“İfrazatı daha faydalıdır, 300 xəstəliyi sağaldır: vərəm, xərçəng...” – Müsahibə

Baxış sayı: 
53
1  
0  

 
 
Teleqraf.com “Balçı” ailə biznesinin yaradıcısı, Arıçılar Assosiasiyasının üzvü və ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Elvin Bayramlı ilə müsahibəni təqdim edirik:
 
- Elvin bəy, əvvəlcə öz fəaliyyətiniz haqqında məlumat verərdiniz.
 
- Mən arıçılıq təsərrüfatımın balını və digər məhsulların satışını həyata keçirirəm, eyni zamanda arıçılardan topdansatış bal götürüb qablaşdıraraq vahid brend formasında pərakəndə şəkildə satıram.
 
Həm öz təsərrüfatımızın, həm də Azərbaycanın digər rayonlarının müxtəlif ballarını alıcılara təklif edirəm. Buna ehtiyac var, çünki həm məhsulumuz çox deyil, digər tərəfdən alıcılar fərqli bal çeşidləri istəyirlər.
 
- Bölgələrə görə ballar fərqlidirmi?
 
- Ballar bölgənin dağlıq və düzənlik olması, endemik bitkilərin növü və dadı məsələsinə görə fərqlənir. Eyni zamanda yağışlı və günəşli havaya görə də bal fərqlənə bilər. Cənub bölgəsinin balı subtropik mühitdə istehsal olunur, qoxusu başqadır, daha tünddür.
 
Amma ümumi oxşarlıq da olur. Misal üçün, Ağstafa ilə Qaxın balının dadı bir-birinə çox yaxındır. Yaxud həmişəgöyəm və akasiya balları hər yerdə eyni dad verir.
 
- Sizdə arıçılığa maraq ailədən gəlir?
 
- Atam arıçıdır, sovet vaxtında arı təsərrüfatında işləyib. Bibioğlum da arıçıdır. Sovet dövründən sonra arı təsərrüfatı dağıldı, özümüz arı alıb sayını çoxaltdıq, indi hardasa 100 yeşik arımız var.
 
Bəslədiyimiz arı ailəsi Ağstafanın Muğanlı kəndinə yerləşir, onu Gədəbəyə, Şəmkirə, Daşkəsənə aparırıq. Bizdə adətən, erkən yaz aylarında bal süzülür, sonra istilər başladığı üçün arını məhsul gec verən bölgələrə aparırıq ki, bir neçə çeşid bal süzə bilək.
 
Oturaq və səyyar olaraq iki cür arıçılıq var. Arını çiçəyin arxasınca sanki otarırsan, harada çiçək var, ora aparırsan, bu mənada arıçının vətəni yoxdur.
 
 
 
- Bu proses yəqin asan deyil. Daim arını lazımi yerə aparmalısan...
 
- Maraqlıdır, amma təbii ki, çətinliyi də var. Misal üçün, 50-100 kiloluq arası yeşiklərini maşına yığmalısan. Bizdə hələ daşımada son texnologiya yoxdur. Dünyanın başqa ölkələrində xüsusi zəncirlərlə 4 arı yeşiyi bağlanır, maşınlar üzərində kranlar işləyir, onu yükləyir. Hətta bəzən yeşikləri vertolyotla yükləyirlər. Bizdə hələ indi-indi daşınma vasitəsi düzəldilir.
 
- Daşınmaq arıya mənfi təsir etmir ki?
 
- Bu, arıların köçü adlanır. Arıların köçü necə olur?.. Axşam vaxtı kəmərlərlə yeşiklərin üzərini bağlamağa başlayırlar. Silkələnəndə arı dəhşət dərəcədə əsəbi olur, ona görə çalışırlar ki, yeşikdə deşik olmasın. Qutunun üstü bağlanır, sonra şər qarışandan sonra xüsusi tüstükeşlə girişdəki arıları içəri vururlar, ağzını bağlamırlar. Bu zaman tüstünün istiliyini götürürlər ki, arılar istidən yanmasın, altda da havalandırma sistemi olmalıdır. Bundan sonra qutuları növbəti yerə daşıyırlar.
 
Müvafiq yerə gedib çatandan bir saat sonra gözləyirlər ki, arı sakitləşsin. Çünki yolda silkələndiyi üçün arı əsəbi olur, çox qorxulu hadisələr baş verə bilər. Təsəvvür edin, taxta yeşikdir, açıldı minlərlə arı töküldü. Əvvəllər belə hadisələr lap çox baş verirdi, indi yeni standart yeşiklər var deyə güvənlidir.
 
