​Gürcüstanda hakimiyyət dəyişikliyi gözlənilir? - AZƏRBAYCANLI DEPUTATLARDAN AÇIQLAMA

Baxış sayı: 
94
1  
0  

Mahir Dərziyev: “Bu qanun layihəsinin lehinə səs vermişəm”
 
Azər Süleymanov: ““Gürcü Arzusu” metastaz verib, dağılmaq üzrədir”
 
Xəbər verildiyi kimi, 2 gün öncə 2020-ci ildə Gürcüstanda proporsional seçki sisteminə keçidlə bağlı konstitusiya düzəlişi parlamentin səsverməsindən keçmədi.
 
Məlumata görə, parlament çoxluğu olan “Gürcü Arzusu” Partiyasının təqdim etdiyi düzəliş ilk oxunuşda kifayət qədər səs toplaya bilməyib. Mövcud qanunvericiliyə görə, konstitusiya düzəlişinin qəbul edilməsi üçün parlamentin 150 üzvündən 113-nün razılığı tələb edilsə də, səsvermədə cəmi 101 deputat düzəlişin lehinə səs verib ki, bu da Gürcüstan müxalifətində təmsil olunan bütün partiyaların bir araya gəlməsinə səbəb olub.
 
Sözügedən məsələ eyni zamanda konstitusiya düzəlişinin lehinə olan “Gürcü Arzusu” fraksiyasının 8 deputatının həmin gün partiyadan ayılması ilə nəticələndi ki, bununla iqtidar partiyasına ciddi zərbə vuruldu. Artıq konstitusiya düzəlişinin lehinə olan etirazçılar Gürcüstanın böyük şəhərlərində-Tbilisi, Batumi, Kutaisi və Zuqdiddə aksiyalara başlayıblar. Hətta 17 noyabr tarixində Tiflidə izdihamlı bir mitinqin keçiriləcəyi bildirlir.  Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının yaydığı bəyanata görə isə 17 noyabr mitinqi qısa zamanda Bidzina İvanişvilinin hakimiyyətini bitirəcək ümumxalq toplantısı olacaq.
 
“Oliqarx Bidzina İvanişvili bir daha ölkənin reputasiyasını, Gürcüstan vətəndaşlarının qürurunu tapdaladı. Məhz buna görə Vahid Milli Hərəkat Partiyası digər bütün siyasi partiyalarla İvanişvilinin cinayətkar idarəetməsinə qarşı birləşib”,-deyə bəyanatda bildirilib.
 
Vahid Milli Hərəkat Partiyası bəyan edib ki, hökumət, Mərkəzi Seçki Komissiyası istefaya getməli, keçid hökuməti yaradılmalı və növbədənkənar parlament seçkisi keçirilməlidir.
 
Qeyd edək ki, dünənki aksiyada eks-prezident Georgi Marqvelaşvili və Təhlükəsizlik Şurasının keçmiş rəhbəri David Rakviaşvili də iştirak edib. Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili isə bildirib ki, ölkəsində birləşmiş müxalifətin proporsional sistem üzrə növbədənkənar parlament seçkilərinin təyinatı haqqında tələbini alqışlayr və gələcəyə ümidlə baxır: “Mən bu prosesə fəal qoşulacam, Gürcüstanı xilas etmək lazımdır. Məndə heç vaxt olmadığı qədər ümid var”.
 
Göründüyü qədər Gürcüstanda baş verən proseslər “Gürcü Arzusu” hakimiyyətinin ömrünü sona yaxınlaşdırır. Çünki müxalifətin birliyi bunu deməyə əsas verir.
 
“Keçən iqtidar dövründə də bu məsələ dəfələrlə müxalifət tərəfindən irəli sürülmüşdü”
 
Gürcüstanda proporsional seçki sisteminə keçidlə bağlı konstitusiya düzəlişinin parlamentin səsverməsindən keçəməməsi ilə bağlı “Gürcü Arzu”su Partiyasının azərbaycanlı deputatı Mahir Dərziyev “Hürriyyət”ə öz fikirlərini bölüşüb: “Təqribən 1 il bundan əvvəl Gürücüstanın yeni Konstitusiyası qəbul olundu. Bu, ölkəmizin demokratik inkişafının yekunu idi. Bu konstitusiyada 2024-cü ildə keçiriləcək parlament seçkilərinin proprosional sistemlə keçirilməsi nəzərdə tutulur. Bu vaxta qədər bizim 90-cı illərdə qəbul olunmuş konstitusiyamıza görə Gürcüstanda qarışıq sistem mövcud idi. Yəni bu gün Gürcüstanda 150 deputat yerinin 77-si proprosional qaydada, 73-ü isə mojaritar qaydada seçilir. Məhz  “Gürcü Arzusu” Partiyası, bizim iqtidar yeni qəbul olunmuş konstitusiyada bunu yazıb. Konstitusiyanın yeni müddəası var ki, 2020-ci il parlament seçkiləri qarışıq sistemdə keçiriləcək, 2024-cü ildən isə yeni sistemə keçirilir. Bu, ölkəmizin çox böyük naliyyətidir. Mən neçə illərdir siyasi proseslərdə iştirak edən adamam, uzun illərdir ki, bunu gürcü cəmiyyəti, bütün siyasi spektr tələb edirdi. Keçən iqtidar dövründə də bu məsələ dəfələrlə müxalifət tərəfindən irəli sürülmüşdü, ancaq bizim iqtidarın dövründə bu, reallaşdı. Cəmiyyətin bir tələbi, siyasi sifarişi ilə yayda müxalifətin müəyyən aksiyaları oldu. Bizim partiya onda elan elədi ki, qanunvericilik təşəbbüsü irəli sürəcək və konstitusiya dəyişikliyinə görə, 2024-ci  il parlament seçkilərində proporsional seçki isteminə keçəcək. Artıq 2020-ci il seçkilərində Konstitusiya dəyişikliklərində konkret olaraq seçki baryerinin tamamilə aradan qaldırılması, yəni 0 baryer nəzərdə tutulmuşdu(Bu gün Gürcüstan reallığında seçilərin 0,67% səsini toplayan partiya bir namizədini parlamentə daxil edə bilir. Bunlar qadağan olunurdu). Bu qanunvericilik təşəbbüsü parlamentin iqtidar partiyasının 93 deputatı tərəfindən irəli sürülmüşdü. Onu imzalayanlardan biri də mən olmuşdum”.
 
“Mən bunu çox dərin təəssüf hissi ilə qeyd edirəm”
 
M. Dərziyev qeyd etdi ki, keçən həftə 2, 3 və 4-cü günləri səsvermə keçirildi: “2 gün müzakirədən sonra dünən parlamentdə səsvermə keçirildi. Çox gözlənilməz bir nəticə əldə olundu. Gürcüstan parlamentində konstitusiya dəyişiklikləri üçün kvorum 113 səsiydisə, bu qanun layihəsinin lehinə müxalifət və iqtidar bir yerdə cəmisi 101 deputat səs verdi. İqtidar partiyasından təxminən 37 nəfər deputatı səsvermədə iştirak etmədi və 3 nəfər də əleyhinə səs verdi, yəni 40  nəfər deputat dəstəkləmədi və bunun nəticəsi olaraq qanun layihəsi keçmədi. Mən bunu çox dərin təəssüf hissi ilə qeyd edirəm. Çünki mən özüm qanun layihəsinin lehinə səs vermişəm. Açığı, mənim üçün də, cəmiyyət üçün də çox gözlənilməz oldu. Bizim partiyanın sədri də bəyanat verərək, bu məsələ ilə bağlı öz mövqeyini bildirdi ki, onun üçün də gözlənilməz olub, o da həmişə proporsional seçki sisteminin tərəfdarı olub, indi də qalmaqdadır. Amma dediyim kimi parlament öz qərarını verdi. Buna görə də 2020-ci parlament seçkilərində qarışıq, yəni proporsional və mojaritar sistem nəzərdə tutulur. Təbii ki, proporsional və mojaritar seçki sisteminin tərəfdarlarının öz dəlliləri var. Mojaritar seçki sisteminin tərəfdarlarının  dəlliləri ondan ibarətdir ki, regionların təmsilçiləri lazımdır. Mojaritar deputatlar onları təmsil edirlər, regionlarda mövcud olan problemləri mərkəzi hakimiyyətə çatıdırırlar, əhalinin problemləri ilə maraqlanırlar”.
 
“Partiyanın sədri deputatları ikna etməyə cəhd etdi”
 
“Əgər partiyanın rəhbəri proporsional seçki sistemini dəstəkləyirsə, o zaman niyə  8 nəfər deputat partiyadan ayrıldığını elan etdi” sualına M. Dərziyev belə cavab verdi: “Məlumata görə, dünən səhər Gürcüstanda çox tarixi və stabil tərəfdarları olan “Konservator” Partiyası da bəyanat verdi. Partiyanın sədri Zviad Dzidziquri və digər iki deutat yenə ayrıldı. Mən bildiyimə görə, artıq 12 nəfər partiyadan ayrıldı. Partiya sədrinin mövqeyinə bunların nə dəxli var? Partiyanın sədrinn mövqeyi əvvəldən bəlli idi. Dünənki səsvermədən öncə partiyanın sədrinin deputatlarla görüşü keçirildi, deputatları ikna etməyə cəhd etdi. Hətta bəzi deputatlar partiya sədrinin aşırı basqısı olduğunu mətbuatda bildirdilər. Yəni deputat öz qərarında sərbəstdir. Axırıncı görüşdə belə bir qərar qəbul olunub ki, partiyanın birliyi naminə sərbəst səsvermə keçirilsin. Yəni bir halda ki, yekdil rəyə gəlmək mümkün deyil, onda partiya üzvləri fərqli qaydada, sərbəst şəkildə səs versinlər. Bu gün partiyanı tərk edənlər layihənin lehinə səs verənlərdir. Amma bu gün o layihənin lehinə səs verənlərdən onlarla adam partiyada qalmaqdadır”.
 
 “Bu partiyanın sonu demək deyil”
 
“Parlament çoxluğu və azlığı var. Partiyadan ayrılanların əksəriyyəti həm partiyadan çıxdılar, həm də parlament çoxluğunu tərk etdilər. Təbii ki, siz kənardan müəyyən məqamları görə bilməzsiniz, bu, partiyanın sonu demək deyil. Amma çox təəssüfedici bir haldır. Yəni çox dəyərli insanlar partiyanı tərk elədilər. Neçə illər bir yerdə olduğumuz partiya üçün çox qiymətli insanlardır. Amma partiyanın əsas özəyi yerindədir”,-deputat əlavə etdi.
 
“Mən özüm də bir iqtidar  partiyasının nümayəndəsi olaraq bu qanun layihəsinə səs verdim”
 
M. Dərziyev nəzərə çatdırdı ki, bu gün (dünən – red.) müxalifətin Rustaveli prospektində,  parlamentin qarşısında çıxışları başlayıb: “Müxalifət birləşmək üçün məsləhətləşmələr üçün toplaşıb. Parlamentin qarşında da davamlı aksiyaların başlanmasını elan ediblər. Bu gecə də nümayişçilərin bir qismi orada qalıb. Yəni aksiyalar başlayacaq. Bu, gözlənilən idi. Mən özüm 2009-cu ildə 2 ay o parlamentin qarşısında çadırlarda yatmışam. O dövrdə biz toplaşmaq, öz fikrimizi azad ifadə etmək hüququmuzdan istifadə elədik. Bu gün də eyni haldır. Təbii bu, onların  Konstitusiya ilə təmin olunmuş hüququdur. Yenə də deyirəm ki, burada vətəndaşın təpkisi gözlənilən idi. Mən özüm də bir iqtidar partiyasının nümayəndəsi olaraq bu qanun layihəsinin tərəfdarı idim, buna səs verdim. Mənim kimi iqtidar partiyasında olan çoxlu insan da səmimi olaraq inanır ki, Gürcüstan üçün ən düzgün, uğurlu bir modeldir və buna keçid labüddür. Onsuz da burada 4 il fərqi var, 2020-ci il də buna keçilməsə də, 2024-cü ildə buna keçiləcək. Amma indi cəmiyyət istəyirdisə, tələb edirdisə, bu seçki sisteminə indi keçilməsi daha düzgün olardı, amma təəssüf ki, alınmadı”.
 
“Posedur qaydalarına uyğun gəlməsə, parlament buraxıla bilməz”
 
“Bəli, müxalifət növbədənkənar parlament seçkisi, hətta hökumətin istefasını tələb edir, amma növbədənkənar parlament seçkisi, yəni parlamentin buraxılması elə-belə baş vermir, bunun bir müəyyən proseduru var. Yəni kiminsə istəyilə deyil ki, parlament özü-özünü buraxsın, konstitusiya ilə müəyyən olunmuş prosedur var. Parlament bir neçə hallarda buraxıla bilər. Məsələn, müəyyən olunmuş müddətdə büdcəni qəbul edə bilməsə və ya hökumətin tərkibinə etimad göstərməsə, yəni hökumət böhranı yaransa, parlament buraxıla bilər. Dünən bizim partiyanın liderlərinin bəyanatları səsləndi, növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalını istisna etdilər, amma müxalifətin də belə tələbləri var ki, növbədəkənar parlament seçkiləri keçirilsin. Ancaq bu gün prosedur gərəyi parlamentin buraxılması üçün heç bir əsas yoxdur. Yəni kiminsə şıltaqlığı, tələbi ilə, hətta bu gün bunu iqtidar partiyası özü istəsə belə, posedur qaydalarına uyğun gəlməsə, parlament buraxıla bilməz”,-deyə deputat vurğuladı.
 
“Bazar günü 100 minlik mitinq gözləyirik”
 
Vahid Milli Hərəkat Partiyasının deputatı Azər Süleymanov isə “Hürriyyət”ə dedi ki, artıq bu prosesi hec cür saxlamaq mümkün deyil: “Bu gün artıq “Gürcü Arzusu” Partiyası parlementdə azlığa çevrildi. Çünki 8 nəfər deputat dünən partiyadan çıxdı. Özü də elə insanlar çıxdı ki, onlar  beynəlxalq komitələrin sədrlərdir, hüquqşünaslardır, komitə sədrliklərini təhvil verdilər. Bu gün isə “Konservator”Partiyasından 6 nəfər istefa verdi, hansı ki, “Gürcü Arzusu” partiyası ilə bir blokda idilər. Demək olar ki, artıq “Gürcü Arzusu” Partiyasına heç nəyin köməyi dəyməz, onları saxlamağa heç kimin qüvvəsi çata bilməz. Dünən qərar qəbul olundu. Mən də birləşmiş müxalifətin bir neçə görüşündə iştirak etdim. Gecə saat 1-ə kimi biz də aksiyada olduq. Tələbimiz qəbul olunmayana qədər oradan dağılmaq niyyətində deyilik. Demək olar ki, artıq Rustaveli küçəsi bağlandı. Bazar günü isə 100 minlik bir mitinq gözləyirik. Batumidə  də ara qarışdı, orada da əhali ayağa qalxdı ki, hökumət istefa versin və növbədəkənar parlament seçkiləri keçirilsin. Mən deyərdim ki, qısa bir vaxtda, bu ayın sonuna qədər tələb yerinə yetirilməlidir və yerinə yetiriləcək. Çünki “Gürcü Arzusu”nun başqa bir yolu qalmadı. İvanişvili krimanal rejimi rədd olmalıdır və dövləti təhvil verməlidir. Çünki 8 il də verdiyi vədləri yerinə yetirə bilmədilər və Gürücüstanı kriminal bir dövlətə çevirdilər. Bu gün Gürcüstanın adı qalıb, özü qurtarıb. Gürcüstan dövlətçilik təhlükəsi altındadır. Ona görə də artıq tələblərimiz tam yerinə yetməsə, heç kim meydandan çəkilmək niyyətində deyil, sayımız da günü-gündən artacaq”.
 
“Gecə-gündüz təyyarələri izləyirlər ki, birdən demək olmaz, Sakaaşvili baqajda gələ bilər”
 
“Proseslərin bu qızğın vaxtında Sakaaşvilinin Gürcüstana gəlişi gözlənilirmi” sualına A. Süleymanov belə cavab verdi: “Sakaaşvili heç bir vaxt Gürcüstanın bu siyasətindən geri çəkilməmişdi. Sakaşvilinin partiyası elə demək olar ki, ana müxlaifət partiyasıdır, onun partiyası ən güclü partiyadır. Bu gün iqtidar darmadağındır. Sakaaşvili hər bir zaman Gürücüstan əhalisi ilə bir yerdə olub və hər zaman Gürcüstan siyasətində olub. Çünki qurduğu bir dövlətdir. Başqa yerlərdə olmasına baxmayaraq, heç bir vaxt da geri durmaq niyyətində olmayıb. Bu gün “Gürcü Arzusu” hakimiyyətdədir. İvanişvili çox istərdi ki, onu həbs edə. Biz zamanından tez danışmaq istəmirik, onun Gürücüstana gəlməyi planımızda var, özü də dünən danışıb. O, qanuni bir yolla Gürcüstana gəlmək istəyir və o yolun axtarışındadır. Yəqin bir neçə günə o da fikrini açıqlayar. Nə vaxt gələ biləcəyini özü desə, daha yaxşı olar. Amma iki  həftə əvvəl açıqlamışdı ki, Gürcütsana gələsiyəm. Ukraynada minlərlə Grücüstandan göndərilmiş  adamlar onu izləyirlər, Gürcüstanın sərhədlərində də gecə-gündüz təyyarələri izləyirlər ki, birdən demək olmaz Sakaaşvili baqajda gələ bilər. Amma gez-tez gələcək. Çünki bu gün Gürcüstanın Sakaaşviliyə ehtiyacı var”.
 
“Artıq insanlar da ayıldı ki, 5-10 dollar alıb, səslərini satmaqla, özlərinin gələcəyini satırlar”
 
“Mətbuatdan məlum olduğu kimi, Bidzina İvanişvilinin pulları həmişə Gürcüstanda seçkilərin nəticələrinə təsir edib. Növbədəkənar seçki keçiriləcəyi  halda, bu dəfə onun pulları seçkilərin nəticələrinə təsir edə biləcəkmi” sualını isə A. Süleymanov belə cavablandırdı: “Bəzi xəstəliklər var ki, pulla kömək dəyə bilir, amma bu rak xəstəliyi metastaz verəndə pulun də köməyi dəyimir. Dünən “Gürcü arzusu” Partiyası artıq metastaz verdi, dağılmaq üzrədir.  İnsanlar səslərini 5 kq kartofa, 3 kq soğana dəyişirdi. