“Həyat yoldaşı nə eybəcərdir, heç yaraşmırsınız, ağlagəlməz şeylər...” - İlkin Həsəni ilə qalmaqallı müsahibə

Baxış sayı: 
58
1  
0  

 
Məşhur aparıcı-aktyor İlkin Həsəni Teleqraf.com-a müsahibə verib.
 
Onunla müsahibəni təqdim edirik:
 
- İlkin bəy, işləriniz necədir?
 
- Hazırda işlərim yaxşıdır. Təbii ki, hər işdə olduğu kimi müəyyən çətinliklər var. Amma ümumilikdə hər şey yaxşıd deyə bilərəm...
 
- Niyə film çəkmirsiniz?
 
- Sonuncu təqdim etdiyimiz “Bombaltı” filmi indiyədək çəkdiyimiz filmlər arasında ən bahalı və büdcəsi çox olan ekran işidir. Düşündük ki, filmlərin keyfiyyətində fərqlilik edək. Bu isə bizim ziyanımıza oldu. Hər şeyin ən yaxşısını etməyə çalışdıq, sərmayəmiz çox çıxdı. Kinoteatrlar və şirkətlər arasında yaşanan problem bizə təsir elədi. Nəticədə bu il film çəkəsi olmadıq.
 
- Bu məsələ ilə bağlı həmkarınız Elməddin Cəfərov da gileylənir. O da söylədi ki, filmə xərclədikləri vəsaiti qazana bilmədilər…
 
- Əslində son 5 ildə yerli filmlərin kinoteatrlara gəlməsi ilə Azərbaycan kinoteatrlarında dirçəlmə dövrü başladı. Ticarət mərkəzlərində yerləşən sinemalarda Hollivud və Rusiya istehsalı olan filmlər və Nizami Kino Mərkəzində isə arada türk filmləri nümayiş olunurdu.
 
 
 
- Kinoteatrlarda biletlərin qiyməti də qalxdı...
 
- Bəli. Biz təkidlə dedik ki, biletin qiymətinin qalxması həm bizə, həm də istehsalçılara ziyan olacaq. Hər iki şəbəkə özəl olduğu üçün qiymət artımını və müəyyən məsələləri özləri həll edirlər. Hələ ki dövlətin kinoteatrlara müdaxiləsi mümkün deyil.
 
- Bunun üçün aidiyyatı orqanlara müraciət etmişiniz?
 
- Hələ ki rəsmi müraciət olmayıb. Çünki bizim və digər istehsalçı şirkətlərin işi kinoteatrlardan keçir. Biz harasa müraciət edəndə və hansısa problemi işiqlandıranda kinoteatrlarla münasibətimiz pozulmuş olur. Necə ki bir müddət televiziyada müsahibəmdə demişdim, bu sahəyə dövlət müdaxiləsi olmalıdır.
 
Ən başlıca problem vergilərdir. Fikrimcə, bir neçə il müddətində Azərbaycan filmləri vergilərdən azad olmalıdır. Hətta bir il olsa belə həmin dirçəlişi görəcəksiniz. Şəbəkələr arasında bəzi problemlə həll edilməlidir.
 
Film bir kinoteatrda yayımlanırsa, başqasında gedə bilməz. Qiymət məsələsi tənzimlənməlidir. Bir neçə ay öncə ailəli bir adam mənə yaxınlaşdı və dedi ki, sizi sevirik, uşaqlarım məndən də çox sevir, amma sizin filminizi izləmək üçün kinoteatra gedə bilmirik.
 
 
 
Doğrudan da axşam seansında bilet, popkorn almaq və sair 40-50 manata başa gəlir. Məndən soruşdu ki, qiymət məsələsində neyləyə bilərsiniz?
 
Cavabında dedim ki, təəssüf qiymət məsələsinə müdaxilə edə bilmərik. Qiymətin düşməsi ilə bağlı təklif vermişik. Təəssüf ki, Cinema-Plus şəbəkəsi qiyməti hələ də yüksək saxlayır. Amma Park-Cinemada endirimlər başlayıb. Hətta tələbələr üçün müəyyən endirim kampaniyaları var.
 