100 arı bir insanı vurub həyatını təhlükə altında qoya bilər. Allergiyası olan insanlar onsuz da arıya yaxın durmurlar.
 
 
 
- Sizin allergiyanız yoxdur ki?
 
- Yox, mən bu cəhətdən şanslıyam.
 
- Adətən, balı nə zaman süzürlər?
 
- Azərbaycanda bir deyim var ki, bal əsasən keçinin quyruğu donan zaman, yəni avqustun 15-dən sonra kəsilməlidir. Çünki keçmişdə bal xüsusi kötük səbətlərdə saxlanılırdı ki, onu da tez-tez açmaq mümkün deyildi. Amma biz bu il ilk bal süzümünü may ayının 15-də etdik.
 
Təsəvvür edin, aprelin 20-si akasiya çiçək açır. Arının 15 gün vaxtı var bal hazırlamağa.
 
Arı balı bir neçə dəfə suyunu buxarlandırmaq və ferment əlavə etmək prosesindən keçirir, bu, nektarın bala çevrilməsi prosesidir. Üstünün hörülməsi 15 günə baş verir. Hətta 5 gün də bəs edir, çünki arının gəliri, nektarı var.
 
İyunda balı süzürük. Çərçivələrin üçdə ikisi hörülübsə, artıq onu süzmək olar. Bu il az-az olmaqla 3 dəfə bal süzdük, elə ola bilər ki, hətta 5 dəfə də bal süzmək olar. Bir sözlə, hər şey təbiətdən asılıdır.
 
- Bölgələrə görə balı süzmək zamanı fərqlənirmi?
 
- Bəli. Dağlıq bölgədə bal avqustda süzülməlidir, çünki çiçək iyulda açır, bizdə isə çiçək tez açdığı üçün artıq mayda bal var.
 
 
 
- Bazarda çoxlu süni bal da var. Təmiz balı necə seçmək olar?
 
- Təbii bal iki cür olur. Bildiyimiz kimi, çiçəklərdən yığılan, bir də həşəratlardan yığılan bal. İkinci bala Türkiyədə can balı, Azərbaycanda meşə balı, həm də gəzəngi bal deyilir.
 
Çiçək balı belə əmələ gəlir – arılar dişiciyin nektarını yığıb gətirərək çinədanına doldurur, ona fermentlər qatır, bu proses zamanı onun suyunu 17-21 faizə çatdırır və beləliklə, bal yaranır.
 
Gəzəngi balın yaranması zamanı isə həşəratlar özünü qorumaq üçün təkamül prosesi keçirərək şirə ifraz edir ki, arı yığıb onu gətirir və ona fermentlər qatır. Hər ikisi təbii bal sayılır.
 
Amma zamanla insanlar süni bal yaratmağa başlayıblar. Yəqin ki, bu, Azərbaycanda sovet dövründən əvvəl olmayıb. Sovet dövründə plan doldurmalıydın, misal üçün, 15 min ton bal verilməlidir, amma 10 ton bal var. 5 min tonu artırmaq üçün arıya şərbət verilərək plan ödənilib.
 
Saxta bal iki cür hazırlanır. Birincisi, arıya şəkər verilir. Digərində isə şəkər yandırılır, ətir qatılır, hətta içinə mumun müəyyən hissələri də əlavə olunur ki, daha cəlbedici görünüşü olsun. Süni üsullar insanları aldada bilər.
 
 
 
Balın təbii olub-olmadığını yalnız iki nəfər bilir. Biri arıçıdır, siz arıçıya inanmaya bilərsiniz, ikincisi, laborantdır ki, siz ona inanmalısınız. Söhbət peşəkar laborantdan və laboratoriya şəraitindən gedir.
 
Laboratoriya isə rəqəmlərlə “danışır”... Məsələn, 5 cür bal nümunəsi verirsən. Hansının bal olduğunu özün üçün qeyd edirsən, amma laborant onu bilmir. Prinsipcə kimdən gəldiyini də bilməməlidir. Beləliklə, nəticəyə baxırsan.
 
- Müxtəlif üsullar var ki, onunla təbii balı seçmək olur deyirlər. Sizcə, bu mümkündürmü?..
 
