​İğdırdakı Azərbaycan sevdalı ailənin dramı: bacı - qardaş Azər və Baycan

Baxış sayı: 
30
1  
0  

 
İrəvandan, erməni zülmündən qaçan kişinin nəvəsi: “Zeynəb Xanlarovanın adı çəkiləndə atam ağlayırdı”
Türkiyənin Azərbaycanın Naxçıvan diyarına açılan qapısında, İğdır vilayətində adam özünü elə Azərbaycandakı kimi rahat hiss edir. Haraya gedirsənsə, kiminlə həmsöhbət olursansa, əslən azərbaycanlı olduğunu deyir, yaxud Azərbaycan türkləri ilə əlaqələrindən bəhs edir.
 
 91 min əhalisi olan İğdırda məskən salan soydaşlarımızın dədə-babaları Arazın o tayından, Qərbi Azərbaycan torpaqlarından, əsasən də İrəvandan qaçıb gediblər. Ötən əsrin əvvəllərində ermənilər Azərbaycan türklərini qırıb-çatanda xilas olmaq üçün Türkiyə ərazisinə üz tutan bir kişinin nəvəsi ilə həmsöhbət olduq. Dəyərli diplomatımız Hulusi Kılıçın ideya müəllifliyi və təşkilatçılığı ilə baş tutan Bakı günlərindən sonra təsadüfən rastlaşdığımız xanımın adının Azər, qardaşınınsa Baycan olduğunu öyrənəndə onunla həmsöhbət olmaqdan vaz keçə bilmədim. Beləliklə, müsahibimiz Azər Yaycılı ilə söhbəti təqdim edirik.
 
Müsahibimiz iş adamı İshaq Yaycılının həyat yoldaşıdır, iki övlad anasıdır. Qızı Tətik Ankarada, oğlu Mehmet Alper Bakıda yaşayır. Oğlunun 1 qızı, 1 oğlu, qızının isə iki əkiz övladı var. Olduqca səmimi, gülərüz xanım deyir ki, özünü İğdırdan kənarda təsəvvür etmir. Bu ailə Türkiyə-Azərbaycan qardaşlığının gözəl nümunəsi, simvolu da sayıla bilər. Azərbaycan və Türkiyə türkü gözəl övladlar yetişdirib və insanlıq üçün gözəl əməllərə sahiblik edirlər. Özünün dediklərindən:
 
- Mən əslən azərbaycanlıyam. Babam İrəvanda doğulub. Ordan İğdıra gəlib. Məmur olduğu üçün çoxsaylı şəhərlərdə yaşayıb. Ömrünün sonlarında təqaüdə çıxdı və elə orada da vəfat etdi. Amma mən İğdırdan qopa bilmədim, 43 ildir burada yaşayıram. Mən İğdırdan vaz keçə bilmərəm. Mənim burda çox gözəl dostlarım var. Bax, elə bu gün dostlarımızla bir araya gəlmişik. İğdır çox rahat yaşanacaq yerdir. Çox şükürlər olsun, çox xoşbəxt evliliyim var. Özüm evdar xanımam. Əslində evdə otururam, desəm, yanlış olar. Həyat yoldaşımın işləri ilə əlaqədar çox sıx səyahətlərimiz olur. Bir müddət İğdırda, Analar Dərnəyində könüllü ana olaraq çalışdım, dərnəyimizə çox böyük dəstəyim oldu. Daha sonra dərnəkdən ayrıldım, amma mən yenə də öz-özlüyümdə böyük bir dərnək sahibiyəm. Oxuyan, çox bacarıqlı, kasıb tələbələri daha çox dəstəkləyirəm. Bu şəkildə yola çıxdım, çox şükür, çox razıyam onlara dəstək olduğuma görə. Həyat yoldaşım da, mən də İğdırda çox insanlara dəstək veririk və bundan zövq alırıq. Onu da deyim ki, bu illər ərzində daim qonaqlarımız olub. İğdıra gələn qonaqlarımızla yaxından maraqlanmışıq.
 
- Siz 43 ildir ki, İğdırdan İrəvana, dədə yurdunuza baxırsınız. Bu zaman hansı hissləri keçirirsiniz?
 
- Bəli, haqlısınız. Öncə deyim ki, mən Azərbaycan türkü olmağıma görə qürur duyuram. Damarlarımı hardan kəssələr, son damlasına qədər azərbaycanlı qanı axar. Rəhmətlik Yunus babam bizə bu millətçiliyi, azərbaycançılığı aşıladı. Babam İrəvandan gəldiyi gündən bəri ailəsində vaxtilə gördüyü mədəniyyəti bizə təbliğ elədi. Biz o mədəniyyətlə böyüdük. Babam bank müdiri idi.
 
- İrəvanlı günlərindən  sizlərə nələr danışırdı? Yadınızdadırmı?
 
- Bəli, danışırdı. Mənim atam babamla birlikdə qaçhaqaç zamanı buraya gələrkən 3-4 yaşlarındaymış. Erməni zülmündən xilas olmaq üçün gəlib Arazın kənarına yerləşibmişlər, sonra İğdıra gəliblər.
 
- Bu, nə vaxt baş verib?
 
- Türkiyə Cümhuriyyətinin elan edilməzdən 1 gün öncə atamla babam buraya gəliblər, 1923-cü ildə. İğdıra qaçdıqları günün səhəri Türkiyə Cümhuriyyəti elan edilib.
 
- Başına gələnlərdən nələr deyirdilər?
 
- O zaman ermənilər İrəvanda dədəmi rahat buraxmırmışlar. Babamın 3 oğlu var imiş. Onları da götürüb Arazdan qaçmaq istəyib. O zaman babam çox çalışıb, amma nənəm İrəvanı tərk etməyib. Deyib ki, mənim qardaşlarım burdadır, onları qoyub gedə bilmərəm. Babam 1,5 yaşında olan uşağı belinə alıb Arazı keçirmək istəyəndə sel əmimi onun əlindən alıb aparıb. Babam çox ağlayırdı, hər dəfə deyirdi ki, ermənilərin üzündən balamı selə verdim.
 
Bir gecə babama deyiblər ki, Cəfər, səni və uşaqlarını öldürəcəklər. Danışırdı ki, gündüzdən planlaşdırdım və gecə ilə uşaqları da götürüb qaçdım. Hətta bir az qızılı da varmış, gündüzdən onu torpağa basdırıb ki, almasınlar əlindən. Axşam düşəndə birdən ermənilər onları görüblər. Qaçıb qamışlıqda gizləniblər. Rəhmətlik babam deyir çayın ortasında Araz birdən elə coşdu ki, Əmim deyib “ağa, uşağı sel apardı!” Bu vaxt ermənilər də o taydan bunları gülləyə tuturlar. Atam qışqırır ki, tez qaçın! Atamı və əmimi Arazın sahilinə çıxarandan sonra soruşub ki, bəs, Yusif hardadır? Əmim deyib ağa, suda axdı, getdi... (Gözləri dolur - E.P.) Babam sonra danışırdı ki, Araz sahilində bir gizli yer tapıb səhərə kimi gözünü suya dikib ki, heç olmasa Yusifi su üzə çıxarar, heç olmasa ölüsünü taparam. Sonra babam yenə də Arazı o taya keçib, gedib ki, nənəmi buraya gətirsin. Amma nənəm “məni öldürsən də, gəlmərəm”, deyib. Babam qayıdıb ki, “balamın biri çayda axdı getdi, sən heç üzülmürsənmi?” Nənəm deyib daha onda heç gəlmirəm.

 
- Sonrakı illərdə nənənizdən, dayılarınızdan xəbər oldumu?
 
- Yox. Onların heç biri ilə sonradan əlaqə olmayıb. Yalnız babamın əmisi, dayısı uşaqlarının Azərbaycanda olduğunu öyrəndik və əlaqələr yarandı. Vaxtilə qohumlarımızdan İrəvandan Gəncəyə, Bakıya qaçıb, orada yerləşənlər olub. Onlarla görüşürük.
 
- Adınızın tarixçəsi barədə danışmağınızı rica edirəm...
 
- Biz Azərbaycan üçün ölürük, çox sevirik Azərbaycanı. Adımız da ordan gəlir. Mənim adım Azər, qardaşımın adı Baycandır. Biz Azərbaycanı bu sayaq yaşatdıq köksümüzdə. Bundan başqa digər bacı-qardaşlarımızın adları belədir: Yüksəl, Solmaz, Könül, Murad adlarımız da var. Mənasını deyirəm: Azərbaycan yüksəlsin, solmasın, könlümdə muradım oldu! Bunu başqa kimsə bilməz! (Gülür)
 
- Bu adları kimlər verib sizlərə?
 
- Atamla anam bərabər qoyublar bu adları. Biz iki qardaş, 5 bacıyıq. Yalnız Xədicə bacım Avropada yaşayır, digər bacı-qardaşlar burdadır. Anam-atam bir-birinin ardınca rəhmətə getdilər.
 
Azer Yaychili.jpg (150 KB).
 
Azər Yaycılı: “Babam çox ağlayırdı, hər dəfə deyirdi ki, ermənilərin üzündən balamı selə verdim”
 
- Bu gün Ermənistan adlanan, qədim Azərbaycan torpaqları, sizin ata-baba yurdunuz İrəvanla bağlı nələr düşünürsünüz, Azər xanım?
 