- Bir müddət əvvəl prezident İlham Əliyev bir sıra mədəniyyət və incəsənət xadimləri ilə görüşündə bildirdi ki, qayğı və problemlərinizi bildirin. Bəlkə rəsmi müraciət edəsiniz?
 
- Niyə də olmasın?! Türkiyə filmləri bu mərhələyə adlamaq üçün müəyyən dövr keçdi. 80-ci illərdə çəkilən filmlərimizlə türk filmlərini müqayisə etsək onlar arasında yerlə-göy arasında fərq görərsiniz. Bizim filmlərimiz daha üstündür. Amma 90-cı illərin əvvəllərində bu sahəni öyrənmək üçün böyük qrup Almaniya və digər Avropa ölkələrinə getdilər.
 
Bu gün türk filmləri və serialları bir çox ölkələrdə yayımlaraq bütün sərhədləri aşıblar. Türk filmləri Hollivud filmləri ilə müqayisə olunacaq keyfiyyətdədir. Buna səbəb dövlətin dəstəyi olub, film istehsalçılarına dövlət qayğısı olub. Onlar vergilərdən azad olmasından istifadə edərək filmləri bu səviyyəyə gətiriblər.
 
Hazırda biz iki dəfə vergi ödəyirik. Kinoteatrlardan bizim şirkətə gələndə vergilər çıxılmış olur. Daha sonra isə biz yenidən pul qazandığımıza görə vergi ödəyirik. Bu baxımdan mənə elə gəlir ki, qanunda müəyyən tənzimləmələr olmalıdır.
 
- Elməddin Cəfərov çəkdiyi filmə 450 min vəsait xərclədiyini qeyd etdi. Maraqlıdır, siz “Bombaltı” filminə nə qədər pul xərcləmisiniz?
 
- “Stalinin başı” bu gün Azərbaycanda kinoteatrlarda ən çox izlənilən filmdir. Bu filmin rekordunu növbəti filmlərimiz belə yeniləyə bilmədi. Bir dönəm oldu ki, Azərbaycan tamaşaçısında yerli filmlərə dəstək, sevgi yarandı. Sonra kinoteatrlar isə tamaşaçı çoxluğundan istifadə etdi və qiyməti yüksəltməyə başladı. Tamaşaçı da düşünür ki, niyə kinoteatra gedim?
 
Bir il gözləyim və Yutub kanalına yerləşdirildikdən sonra izləyərəm. “Bombaltı” filminə 300 mindən çox pul xərclədik, amma təəssüf ki, onun yarısını qazandıq, böyük ziyana düşdük. Bu özəl şirkət üçün böyük rəqəmdir.
 
 
 
- “Bozbash pictures” komandası niyə dağıldı?
 
- Dostlarımızla belə qərara gəldik ki, “Bozbash pictures” komandası fəaliyyətini dayandırsın. 2013-cü ildən Azərbaycanın bütün regionlarını gəzdik, istənilən mövzunu təqdim etdik. Komandamızda qızıl altılıq var idi. Yenilik etmək üçün hansısa aktyoru gətirmək, qeyri-adi nə isə etmək bizim komandamıza lazım olmadı. Dedik ki, fəaliyyətimizi kinoteatrlarla davam edək, kinoteatrlar üçün ildə bir dəfə film çəkək, televiziya yayımını isə dayandıraq.
 
Çox əziyyətli bir iş idi. Çəkiliş qrupumuzda 13-14 nəfər var idi. Biz soyuq-isti bilmədən rayonlar gedirik. Orada əziyyətli çəkiliş prosesindən sonra montaj və sair olurdu. Sonda isə 40 dəqiqəlik material ortaya çıxırdı. Əziyyətimizə görə əldə etdiyimiz gəlirlərimiz bizə çatmırdı. Subay vaxtı kifayət edirdi. Amma evləndikdən sonra ailə xərclərimiz çoxaldı. Subay vaxtı rayona çəkilişlərə gedəndə hamı sevinirdi, lakin evləndikdən sonra hamı deyirdi ki, bizi çək, tələsirik, ailəmiz gözləyir. O baxımdan düşündük ki, nə özümüzə, nə də ailəmiz problem yaşadaq, layihəni zirvədə saxlayaq və dayandıraq.
 
