İki bacısını amansızlıqla öldürən Muxtara ömürlük cəza verildi - daha əvvəl də adam öldürmüşdü

Baxış sayı: 
68
1  
0  

 
Həbsxanadan çıxdıqdan sonra iki bacısını öldürən şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb.
 
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bacılarını bıçaqlayaraq öldürməkdə təqsirləndirilən 1976-cı il təvəllüdlü Əlimanov Muxtar Şirbala oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
 
Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
 
Hökmə əsasən Muxtar Əlimanov ömürlük azadlıqdan məhrum edilib.
 
İttihamda yazılır ki, daha əvvəl də həbsxana həyatı yaşayan Muxtar Əlimanov islah olunmayaraq bu dəfə iki şəxsi həyatdan məhrum edib. O, şəxsi münasibətlər zəminində bacılarını qətlə yetirib.
 
Elan olunmuş ittihamla Muxtar Əlimanov özünü təqsirli bilib.
 
Əlimanov deyib ki, hadisənin baş verməsini istəməzdi, amma gördükləri, yaşadıqları bunu etməyə vadar edib. O azadlığa çıxdıqdan cəmi 91 gün sonra bu cinayəti törədib. Muxtar qətlə yetirdiyi bacıları ilə torpaq mübahisəsinə aralarında problemlər yaşandığını deyib. Üçüncü bacısının isə Suriyaya getdiyini öyrənib. Bu səbəbdən də əsəblərini cilovlaya bilmədiyini deyib. Muxtar sonuncu belə bir mübahisədə iki bacısını qətlə yetirib.
 
"Mən həbsdə olanda - 2015-ci ildə kiçik bacım iki uşağını da götürüb Suriyaya gedib. Orada 10 yaşlı qızını ərə verib. 16 şəhərdə yaşayıblar. Sonra Türkiyəyə qayıdıblar. Onları Azərbaycana deportasiya ediblər. Mən həbsdən çıxandan sonra bu məsələdən xəbər tutdum. Böyük bacılarıma dedim ki, siz necə böyüklük etmisiniz?
 
Hadisə baş verən gün onlara neçə bıçaq vurduğumu xatırlamıram. Mən evdən çıxanda elə söz dedilər ki, özümdən çıxdım. Yenə eyni mövzuları açdılar. Mənim bir xəstə qızım var idi. Evi satıb onu müalicə etdirmək istəyirdim. Amma bacılarım imkan vermirdi. Deyirdilər ki, onsuz da anası ilə çıxıb gedib, unut onları. Mənə deyirdilər ki, sənə də bir başıbağlısını alaq. Mən də dedim ki, lazım deyil. Evi satmaq istəyirdim, amma problem yaradırdılar. Gündə bir bəhanə gətirirdilər. Məni saymırdılar. Hər dəfə məcbur edirdilər ki, onlara nəsə deyim, əlimdən nəsə xəta çıxsın. Axırda bunu bacardılar. Həmin gün də evdən çıxanda yenə eyni mövzuları açdılar. Başladılar üstümə gəlməyə. Mənə axırda elə söz dedilər ki, baş getdi, bədən qaldı yiyəsiz. Biqeyrət sözünü götürə bilməzdim. Özümü itirdim. Başladım vurmağa".
 
Təqsirləndirilən Muxtar son sözündə ömürlük həbsə getdiyini bildiyini və əməlindən peşman olmadığını deyib.
 
Hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. 1976-cı il təvəllüdlü Muxtar Əlimanov ailə münaqişəsi zəminində yaşadığı evin qonaq otağında bacısı, 1964-cü təvəllüdlü Əlimanova Səadət Şirbala qızını mətbəxdən götürdüyü bıçaqla bir neçə zərbə endirərək öldürüb. Daha sonra həmin bıçaqla digər bacısı, 1962-ci il təvəllüdlü Əlimanova Məlahət Şirbala qızına bir neçə bıçaq zərbəsi vuraraq ağır bədən xəsarətləri yetirib.
 
M.Əlimanova qarşı Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.7-ci (xüsusi amansızlıqla iki və daha çox şəxsi qəsdən öldürmə), 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə) və 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7 və 120.2.9-cu maddələri ilə ittiham verilib.
 
Qeyd edək ki, M.Əlimanov daha əvvəl də qətl törətdiyinə görə 2007-ci ildə həbsxanaya düşüb. O, 11 il 6 ay cəza çəkdikdən sonra azadlığa çıxıb.
 
İlkin Muradov
Musavat.com

Загрузка...
Загрузка...