​İlyas İsmayılov: “İran şeytani yol tutub”

Baxış sayı: 
60
1  
0  

 
 “Adında “islam” kəlməsi daşıyan hər hansı bir qurumun Türkiyəyə qarşı PKK-nı dəstəkləməsi öz ideoloji dəsti-xəttinə, müqəddəs dəyərlərinə hörmətsizlikdən başqa bir şey deyil”.
 
Bu sözləri Ədalət partiyasının sədri İlyas İsmayılov İranın öz kürd vətəndaşlarını Türkiyəyə qarşı nümayişə çıxarmasını şərh edərkən bildirib.
 
Partiya sədrinin fikrincə, PKK/YPG kommunist və ateist ideologiyanı mənimsəyən bir təşkilatdır, İran isə teokratik bir dövlət.
 
“Necə ola bilər ki, teokratik bir dövlət ateizmin daşıyıcılarını dəstəkləsin? Bu, ən azı başadüşülən deyil”.
 
 Öz rəsmi ideologiyasına zidd hərəkət edən bütün dövlətlərin tarixin çətin sınaqlarından çıxa bilmədiyini deyən həmsöhbətimiz bu cür siyasət yürüdən rejimlərin bir müddətdən sonra dağılmağa başladığını deyib: “İlk növbədə ona görə ki, öz ideoloji cizgisinə hörmət etməyən dövlət bunu vətəndaşından da tələb edə bilməz. Beləcə, rəsmi ideologiya deformasiyaya uğrayar və onun daşıyıcısı olan siyasi rejimlər də dağılmağa başlayar”.
 
Qeyd edək ki, məlumatı saytımız yaymış və yazıdakı iddiamızı sübut edən video-görüntü yayınlamışdıq. Videodan da göründüyü kimi, İranın Kürdüstan vilayətində nümayiş keçirən kürd əsilli vətəndaşlar “Türkiyəyə olüm!”, “Ərdoğana ölüm!” şüarları səsləndirir və qardaş ölkənin bayrağını yandırırdılar. İran xüsusi xidmət orqanlarının nəzarəti altında keçirilən aksiyalarda həmçinin “Rojhalat” və “Rojava” yazılan plakatlar da qaldırılırdı ki, bu da açıq aşkar Cənubi Azərbaycan torpaqlarına haqq iddiası deməkdir. Çünki kürd separatçılar “Rojhalat” deyərkən “Şərqi Kürdüstan” ideyasını nəzərdə tuturlar ki, həmin xəyali inzibati əraziyə Cənubi Azərbaycanın qərb hissəsi daxildir.
 
Azərbaycan kürd-türk konfliktinə sürüklənir - İran odla oynayır
 
 
 
İlyas İsmayılov da saytımızın bu hərəkəti “İranın odla oynaması” kimi qiymətləndirməsiylə razılaşaraq deyib:
 
“Azərbaycan və Türkiyə torpaqları tarixən kürdlərlə türklərin, avar və digər etniklərin birgə yaşayış yeri olub, minillərlə aramızda hər hansı problem yaşanmayıb. Azərbaycan tarixində kürd əsilli şahların rəhbərlik etdiyi Şəddadi kimi dövlətlər var. 10-cu əsrin sonlarından 11-ci əsrin sonlarına qədər hakimiyyətdə qalan bu kürd əsilli şahların hökm sürdüyü dövlətin ordularının əsas vurucu qolunu isə oğuz türkləri təşkil edib. Eynilə Azərbaycan türk sülalələrinin hökmranlığı altında qurulan ordularda da kürdlər böyük qəhrəmanlıqlar göstərib. Bizim xalqlar arasında tarix boyu heç bir ziddiyyət olmayıb, indi də yoxdur. Hətta bildiyimə görə, Səlib yürüşünü dayandıran, ədaləti və qəhrəmanlığı ilə xrisianların belə rəğbətini qazanan Səlahəddin Əyyubi də əslən Qarabağdan olan kürd tayfasındandır. Səlahəddin Əyyubini ordusunda da ən güclü qoşun dəstələrini türklər təşkil edib. Azərbaycanlı bir kürdün bütün müsəlman dünyasına qarşı açılan səlib yürüşünü dayandırması ilə mən həmişə fəxr etmişəm, bu gün də etməkdəyəm. Yəni demək istəyirəm ki, bizim xalqlar arasında heç bir ayrı-seçkilik olmayıb, onu zorla sala bilməzlər də. Biz tarixən qaynayıb qarışmış bir ailənin iki qardaşıyıq. Qardaşlar arasında zaman-zaman umu-küsü ola bilər, amma onları bir-birinə düşmənə çevirmək əsla mümkün deyil”.
 
