​Hafiz Hacıyevin geyim “aldığı” mağazadan – Reportaj

Baxış sayı: 
47
1  
0  

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin geyimlərini “20 Yanvar” metrosunun yaxınlığındakı “ikinci əl” geyimlər satılan yerdən aldığını bildirdikdən sonra “Memi”yə baş çəkmək qərarına gəldik. Məlumdur ki, “Memi” Avropadan gələn paltarları çəki ilə alır, daha sonra satışı ilə məşğul olur.
 
Əvvəlcə “20 Yanvar” metrosunun çıxışında yerləşən “Park 20” ticarət mərkəzinin daxilindəki “Meqa Memi” mağazasına gedib, Hafiz Hacıyevin bu ünvana gəlib-gəlməməsinə cavab tapmağa çalışdıq. Satıcının cavabı isə belə oldu:
 
- Gəldiyini xatırlamıram. Burada olmayıb.
 
Satıcılar da, kassir də partiya sədrini, qiyabi də olsa, tanıyırlar, amma müştəriləri olmadığından əmindirlər.
 
Söhbət əsnasında məni “20 Yanvar”da yerləşən digər “Memi” mağazasına yönləndirdilər. “Meqa Memi”nin işçiləri ehtimal etdi ki, sədr çox güman, həmin mağazanı nəzərdə tutub.
 
Eyni suala “Memi” mağazasının kassiri olan xanım da eyni cavabı verir:
 
- Bizdən almayıb.
 
- Onu tanıyırsınız?
 
- Yox, xatırlamadım... (düşünür) Keçəl kişidir?
 
Şəklini göstərirəm. Diqqətlə baxır.
 
- Bəlkə də gəlib... Qızlara da göstər, bəlkə, onlar xatırladı.
 
Hafiz Hacıyevin fotosuna hamı baxır, ancaq onun müştəriləri olduğunu kimsə yada sala bilmir.
 
Daha sonra isə söhbətimizə “Memi” mağazalar şəbəkəsində uzun müddətdir çalışdığı üçün “qabağa verilən” xanımla davam edirik. Bu xanım Hafiz Hacıyevi tanıyır, kim olduğunu da bilir:
 
- Hafiz Hacıyev? Yox, o heç vaxt burada olmayıb. Əlbəttə, tanıyıram, amma burada olmayıb. Buradan alış-veriş etdiyini deyib?
 
Başımla təsdiq etdikdə satıcı xanım gülüşlə onun yalan dediyini iddia edir:
 
- Yalan deyir. Onu burada heç vaxt görməmişəm.
 
Az sonra işçilər öz aralarında söhbətə başlayırlar. Həm mağazaya gəlməyimdən narahat olub, “təhlükə” hiss edirlər, həm də məqsədimi anlamağa çalışırlar. Arada Hafiz Hacıyevin hüquqlarını da “müdafiə” edirlər:
 
- Hafiz Hacıyev deyib ki, guya “20 Yanvar”da “Memi”dən paltar alıb.
 
- Hə, nə olsun?!
 
- Bu jurnalist də gəlib ki, dəqiqləşdirsin...
 
- Yox, o jurnalist gəlib ki, bizi işə salsın!
 
Narahatlıqlarını aradan qaldırmağa çalışıram. Mövzunu geyimlərə gətirirəm. Satıcı deyir ki, geyimlərə il boyu 25 faiz endirim olur. Yəni 10 manata olan bir geyimi 7.50-yə ala bilərik...
 
Yarızarafat, yarıciddi şəkildə “Neynirsən e, Hafiz Hacıyevi, gəl, səni buradan qəşəng geyindirək, bəzəyək, yola salaq” deyib gülüşürlər.
 
Öyrənirik ki, “Memi” mağazalar şəbəkəsinin İnstaqram səhifəsi açmalarına icazə yoxdur. Səbəbini soruşduqda satıcı dodaqarası mızıldanır:
 
- İcazə vermirlər də. Reklama ehtiyac yoxdur çünki. Hamısı ikinci əl mallardır, istəyən gəlib alır.
 
- Bəs, bura ancaq sadə (guya “kasıb” sözündən qaçırıq) insanlar gəlir?
 
- Yox, televiziyadan da gələnlər var. Bu yaxınlarda, səhv etmirəmsə, İTV-dən gəlmişdilər. Daha çox kinoçəkənlər gəlir. Rejissorlar, rejissor köməkçiləri... – bu qəbildən insanlar. Yəni müştərilərimiz arasında tanınan simalar çoxdur, amma siz dediyiniz şəxs yoxdur (gülür).
 
- Alış-verişə gəlirlər, ya reportaj hazırlamağa?
 
- Yox, gəlib xeyli geyim alırlar. Kino çəkilişi zamanı lazım olur: 200-300 manata xeyli mal alıb aparırlar.
 
- Qiymətlərinizdən danışaq. Pencəkləriniz, kostyumlarınız neçəyə olur?
 
- Pencək 15 manatdan 40-50 manata qədər. Kostyumlar isə 60, 80, 100 manata olur. 25 faiz endirim də öz qüvvəsində.
 
- Ayaqqabılarınızın qiyməti hansı aralıqda dəyişir?
 
- Ayaqqabılar 4-6 manatdan başlayır, 80-100 manata qədər qalxır.
 
İkinci əl geyimlərin gigiyenik cəhətdən təhlükəsiz olması haqda da danışır satıcı:
 
- Mənə elə gəlir ki, bu geyimlər dezinfeksiya olunur. Çünki dərman iyi gəlir. Biz illərdir, “Memi”nin paltarlarını geyinirik. Heç bir problem olmayıb.
 
Bizim “Memi” səyahətimiz belə yekunlaşdı.
 
P.S. Mağazaya girəndən gözüm qapıda idi. Düşünürdüm, birdən Hafiz Hacıyevlə qarşılaşaram...

Загрузка...
Загрузка...