- Mən inanıram ki, bir gün torpaqlarımızı geri alacağıq! Qarabağımız hökmən azad edilməlidir! Mən hər gün televiziya xəbərlərini izləyirəm, savaş xəbərlərinə qulaq asıram. Əsgərimizi şəhid edirlər, üzülürəm. Deyirəm bir gün gələ, xəbər yayıla ki, ermənilər tərk edib, Qarabağ Azərbaycana qayıdıb. Deyirəm nə ola, bir gün ermənilərin vicdanı oyana, deyələr ki, azərbaycanlılar, gəlin bu torpaqlara sahib olun! Nə qədər gözəl olar, bütün Türk dünyası sevinər! İnşallah, Qarabağı alacağıq! Ermənilərin o torpaqlarda yaşamağa haqqı yoxdur, oralar bizim yurdumuzdur! Nəinki Qarabağ, həmçinin İrəvan! Mənim atamın Ankaradakı məzar daşı üzərində doğum yeri kimi İrəvan yazılıb (Telefonu açıb, atasının məzar daşının fotosunu göstərir-E.P). Hər bayramlarda gedib atamızın məzarını ziyarət edirik. 2012-ci ildə rəhmətə getdi. Atam son nəfəsinədək bizə azərbaycançılığı aşılayıb. Azərbaycanı o qədər çox sevdirdi ki, bizə. Zeynəb Xanlarovanın adı çəkiləndə atam ağlayırdı. 1990-cı illərdə Azərbaycan və Türkiyə arasında sərhədlər açılanda, gediş-gəliş başlayanda o qədər sevinirdi ki...
 
- Atanız Azərbaycana gedə bildimi?
 
- Əlbəttə. Getdi, qohum-əqrəbalarını, dayısı oğlanlarını tapdı. Atamın dayıları rəhmətə getsə də, onların uşaqları ilə əlaqələrimiz bu gün də var.
 
- İğdıra çox bağlısınız. Yəqin bunun bir səbəbi də Azərbaycan türklərinin sayının çoxluğu ilə bağlıdır, eləmi?
 
- Doğrudur. Amma bir şeyi də deyim ki, köhnə vaxtlardakı kimi deyil. Bir zamanlar daha çox idi azərbaycanlılar. Əksəriyyəti İstanbula köçüb. İğdırı tərk edib getdilər, mən o insanlara görə çox üzülürəm.
 
- Buradan Araz çayına məsafə o qədər də çox deyil. Heç getdinizmi oralara?
 
- Yox. Yalnız Naxçıvandan gələndə Arazı görürəm. Buraya yaxın olan Dizə kəndi var. Kəndin yaxınlığından Araz axır. Ata-babam ordan keçib gəlib bura. Babam, atam və əmim burada çox çətin günlər yaşayıblar. Ev-eşik yox, aclıq, səfalət... Uzun müddət bir kənddə qalıblar. Sonra dövlət onlara sahib çıxıb, İğdır daxilində yaşamaq izni verib. Babam ikinci dəfə sonsuz bir qadınla evlənib. Ancaq həmin qadın əmilərimlə yaxşı davranmayıb. Deyirdi ki, baxdım Yunisi, Əlini incidir. Babam deyib olsun, mən ölməmişəm, uşaqlarıma baxacağam və həmin qadını boşayıb. Bir neçə il sonra yenidən evlənib. Ondan da iki bibim olub. Belə ağır günlər olub. Atam-babam hər zaman bütün bunları bizə anladıb. Hər dəfə o hadisələri anlatdıqca o günləri biz də yaşamışıq. Babam bizimlə birgə yaşadı, anam bir ömür boyu ona baxdı. Amma mənim atamın babama elə bir hörməti var idi ki, heç bir övlad atasına o cür sayğı göstərməz. Atam dedi o, bizi çiyninə alıb gətirib. Babam yıxıldı, ayağı qırıldı, 18 il yataq xəstəsi oldu, mənim anam onun hər bir zəhmətini çəkdi, bir dəfə də olsun “öldüm”, “yoruldum” demədi. Deyirdi biz onun çörəyini yeyirik. Yəni belə bir ana-ata var idi...
 
Bu hekayəni, anladandan sonra dünyasını dəyişən böyüklərə rəhmət diləyib, Türk düşmənlərinə lənət deyib, Azərbaycan sevdalı Azər xanımdan ayrılırıq... Kim bilir, İğdırda nə qədər belə sevdalı qan qardaş-bacılarımız var. Allah qorusun. Gün gəlsin Bakıdan birbaşa quru yolla Qarabağa, oradan Mehri dəhlizindən keçərək Naxçıvana və İğdıra yetişə bilək, inşallah!
 
Elşad PAŞASOY,
Türkiyə, İğdır
FOTO: “Yeni Müsavat”

Загрузка...
Загрузка...