​Hacı İbrahimdən alınan “Xəzər adaları”nın yeni mülkiyyətçisi xaricdən mütəxəssislər gətirir

Baxış sayı: 
34
1  
0  

 
Dövlətin üzləşdiyi 1 milyard manatlıq zərər geri qaytarıla bilər, əgər...
Hacı İbrahim Nehrəmlidən alınaraq “Azərbaycan Sənaye Korporasiyası”  Açıq Səhmdar Cəmiyyətinin  balansına verilən “Xəzər adaları” layihəsinin taleyi çoxlarını maraqlandırır. 720 milyon manata qiymətləndirilərək iş adamının dövlət bankı olan Beynəlxalq Banka olan borcları müqabilində götürülən layihə davam etdiriləcəkmi? Onun davamı dövlət hesabına olacaq, yoxsa özəl investorlar cəlb ediləcək? Layihədə hər hansı dəyişiklik nəzərdə tutulurmu?
 
Bu və ya digər suallarla ASC-yə müraciət etdik. Qurumdan sorğumuza verilən cavabda bildirilir ki,   “Azərbaycan  Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı ardıcıl tədbirlərin davamı kimi,    Təhvil-Təslim Komissiyasının 10 aprel 2019-cu il tarixli 21 saylı qərarı ilə  “Avesta Konserni” MMC-yə məxsus olmuş, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin şimal-şərq hissəsində 499,9573 ha torpaq sahəsinin istifadə hüququ və onun üzərində yerləşən inşası başa  çatmamış  tikililər  (“Yeni şəhər” kompleksi)  “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansına verilib: “”Yeni şəhər" kompleksinin gələcək inkişafı baxımından texniki və iqtisadi cəhətdən yenidən əsaslandırılması üçün  yerli və xarici mütəxəssislərin cəlb edilməsi nəzərdə tutulub. Mütəxəssislər tərəfindən yekun rəy verildikdən sonra layihənin davam etdirilməsi, gələcək inkişaf perspektivləri, investorların axtarışı barədə qərar qəbul ediləcəkdir".
 
Qeyd edək ki, layihə bu günlərdə Rusiya mətbuatının da diqqətini cəlb edib. Bu ölkənin RBK İnternet portalı dünyada reallaşdırılan böyük və qeyri-adi şəhər-layihələr barədə materialında “Xəzər adaları”na da yer ayırıb. Layihə barədə məlumatda dənizdə salınması nəzərdə tutulan 41 adadan, tikilməsi planlaşdırılan “Formula-1" trası və ”Azərbaycan" adlı qüllədən də bəhs olunub.
 
Xatırladaq ki, 2011-ci ildə icrasına başlanan “Xəzər adaları” layihəsinin ümumi dəyərinin 110 milyard dollardan yuxarı olması nəzərdə tutulurdu. Hacı İbrahim layihəni həyata keçirmək üçün Beynəlxalq Bankdan 800 milyon manatdan yuxarı kredit götürüb. 2015-ci ildə Beynəlxalq Bank işi üzrə istintaq çərçivəsində iş adamı qısa müddətə saxlanılıb.
 
Hacı İbrahimin bütün səylərinə rəğmən, ötən müddət ərzində layihənin icrasına xarici investorları cəlb etmək mümkün olmayıb. Bunun əsas səbəbi kimi, layihənin dəyərinin hədsiz yüksək, qoyulacaq investisiyaların geri qaytarılması imkanlarının isə aşağı olması qeyd edilir. Elə buna görə də əksər mütəxəssislər “Xəzər adaları”nın indiki variantda reallaşmasını mümkün hesab etmirlər. Belə bir layihənin dövlət tərəfindən 720 milyon manat qiymətləndirilməsi cəmiyyətdə böyük rezonansa səbəb olub. Ekspertlər layihənin gəlirliliyinin təmin olunması üçün onun sırf turizm layihəsi kimi inkişaf etdirilməsini zəruri hesab edirlər. Belə ki, layihənin indiki variantında dənizdə salınacaq şəhərciyin əsasən yaşayış məntəqəsi olması nəzərdə tutulur. Mütəxəssislər çox böyük məbləğə başa gələcək bu ərazidən mənzil almaq istəyənlərin çox olmayacağı, ən əsası isə qiymətlərin hədsiz baha olacağını qeyd edirlər. Buna görə də dənizdə salınan şəhərciyə xüsusi rejimli turistik bölgə statusunun verilməsi, orada kazino və müxtəlif əyləncə mərkəzlərinin fəaliyyətinə şərait yaradılmasını təklif edirlər.
 
Qeyd edək ki, dünyada məhz kazino və əyləncə mərkəzləri olaraq yaradılan ərazilərin böyük gəlir mənbəyinə çevrilməsi təcrübəsi onlarladır. Avropa, Asiya, Amerika və hətta Afrikada belə ərazilər qısa müddətdə nəhəng vəsaitlərin dövr etdiyi bölgəyə çevriliblər. Azərbaycan bu təcrübədən yararlanmaqla layihəyə görə dövlətin üzləşdiyi 1 milyard manatlıq zərəri geri qaytara bilər.
 
DÜNYA,
“Yeni Müsavat”

Загрузка...
Загрузка...