Qərb imperializmin öz mənfəətləri naminə şovinist ideyaları yaydığı islam coğrafiyasında süni şəkildə yaradılan kürd-türk, ərəb-fars və s. münaqişələrilə dünya hegemoniyası qurmaq istəyənlərin bu layihəsinin İran tərəfindən də dəstəkləndiyinə təəccüblənən İlyas İsmayılov bunun islami dəyərlərdən qaynaqlanmadığına inanır:
 
“Yəqin razılaşarsınız ki, insanlar arasında ayrıseçicilik salan millətçi duyğular İslam dinində şeytani əməl kimi qiymətləndirilib. Qurana görə, İblis özünü Adəmdən üstün tutduğuna görə cənnətdən qovulub. Şovinizm də nəticə etibarilə özünü başqa millətlərdən üstün görmək olduğu üçün iblisanə əməlin başqa formada təzahürdür. Elədirsə, İran hansı üzlə kürd millətçiliyini dəstəkləyən mövqedən çıxış edir və onları Türkiyə əleyhinə aksiyalara həvəsləndirir, İslamın simvollarının, şəhid qanının əks olunduğu bayrağı yandırtdırır?”
 
Bunun yalnız fars şovinizmindən qaynaqlana biləcəyini düşünən partiya sədri fikrini belə əsaslandırdı:
 
“Bilirsiniz ki, İran yeri gələndə islami dəyərləri müdafiə edib ölkəsindəki digər etniklərin ən elementar insani hüquqlarını məhdudlaşdırır. Yeri gələndə isə kommunist düşüncəli PKK-nı islami dəyərləri üstün tutan Ərdoğana qarşı dəstəkləyir. Mənim fikrimcə, bunun yalnız bir səbəbi ola bilər: İranın Yaxın Şərq coğrafiyasına hakim olmaq strategiyasını həyata keçirmək siyasəti. Sirr deyil ki, İran “Şiə hilalı” adı altında İraqa, Suriyaya, körfəz ölkələrinə yiyələnməyə çalışır və kürd separatçılarını dəstəkləmək də bu strategiyaya qulluq edir”.
 
Bu zamana qədər ABŞ-ın və İsrailin bölgədə yürütdüyü siyasətlərin İranın marağına tamamilə yaradığını deyən İlyas müəllimin fikrincə, sünni dünyası ilə Türkiyə arasında kürd zolağı salmaq İranın bu geo-politik strateji xəttinə uyğundur: “Çünki bu zolaq yaranarsa, sünni dünyası ilə Türkiyə arasında qopuqluq meydana gələr və İran rahatlıqla öz niyyətini reallaşdıra bilər. Üstəlik, xəyali Kürdüstan dövləti Türkiyə ilə türk dünyası arasında da ciddi qopuqluq yaradar və Azərbaycan türklüyünün dövlətləşmə və bütünləşmə hədəfləri ortadan qalxar. Beləcə, İran bu problemini də rahatlıqla həll edər”.
 
İranın bu hədəfi reallaşdırmaq üçün hətta öz ərazisindəki Azərbaycan türklərinə məxsus torpaqları da kürd separatçılarına verməyə hazır olduğunu düşünən partiya sədri sözügedən nümayişlərlə bunun bir daha təsdiqləndiyinə inanır.
 
 
 
Hurriyyet.org

Загрузка...
Загрузка...