Hacıbala Abutalıbovdan boşalan Bakı meri postuna ehtimal olunan namizəd – İDDİA

Baxış sayı: 
258

 
 
“AzerGold”un rəhbəri Zakir İbrahimovun paytaxta rəhbərlik edəcəyi iddia olunur
 
Bakı Şəhər İcra Hakimiyyəti başçısı postunun kimə həvalə ediləcəyi cəmiyyəti ciddi şəkildə maraqlandırır.
Musavat.com-un əldə etdiyi məlumata görə, Hacıbala Abutalıbovu gənc bir kadr əvəzləyəcək. Belə ki, mer postuna “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin sədri olan Zakir İbrahimov təyin olunacaq.
 
Qeyd edək ki, rəsmi tərcümeyi-halına görə, Z.İbrahimov 1974-cü ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə Leninqrad Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinə daxil olub, 1995-ci ildə Bakı Dövlət Universitetinin eyniadlı fakültəsini bitirib.
 
2004-2006-cı illərdə Odlar Yurdu Universiteti, ABŞ Corciya Dövlət Universitetinin Magistr proqramı üzrə biznesin idarəedilməsi (MBA) istiqamətində təhsil alıb. 1993 – 1995-ci illərdə “TAİS” Azərbaycan Gənclər İnteqrasiya Mərkəzində, 1995 – 1998-ci illərdə “Azticarət” Açıq Tipli Səhmdar Cəmiyyətində Hüquq və Biznesin İnkişafı üzrə Aparıcı mütəxəssis vəzifəsində çalışıb. 1998 – 2002-ci illərdə “Azpetrol LTD” Məhdud Məsuliyyətli Cəmiyyətində Xüsusi Layihələrin Koordinasiyası və Təchizat Şöbəsinin müdiri, 2003 – 2004-cü illərdə “EUPEC PipeCoating Azerbaijan BM” Baş direktoru işləyib.
 
2004 – 2005-ci illərdə “Azpetrol Neft Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətində Strateji araşdırmalar,  -ictimaiyyətlə əlaqələr, marketinq və təchizat  departamentinin müdiri, 2005 – 2006-cı illərdə Moldova Respublikasında “Azpetrol SRL” şirkətində, 2006 – 2009-cu illərdə “EVR LTD” Məhdud Məsuliyyətli Cəmiyyətində Baş direktor vəzifəsində çalışıb.
 
2009 – 2016-cı illərdə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətində İdarə Heyətinin sədri olub.26 may 2016-cı il tarixindən etibarən  “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsində çalışır.
 
Yeni yaradılmasına baxmayaraq, “AzerGold” qızıl yataqlarının kəşfiyyatı, qızıl və gümüşün hasilatı və ixracı sahəsində xeyli işlər görüb. Onun fəaliyyəti sayəsində Azərbaycanın qeyri-neft ixracatında qızıl ikinci yerə yüksəlib.
 
Z.İbrahimov həm “Təmiz Şəhər”ə, həm də indi “AzerGold”a rəhbərliyi dövründə ictimaiyyətə açıqlığı ilə tanınıb. Mətbuatla sıx təmasda işləməyi onu hazırkı məmur heyəti arasında xüsusi fərqləndirən cəhətlərindən biridir. Bu baxımdan, BŞİH rəhbəri olaraq indiyədək mətbuata qapalılığı ilə tanınan Bakı meriyasının fəaliyyətində açıqlıq prinsiplərinin tətbiq olunacağı gözlənilir.

Загрузка...
Загрузка...