İçki düşkünü olan oğlunu bıçaqlamış ata həbs edilmədi – Bakıda ailə dramı

Baxış sayı: 
94
1  
0  

 
 
79 yaşlı ata içki düşkünü olan oğlunu bıçaqlayıb. İş tapa bilmədiyini bəhanə edib əyyaşlığa qurşanan oğul da, əlini övladının qanına bulayan ata da peşmandır.
 
Məhkəmə tərəflərin barışdığını, oğulun atadan şikayətçi olmadığını nəzərə alaraq, ahıl yaşlı Samed Alıevi dəmir barmaqlıqlar arxasına göndərməyib, ona şərti cəza təyin edib…
 
Bakı Ağır Cinayətlər Məhkəməsində doğma oğlunu bıçaqlamaqda ittiham olunan 79 yaşlı Samed Alıevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
 
Virtualaz.org-un xəbərinə görə, hadisə ötən il martın 23-də gecə saatlarında Sabunçu rayonunun Zabrat qəsəbəsində baş verib. Oğlu Rövşən Əliyevin spirtli içki almaq üçün pul tələb etməsi ata-oğul arasında qarşıdurmaya səbəb olub. Mübahisə zamanı oğlunun onu təhqir etməsinə dözməyən ata bıçaqla Rövşənə zərbə endirib.
 
Əslən Qərbi Azərbaycandan olan Samed Alıev uzun illər Moldova Respublikasında yaşayıb. Orada ali təsil alıb, işləyib, ailə həyatı qurub. On il bundan öncə isə həyat yoldaşı Olqa ilə birgə daimi yaşayış məqsədilə Qaqauziyadan Bakıya köçüb. Zabrat qəsəbəsində oğlu Rövşən və arvadı Olqa ilə eyni mənzildə yaşayıb. Rövşənin işləməməsi, digər yandan isə spirtli içki aludəçisi olması həm atanı, həm də ananı bezdirib. Mütəmadi olaraq içki və siqaret üçün atasından pul tələb edən Rövşən növbəti dəfə onun bıçaq zərbəsinə tuş gəlib.
 
Törətdiyi əmələ görə S.Alıevə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib.
 
Təqsirləndirilən Samed Alıev ona elan olunmuş ittihamla özünü təqsirli bilib, törətdiyi əməldən peşman olduğunu deyib. İfadəsində oğlu ilə aralarında ədavət olmadığını söyləyib: “Oğlum Moldovada evlənmişdi, orada yaşayırdı. 2012-ci ildə arvadından ayrılandan sonra Rövşən də bizim yanımıza – Bakıya köçdü. İş axtarsa da, Bakıda iş tapa bilmirdi. Hər gün içki içirdi. Olqa da, mən də onun hərəkətlərindən bezmişdik. İmkan daxilində ona siqaret və araq pulu verirdim”.
 
S.Alıevin ifadəsinə görə, hadisə baş verən gün oğlu ondan yenə pul istəyib. O da Rövşənə 2 manat pul verib: “Pulu alıb getdi. Axşam saat 6-da evə gəlib yenə pul istədi. Pulum olmadığından verə bilmədim. Mübahisəmiz düşdü. DİN-in “102” xidmətinə zəng vurub şikayət etdim, polis gəlmədi. Sonra stolun üstündən bıçaq götürüb Rövşəni qorxutmaq istədim. Dedi “vur”, mən də əsəbi halda qarnından bıçaqla vurdum”.
 
S.Alıev ifadəsində göstərib ki, Rövşənin ona “sən deyəsən məni vurdun” deməsindən sonra yenidən “102” xidmətinə zəng vurub, oğlunu bıçaqladığını xəbər verib. Rövşən isə öz növbəsində təcili tibbi yadıma zəng vurub. “Rövşənə tibbi yardım göstərildi, bir neçə gün xəstəxanada müalicə olundu. Törətdiyim əməldən peşmanam, oğlumla barışmışam. Oğlum da, arvadım da mənim himayəmdədir. Bu halları nəzərə alıb barəmdə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edirəm”, – ata məhkəmədə deyib.
 
Zərərçəkmiş Rövşən Əliyev ifadəsində göstərib ki, Moldova Respublikasının Kamrat şəhərində qeydiyyatda olub. Həyat yoldaşından rəsmi şəkildə boşandıqdan sonra birgə yaşadıqları evi satıb. Yaşamağa yeri olmadığından 2012-ci ildə ata-anasının yanına – Azərbaycana köçüb: “İş tapa bilmirdim. Yaşadığım həyat tərzi məni içki aludəçisinə çevirmişdi. Demək olar ki, hər gün içirdim. Artıq ata-anam da bezmişdi. Hadisə günü atamı pul vermədiyinə görə söyüb təhqir etdim. O da polisə zəng vurdu. Mübahisəmiz düşdü, məni bıçaqladı”.
 
R.Əliyev mənzilə gələn polis əməkdaşlarına hadisənin günahkarının özü olduğunu deyib, atasını polis bölməsinə aparmamalarını onlardan xahiş edib: “Hadisənin baş verməsinə səbəb atamdan içkili halda daim pul tələb etməyim olub. Mübahisə zamanı atamı vurmamışam, xəsarət yetirməmişəm. Atamla barışmışam, heç bir şikayətim və tələbim yoxdur”.
 
Məhkəmənin qərarına əsasən, S.Alıevə 1 il sınaq müddəti olmaqla şərti cəza təyin edilib.

Загрузка...
Загрузка...