“Heç kəs sinəsinə döyməsin ki, mən canımı fəda etdim müstəqillik yolunda...”

Baxış sayı: 
71
1  
0  

“ABŞ Demokratlar Partiyasının nümayəndəsi qəbulumdan çıxanda köməkçimə deyib ki, mən inanmazdım, Azərbaycanda belə bir rəhbərlə qarşılaşacam…”

18 Oktyabr  -Müstəqillik günü ərəfəsində ölkəmizin suverenlik və müstəqillik əldə etməsində xidmətləri olmuş birinci Azərbaycan prezidenti  Ayaz Mütəllibovla görüşərək geniş müsahibə götürdük. Müsahibədə eks-prezident SSRİ-nin çöküşü ərəfəsində baş verən proseslər, ölkənin müstəqil dövlətinin formalaşdığı ilk aylarda atılan siyasi, iqtisadi addımlar və s. haqda  maraqlı fikirlər və faktlar səsləndirdi.. 

-Ayaz müəllim, müstəqilliyimizin qazanılmasında o vaxtkı mitimqlərdə fəallıq göstərən, çıxışlar edən, tez-tez həbs edilən, bəzən hətta döyülən Xalq Cəbhəsi  liderlərinin rolunu necə dəyərləndirirsiz?

-Düzdü, öncə dediyim kimi, cəbhəçilər sonradan xalq kütlələrinin təşkilatlanmasında, mitinqlərin keçirilməsində xeyli rol oynadılar. Ancaq əsas səbəb mərkəzin dağılması idi. Odur ki, bu gün heç kəs sinəsinə döyməməlidir ki, mən canımı fəda etdim müstəqilliyin yolunda, əks halda biz müstəqil ola bilməzdik. Bir şeyi anlamaq lazımdır ki, mərkəz- Moskva, Kommunist Partiyası Qorbaçovun diktəsi ilə özü-özünü sökürdü və biz də digərləri kimi oradan ayrıldıq... Amma başqalarından bir az ağır oldu bizim ayrılma prosesimiz... Bunda da özümüzünkülərin yersiz və ya yalnız hakimiyyət uğrunda mübarizəyə yönəlmiş  məkrli hərəkətləri də xeyli rol oynadı...

-Deyirsiz, AXC-nin  o qədər rolu olmayıb bu hərəkatda. Onda belə çıxmırmı ki, Azərbaycandakı xalq hərəkatı da elə Qorbaçovun və dolayısıyla Qərbin SSRİ-ni çökdürmə planlarına uyğun yönləndirilirdi. Maraqlıdır ki, 1988-ci ildə mitinqlər yenicə başlayanda bəzi yerlərdə milislər iştirakçıların qarşılarını kəsib bir neçə nəfəri həbs edib sonradan buraxsalar da, ümumiyyətlə, xalqın sovet imperiyasına qarşı mübarizəsinə ciddi müqavimət göstərılmirdi. Əksinə, hökumət orqanları çox vaxt buna şərait yaradırdı. Bir faktı deyim:1988-ci ilin 17-18 noyabr tarixlərində biz tələbələr  təhsil aldığımız instututdan toplaşıb sovet dövründəki 1 May nümayişlərindəki kimi  sərbəst şəkildə Azadlıq meydanına axışırdıq. Hətta milis maşınları özləri bizi müşayiət edir, təhlükəsizliyimizi təmin edirdi. Yəni belə çıxırdı ki, qeyri-rəsmi şəkildə icazə var mitinqə. Hətta o zaman prorektor işləyən müəllimlərimizdən biri sonradan  maraqlı bir etiraf edirdi.  O, 17 noyabrda tələbələr mitnq üçün toplaşanda rektora müraciət edib ki, dərs prosesi pozulur, nə edək. Rektor cavab verib ki, narahat olmayın qoyun, tələbələr getsinlər mitinqə yuxarıdan göstəriş var...

-İnandırıcı məsələdir, inandırıcı sözdür. Çünki Moskvanın özünü və bütün keçmiş müttəfiq respublikaları xaricdən nəzarətdə saxlayanlar var idi. Qorbaçovun yenidənqurma siyasətinə inam şərti idi... Burada iki  vacib şərt vardı.  Birincisi, plüralizm, fikir müxtəlifliyi, çoxpartiyalılıq, ikincisi də  fərdi mülkiyyət formasının genişləndirilməsi. Bu iki məsələ olmasa. heç kəs Qorbaçovun islahatlarına inanmazdı. Odur ki, həmin islahatların zahirən də olsa, keçməsinə nəzarət etmək üçün Amerikanın adamları hər bir respublikada işləyir və vaxtaşırı Vaşinqtona məlumat verirdi... 
Təxminən 1991-ci ildə hələ SSRİ dağılmamışdan öncə, mən 1-ci katib olarkən qəbuluma ABŞ-dan bir xanım gəldi. Məlum oldu ki,  o, Demokratlar partiyasının məsul işçisidir. Təəssüf ki, adı yadımda deyil. O, xahiş etdi ki, ölkədəki vəziyyət haqda məlumat verim ona.  Söhbətimiz alındı. Ona Qarabağ, erməni məsələsi, ölkənin iqtisadi durumu və s. haqda gərək bildiyim məlumatları verdim. Amerikalı demokrat xanım çıxanda  köməkçimə belə deyib: siz bilirsiz, mən heç təsəvvür edə bilməzdim ki, Azərbaycanda bu cür rəhbərlə qarşılaşacam. O, bizim kateqoriyalarla düşünür. Yəqin ki, həmin xanım gedib Vaşinqtonda da məruzə edib ki, Azərbaycan rəhbəri kommunist olsa da, azad, demokratik düşüncəlidir, onunla əməkdaşlıq etmək olar. Odur ki, az sonra neft müqavilələri məsələsi ortalığa çıxdı. Biz bu prosesi başlatdıq. Və sonra rəhmətlik Heydər Əliyev həmin işi  uğurla davam etdirdi. Və bu həqiqi mənada çox ağır və mürəkkəb məsələ idi. Lakin Heydər Əliyev bunu ustalıqla yoluna qoydu. Və nəticə göz qabağındadır: Bakının bu günkü mənzərəsi hər şeyi deyir... 

Yəni elə məsələlər  var idi ki, onları qabaqcadan həll etmək mümkün olmasa da, bünövrəsini qoymaq lazım idi... Bu gün sevinirəm ki, biz çox  qısa müddətdə  bəzi işləri görə bildik...

-SSRİ-nin dağıdılması prosesindən danışdıqlarınızdan sonra  belə bir sual çıxır: Qorbaçov  elə öncədən SSRİ-ni dağıtmaq üçün gətirilmişdi hakimiyyətə, yoxsa  sonradan Qərb, ABŞ onu ələ alaraq buna yönləndirdi?..

(Davamı var) 
moderator.az
Загрузка...
Загрузка...