Hacı Şahin Həsənli gəncəlilərə səslənir: “Onları dindar hesab etmirəm, ayıq olun ”

Baxış sayı: 
138
0  
0  

 
 
“Birmənalı şəkildə bu hərəkətlərin dinlə əlaqəsi ola bilməz. İslam dini inşaları aranı qarışdırmağa yox, barışdırmağa, sülhə xidmət edir. Bugünkü gündə hər hansı insanlar din adı ilə hüquq mühafizə orqanın əməkdaşlarına hücum etməsi dinlə əlaqəli deyil. Bu dinin mahiyyətinə ziddir. Bu hərəkətlərin dinlə əlaqələndirilməsi yolverilməzdir”.
 
Bunu musavat.com-a Məşhədi Dadaş məscidinin imam-cüməsi, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli ötən gün Gəncədə baş vermiş iğtişaşı şərh edərkən deyib. O bildirib ki, gəncəli dindarların heç biri dünənki iğtişaşa qatılmayıb: “Uzun illərdir Azərbaycanda müxtəlif din nümayəndələri qardaş kimi yaşayır. Azərbaycanlının inancında aqressivliyə yer olmayıb. Azərbaycanlılar üçün din yaradana və yaradılışa məhəbbətdir. Belə bir şəraitdə bir qrup insanın din şüarı ilə bu cinayəti etməsi İslama qarşı xəyanətdir. Bu kimi hərəkətlərin birmənalı olaraq dinlə heç bir əlaqəsi ola bilməz. Gəncə əhalisi inanca, dini dəyərlərə bağlı insanlardır. Gecə Gəncədə olan inanclı insanlarla əlaqə saxladım. Onların heç biri dünən Gəncədə baş vermiş iğtişaşa qatılmayıb. Onlar qeyd edirlər ki, bu iğtişaşın dinlə əlaqəsi yoxdur. İğtişaşı törədənlər dindarlar deyil, məhdud sayda qrupun üzvləridir. Ümumiyyətlə, Azərbaycanın inanclı insanları bu tip aksiyalarda iştirak etməyiblər”.
İlahiyyatçı Gəncə sakinlərinə səslənərək deyir ki, kimsə bizim inancımızdan istifadə etmək istəyir: “Öz tərəfimdən Gəncədəki inanclı insanlara səslənmək istəyirəm ki, sadəcə ayıq-sayıq olsunlar. Kimsə bizim inancımızdan sui-istifadə etmək istəyir. Çünki Azərbaycanda dini zəmində iğtişaşlar yaratmaq arzusunda olan qüvvələr, dövlətlər var. Onlar öz çirkin niyyətlərini din amilindən istifadə edərək həyata keçirtmək istəyirlər. Ona görə inanclı insanlar, ümumiyyətlə, Azərbaycanın bütün vətəndaşları ayıq-sayıq olmalıdılar ki, bu kimi hərəkətlərə yol verməsinlər. Bu günə qədər də yol verilməyib. Azərbaycanda radikallığın sosial bazası olmayıb, bu gün də yoxdur. Sadəcə olaraq məhdud sayda insan dini şüarlardan istifadə edib. Bu da o demək deyil ki, o insanlar dindar olub. Onları dindar hesab etmirəm. Məlumatlara görə onlar heç gəncəli də olmayıblar. Şəhərə kənardan gəlmiş insanlardır. İslam kimi tərəqqi din insanları zorakılığa, öz qardaşına silah qaldırmağa dəvət edə bilərmi? Əlbəttə ki, yox. Günahsız insanı öldürmək, qətlə yetirmək heç bir dində yoxdur. Onların əməlləri qanunların kobud şəkildə pozulması, dini dəyərlərin tapdalanmasıdır”.
 
Hacı Şahin Həsənli onu da qeyd edir ki, gəncəlilər tarixən dinin mənəvi dəyərlərinə bağlı olub: “Gəncə ölkənin ikinci ən böyük şəhəridir. Eyni zamanda Gəncə mənəvi mərkəzlərimizdən biridir. Gəncə əhalisi tarixən dinin mənəvi dəyərlərinə bağlıdır. Hadisələri məhz Gəncədə keçirilməklə göstərmək istəyirlər ki, iğtişaşı guya Gəncədəki inanclı insanlar törədib. Halbuki gəncəlilər və inanclı insanlar Azərbaycan dövlətinə heç vaxt xəyanət etməzlər. Onların bu planlarının da puç olacağına əminəm”.
 
Ləman Mustafaqızı,
Musavat.com

Загрузка...
Загрузка...