İcra başçısı: "Hər kəs bir can borcludur"

Baxış sayı: 
52
1  
0  

Hansı xalq qonşu xalqların maddi və mənəvi zənginliklərindən ağılla, yaradıcılıqla, soy-kökə bağlılıq və milli özəlliklərə uyğunluq (uyğunlaşdırmaq) səmtindən yanaşmaqla bəzi adət, məişət vərdişləri, ənənələrini özününkü edə bilirsə, burda bir qəbahət yoxdur.

Əksinə. Bu qarşılıqlı zənginləşmədir və dünya da bunun üzərində inkişaf tapıb. Hərbə münasibət, döyüşkənlik, düşmənə elliklə vaxtında layiqli cavab vermək, hərbçiliyi dövlətçilik yolunda həlledici amil olaraq görmək xalqların "gör-götür" prinsipi əsasında ortaqlaşdırdıqları ümumi dəyərlər olub.

Futbolu ingilislər icad ediblər, çox adam elə bilir ki, bu oyun növü braziliyalılara məxsusdur. Yay-oxu qədim türklər kəşf etdilər, ancaq bu silah olaraq monqolların əlində daha öldürücü oldu.

Yəhudi xalqı ən azı iki min il dünya üzərində dalaşmalı oldu və 1948-ci ildə dövlətlərini qurandan az sonra bu kiçik ərazili dövlət dünyaya elmi, iqtisadi, hərbi cəhətdən meydan oxumağa başladı. İyirmidən çox varlı ərəb dövlətləri onun əlində əsir-yesir oldular. Bizim xalq da fars, türkmən, gürcü, kürd, rus və Dağıstan xalqları ilə qonşuluqdan demək olar ki, bütün səpkilərdə yararlanıb və bizlərin də o xalqlara ciddi məişət, mədəniyyət, humanitar təsirimiz olub. Musiqidə, məişət adətlərində, şənlik, yaxud dəfn mərasimlərində xeyli ortaq ilişkilər görünməkdədir. Qısa zamanda çox da dərindən bilmədiyimiz, həvəs göstərmədiyimiz əkinçiliyi xalq olaraq öyrəndik (pambıq, üzüm, taxıl, bostan məhsulları). Zaman keçdikcə at belindən düşüb xiyar tağlarının yanına çökdük, pambıq alağı vurduq, kişilər önlərinə döşlük taxdı, alma dərdik, pomidor qablaşdırdıq, qış ayları yüz cür üsulla Rusiyaya gül daşıdıq, tez bitən kələmləri musiqi sədaları altında Leninqrad zəhmətkeşlərinə göndərdik. İxtisaslaşdıq, sovet bazarının təminatı üzrə çoxaldıqca bazarlaşdıq. Bazarlaşdıqca psixologiyamızda ciddi dəyişikliklər yarandı. İnsanların böyük bir qismi il boyu torpaqda eşələndirilməklə genimizə, soykökümüzə bağlı əsas keyfiyyətlərdən uzaqlaşdırılırdı.

Bazar tərəzisi xeyli sayda insanı yaltaqlığa, qorxaqlığa, mütiliyə öyrətdi. Rus bazarkomuna yarınan millət oğlunun ürəyində həmişəlik rus xofu kök saldı. Bu haqda düşünənlər az idi. Düşünə bilənlər, az-çox dünyanı dərk eləməyə çalışanlarımız qonşu respublikalara baxanda görürdülər ki, Tbilisinin "Dinamo" futbol komandası "Neftçi"dən yaxşı oynayır, onlarda daha çox məşhur güləşçilər var, ermənilərin ağırlıqqaldıranları, şahmatçıları dünyaca məşhur idilər. Eyni zamanda bu millətlər də əkin-biçinlə məşğul idilər...

Əsgərlikdə gördük ki, bizim millətdən heç zabit yoxdur. Erməni və gürcülərdən isə olurdu. Sovet quruluşu erməni və gürcüləri sındırmadı, bizi sındırdılar. İşləyib pul qazanmaq, çörək gətirmək Azərbaycan ailəsinin ən böyük amalı oldu. Ondan o tərəfə isə xəyal aləmi... Babək, Cavanşir, Koroğlu, Qaçaq Nəbi, "Əsli-Kərəm", "Aşıq Qərib", "Dədə Qorqud" bilgilərimiz... Gözümüzün önündə əsilsiz "bəyzadələr", Sosialist realizminin pambıqçı, suçu, naxırçı, baramaçı istiqamətli yeni insan axtarışları... Qəsdən unutdurulan onlarla Sultan bəy şəxsiyyətli erməni qənimləri...

Çeçenlərin də igidliklərindən o qədər eşitmişdik ki...