Hazırda reallıq odur ki, Yutub trendinə daxil oluruq. Orada heç kimin müdaxiləsi olmur, hansısa saxtakalıq etmək mümkün deyil. Həmin trenddə ölkədə ən çox baxılan videolar yer alır.
 
 
 
- Hazırda “Şəmi” ilə “Şöşü”nün zarafatlarını aktual hesab edirsiniz? Ümumiyyətlə, hələ də bu obrazlara istək var?
 
- Təbii ki, istək var, sosial şəbəkələrdə yazırlar ki, “Bozbash pictures” nə zaman qayıdacaq? Düzdür, böyük tamaşaçı auditoriyası deyil, ancaq sayları kifayət qədərdir.
 
Bu gün “Bozbash pictures”i tənqid edənlərin çoxu bizim videolarmızı izləməyənlədir. Sadəcə haradasa iki-üç dəqiqəlik video görüblər, oradan nəticə çıxarıb ümumi layihəmiz haqqında fikir bildirirlər. Orada o qədər mesajlar var ki, tamaşaçı ancaq diqqətlə izləyərək başa düşə bilər. Biz obrazları yaratmaqla deməmişik ki, ay uşaq, sən də “Fəlakət” kimi danış, bığ yapışdır, video çək. Bizim əsas məqsədimiz ondan ibarət idi ki, cəmiyyətdə olan problemi altı obrazın dili ilə təqdim edək. Bizim Yutubda milyonlarla baxış sayımız var. Onlar da bizim tamaşaçılarmızdır.
 
- Bir müddət əvvəl insanlara “Çernobıl” serialına baxmağı tövsiyə etdiniz. Bu isə birmənalı qarşılanmadı. Xatırlayıram, hətta “Özünüz “Çernobıl” serialına baxırsınız, bizə “Şəmi” və “Şöşü”nü təqdim edirsiniz!” şərhinə çoxlu sayda bəyənmə gəlmişdi...
 
- Əslində sosial şəbəkə üzrə bəzi məsələlər var ki, mənim yerimə başqası olsaydı, dərhal o şərhi silərdi. Amma yazılan şərh mənim özümdə də təbəssüm yaratdı, onu saxladım. Çox adam dedi ki, həmin şərhi sil, görürsənmi, sənə nələr yazırlar. Sosial şəbəkələrdə demokratik yanaşamam var və ona görə şərhi silmədim.
 
Hətta bəzi saytlarda şərh yazan oğlandan müsahibə alıblar ki, eşitdik belə şərh yazmısınız və şərhinizə 10 min bəyənmə gəlib. 10 min istifadəçisi arasında dostlarım da var idi. O dostlar ki, “Bozbash pictures”ın videolarını paylaşanda da yazırdılar əla filmdi, çox güldük. Çox böyük rezonans yaranmışdı.
 
 
 
- O zaman həmin şərhə reaksiya vermədiniz. Bu gün həmin sosial şəbəkə izləyicisinə nə deyərdiniz?
 
-Bəli, cavab vermədim. Sadəcə olaraq rəyləri oxuyurdum. Dostlarım da o statusu skrın edib paylaşdı və yazdı ki, bu gün həmin serial ilə bizim öz gücümüzlə çəkilən serialı müqayisə etmək doğru deyil. Mən çox şeyə qulaq asa bilərəm. Mənim musiqi və film zövqüm də başqadır. Mən onları bir-bir tamaşaçılara desəm yenə də başlayacaqlar ki, sən demə, buna qulaq asırsınız, amma bizə “Şəmi və Şöşü” çəkirsiniz.
 
- Siyasətlə maraqlanırsınız?
 
- Siyasətdə baş verənləri izləyirəm. Siyasət o qədər dərindir ki, sadəcə kənardan izləməklə məşğulam. Amma müəyyən problemlər var ki, mən onları çalışdığım qədər işıqlandırmışam, bəzən də o problemlərin həlli üçün köməyim dəyib.
 
- Ermənistanın Baş naziri Nikol Paşinyanın Şuşada yallı getməsi, çoxlarını sarsıtdı. Sizə necə təsir etdi?
 
- Təbii ki, pis təsir etdi. Bunu da nəzərə almaq lazımdır ki, onlar siyasətçi olsa da daxillərində şou yaratamaq istəyi olan bir şoumen əyləşib.
 