- Adam balı süzməklə, yandırmaqla və ya suya tökməklə heç vaxt onun təbiiliyini və saxtalığını seçə bilməz. Azərbaycandakı laboratoriyaların da böyük qismi balın keyfiyyətini tam öyrənə bilmir. Yalnız AQTA-nın laboratoriyası tam doğru nəticə ortaya qoya bilir. Yəni laboratoriya belə çətinlik çəkirsə, insanlar onu necə bilər ki? İnsanlar belə üsullara aldanmamalıdır.
 
 
 
- Deyirlər, arıya şəkər verməmək mümkün deyil...
 
- Mümkündü. Azərbaycanda 90 faiz arıçı arını qidalandırır. Arını müxtəlif cür qidalandırırlar. Bunun üçün polen, şəkər tozu və çiçək tozu qarışdırılaraq keş hazırlanır. Yaxud müxtəlif şərbətlər hazırlanır. Şərbətlər, adətən, kəkotu dəmləməsindən, yovşandan, şam qozasının qurudulmuşundan hazırlanır və ya vitamin kompleksi qatılır. Bunları arını qidalandırmaqdan çox arının inkişafını sürətləndirmək, canlandırmaq məqsədi güdür.
 
Azərbaycanda çox qəribə bir psixologiya var, qışda arıya yem verirlər...
 
Arıya ortalama 4-5 litr şərbət verilə bilər. Böyük arıya 20 gün və ya bir ay şərbət verilməlidir. Bu proses fevralın axırından başlayır, aprelin ortasına kimi davam edir. İki gündən bir arıya 1 litr şərbət verirlər. Bu o zaman olur ki, hava soyuq keçir, arı çiçək tozu gətirir, nektar gətirə bilmir. Çünki nektar yalnız 20-25 dərəcə istidən sonra olur. Mart ayı da soyuq keçir.
 
Avropada, Rusiyada peşəkar arıçılar yemləndirmə zamanı, payız vaxtı arıya 20 litrə qədər şərbət verirlər. Azərbaycanda bu fantastik rəqəmdir, hələlik bunu edən yoxdur. Payızda yemləməni edir, arının yemi bol olur, ana arı yumurta qoyur, qoşun ordusu güclənir və yazacan arı güclü olur.
 
Yazda arı payızda verilən qidanı yeyir, eyni zamanda çiçək tozu gəlir və balalarını yetişdirir, artıq güclü qoşunla, az yemlə yaza çıxır. Arıçı bilir ki, arıya verdiyi qida qatışıb, ya yox. Çünki o, qatışdırmamağa çalışır.
 
Orda ballıq iki hissə var, biri bal yetişdirilən, biri də bala yetişdiriləcək, yəni arının öz ailəsi üçün hissə var. Peşəkar arıçılar bunu qarışdırmır, yoxlayanda da bal təmiz çıxır.
 
 
 
- Çox adam arı üçün qida balı saxlamır, onu da kəsərək satır. Ona görə də arının qıdalanması üçün şəkər verir...
 
- Təbii ki, arıya yem saxlamaq lazımdır. Biz həmişə göyəm balını süzdüyümüzə görə payız yemləməsi eləmirik. Arının yay balından özünə çox saxlayırıq. Amma deyək ki, arıçının 10 çərçivə balı var, 8-9-nu süzür, bir-ikisi qalır, üstəlik, arıya şərbət də verir. Biz elə eləmirik.
 
- Bal xarlanırsa, deyirlər, bu, yaxşı bal deyil. Bu fikrə münasibətiniz?
 
- Xarlanma balın təbii və fiziki halıdır, tərkibindəki karbohidratlardan, qlükoza və fruktozanın nisbətindən asılıdır. Qlükoza üstünlük təşkil edən ballar tez, fruktoza təşkil edən ballar isə gec xarlayır. Xarlanmayan və ya bir az gec xarlanan ballar da var.
 
Misal üçün, şabalıd və akasiya balı gec, günəbaxan və həmişəgöyəm balı tez xarlayır. Əgər bal təbidirsə və xarlanıbsa, ona şübhə etmək olmaz. Duru balla onun arasında heç bir fərq yoxdur. Həmin balın sadəcə fiziki görünüşü dəyişib, keyfiyyəti və tərkibi dəyişməz qalıb.
 
Əksinə sağlamlığını düşünən adam balın xarını açaraq qızdırıb qəbul etməməlidir. Çünki balı təkcə qida kimi yox, tərkibindəki fermentlərə görə yeyirlər. Qızdırılıb maye halına salanda onun fermentlərini məhv etmiş olursan. Deməli, bal yox, sən şəkər qəbul edirsən.
 
 
 
- Balın sağlamlığa xeyir nədir? İndi xəstəliklər artıb, balın xəstəliklərə faydası varmı?
 
