II Tanker savaşı - III Dünya müharibəsinin astanası

Baxış sayı: 
55
1  
0  

 
“Qırmızı dənizdə İrana məxsus neft tankerinə təcavüz cavabsız qalmayacaq”.
 
Ovqat.com xəbər verir ki, bu iddialı fikirləri İran Milli Təhlükəsizlik Ali Şurasının Baş Katibi Əli Şəmxani irəli sürüb.
 
 Əli Şəmxani İran bayraqlı "Sabiti" adlı neft tankerinin dünən Qırmızı dənizdə hərəkət halındaykən Səudiyyə Ərəbistanının Ciddə Limanı yaxınlığında vurulmasını ciddi araşdıracaqlarını və bunun üçün artıq istintaq komitəsinin yaradıldığını bəyan edib. Toplanan dəlillər və əldə edilən video-görüntülər sayəsində təcavüz aktının icraçıları barədə məlumatlar əldə ediləcəyini bildirən Baş katib beynəlxalq sularda ticarət gəmilərə qarşı hücumların qlobal iqtisadiyyata təhlükə yaratdığını söyləyib.
 
Xatırladaq ki, dünən Qırmızı dənizdən keçən İranın neft tankerində yerli saatla biri 05.00, digəri isə 05.20-də iki güclü partlayış olmuşdu. İran Milli Tanker Şirkəti (NITC) partlayışın səbəbinə aydınlıq gətirərək, gəminin iki raketlə vurulduğunu, ancaq hücumun mənbəyinin hələ müəyyən olunmadığını açıqlamışdı. İran rəsmiləri qəti fikir söyləmək üçün istintaqın nəticəsini gözləsələr də, tankerin Səudiyyə Ərəbistanı tərəfindən vurulduğuna dair ciddi şübhələr var.
 
Xatırladaq ki, ötən ay Səudiyyə Ərəbistanının iki neft zavodu hücuma məruz qalmış və rəsmi Riyad bu məsələdə İranı suçlamışdı. İran isə ittihamları qəbul etmir, hücumların Yəməndəki husilər tərəfindən gerçəkləşdirildiyini irəli sürür. Prinsipcə, husilər də bu hücumun məsuliyyətini öz üzərlərinə götürmüşdülər. Lakin istər ABŞ, istərsə də Səudiyyə Ərəbistanı hücumda İranın barmağı olduğunda israr edirlər. Görünən budur ki, Səudiyyə Ərəbistanı özünün neft zavoduna edilmiş hücumun qısasını bu yolla alıb. Araşdırmalar nəticəsində bu ehtimal öz təsdiqini tapar və İran cavab təşəbbüsünə girişərsə, bu, Fars körfəzində yeni tanker savaşının başlanacağına işarədir.
 
 
 
Bilindiyi kimi, ilk tanker savaşı İraq-İran müharibəsində, özəlliklə 1984-1987-ci illər arasında çıxmışdır. İlk dəfə İraq tərəfindən başladılan tankerlərə hücum daha sonra İranın cavab atəşləriylə qızışmışdır. Statistik məlumatlara əsasən, 3 ildən çox davam edən tanker savaşında 451 gəmi hücuma məruz qalmışdır. Onlardan 283-nü İraq, 168-ni isə İran gerçəkləşdirmişdi. Maraqlıdır ki, vurulan 451 gəmidən yalnız 259-u neft tankeri olmuşdur. Digər hücumlar isə başqa gəmilərə edilmişdir. Həmin gəmilər arasında ABŞ-ın Stark freqatı da vardı. 1987-ci ilin 17 mayında İraq təyyarələri tərəfindən vurulan bu hərbi gəmidə 37 ABŞ əsgəri ölmüş və Vaşinqtonun basqıları ilə İran-İraq müharibəsi sona ermişdir. 
 