- Yenidən film çəksəniz, “Şəmi ilə Şöşü”də nəyi dəyişərdiniz?
 
- Yenidən film çəksək, zənnimcə, “Şəmi və Şöşü” mövzusuna toxunmarıq. Ola bilər tamaşaçılarımız istəsə, kinoteatrlardakı problemlər aradan qalxsa, bir neçə ildən sonra yenisi çəkilə bilər. Bəzən olur vaxtilə baxdığımız aktyorlar 5-10 il sonra dəyişikliklərlə ekrana qayıdırlar. “Onlar yenidən qayıtdı” və ya “sonuncu film” adı ilə qayıda bilərik. Çünki bizim sonuncu filmimiz yoxdur. Son filmimiz var, amma sonuncu deyə tamaşaçılara təqdim etməmişik. Ola bilsin bir neçə il sonra “bu da bizim sonuncu filmimiz” deyib tamaşaçılara təqdim etdik.
 
- Niyə?
 
- Çünki “Bozbash pictures”lə bağlı nə kimi ideya və işlərimiz, çatdıracağımız mesajlar vardı düşünürəm ki, hamısını yerinə yetirmişik.
 
- Niyə pessimist olmusuz?
 
- Pessimistləşməmişəm. Sözün düzü, bu gün Azərbaycanda yeni simalar, istedadlar görmək istəyirəm ki, bax filankəs çıxıb partlatdı. Son illər ərzində yalnız İnstaqramla, Yutubla məşhurlaşan dostlarımız var, amma professional və gənc aktyor kimi diqqət çəkən yoxdur. Aktyorluqla yanaşı prodüserlik işi ilə məşğulam, fikirləşirəm ki, görəsən niyə yoxdur?
 
Axtarıram, videolara baxıram, bu yaxınlarda Mədəniyyət və İncəsənət Universitetində oxuyan tələbələrlə görüşüm oldu, dedim olarmı tamaşa və ya kurs işinizə baxım? Oradan seçmək istəyirəm, artıq o yola əl atmaq istəyirəm ki, oradan kimisə tapaq.
 
 
 
- Siz aparıcı kimi tanınırdınız, üzvlərdən “Bozbash pictures” kimi daha çox tanıtdı?
 
- Demək olar hamımızı tanıtdı, mən tanınırdım, amma aparıcı kimi tanınırdım. 2000-ci illərin əvvəlində aparıcılığa başlamışdım, həmin dövrdə doğulan adamın artıq 19 yaşı var və həmin şəxs məni “Bozbash pictures”dən tanıyır, mənim apardığım verilişləri görməyib, onun beynində mən “Şəmi” kimi qalmışam.
 
- “Şəmi” kimi tanınmaqdan, deyəsən, narazısınız...
 
- Yox, niyə narazı olum, bu, mənim yaratdığım, işlərimdə uğur gətirən obrazdır, “Şəmi” bu yaşımda pul qazanmağımda dəstək olub. Bu layihə bütün dostlarımız əlimizi pula çatdıran layihə idi. Heç vaxt o obrazdan utanmamışam. Müəyyən yerlərdə müraciət forması kimi “hə, Şəmi müəllim” deyə çağırırlar. Düşünürəm ola bilər ki, İlkin Həsənini tanımır.
 
- Onda özünüzü diskomfort hiss edirsiniz?
 
- Müəyyən diskomfortluq olur, ona da normal yanaşıram. Daha çox bölgələrimizdə belə müraciətlər olur, hər kəsin özünəməxsus sevgisini bildirmək tərzi var.
 
- Elşənə “Fəlakət” deyəndə narahat olmur...
 
- Çünki digər obrazlarımız həmin obrazlarda tanındılar və sevildilər. Təbii ki, aparıcılıqdan aktyorluğa keçəndə bunların hamısını düşünmüşdüm, aparıcılıq etdiyim dövrdə qazancım istədiyim qədər deyildi. Daha sonra isə bu layihəni başladıq.
 
Hətta başlayanda çox götür-qoy elədik, bir ay çəkiliş edib iki ay dayanırdıq, artıq 2013-cü ildə sırf serial kimi hər həftənin müəyyən günü çəkilişlərə başladıq. Ondan sonra “Bozbash pictures” tutdu.
 