- Balların müxtəlif faydaları var və çoxdur. Amma biz yoxlada bilmirik ki, misal üçün, şabalıd balı insana necə təsir edir?.. Sadəcə ruslardan, türklərdən, Avropa mənbələrindən oxuyuruq.
 
Təbii ki, keçmişdə bununla bağlı araşdırma aparılıb. Avropada bal qida, Azərbaycanda isə dərman, təbii sağlamlıq vasitəsi kimi qəbul olunur. Mən balın təbii dərman vasitəsi olduğuna inanıram. Əgər biz çökənin çayını dəmləyib içiriksə, kəkotunun, dağ çiçəklərinin xeyri varsa, bəs onun ən gözəl çiçəyinin, lətinin xeyri olmaya bilərmi? Üstəlik arı ona ferment qatır.
 
- Arı məhsullarının da xeyri var?
 
- Bal arının 17 məhsulu içərisində ən zəifidir. Arının çiçək tozu, güləmi, propolisi, arı zəhəri var. Arının ölüsünün cövhəri, arıya düşən güvənin ekstratı var. Çox maraqlıdır ki, mum güvəsi ekstratdır. Arıya düşən bu həşərat mumu deşir, yeyir, arının həyatı üçün təhlükədir, nəmli yerdə arını məhv edə bilər.
 
19-cu əsrdə bir rus alimi araşdırır ki, mum güvəsi mumu yeyirsə, deməli, vərəm çöplərini də deşib öldürə bilər. Yoxlayıb görür yaxşıdır, sonra güvəni qidalandırır, daha yaxşı effekt verdiyinə şahid olur. Sonda düşünür ki, mum güvəsinin ifrazatı daha xeyirli ola bilər. Bu, 300-ə qədər xəstəliyə, o cümlədən xərçəngə, təzyiqə, şəkər xəstəliyinə təsir edir.
 
Propolisin antibiotik kimi güclü təsiri var. Misal üçün, arı südünü kəpənəyin yumurtasına verəndə daha böyük olur. Bu sahə apiterapiyadır. Apiterapevt həkimlər deyir ki, bu vasitələr uşaqları olmayan cütlüklər, gözündə zəiflik olanlar, qaraciyərində problem olanlar, psixologiyası yerində olmayan adamlar, dərisində ləkə olan adamlar üçün dərmandır.
 
Mən özüm “enerji uçuşu” kimi qoz, fındıq, müxtəlif çərəz və bal tərkibli qarışımlar hazırlayıram ki, bu sağlamlıqdan çox xəstəliyin qarşısını alır, immuniteti gücləndirir, zəifliyi aradan qaldırır.
 
Bizim qidalarımızın çoxu süni qidalardır, bu, sanki onların yaratdığı zərəri kompensasiya edir.
 
- Arıya baxan zaman başınıza maraqlı hadisələr gəlibmi?
 
- Məktəbdən gəlirdim, qonşunun həyətindən keçəndə gördüm ki, ora arılar yığılıb. Evə gəlib dedim, ağacın başına arılar yığılıb. Bir yeşik götürüb getdik ki, yolun qırağındakı söyüd ağacında arı beçələyib. Əgər yeşiyə salmasan, uçub gedəcək və arı ailəsi bir il yaşayıb məhv olacaq. Onu yeşiyə salıb evə gətirdik, tezliklə yumurtaladı və güclü arı ailəsi yarandı.
 
- Sizdə balın qiyməti necədir?
 
- Balın satışının ortala qiyməti 20-35 manat arasıdır. 40-45 manatdan o tərəfə artıq marketinqdir. Arının qaçıb meşədə bir-iki il qalandan sonra ağacın koğuşundakı dalaq balı bahadır. Ümumiyyətlə, dalaq balının özü baha sayılır. Çünki ora şan qoymursan, arını salırsan, çərçivəni özü hörür. Bu qiymət aralığında olan ballar təbiidirsə, bu normal qiymətdir.
 
Pərakəndə olaraq 10-15 manata satılan bala şübhə ilə yanaşmaq olar. Amma ola bilər, arıçının bir ton balı var, bunu topdan kilosu 10 manat satar ki, 5 min manat pul əldə etsin. Bütün xərclərdən sonra ona 2 min manat qalarsa, bu ona sərf edir. Amma 300 kiloqram balı 10-15 manatdan satmaq xeyir eləməz.
 
