olanda onlar klubun böyük məbləğdə cərimələnməsinə baxmayaraq, evsiz qalan insanlar üçün yardım kampaniyası təşkil etmişdi. Bəs “İmarət tayfa” futboldan başqa hansısa məsələlərə öz münasibətini bildirir?
Elvin:
- 2 il öncə “Günəşli” neft yatağında baş verən faciəvi hadisələrə dair pankartlar açmışdıq. Bu il həmin günə matç düşmədi deyə edə bilmədik. Daha sonra Azadlıq prospektində bina yananda da ona aid pankartlar düzəltmişdik.
İraqda türkmanlara qarşı yürüdülən siyasətlərə etiraz olaraq “Dirən, Türkman eli” pankartını açmışdıq. İşğal edilən bütün rayonların işğal ildönümündə xatırladıcı pankartlar təşkil edirik. Həmçinin, 20 Yanvar hadisələrini də unutmuruq, 2 yaşında şəhid olan Zəhranı da.
 
 
Qrupun daxilində ateist də ola bilər, müsəlman da. Nasist də ola bilər, milliyyətçi də. Bu qədər fərqli dünyagörüşlü insanlar yalnız bir ideologiyanın ətrafında birləşir: Vətənpərvərlik. Qarabağ. Bütöv Azərbaycan.
Zümrüd Kərimova

Загрузка...
Загрузка...