 
 
- Hazırda ATV ilə əməkdaşlığınız hansı formadadır?
 
- Çox adam məni ATV-nin işçisi sayır. ATV mənim ilk iş yerim olub, 2001-ci ildən telekanalda çalışmağa başlamışdım. Amma 5 ilə yaxındır ki, ATV ilə rəsmi qaydada yollarımızı ayırmışıq. Hazırda prodakşn kimi çalışırıq və ATV üçün verilişlər istehsal edirik.
 
- Bir neçə il öncə saytımıza müsahibənizdə demişdiniz ki, digər kanallardan yüksək məvacibli iş təklifləri gəlsə də, ATV-yə sadiqliyinizə görə bu təklifləri dəyərləndirmirsiniz. ATV-yə görə başqa kanalla qalmaqal da yaşamışdınız...
 
- Bəli, o vaxt təklif olmuşdu, bir dəfə razılaşmışdım, sonra ATV rəhbərliyi razı olmadı, kanallar arasında müəyyən problemlər yaşamışdıq, amma sonra hər şeyi yoluna qoyduq. ATV bu gün əvvəlki ATV deyil. Necə ki, digər kanallar da əvvəlki kimi deyil. Amma telekanallarımız arasında müəyyən irəliləyişlər var, onu görürük.
 
- Bəs niyə ATV əvvəlki ATV deyil, nə dəyişib?
 
- Çox şey dəyişib, rəhbərlik dəyişildi, ATV-nin ən yaxşı simaları kanaldan getdi. ATV-də böyük ailə idik, hər kəs bir yana dağıldı, həm də ATV indi ona görə o ATV deyil ki, bu gün razılaşmalıyıq internet televiziyanı üstələyib keçib. Bu, digər telekanallara da aiddir.
 
Bir çox şirkətlər fikirləşirlər ki, pulu kanalda reklama verənədək Feysbuk və internetə qoyub məhsulumun təbliğatını apararam, izləyicilər internetdə reklama baxacaqlar. Çox təəssüf ki, verilişləri açırsan, internetdə baş verən hər hansı hadisəni müzakirə mövzusuna çeviriliblər. Tok-şouda hansısa video görüntüyə aid 2-3 saatlıq müzakirə aparırlar ki, ay ekspert, bu uşaq niyə belə etdi.
 
Təsəvvür edin ki, internetdə baxa biləcəyin 30-40 saniyəlik bir videodakı məlumatı 2 saat televiziyada müzakirə edirlər. Televiziyalarda mövzularla bağlı müəyyən qadağalar var, onlar aradan götürülsə, televiziyamız yavaş-yavaş işıq üzü görər.
 
- Son zamanlar əsas trendlərdən biri də “stand-up”lardır. Məşhur yumor ustası Cem Yılmazın Bakıya səfəri maraqla qarşılandı. Özünüzü “stənd-up”çı kimi sınamaq istərdiniz?
 
- Nədənsə bu sahə mənə cəlbedici gəlmir. “Stand-up”çı həm başına gələn maraqlı əhvalatları yaxşı danışmalıdır, həm də yaxşı aktyorluq qabiliyyəti olmalıdır, gələcəkdə bəlkə də ola bilər. Amma hazırda belə bir şey düşünmürəm. “Stand-up”u böyük auditoriya qarşısına çıxan Fərda Amindir, Tək zalı doldura biləcək adam hələ ki Fərdadır.
 
- Siz “stand-up” göstərsəniz zalı doldura bilməzsiniz?
 
- Balaca zallardan başlayıb böyüyə keçmək olar.
 
- Ölkə sərhədindən çıxmaq barədə heç düşünmüşünüz? Azərbaycanın Şən və Hazırcavablar Klubu vaxtilə əsrin çempionu olmuşdu, Ukraynanın hazırki Prezidenti Vladimir Zelenskinin şousuna gedən KVN komandalarımız vardı...
 
- KVN-çilərin yolu tamam ayrıdır. Rusiyanın yumorla bağlı böyük layihələrinə ermənilər rəhbərlik edir, prodüserlərindən tutmuş rəhbərliyə kimi hamısı ermənilərdir. Bilirəm ki, həmin müsabiqələrdə bizim uşaqlar necə çətinliklər görürlər. Rusiya yumorunun başında ermənilər dayandığı üçün yumorla bağlı nə isə eləmək çətin olar, əngəllər ola bilər.
 
