​ “İlk dəfədir ki, Azərbaycanda xalis revanşist qüvvələrin birliyi yaranıb” - ADP SƏDRİ

Baxış sayı: 
114
3  
0  

Sərdar Cəlaloğlu: “30 il ərzində bir addım da qabağa gedə bilməmişik”
 
Xəbər verildiyi kimi, noyabrın 5-i Müsavat Partiyasının qərargahında partiyanın başqanı Arif Hacılı, Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Məclisinin üzvü İsa Qəmbər, AXCP sədri, Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Əli Kərimli, Xalq Partiyasının sədri Pənah Hüseyn, keçmiş səhiyyə naziri Əli İnsanov, jurnalist Mehman Əliyev və politoloq Hikmət Hacızadənin qatıldığı dəyirmi masa keçirilib. Toplantıda ölkədə mövcud ictimai-siyasi durum dəyərləndirilib və bu vəziyyətdən çıxış yolları müzakirə olunub.
 
Dəyirmi masanın mətbuata açıq hissəsində sözgedən şəxslər ölkədəki durumla əlaqədar çıxış etdilər. Çıxışları ixtisarla diqqətinizə çatdırırıq.
 
İlk olaraq dəyirmi masanın təşkilatçısı,  Müsavat Partiyasının başqanı Arif Hacılı çıxış edərək jurnalistlərə və dəyirmi masa iştirakçılarına təşəkkür etdi: “Dəvət olunan şəxslərdən Milli Şuranın sədri Cəmil Həsənli iştirak etmir. Çünki Azərbyacanda deyil, hazırda Vaşinqtondadır. Dəvət olunanlardan REAL Partiyasının sədri İlqar Məmmədov bu prosesə müsbət yanaşdığını bildirib və sonrakı mərhələlərdə prosesdə iştirak edəcəyini istisna etməyib, ancaq o, hazırda Azərbaycanda deyil, xaricdədir. Ona görə, bu toplantıda iştirak etmir”.
 
“Toplantının məqsədi Azərbaycan cəmiyyətindən, siyasi qüvvələrdən öz fəaliyyətini koordinasiya etməsi zərurəti ilə bağlı olan sifarişlə bağlıdır. Azərbaycanda yeni bir şərait yaranıb. Bu siyasi şərait ölkədə dəyişikliklərin olacağından xəbər verir”, - deyə partiya sədri əlavə etdi.
 
Keçmiş səhiyyə naziri Əli İnsanov da toplantıda çıxış etdi: “Ölkədəki ictimai, siyasi, hətta diplomatik durum belə, o qədər acınacaqlıdır ki, bizim bu gün bir yerdə olmağımız və qərarlar qəbul edəcəyimiz labüddür. Hesab edirəm ki,  bu, Azərbaycan xalqının sosial sifarişidir. Biz xalqın istəyinə əməl etməliyik. Mən öz adımdan danışıram, heç kəs nəyəsə nail olmaq üçün bu mübarizəyə girişməyib. Hər kəsin istəyi xalqı azadlığına qovuşdurmaqdır. Bu gün Azərbaycanı güclə ələ keçirib, idarə edən rejim çox aciz və qəddardır. Bu qəddar rejimə qarşı ancaq birgə mübarizə aparmalıyıq. Mənim fikrimcə, burada olmayan bır sıra ictimai xadimlər, partiya rəhbərləri də müzakirələrə dəvət olunsa, yaxşı olar. Ancaq mən tərkibin çox geniş olmasının əleyhinəyəm. Çünki  çoxsaylı tərkibdə müzakirələr çox ağır aparılır və bəzən də qərarların qəbul edilməsinə çox çətinliklər yaranır. Biz  heç kəsi inkar etməyəcəyik. Şəxsən mən heç kəsin dəvət olunmasının əleyhinə deyiləm. Ancaq qərar verən birlik məhdud olmalıdır, yaxud çox hörmətli partiyaların rəhbərləri dəvət oluna bilərlər”.
 
