​Hərbi xuntanın sonu: danışıqlarda nə dəyişəcək? - Şərh

Baxış sayı: 
157
0  
0  

 
Ermənistanda faktiki olaraq hakimiyyət dəyişir. Ancaq Dağlıq Qarabağ və işğal edilən torpaqlarımıza münasibətdə heç bir dəyişiklik gözləmirəm. Çünki Ermənistanda hakimiyyət dəyişsə də, Qarabağ məsələsinə münasibət dəyişməz olaraq qalır. İstər daşnak olsun, istər liberal, istərsə də solçular, onların yanaşma tərzi yumşaq və ya sərt ola bilər, amma ümumi yanaşma arasında fərq yoxdur.
 
Bu fikirləri Teleqraf.com-a siyasi şərhçi Elçin Şıxlı Ermənistanda dinc aksiyalarla müşahidə olunan hakimiyyət dəyişikliyi və bunun Dağlıq Qarabağ münaqişəsinə təsirini şərh edərkən deyib.
 
Elçin Şıxlı bildirib ki, artıq İrəvanda hakimiyyət dəyişikliyi baş verib:
 
“İndi olmasa da, bir müddət sonra Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilə bilər. Prosedur bunu deməyə əsas verir. İkincisi, Ermənistanda hakimiyyət dəyişikliyi baş verirsə, hakimiyyətin başına kimin gəlməsindən asılı olaraq, Cənubi Qafqazda situasiyaya təsir edə, qüvvələr nisbəti dəyişə bilər. Yeni hakimiyyətə gələn hökumət Rusiya ilə isti münasibətləri qoruyub saxlayacaq, yoxsa məsafə saxlayacaq? Əgər Rusiyadan məsafə saxlayacaqsa, deməli, Qərb Ermənistana daha çox yaxınlaşacaq. Bu səbəbdən də Cənubi Qafqazda qüvvələr nisbəti dəyişə bilər. Ancaq İrəvan küçələrində keçirilən mitinqlər zamanı Rusiyanın əleyhinə çıxışlar görmədim. Sözsüz ki, burada incə məqam da ola bilər. Siyasətçilər və insanlar görür ki, indi Rusiyanın vəziyyəti gərgindir. Qərb ölkələri tərəfindən tətbiq olunan sanksiyalar, iqtisadi durum və onun təsiri ilə xeyli zəifləyən Moskva ermənilərə onların arzu etdiyi qədər dəstək verməyə bilər. Buna görə də ermənilər üzlərini başqa istiqamətə çevirə bilərlər. Ermənistanın diaspor təşkilatları da Sərkisyanın əleyhinə idi. Bir qədər gözləmək lazımdır. Hökumət dəyişikliyi, bundan sonra gələnlərin üzünü şimala və ya qərbə tutmasından asılı olaraq Cənubi Qafqazda tarazlıq pozula bilər. Biz də diqqətli olmalıyıq. Çünki Qarabağ probleminin həllində yeni yanaşmalar ortaya çıxa bilər. Qərbin buna təsiri daha çox "ola bilər və ola bilməz" məsələsi hələlik açıqdır. Amma bu, baş verə də bilər. Hər halda bunu istisna etməmək, diqqətdə saxlamaq lazımdır”.
 
Analitik deyir ki, Ermənistanın Rusiyanın təsir dairəsindən çıxması tezliklə və asanlıqla baş verməyəcək: “Amma Ermənistanın bütün hərəkətlərinə diqqət edərək, belə bir ehtimalı görməmək mümkün deyil. Odur ki, biz bütün variantlara hazır olmalıyıq. Sözsüz ki, hərbi əməliyyatların bərpa olunması gündəmdə olmayacaq. Sadəcə olaraq, danışıqlarda dəngələr, üslub və ləhcə dəyişə bilər. Rusiya zəifləyərsə, Qərb ölkələrinin təsiri güclənə bilər. Əslində burada söhbət nə Ermənistandan, nə də Azərbaycandan gedir. Sadəcə Rusiyanı zəiflətmək, onun təsir dairəsini azaltmaq üçün bu işlər baş verə bilər”.
 
Müəllif: Cavad

Загрузка...
Загрузка...