- Mövzunu da dəyişməlisiniz, “Şəmi və Şöşü” ilə Rusiya səhnəsinə çıxmaq, qalib gəlmək...
 
- “Şəmi və Şöşü” il yarım bundan qabaq bitib dayanıb (gülür). Sadəcə olaraq videolar paylaşılır, tamaşaçılar elə bilir davam edir. Hazırda televiziyada “Bozbaş pictures”lə bağlı heç nə yoxdur, təkcə “Buğlama” layihəmiz gedir. O layihəyə “Bozbash pictures”ə baxmayanlar da baxmağa başlayıb.
 
- Həyat yoldaşınızla efirə niyə çıxmırsınız?
 
- Əslində bu, normal bir şeydir. Şəxsi həyatın adı özəldirsə, özəl də qalmalıdır. Bəzi paylaşımlar var ki, sosial şəbəkələrdə öz izləyicilərim üçün paylaşmışam. Həyat yoldaşımın ad günündə və ya ailəvi qeydi ilə paylaşım etmişəm.
 
Efirlərə dəvət ediblər, “Zaurla Günaydın” verilişinə də çağırmışdılar, sadəcə olaraq müəyyən kompleks var ki, verilişlərə həyat yoldaşımla gedəndə rahat ola bilməyəcəyimə görə deyirəm, ehtiyac yoxdur, qalsın.
 
 
 
- Ailəvi fotolarınıza tənqidi rəylər yazanlar olur?
 
- Olub, yazıblar həyat yoldaşı nə eybəcərdir, heç yaraşmırsınız. İnsanlıqdan kənar, ağlagəlməz şeylər də yazıblar.
 
- Onda blok siyahınızda adam çox olar...
 
- Hə, çoxdur, amma tənqid edənlər deyillər. Spamlardır çoxu, reklamla məşğul olanlardır. Dırnaq qaynağı, xanımlara onlayn iş və sair reklamlar səhifəmdə doludur.
 
- Özünüzdən razı olduğunuzu çox eşidirsiniz?
 
- Bunu axırıncı dəfə “ATV Maqazin”də aparıcılıq edəndə eşitmişəm. Orada bir obraz yaratmışdım, jestlərlə “mən deyirəm, bilin ay camaat, mənə baxın” deyən obraz idi. İstəmədən belə bir şey alınmışdı. Deyirdilər bu oğlan özündən razıdır.
 
- Kənan MM-lə münasibətiniz necədir?
 
- Kənan MM-o çoxdandır görmürəm.
 
- Filminizlə bağlı paylaşım edib sizi dəstəkləmişdi. Barışmamısınız?
 
- Vallah, belə görüşməmişik, amma ailəvi fotomunuz altında “Allah saxlasın” deyə şərh yazmışdı. Mən də cavabında “çox sağ ol” qeyd etmişdim. Kənandır da, bir gün yaxşı olur, bir gün içinə balaca cinlər girir, olur pis...Tutmaq olmur, amma ona qarşı kinim yoxdur.
 
- Yenidən aparıcı kimi fəaliyyət göstərməyi düşünürsünüz?
 
- Təkliflər çoxdur, ATV-dən də olub, özümüz də yeni veriliş barədə müzakirə aparırıq, amma ilk növbədə hansısa layihəni ortaya çıxarmazdan əvvəl düşünürük baxılacaqmı. Fikirləşirik görəsən, ATV-də müəyyən qadağalarla hazırlayaq, yoxsa Yutub üçün qadağalar olmadan ərsəyə gətirək. İki seçim arasında qalmışam. ATV üçün hazırlayanda müəyyən qadağalar olur: bu mövzu olmaz, ona toxunma, bu müəllimin adını çəkmə, filan nazirə sataşma, o icra başçısı haqda heç nə demə.
 
- Tok-şou formatında olacaq?
 
- Yutub üçün tok-şou kimi planlaşdırırıq, elə ilk media kanalında pulsuz olacaq.
 
Fotolar: Pərviz Həşimi

Загрузка...
Загрузка...