 “Bizə verilən işgəncələr, xalqa qarşı aqressiv siyasət bu rejimin alnına yazılıb. Ona görə də biz mübarizəmizi xalqın dəstəyi ilə birlikdə aparmalıyıq. Xalqın sifarişini diqqətə almalıyıq. Bu mübarizənin lideri Azərbaycan xalqıdı və xalqın da istəyini həyata keçirməliyik”, - deyə keçmiş səhiyyə naziri söylədi.
 
Ə. İnsanov təklif etdi ki, onların mübarizələri 4 mərhələdə aparılsın: “Birinci mərhələdə biz ancaq sərbəst toplaşmaq, söz və ifadə azadlığını tələb etməliyik və ona nail olmalıyıq. Dünya görməlidir ki, bu gün bundan artığını istəmirik. Sərbəst toplaşma azadlığı əldə edə bilsək, ikinci, üçüncü, dördüncü mərhələni həyata keçirə bilərik. Biz erkən prezident və parlament seçkilərini tələb edə bilərik. Razı olmasalar, biz prezidentin istefasını tələb edə bilərik. Yəni mübarizəmizi axıra aparmaq üçün mərhələlərlə bu işi görməliyik. İndi məndə olan məlumata görə, yeni cəza dəstələri yaradılır. Hakimiyyət hər şeyə gedir”.
 
Ə. İnsanov xalqa müraciət  etdi: “Biz ölkədə hökm sürən ədalətsizliyi ədalətlə aradan qaldıracağıq. Mən buna əminəm. Xalqımızı da əmin edirik ki, biz mübarizədən çəkilən deyilik, axıra qədər mübarizəmizi davam etdirəcəyik”.
 
AXCP sədri Əli Kərimli isə qeyd etdi ki, bu rejim artıq tamamilə tükənib,  hətta xalqı aldatmaq, imitasiya yaratmaq potensialı da tükənib: “Artıq Azərbaycan xalqının sifarişidir ki, ölkədə köklü siyasi dəyişikliklər baş versin. Hökumətin bütün zorakılığına rəğmən, 10 minlərlə insan ayağa qalxır, razılaşdırılmış mitinqlərə çoxsaylı insan qatılır, hətta razılaşdırılmamış mitinq üçün 10 mindən artıq insan fədakarlıq edir. Hökumətin heç bir zor, işgəncə aparatı xalqımızı durdura bilmir. 19 oktyabr mitinqindən sonra indi də  guya, kadr islahahatları aparırlar. Azərbaycan xalqı artıq onun mənasını bildi. Bu millət dinc şəkildə öz mitinqlərini keçirə bilməlidir. Bu, hamımızın marağında olmalıdır”.
 
Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər də toplantıda öz fikirlərini bölüşdü: “Kifayət qədər mürəkkəb bir dönəmdə yaşayırıq və müxtəlif siyasi qüvvələr, ictimai təşkilatlar, tanınmış şəxslər arasında ortaq mövqenin formalaşması elə də sadə bir məsələ deyil. Bu gün bu istiqamatə ciddi bir addım atılma şansı yaranır. Təbii ki, o şansı dəyərləndirməyə çalışacağıq”.
 
 “Aydın görünür ki, xalq Əliyev hakimiyyətinin dəyişməsini istəyir. O  da aydın görünür ki, Əliyev rejimi də növbəti imic, obraz dəyişmə mərhələsinə daxil olub. Əliyev rejimi imicini dəyişmək istəyir. Bu, Azərbaycanı növbəti dəfə dünya miqyasında biabır etmək, geridə qalmış bir xalq kimi təqdim etmək baxımından səciyyələndirilə bilər. Biz nə cür edək ki, xalqın istəyi gerçəkləşsin? Hakimiyyət imic, obraz dəyişməyə başlayıbsa, bu, özü də xalq, cəmiyyət, demokratik düşərgə üçün əlavə imkanlar yaradır və yaratmaqda davam edir. Bu imkanlar dəyərləndirilmədlir. Bunun üçün mümkün yanaşmalardan biri demokratik düşərgənin toparlanmasıdır. İstəyimiz odur ki, demokratik düşərgə toparlansın”, - deyə İ. Qəmbər əlavə etdi.
 