İraq dəfələrlə ABŞ hərbi gəmisinə hücumu qəsdən təşkil etmədiyini, hədəfinin bir tanker gəmisi olduğunu bildirsə də, hərbi mütəxəssislər başqa cür düşünürlər. Onların fikrincə, İran-İraq savaşı boyunca çətin vəziyyətə düşən tərəflər beynəlxalq güclərin proseslərə müdaxiləsini tətikləmək üçün qəsdən başqa hədəfləri də vurur, beləcə, qısa müddətli atəşkəsə nail olurdular. Müharibənin ən məsum qurbanı isə 1987-ci ilin sonlarında ABŞ savaş gəmisinin vurduğu İran sərnişin təyyarəsidir. Pentaqonun açıqlamasına görə, güdümlü raketlə silahlanmış USS Vincennes hərbi gəmisi, üzərindən keçən təyyarənin ona hücum edəcəyini sandığından avtomatik olaraq raketini atəşləmiş və bu fəlakətə yol açmışdır. Vurulan həmin Airbus A300 təyyarəsində 290 nəfər sərnişin və pilot heyəti həyatını itirmişdir.
 
 
 
İranın İraqdan daha az gəmiyə hücum etməsinin sirrinə gəlincə, bunun əsas səbəblərindən biri tanker savaşının 3 il təktərəfli aparılmasıdır. Yəni 3 il sərasər İraq İran gəmilərini vurmuş, İran isə beynəlxalq güclərdən çəkinərək susmuşdur. Belə ki, müharibənin ilk illərində əvvəl böyük itkilərlə üzləşməsinə baxmayaraq, qısa zaman ərzində toparlanan İran hərbi üstünlüyü ələ keçirmiş, İraq isə bunun cavabını onun neft tankerlərini vurmaqla vermişdir. İrana aid ilk neft tankeri 1981-ci ilin ilk aylarında vurulmuşdur. 1984-cü ilə qədər təktərəfli qaydada İran tankerlərinin vurulması düşmən tərəfi müharibəni sürdürə bilməyəcək qədər çətin vəziyyətə salmaq məqsədi güdürdü. Çünki İranın əsas gəlir qaynağı neft ticarəti idi və bu ticarətin qarşısı kəsilərsə, onun böyük maliyyə tələb edən müharibəni davam etdirmək gücünün qalmayacağı və dərhal təslin olacağı düşünülürdü. İran əvvəl bu hücumları beynəlxalq müzakirələrə çıxarmaqla dayandırmaq istəsə də buna nail olmamış, 1984-cü ildə İraq neftini daşıyan tankerlərə hücuma keçmişdi. Həmin vaxtlar İraq neftini daşıyan tankerlər Küveytə aid olduğundan ABŞ İranın bu hücumlarının qarşısını kəsmək üçün həmin gəmilərə öz bayrağını asmışdır. Məqsəd “Küveyt tankerlərinə hücum ABŞ-a hücum deməkdir” mesajını vermək idi.
 
 
 
İran bu problemi tankerlərin keçəcəyi yerlərə dəniz minaları döşəməklə həll etmək yolunu tutduğundan ABŞ Fars körfəzinə öz hərbi donanmasını göndərmişdi. Bundan sonra İran da açıq şəkildə ABŞ hərbi gəmilərinin müşayiəti ilə neft daşıyan tankerləri vurmaq məcburiyyətində qalmışdır. ABŞ-ın da buna cavabı ağır olmuşdur. O, İranın İnqilab mühafizlərinin bazalarını və bir sıra neft təsislərini vurmuşdur. Beləcə, çətin vəziyyətə salınan İran İraqla sülh müqaviləsi bağlamağa məcbur edilmişdir.
 
Hərbi ekspertlər ABŞ-ın bu müdaxilələrini təsadüfi saymırlar. Onların fikrincə, həmin vaxtlar körfəz neftindən asılı vəziyyətdə olan ABŞ tanker müharibələrinin uzanmasını istəmirdi. Çünki bütün körfəzə yayılan tanker savaşları dünya bazarında neft qıtlığı yaradır, qiymətlər artır, nəticədə ABŞ  və Qərb sənayesi zərər görürdü. Məhz buna görə də sənaye dövlətlərinin basqıları ilə 1988-ci ildə masaya oturdulan İran və İraq sülh sazişi bağlayaraq müharibəni bitirdilər. İki dövlət arasında müharibənin bitməsilə tanker savaşlarına da son qoyuldu.
 