Qiymət məsələsində bəzi satıcılar şübhə yaradır. Burda saxtalıq şübhəsi var, ya da adam kənddə yaşayır, kənara çıxışı yoxdursa, ucuz satmağa məcburdur.
 
- Özünüz hansı baldan istifadə edirsiniz?
 
- Mənim ən çox sevdiklərimdən biri həmişəgöyəm balıdır. Ən tez xarlayan və ən gec oktyabrda süzülən baldır. Noyabrda saralmış olur, dadı, qoxusu fərqlidir, ağciyərə, öskürəyə, bəlğəmə çox xeyirdir. Həm də mən ona öyrəşmişəm.
 
 
 
- Adətən, alıcılar hansı bal növlərini almaq istəyirlər?
 
- Azərbaycanda məşhur olan bal növləri dağ balı, çiçək balı və az miqdarda gəzəngi balıdır. Akasiya, çökə, şabalıd, həmişəgöyəm, biyan, qarabaşaq bal növləri də var. Ən çox istənilən akasiya, çökə və dağ balıdır.
 
- Hər il bal yarmarkalar təşkil olunur, arıçılara ballarını satmaq üçün şərait yaradılır, bu yaxşı təcrübədir, elə deyilmi?
 
- Yarmarkalar yaxşıdır, arıçılar gəlib balını satırlar. Amma son vaxtlara qədər təmizlənmə prosesi gedir.
 
Arıçılar Assosiasiyası yarandı, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başladı. Proses davam edəcək və yarmarkanın formatında da yəqin ki, dəyişikliklər olacaq. Gələn ildən də bəzi yeniliklər gözlənilir. Fikir var ki, yarmarkaların təşkilini Arıçılar Assosiasiyası öz üzərinə götürsün. Kənd Təsərrüfatı Nazirliyi bütün arıçıları tanıya bilmir, Assosiasiyanın bütün rayonlarda filialı var ki, onu biz təşkil edə bilirik.
 
Yarmarkalarda problem o idi ki, bəzi adamlar müxtəlif yollarla satışa bal keçirə bilirdi.
 
 
 
- Arıçılara subsidiya verilməsinin məqsədi nədir, bu arıçıya necə kömək edəcək?
 
- Ölkə prezidentinin tapşırığından sonra subsidiyanın verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi bununla bağlı işlər gördü və 2018- ci ilin dekabr ayının axırında artıq bəzi arıçılar subsidiyanı aldı. Bəzi problemlər var idi. Statistika Komitəsi hesablayıbmış ki, məsələn, Azərbaycanda 270 min arı təsərrüfatı var, məlum olur ki, rəqəm iki dəfə çoxdur. Dövlət büdcəsindən 3 milyon ayrılıb, vəsait kifayət eləmir.
 
İndi 400 min arı ailəsinin sənədi qəbul olunub. Onun böyük qisminə subsidiya verilsə də, yerdə qalanlar üçün 2019-cu ilin büdcəsindən vəsait ayrılması nəzərdə tutulur. Qalanlara subsidiya verilməsə, arıçılar arasında problem yaranacaq. Çünki sənədlərin alınmasında da müəyyən problem var idi. Subsidiyanı da sənədi tez hazır olanlar aldılar. Yerdə qalan arıçılara aprel ayında 2019 -cu ilin subsidiyası da veriləcək.
 
Son iki ildə arıçılıq sürətlə inkişaf edir. Bu, hələlik kəmiyyət olaraq baş verir, təbii ki, peşəkar arıçılar keyfiyyəti inkişaf etdirməyə çalışır.
 
 
 
- Bəs bal ixrac olunurmu?
 
- Bir neçə ildir Azərbaycandan Yaponiyaya aran balı ixrac olunur. Başqa təkliflər də var. Hər halda Azərbaycan balı xaricə gedir. Amma ixrac məhsulunun həcmində artım zəifdir, çünki keyfiyyət qənaətbəxş deyil.
 
Dünyada balın ixrac qiyməti aşağıdır. Bir ölkədə istehsal artdıqca, qiymət düşür. Bizdə istehsal güclü deyil, yerli bazarı təmin edə bilmirik. Balın mayadəyəri bahadır.
 
- Bal bahalaşacaqmı?
 
- Bu, ildən asılıdır. Onsuz da balın qiyməti 20-35 manat arası dəyişir, bal bol olsa qiymətlər sabit qalacaq. Hazırda alıcı üçün bal bahadır, çox bal istehsal etməliyik ki, qiymət aşağı düşsün.

Загрузка...
Загрузка...