 “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev isə  çıxış edərək bildirdi ki, Azərbaycanda sistemli böhran var: “Bu, bizim hamımızı narahat edir. Söz, ifadə azadlığı, demokratiyanın ölkədə yenidən bərqərar olması vacibdir. Biz bunları eləməsək, bu böhranlı vəziyyətdən heç cür çıxa bilmərik. Nə kadr dəyişiklikləri, nə yol xəritələri ölkəni bu vəziyyətdən çıxara bilməyəcək”.
 
Plitoloq Hikmət Hacızadə isə deyilən bütün sözləri qəbul etdiyini qeyd etdi: “Vəziyyət çox pisdir”.
 
“Təzə müxalifət olmayacaq. Bizim yerimizə başqa adamlar da gəlsə, həmin şey olacaq”, - deyə o əlavə etdi.
 
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə dedi ki, vəziyyətdən çıxış yolu Azərbaycan insanının ictimai-siyasi fəallığının artmasıdır, kütləviləşməsidir: “Bugünkü tədbir də buna xidmət etməlidir”
 
Qeyd edək ki, Dəyirmi Masa iştirakçılarının çıxışları bitəndən sonra toplantı mətbuat nümayəndələrinə qapalı şəraitdə  davam etdi.
 
Qapalı müzakirədən sonra  isə keçmiş səhiyyə naziri Əli İnsanov “Hürriyyət”in suallarını cavablandırdı.  İnsanov “bu gün AXC-Müsavat birliyində özünüzü hansı perspektivdə görürsünüz” sualına belə cavab verdi: “Sizə məlumat veriləcək. Güman edirəm ki, hər şey yaxşı olacaq. Perspektivdə sizin gözləntilərin hamısı müzakirə ediləcək”.
 
 “Bu gün prezident İlham Əliyev gəncləşdirmə siyasəti aparır. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı” dedikdə Ə. İnsanov bunları qeyd etdi: “Düzünü deyim ki, fikrim müsbət deyil. Çünki çox təcrübəsiz adamlar təyin olunduğu vəzifələri sadəcə, yerinə yetirmək ixtiyarında deyillər”.
 
“Sizin partiya yaradacağınız haqda fikirlər var...” deyə qeyd etdikdə isə keçmiş səhiyyə naziri söylədi: “O fikir müsbət fikirdir. Eşidəcəksiniz, olacaq.”
 
Qapalı müzakirələrdən sonra  Müsavat Partiyasının başqanı Arif Hacılı jurnalistlərə açıqlama verdi ki, 3 sənəd qəbul olundu: “O sənədlərin ikisi bəyanat, biri də  memorandum şəklində qəbul olunmuş sənədlərdir. Sənədlərin biri Azərbaycanda fundamental insan haqlarının təmin olunması, eyni zamanda sərbəst toplaşmaq azadlığının, söz və ifadə azadlığının təmin edilməsi ilə bağlıdır. Mitinqlərdə, o cümlədən 19 oktyabrda yol verilən zorakılıqlar pislənildi və Azərbaycan hakimiyyətindən tələb olundu ki, bu zorakılıqlara son qoyulsun”.
 
Hacılı nəzərə çatdırdı ki, başqa bir sənəd seçkilərlə bağlı olan sənəddir: “Biz belə bir razılığa gəldik ki, seçki ərəfəsində Azərbaycanda demokratik şəraitin yaradılması, demokratik seçkilərin keçirilməsi üçün zəruri olan qanunvericilik bazasının yaradılması istiqamətində birgə fəaliyyət göstərəcəyik, eyni zamanda Azərbaycan hakimiyyətindən bir sıra islahatların aparılması, referendum keçirilməklə, proporsional seçki sisteminin bərpa edilməsi, seçki qanunvericiliyinin müəyyən  dəyişikliklərlə, 2005-ci ilin parlament seçkilərində olan qaydalar əsasında keçirilməsi tələb kimi Azərbaycan hakimiyyəti qarşısında qaldırıldı”.
 