İlk tanker savaşlarından ciddi nəticələr çıxaran ABŞ növbəti körfəz ölkələri savaşında eyni sürprizlərlə qarşılaşmamaq üçün özünün neft sənayesini inkişaf etdirdi və onu bir müddət ayaqda tuta biləcək neft stokları yaratdı. Hazırda dünyanın ən çox neft hasilatçısı ölkəsinə çevrilən ABŞ öz məhsullarını ixrac edəcək səviyyəyə yüksəlib. Baxmayaraq ki, o, indi də dünyanın ən çox neft idxal edən ölkəsidir. Bununla belə, körfəzdə növbəti tanker savaşları çıxacağı təqdirdə, ABŞ öz potensialını artıra və ixrac etdiyi nefti daxili tələbatına yönəltməklə vəziyyətdən daha az təsirlənərək çıxa bilər.
 
 
 
Növbəti tanker savaşlarının ən böyük zərbə vuracağı yer isə Çin olacaq. Zira dünyanın 2-ci böyük sənayesi sayılan Asiya nəhəngi neft tələbatının böyük qismini idxalla təmin edir. ABŞ-ın sənaye ölkələri arasında ən ciddi rəqibinin Çin olduğunu və onunla amansız ticarət savaşına girdiyini nəzərə alsaq, körfəzdə başlanması gözlənən növbəti tanker savaşı bu dəfə ABŞ-ın geopolitik və iqtisadi maraqlarına tam cavab verir.
 
Bəs savaşın tərəfləri olacaq İran və Səudiyyə Ərəbistanı tanker savaşlarından nə qazana bilər?
 
Zənnimizcə, bu sualın ən gözəl cavabı I Tanker savaşının nəticələrində yatır. Belə ki, I Tanker savaşı həm İranın, həm də İraqın ağır itkiləriylə nəticələndi. İqtisadi ekspertlər İranın bu savaşdan ən azı 30-40 il geri düşməklə ayrıldığına inanırlar. Savaşda böyük iqtisadi böhrana düşən İran öz sənayesini gücləndirə bilmədi, əldə etdiyi gəlirləri müharibədə yaranan xarici borclarına ödədi. Halbuki, həmin müharibədən əvvəl Şərqin Amerikası kimi tanınan İran iqtisadi yatırımları ilə indi dünyanın ən nəhəng iqtisadi güclərindən birinə çevrilə bilərdi.
 
Tanker savaşlarından ən böyük itki ilə ayrılan isə İraq oldu. Müharibənin gətirdiyi ağır borcları ödəyə bilməyəcək hala düşən Səddam Hüseyn rejimi ya defolt bayrağını qaldırmalı, ya da ən çox borclu olduğu Küveyti işğal edib məsələni birdəfəlik yoluna qoymalı idi. ABŞ-ın da təhriki ilə İran müharibəsindən cəmi 2 il sonra – 2 avqust 1990-cı ildə Küveytə hücum edən İraq super dövlətin özü tərəfindən ağır şəkildə cəzalandırıldı. I Körfəz savaşında ağır hərbi və iqtisadi sanksiyalara məruz qalan bu ölkə üzərindən 13 il keçəndən sonra isə yenə ABŞ tərəfindən işğal olundu.
 
 
 
Bu gün ABŞ-ın qızışdırdığı II Tanker savaşının nəticələri daha ağır ola bilər. Bu savaş iqtisadiyyatı 95% neftdən asılı olan Səudiyyə Ərəbistanını tamamilə bitirəcəyi kimi İranın da bir daha özünə gəlməyəcək qədər zəiflədə və etnik parçalanmalara məruz qoya bilər. Məsələ bununla da bitməz. Nəticə etibarilə özünün hədəfə alındığını anlayan Çin bu proseslərə müdaxilə edə və böhran daha da dərinləşə, hətta III Dünya savaşına çevrilə bilər.

Загрузка...
Загрузка...