​İcra başçıları «qanunsuz oğru» rolunda - onlar kamera qarşısında niyə elə dururlar...

Baxış sayı: 
131
2  
0  

 
Həbs görüntülərinə diqqətlə baxın: icra başçıları peşiman görünmürlər; bu yaşlı adamlar nəyə arxayındırlar?
 
Daha bir rayon rəhbərliyinin qandallanaraq Bakıya gətirilmələri ölkə idarəetməsində sanki fərqli mərhələnin başladığını göstərir. Nədir bu sərt siyasətlə fərqlənən mərhələ? Hacı Məmmədov olayları, 2005-ci il parlament seçkiləri ərəfəsi iki nazirin və bəzi məmurların qəfil həbsi yenicə hakimiyyətə gəlmiş prezident İlham Əliyev üçün ilk ciddi sınaq oldu. Çünki komandada həbslər hər zaman fəsadları ola biləcək hadisədir. Əlbəttə, 2015-ci ilin oktyabrında MTN çetesinin ifşasını, generalların həbsini də yada salmaq olar. MTN çetesinin ifşası rüşvətə bağlı olsa da, orada açılmayan hələ çox sirr qalıb ki, mövzumuz indilikdə bu deyil. «MTN işi»ndən ötən son 5 ilə nəzər yetirsək, ən bərbad imici olan məmuru belə vəzifədən çıxarıb başqa cəza tətbiq ediblər, məsələn, biznesindən məhrum olunub, amma azadlığını itirməyib. Son həbslərin prezident İlham Əliyevin ölkədəki idarəetmədə, iqtisadi sferadakı islahatları, hakimiyyətdə sanki əbədi olaraq kök salmış xeyli məmurla vidalaşandan sonra başlaması diqqət çəkir. Bəlkə də zamanlama təsadüfdür, hakimiyyətdəki «köklü ağacların» mərkəzi idarəetmədən uzaqlaşdırılması ilə əlaqəsi yoxdur. Amma «köhnələrin» iqtidarda təsir dairələri ən müxtəlif səviyyədə hələ də qalması barədə iddialar var. Bu proses bütün postsovet məkanı üçün xarakterikdir. O səbəbdən bu təsirləri tədiricən aradan qaldırmaq mümkün olur. Bəlkə postsovet ölkələri iqtidarları da minimal da olsa, bu təsirlərin qalmasında maraqlıdır. Çünki məsələn, Azərbaycanda baş verən dəyişikliklər o qədər əhatəli oldu ki, bu «inciklər ordusu» müəyyən risklər yarada bilərdi.
 
Sirr deyil ki, uzun illər icra başçıları təyinatları barədə sərəncamı prezidentdən, təlimatları isə digər məmurlardan alırdılar. Bu idarəetməyə son qoyuldu- indi icra başçıları təyinatlarını da, tapşırıqlarını da birbaşa prezidentdən alırlar - həm də bağlı qapılar arxasında deyil, ictimaiyyətin gözü qarşısında. Prezidentin mesajı da qısa və konkretdir: «Yaxşı işləməyən cəzalanacaq».
 
İndi qayıdaq, həbslərə. Həm Ağstafanın, həm Neftçalanın həbs edilən icra başçıları, «köhnələr»dən hesab olunurlar. Yəni bu adamlar əməllərindən də göründüyü kimi, hər cür yeniliyə, islahata qarşıdırlar. İndi hamı təəccüblənir ki, niyə cəmi bir ay əvvəl həbs edilən Ağstafanın icra başçısının taleyi Neftçala rəhbərliyinə dərs olmayıb. Əksinə, elə eyni əməliyyatla ifşa olunublar. Adam bir yolda qışda sürüşüb yıxılanda daha o yolda ayağını həmişə ehtiyatla atır. İndi haqlı olaraq soruşulur: necə oldu ki, hətta prezidentin bu günlərdə etdiyi yeni xəbərdarlıqlara baxmayaraq, Neftçala rəhbərləri kabinetlərində kücə tacirləri kimi pul almaqda davam ediblər? «Həbsdən qorxmurlar» deyirsizsə, yanılırsız. Yaşlarının bu vaxtında həbsxana onlar üçün acı sondur. Amma həbs görüntülərinə diqqətlə baxın: icra başçıları peşiman görünmürlər. Bu yaşlı adamlar nəyə arxayındırlar belə? Xalq bur yana, bu əməllərinə görə heç olmasa, nəvələrindən utanmırlarmı? Bu harınlar kimə güvəniblər? Bu adamlar sanki iqtidara da, xalqa da meydan oxuyurlar. «Biz çoxuq, bizi həbs edib qorxuda, sonumuza çıxa bilməyəcəksiz» demək istəyirlər. Bir qalıb ki, operator kamerasına kriminal kastanın üzvü kimi «hə, biz qanun(suz)i oğruyuq» deyib, qürurlansınlar.
 
 
Arxiv. Ağstafa rayonunun icra başçısının həbs görüntüsü.
 
Bu davranış iqtidardakı islahatlar prosesinə dirənişdir. Bu mənzərədə cüssəli qara maskalılar diqqət çəkir, dövlətə inam yaradır. Amma «maska altındakılar» hələ dövlət təhlükəsizliyinə təhdid kimi qalırlar. Bu qüvvələrin ölkədəki hərtərəfli dəyişikliyə niyə müqavimət göstərdikləri də tam aydın deyil. Onlar ciddi maliyyə mənbələri əldə etmiş, hətta müxalifətin müəyyən qismini hərəkətə gətirməyə belə cəsarət edə bilirlər. Bu qüvvələrdən "xoxan" düzəltməyə də ehtiyac yoxdur, onların dövlətə qarşı qeyri-qanuni vasitələrlə təzyiqi mümkün deyil. Dövlət də dirəniş göstərənlərə gücünü belə göstərəcək- qandal, həbs, ömürlük ləkə!
 
Bugünlərdə prezident İlham Əliyevin Azərbaycanın müstəqil siyasət xəttindən vaz keçməyəcəyini bir daha bəyan etməsi sadəcə, bəzi xarici qüvvələrə yönəlik mesaj deyildi. Bu, daxildə hakimiyyətin zəifləyəcəyini, bu cür həbslərlə zədələnəcəyini, iqtidardan narazılığın artacağını güdənlərə də bir göndərmədir. Cəmiyyət bu həbsləri dəstəkləyir, amma nə əlavə edərək? «Bizim rayonlara da gəlin, bizim icra başçısını da, bizim bələdiyyə sədrini də tutun» deyərək. Bu, artıq qaranlıq qüvvələrin marağında olan çağırışlardır. Filan naziri də tutun, filan rəisi də və sair… Günlərin birində «qara maskalıların» işini-korrupsiyaçı icra başçısını (və ya bir başqa yerli məmuru) əhali özü görməyə, həbs etməyə, cəzalandırmağa həvəslənsə, nə olar? Xaos…
 
Müşahidələr həm də onu göstərir ki, sosial şəbəkə üzərindən bu həbslərlə bağlı iqtidara yönəlik müəyyən təzyiqlər də var. Yəni sanki hakimiyyət suçlu duruma gətirilir. Hədəf bu korrupsiyaçılardan daha çox «niyə bu adamlara vəzifə verilib», soruşulur, hakimiyyət suçlanır. Bu baxımdan, gələcək günlər üçün də cür həbslərə bir psixoloji baryer də yaradılır, hakimiyyət labirintə salınır…
 
Nazim SABİROĞLU,
Musavat. com

Загрузка...
Загрузка...