“Həmçinin əməkdaşlıq haqqında memorandum sənədini qəbul etdik. Çalışacağıq ki, resurslarımızı ümumiləşdirək və Azərbaycanda demokratik dəyişikliklər uğrunda gedən mübarizədə funksional əməkdaşlıq edək”, - deyə partiya sədri əlavə etdi.
 
Jurnalistlərin suallarını cavablandıran A.Hacılı “Hürriyyət”in” “10 noyabr tarixinə mitinq təyin etmişiniz. Bugünkü toplantıda olan şəxslərin elektoratı o mitinqə qatılacaqmı” sualına belə cavab verdi: “Bu məsələ barədə müzakirə aparıldı və əminliklə deyirəm ki, 10 noyabr mitinqi ilə bağlı burada  iştirak edən dəyirmi masa iştirakçılarının mövqeyi məni tam şəkildə qane etdi. Sadəcə, indi müəyyən mülahizələri əsas götürərək, bu barədə açıqlama vermək istəmirəm”.
 
“10 noyabr mitinqini müraciət etdiyiniz yerdə keçirməyə icazə verməsələr, razılaşdırılmamış mitinq keçirəksinizmi” sualına gəlincə, A. Hacılı qeyd etdi ki, bu məsələlər ətrafında müzakirələr aparılacaq: “Müvafiq qərarlar qəbul olunacaq. Bu qərarlar barədə mətbuata məlumat veriləcək”.
 
 “Əli Kərimlinin tərəfdarları isa Qəmbəri, İsa Qəmbərin tərəfdarları Əli Kərimlini təhqir edir”
 
Müsavat Partiyasının təşkil etdiyi dəyirmi masa ilə bağlı mövqeyini bölüşən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Hürriyyət”ə dedi ki, hər hansı bir siyasi partiyanın bu cür birliklər yaratmaq, ya əməkdaşlıq etmək qərarları gərək, onların elektoratının tələblərindən meydana çıxa: “Əgər siz dünən o görüşü izlədinizsə, paralel olaraq onların tərəfdarlarının rəylərini də yəqin oxudunuz. Əli Kərimlinin tərəfdarları isa Qəmbəri, İsa Qəmbərin tərəfdarları Əli Kərimlini təhqir edir. Əli Kərimlinin tərəfdarları deyir ki, yeganə lider Əli Kərimlidir. İsa Qəmbərin  tərəfdarları deyir ki, yeganə lider İsa Qəmbərdir. Əlavə olaraq, Əli İnsanovun tərəfdarları da deyir ki, Əli İnsanov lider olmalıdır. İqtidar isə oradakıların hamısını təhqir edir. Bu, onu göstərir ki, bu liderlər elektoratlarını ya məlumatlandırmayıblar ki, biz belə bir tədbir keçirəcəyik. Ona görə, funksional əməkşdaşlıq etdiyimiz tərəfləri təhqir eləməyin, alçaltmayın demirlər, ya da düşünülmüş şəkildə xalqa özlərini birləşirik kimi göstərirlər, amma aşağıdakı üzvlərinə deyirlər ki, siz mümkün qədər guya, birləşmək istədiyimiz adamları söyün. Buradan çıxan nəticə budur. Yəni ya bunlar elektoratlarının sifarişlərini yerinə yetirmirlər, ya elektoratları bunlara qulaq asmır, ya da ümumiyyətlə, özləri oyun oynayırlar. Özləri yuxarıda birləşmək oyunu oynayırlar, aşağıda isə tərəfdarları bir-birini söyür, təhqir edir. Bu məsələnin konkret faktiki tərəfidir”.
 
