​Hokkey azarkeşi Brejnev məşqçi Tixonovu Riqadan Moskvaya necə gətirdib? – Xarlamovun fanatı

Baxış sayı: 
118
1  
0  

 
Leonid İliç Brejnevin çoxsaylı şakərləri arasında hokkey oyununun xüsusi yeri olub. Baş katib SSRİ yığmasına, klub komandaları arasında isə Müdafiə Nazirliyinin komandası olan MOİK-ə (Mərkəzi Ordu İdman Klubu – ruscada: ЦСКА) azarkeşlik edib. O, bu komandaların Moskvada keçirilən, demək olar ki, bütün oyunlarını canlı seyr edib. Məhz “1 nömrəli azarkeş”in sayəsində 1964-1982-ci illərdə sovet hokkeyi özünün ən şanlı dövrünü yaşayıb, dünyanın idman arenasında məşhurlaşıb.
 
Uzun illər Brejnevin mühafizəçisi olmuş Vladimir Medvedyev xatirələrində baş katibin hokkey azerkeşliyi haqqında yazıb:
“Leonid İliç hələ 1960-cı illərin əvvəllərindən hokkeyə azarkeşlik edib. Elə o illərdən də həmin dövrdə SSRİ-yə rəhbərlik edən Nikita Xruşovla arabir oyunları birgə seyr ediblər. Brejnev MOİK-ə, Xruşov isə Moskvanın “Spartak” komandasına azarkeşlik edib. Əslində Xruşovun bu oyun haqqında anlayışı olmayıb. O, dövlət başçısı kimi rəmzi olaraq oyunlarda iştirak edib. Sonrakı illərdə Brejnev siyasilər arasında ən qatı azarkeş kimi tanınıb...”
 
Brejnevin hokkey azarkeşliyi o dərəcədə olub ki, oyunun nəticələri onun əhvalına, psixoloji və sağlamlıq durumuna da təsir edib. SSRİ yığmasının parlaq qələbələrinin birindən sonra səhərisi günü tibbi müayinədən keçərkən həkim ondan soruşub:
 
- Leonid İliç, yəqin ki, dünən tam istirahət etmisiniz. Əvvəlki müayinələrin nəticələrindən fərqli olaraq bugünkü göstəriciləriniz daha müsbətdir.
 
 
 
 
 
Brejnev ötən günün iş qrafikini həkimə söyləyib:
 
- Dünən səhər Siyasi Büronun iclasında iştirak etmişəm, günortadan sonra Çexoslovakiya Kommunist Partiyasının nümayəndələri ilə görüşümüz keçirilib, daha sonra təxminən iki saat ərzində katiblikdən verilən sənədlərlə işləmişəm, axşam saatlarında isə hokkeyə baxmışam. Yeri gəlmişkən, onu deyim ki, dünən Xarlamov əsl ustalıq nümayiş etdirdi.
Həkim gülümsəyərək baş katibə tövsiyə edib ki, tez-tez hokkey oyunlarını izləsin.
 
Leonid İliç oyunlalrı izləmək üçün “Lujniki”yə adətən yarım saat əvvəl gəlib. Hokkey azarkeşi olub-olmamalarından asılı olmayaraq Siyasi Büronun üzvləri onun yanında olublar. Brejnevin kürəkəni Yuri Çurbanov baş katibin idman tədbirlərində iştirakını belə xatırlayıb:
 
“Brejnev və onun komandası üçün “Lujniki”də xüsusi fəxri loja var idi, lojanın arxasında isə istirahət otağı. Bu otaqda süfrə əvvəlcədən hazırlanırdı, böyük masanın üstünə defisit sayılan içkilər, müxtəlif soyuq qəlyanaltılar düzülürdü. Bir-iki qədəh içdikdən sonra onlar lojaya keçirdilər.
 
Brejnevlə marşal Dmitri Ustinov MOİK-ə, Konstantin Çernenko “Spartak”a, Yuri Andropov “Dinamo” ya azarkeşlik edirdi. Mixail Suslov və Arvid Pelşe ümumiyyətlə buz meydançada nələrin baş verdiyini anlamırdılar. Onlar oyunun sonuna qədər emosiyasız, səssiz-küysüz “sürüşənləri” seyr edirdilər.
 
Matçı şərh edən oyun zamanı azarkeşlərin siqaret çəkməməsi ilə bağlı tez-tez xəbərdarlıq edirdi. Amma bu xəbərdarlığa fəxri lojanın üzvləri, o cümlədən Brejnev məhəl qoymurdu. Nəhayət, turnirlərin birində SSRİ Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri Sergey Pavlov şərhçilərə siqaret qadağası ilə bağlı xəbərdarlıqlara son qoyulmasını göstəriş verdi. Suslov çox vaxt siqaret çəkənlərin yanında olmaması üçün bir az kənarda əyləşirdi.
 
Leonid İliçə həkimlər siqaret çəkmək məhdudiyyəti qoyanda o, cibində siqaret gəzdirmirdi. Gərgin oyunların birində belə bir hadisə baş verdi. MOİK-lə “Spartak” qarşılaşmasında hərbçilər 1-2 hesabı ilə geridə idilər. MOİK şaybanı rəqib komandanın qapısından keçirib hesabı bərabərləşdirmək imkanı qazananda hakim bu qolu saymadı. MOİK-in hokkeyçiləri etiraz eəlməti olaraq meydançanı tərk etdilər. Aradan 20 dəqiqə keçdi və bu müddət ərzində Brejnev lojada var-gəl edirdi. Nəhayət, o, köməkçisini çağırdı:
 
- Get onlara de ki, axmaqlıq etməsinlər, meydançaya çıxsınlar.
 