Laçın rayonunda bağlı-bağatlı varlı bir kənd var idi. Bu kəndin camaatı qapılarında kolxozda olan bol meyvələri satmağa ar edərdilər. Satmadılar da. At belindən də enmədilər. Genlərində olan minillik tarixlərdən o tərəfə söykənən Altaydan başlanan oxçuluq peşələrinə (sonralar tüfənglə ovçuluq) sadiq qaldılar. Əyilib-bükülüb yaltaqlanmadı bu camaat.

Zaman keçdikcə xalqımız türk döyüş ənənələrindən yan oldu, ruslar bizi döyüşə aparmayanda sevindik, öldürmək vərdişlərindən uzaqlaşdıq, ağciyər olduq. Qarabağ müharibəsi bizi haqlayanda müharibə psixologiyasından uzaq idik. Bazar psixologiyalılar, pul iyi bilənlər vuruşmadılar.

Bu gün əsas düşmənimiz olan ermənilər isə müharibəni heç vaxt yaddan çıxarmayıblarmış. Yüzdən artıq erməni Sovet İttifaqı qəhrəmanı Dağlıq Qarabağ əsillidir, 4 Sovet İttifaqı marşalı da Qarabağlıdırlar. Adam hesab etmədiyimiz, "erməni qandan qorxur" dediyimiz erməninin 75 yaşlı general-leytenant Xristofor İvanyan Stepanakertdə (Xankəndidə) oturub döyüşlərə kömək edirdi. Həmin an Şuşada hansı generalımız, hansı polkovnikimiz olub? Olmayıblar! Bakıda idilər! Qarabağın taleyi Şuşada həll olunsaydı Şuşaya gələrdilər! Ermənilər bizi düşmən olaraq unutmamış və vaxtında başlanacaq müharibəyə hərbi, psixoloji, insani baxımdan elliklə hazır olmuşlar. Onlardan ibrət götürə bilmişikmi?

Dövlətdaxili maddiyyatı, mədəniyyəti, cəmiyyəti, var-dövləti müharibə tamamilə məhv edə bilir. Güclü iş adamı, şair, aşıq, muğam ustası, alim, idmançı, peşəkar məmur... Bunlar dövlət üçün, xalq üçün lazımdır, varlıqları zərurətdən doğur. Amma hərbə münasibət hər şeydən öncə daha önəmlidir.

Xalq müharibə aparmağa qadir deyilsə, tam dəyərli olmur. Başqa sözlə, formalaşmanın müəyyən etaplarında qanı tökülüb, qan tökməyibsə, xalq yeniləşmir, inkişaf, qüdrət, yenilməzlik, özünüdərk, milli fəxarət kimi əlamətlər ümumi axarda axsayır, topuq çalır, ahəng pozulur, hərə ağzını bir səmtə tutur...

Unutduğumuz, gen düşdüyümüz, yadlaşdığımız kişi sənətinə kişi səviyyəsində yanaşsaq, ingilisin, fransızın, amerikalının, türkiyəlinin həyatda və dövlətdə mövqeyindən asılı olmadan hərbə münasibətlərindən ibrət götürək. Bizim döyüşçü kimi rusdan, çeçendən, osmanlı türkündən, bu gün ayaq üstə ölümə gedən bədəvi ərəblərdən əskikliyimizmi var? Yox! Silahla, döyüşlə, müharibələrlə haqqımızı aldığımız zamanın psixologiyasını beynimizə, ruhunu qəlbimizə dolduraq.

Braziliyalılarsayağı futbolu ingilisdən yaxşı oynamasaq, ingilis kraliçasının nəvəsindən yaxşı təyyarəçi olmasaq, oğlunun Əfqanıstanda həlak olma xəbərini soyuqqanlıqla qarşılayan holland general kimi oğlumuzu döyüşə göndərsək, osmanlı türkü olaraq müharibəyə yola saldığımız övladımızın alnına qurbanlıq hənası yaxmasaq, Azərbaycan kişisi olaraq hamılıqla ayağa qalxıb erməniləri torpaqlarımızdan qovmasaq, qəddi dikəlməyəcək bu xalqın! Özünə gələ bilməyəcək bu millət! Müharibədə qalib gələn inamlı, başı uca, qürurlu, şərəfli olur. Bəzi müharibə biliciləri, "ekspertlər", canıyanan siyasətçilər döyüşlər başlayacağı təqdirdə millətin genefonduna ağır zərbə dəyəcəyini qabardırlar. Həyatları müharibələrdə keçmiş ingilis, fransız, alman, rus və türklərdə genefond yox idimi? Ölüm-itimsiz müharibəmi olur? Ağac doğrananda pöhrələnir. Çox olub başıaşağı, gözükölgəli olmaqdansa...

Hər kəs bir cana borcludur! Qələbə! Özü də nəyin bahasına olursa-olsun qələbə!

Bu millət Qələbə dadmalıdır!..

Laçın rayonunun icra başçısı - Akif SƏLİMOV

 
 
Загрузка...
Загрузка...