 “Bu funksional əməkdaşlığın özü Müsavatın tapıntısıdır”
 
Cəlaloğlu qeyd etdi ki, onların böyük təcrübələri var: “1993-cü ildən bu günə qədər  Azərbaycan müxalifətinə Müsavat-AXC cütlüyü, yəni Əli Kərimli ilə İsa Qəmbər rəhbərlik edib və bu 29 il ərzində əldə etdiyimiz nailiyyyətlərin hamısı göz qabağındadır. Yəni faktiki olaraq biz 1993-cü ildən bu tərəfə həm say baxımından amartizasiyaya uğramışıq, həm ideoloji  cəhətdən, həm beynəlxalq dəstək baxımından zəifəmişik, həm də Azərbaycan xalqı tərəfindən dəstəyimizi itirmişik. Faktiki olaraq bu 30 il ərzində bir addım da qabağa gedə bilməmişik, böyük sürətlə dala getmişik. Yenə də həmin qüvvələr - AXC-Müsavat təşəbbüsü ələ alıblar, avanqardlıq edirlər və yenə də 1993-cü ildə hansı davranışları nümayiş elətdiriblər, eyni qaydada davranırlar ki, biz Azərbaycan xalqının yeganə qüvvələriyik. Bunlar hətta “əməkdaşlıq edə bilərik” deyə bilmirlər. Bilirsiniz funksional əməkdaşlıq nədir? Yəni ildə bir dəfə hansısa bir məsələ olsa, bir araya gələk. Bu gün xalq bizdən birlik gözləyir. Bunlar hətta daimi əməkdaşlığı da demirlər, funksional əməkdaşlıq deyirlər. Yəni nə vaxtsa bir məsələdə yığışıb oturub söhbət eləyərik, çay içərik. Bununla qurtarıb gedəcəklər. Bu isə biz ittifaq kimi birləşsək belə, yenə də xalqın gözləntilərinin çoxunu yerinə yetirə bilməyəcək. O ki qala funksional əməkdaşlıq olsun. Bu funksional əməkdaşlığın özü Müsavatın tapıntısıdır. Yəni xalq birləşmə tələb edir, müxalifət isə birləşmək istəmir. Onda bir ara variant əmələ gəlir. Biz necə birləşək ki, xalq elə bilsin birləşirik, amma özümüz birləşmirik. Onun da adını funksional əməkdaşlıq qoyurlar. Çünki xalq başa düşmür funksional əməkdaşlıq nədir, elə bilir ki, müxalfət birləşdi. Amma bunlar özləri bilirlər ki, bunlar birləşməyiblər. İldə bir dəfə yığışacaqlar, çay içəcəklər. Bununla da xalqı da aldadacaqlar ki, guya, biz birləşdik. Məsələnin mahiyyəti bundan ibarətdir”.
 
“Biz bu oyunu o qədər görmüşük ki..”
 
