Gürcüstanda polis aksiyanı gözyaşardıcı qaz və rezin güllələrlə dağıtdı

Baxış sayı: 
55
0  
0  

 
Gürcüstanın Axmeti rayon bələdiyyəsinin ərazisində Alazan çayı üzərində Su Elektrik Stansiyasının (SES) tikintisinə etiraz əlaməti olaraq bu gün Pankisi dərəsində etiraz aksiyası keçirilib.
 
Aksiya iştirakçıları ilə polis arasında qarşıdurma olub. Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib. Bir neçə şəxs yaralanıb. Təcili yardım briqadaları yaralılara kömək göstərir. Bu barədə Gürcüstanın İctimai televiziyası hadisə yerindən məlumat yayıb.
 
Məlumatda bildirilir ki, Alazan çayı üzərində 5,4 meqavat gücündə “Xadori 3” SES-in tikintisi planlaşdırılır. Tikinti işlərinə 2018-ci ildə başlanmalı idi. Lakin o zaman yerli əhali SES-in bölgə üçün ciddi ekoloji təhlükə mənbəyi olacağını iddia edərək tikintinin qarşısını almışdı.
 
Hökumət həmin ərazidə ekspertiza apardıqdan sonra SES-in tikintisinin ətraf mühit və Birkiani kəndinin əhalisi üçün təhlükə yaratmayacağını bildirib. “Alazeni Enerji” və “Peri” şirkətləri aprelin 21-də tikintiyə başlamaq üçün əraziyə texnika gətirib. Lakin yerli əhali yolu bağlayaraq tikintiyə imkan vermir.
 
Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) faktla bağlı bəyanat yayıb. Bildirilir ki, asayişi bərpa etmək üçün hadisə yerinə əlavə polis əməkdaşları cəlb olunacaq. Təxribatların qarşısını almaq üçün qanun çərçivəsində müəyyən tədbirlər görüləcək.
 
Aksiya iştirakçıları geri çəkilmək niyyətində olmadıqlarını bəyan ediblər. (AzərTAc)

Загрузка...
Загрузка...