Bu göstərişdən sonra oyun davam etməyə başladı. “Spartak” üçüncü qolu vurdu. Brejnev məyus olmuşdu, mənə yaxınlaşıb siqaret istədi. Mən cibimdəki “Kent” qutusundan ona siqaret verdim. Leonid İliç bir-iki udum aldıqdan sonra dedi:
- Yura, sən belə siqaretlər çəkmə, bizimkilərdən çək, onlar daha güclü təsir edir.
 
 
 
Bu hadisədən sonra mən Brejvlə görüşdüyüm tədbirlərə iki qutu siqaretlə gedirdim. Bir qutu “Kent” özüm üçün, bir qutu “Novost” baş katib üçün. O, adətən “Novost” və “Stoliçnı” siqaretlərindən istifadə edirdi. Həmin oyun MOİK-in məğlubiyyəti ilə bitəndə Brejnev Ustunova narazılığını bildirdi:
 
- Biz bunlara bu qədər vəsait sərf edirik, mənzil, maşın, mükafatlar. Əvəzində isə nəticə ürəkaçan deyil.
 
 
 
Ustinov Brejnevi sakitləşdirməyə çalışırdı:
 
- Leonid İliç, düzələcək, müharibənin ilk illərində biz də məğlub vəziyyətdə idik, amma sonradan qalib olduq, narahat olmayın...”
 
Brejnev heç vaxt nə oyundan əvvəl, nə də sonra geyinib-soyunma otağında hokkeyçilərlə görüşməyib, oyun ərəfəsi zamanı nə məşqçilərlə, nə də oyunçularla söhbət aparmayıb. Heç Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri Sergey Pavlov da fəxri lojada yer almayıb. Brejnev adətən oyunlardan bir neçə gün sonra sevimli komandası ilə görüşüb və heç vaxt onların arasında ayrı-seçkilik qoymayıb, ya hamını mükafatlandırıb, ya da heç kimi.
 
 
 
Amma baş katibin ən sevimli oyunçusu həm MOİK-in, həm də SSRİ yığmasının hücumçusu Valeri Xarlamov olub. Xarlamov meydançaya 17 nömrəli forma ilə çıxıb, Brejnevin ona bəxş etdiyi “Volqa”nın nömrəsi də 00-17 MMB olub. 1981-ci ildə əfsanəvi hokkeyçi bu maşınla qəzaya düşüb. Sükan arxasında olan həyat yoldaşı İrina, onun qardaşı Sergey və Valeri Xarlamov qəza nəticəsində həlak olublar. Bu hadisədən sonra hər iki valideynini itirmiş Xarlamovların oğlunu və qızını Brejnevin göstərişi ilə Müdafiə Nazirliyi himayəyə götürüb.
 
Brejnev vaxtına qənaət etmədən sovet hokkeyinin inkişafı üçün bu sahənin mütəxəssisləri ilə mütəmadi görüşlər keçirib. Belə görüşlərin birində baş katibə Viktor Tixonovun yüksək peşəkarlığı haqqında məlumat verilib. Həmin ərəfədə Tixonov Riqanın “Dinamo” hokkey klubunun məşqçisi işləyib. Bu məlumatdan sonra Brejnev Sergey Pavlovu yanına çağırıb və aralarında belə söhbət olub:
 
- Mən sizin işinizdən razıyam. Amma Viktor Tixonovun peşəkar bir məşqçi kimi Moskvadan uzaqda, Riqada olmasından narazıyam. Siz onu paytaxta dəvət edin. O, həm bizim ölkə yığmamıza, həm də MOİK-ə başçılıq etsin.
 
Pavlov bu haqda Tixonovla bir-neçə dəfə söhbətlərin aparıldığını söyləyib:
 
 
 
- Leonid İliç, biz bu məsələni bir neçə dəfə qaldırmışıq, Tixonovu Moskvaya dəvət etmişik. Amma o, bu dəvətləri qəbul etməyib.
 
- Onda biz başqa vasitələrdən istifadə edərik.
 
Brejnev bu məsələni DTK sədri Yuri Andropova həvalə edib. Andropov Tixonovu qəbuluna çağırıb. Baş katibin təşəbbüsünü ona çatdırıb. Tixonov təklifdən imtina edib. Elə görüş zamanı Andropov Brejnevə zəng vurub:
 
- Leonid İliç, hazırda Tixonov mənim qəbulumdadır, təkidlərimə baxmayaraq təklifdən imtina edir.
 
- Siz ona mənim adımdan çatdırın ki, bura bizim evimizdir və bu evdə heç kim imtina edə bilməz.
 
 
 
Beləliklə, Viktor Tixonov 1977-ci ildən Moskvaya köçüb, SSRİ yığmasının və MOİK-in məşqçisi vəzifəsini icra etməyə başlayıb və böyük uğurlar əldə olunub.
 
Brejnev hokkeyə o dərəcədə aludə olub ki, bəzən Siyasi Büronun iclaslarını hokkey haqqında məlumatlarla başlayıb. Belə iclasların birində baş katiblə Ustinov arasında 10 dəqiqə müddətində hokkeylə bağlı qızğın müzakirələr gedəndə təmkini ilə fərqlənən Aleksey Kosıgin dözməyərək əlini stolun üstünə çırparaq iclası tərk edib.
 
Beləliklə, Leonid İliç Brejnev 18 illik hakimiyyətinin bir hissəsini buz meydançalarını seyr edərək SSRİ-ni sürüşdürə-sürüşdürə çox acınacaqlı bir vəziyyətdə Yuri Andropova təhvil verib.
 
İlham Cəmiloğlu, Musavat.com

Загрузка...
Загрузка...