“Üçüncüsü, burada Azərbaycan müxalifətinin bir kəsimi adını qoyublar. Burada 3 partiya iştirak edir, amma bu partiyaların 3-ü də Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin təmsilçiləridir. Onlardan biri parlamentin sədri, biri baş nazir, bir də Elçibəyin dövründə iki ay dövlət katibi olub. Yəni faktiki olaraq belə demək olar ki, bu, Əbülfəz Elçibəy hakimiyyətinin funksionerlərinin yığıncağıdır. Burada kənar adam kimdir? Hikmət Hacızadə Əbülfəz Elçibəy iqitidarı dönəmində Rusiyada səfir olub, Mehman Əliyev yenə o vaxtkı Azərbaycan iqtidarının nümayəndəsidir. Burada bir nəfər kənar adam Əli İnsanovdur. O da Əbülfəz Elçibəy iqtidarını yıxan partiyanın əsas, aparıcı adamlarından biri olubdur. Guya, bunlar ölkədə hansısa  ciddi qərarlar qəbul edəcəklər. Açığı deyim, biz bu oyunu o qədər görmüşük ki, mən artıq bu məsələyə şərh verməkdə belə, məna görmürəm. Biz hamımız bir-birimizi çox yaxşı tanıyırıq. Arif Hacılını da, İsa Qəmbəri də, Əli Kərimlini də, Pənah Hüseyni də yaxşı tanıyırıq. Hamımız ağlımıza, şüurumuza, xalqa, millətə bağlılığımıza bələdik. Hansı vaxt hansı qərarı vermişik, o qərarı  necə pozmuşuq, necə gedib hökumətlə işləmişik, xalq bilməsə də, hamı bunu əzbər bilir. Ora bir trolu qoymusan, söydürməklə deyil ki, filankəs hökumətin adamıdır. Mandatlar necə əldə edilib, o  oyunlar necə qurulub, vasitəçilər kimlər olub, pulları kim alıb, kim verib, bunların hamısını bilirik. Ona görə də mən bu toplantıya ciddi siyasi əhəmiyyət vermirəm. Bunun Azərbaycan xalqı üçün də heç bir ciddi nəticələri olmayacaq, xalqı aldatmaqdan başqa bir şey deyil. Əksinə, bunlar bu addımı atmaqla, Azərbaycan müxalifətinin mümkün ola biləcək, real birliyinin qarşısını almağa cəhd elədilər, ona da nail oldular”, - deyə partiya sədri vurğuladı.
 
“Bunlar hakimiyyətdə olub, devrilmiş adamlardır”
 
 “Arif Hacılı “bundan sonra başqa partiya rəhbərlərini də funksional əməkdaşlığa dəvət edəcəyik”, - dedi. Sizi partiya rəhbəri kimi dəvət etsələr, qatılacaqsınızmı” sualına S. Cəlaloğlu belə cavab verdi: “Onda sual olunur, əgər sən məni tutaq ki, dəvət edəcəksən, niyə indi dəvət etmədin?! Məsələn,  Əli İnsanov, Hikmət Hacızadə məndən artıqdır, ya sənin özün, ay Arif Hacılı məndən hansı üstün siyasi keyfiyyətlərin var ki, məni sonradan dəvət edirsən? Qapalı bir iclas keçiribsən, orada nə qərarlar qəbul etdiyini mən bilmirəm və mənim bilmədiyim bir prosesə məni qoşmaq istəyirsən. Hansı özünə hörmət edən siyasətçi gedib ora qoşular? Mən nə bilim sən bəlkə birinci iclasda qərar qəbul edibsən ki, aparaq Qarabağı erməniyə verək, ya filan şeyi belə edək. Mən haradan bilim, sən nə qərar qəbul edibsən ki, mən sonra gəlim, ora qoşulum... İkincisi, bura heç kəsin qoşulmağına, dəvət edilməyinə ehtiyac yoxdur. Mənə elə gəlir ki, imkan vermək lazımdır ki, məhz bu adamlar, bu revanşist qüvvələr Azərbaycan müxalifətinə indiki mərhələdə rəhbərlik etsinlər. Axı, biz bunlardan fərqli müxalifətik. Bunlar hakimiyyətdə olub, devrilmiş adamlardır. Əli İnsanov da revanşistdir. Bilirsiniz ki, hökumətdə olub. Niyə Əli İnsanovu dəvət edirlər? Çünki şüuraltı bunların hamısını bir şey birləşdirir. Vaxtilə hakimiyyətdə olmuş və hakimiyyətdən qovulmuş insanlardırlar. Fikir verirsiniz, İlqar Məmmədov ora gəlməyib. Çünki İlqar Məmmədov hakimiyyətdə olmayıb”.
 
“Gəlin, imkan verək, görək bunlar xalqı hara aparacaqlar...”
 
“Toplantıda İlqar Məmmədovun və Cəmil Həsənlinin xaricdə olduğu qeyd olundu” dedikdə S. Cəlaloğlu qeyd etdi: “İlqar Məmmədovdan başqa onun partiyasında adam yoxdur? Söhbət ondan gedir ki, burada Əli İnsanov da revanşistdir, hakimiyyətdə olub, uzaqlaşdırılıb, özü də prezident iddiasında olan bir adam. O birisilər də hakimiyyətdə olub, uzaqlaşdırılıb. Bu, revanşistlərə çox yaxşı bir fürsətdir, digər bütün qüvvələrdən ayrılıblar, ayrıca bir mərkəz yaradırlar. Gəlin, imkan verək, görək bunlar xalqı hara aparacaqlar... Mən müxalif partiyaların hamısını çağırıram ki, bunların rəhbərliyini qəbul eləsin. Mən Arif Hacılı, İsa Qəmbər, Əli İnsanov, Əli Kərimlinin birliyini qəbul edirəm. Buyurun, qərarlarınızı verin. Mənim fikrim sənin nəyinə lazımdır ki, sən Allaha şükür hamıdan ağıllısan, savadlısan, özünü də Azərbaycanın Lenini hesab edirsən, qabağa düş, qərarlarını ver, bizi azadlığa apar. Mən də ancaq sənə dəstək verim, kömək eləyim. Mən gəlib orada iclasda otursam, başqa bir fikir desəm, deyəcəksən ki, ya buranı dağıdır, ya da hökumətin adamıdır. Ona görə, biz oraya düşməyək. Mənim şəxsən təklifim budur. O  partiyalar ki, bura dəvət olunub, onun hamısı qıraqda dursun. Çünki ilk dəfədir ki, Azərbaycanda xalis revanşist qüvvələrin birliyi yaranıb, yəni hakimiyyətdə olub, hakimiyyəti əlindən çıxan insanların birliyi. Mən bu cürə müxalifət deyiləm. Mən hakimiyyətdə olmamışam, İqbal Ağazadə, Mirmahmud bəy, Əli Əliyev hakimiyyətdə olmayıb, biz revanşist deyilik, bizdə o xüsusiyyətlər yoxdur. O xüsusiyyətlər bunlarda var, hakimiyyətdə olublar,  hakimiyyətləri əllərindən alınıb. Mümkün qədər xalqa demək lazımdır ki, baxın, revanşizmin nailiyyəti budur. İnidiyə qədər problem nə idi? ADP Müsavatla, AXC ilə bir yerdə olurdu. Bunlar revanşist, biz qeyri-revanşist, alınmırdı, bilinmirdi düz kimdi, səhv kimdi. Amma indi elə bir gözəl fürsət yaranıb ki, bunlar başqalarından seçilib, ayrıca bir qrup yaranıb. Gəlin, Azərbaycanda revanşizmin Azərbaycan xalqına nə verə biləcəyini xalqa göstərək. Bu fürsəti niyə əldən verək ki... Pişiyin könlü samanlıqdadır, it də vurdu, ora saldı. Elə mənim böyük bir arzum var idi ki, ancaq revanşistlər xalis şəkildə birləşərdilər. Xalq bilərdi ki, revanşistlərlə bir addım da irəli getmək mümkün deyil. Amma indi birləşiblər, imkan verək. Ona görə də niyə mən ora sonradan qatılmaylıyam, niyə onların prosesini pozmalıyam?! Özlərini bu işin təşəbbüskarı, əsas adamları hesab etmirlər? Prosesi davam elətidirsinlər də. Mənim fikrim budur və digər liderləri də çağırıram ki, bu prosesə qətiyyən qatılmasınlar, imkan versinlər bu revanşist qüvvələr Azərbaycanı bu mərhələdən ağ günə çıxartsın. Çünki biz bu prosesə qatılsaq, sonra onlar məsuliyyətdən yayınacaqlar ki, siz hər şeyi dağıtdınız”.
 
Şamo EMİN, Hurriyyet.org

Загрузка...
Загрузка...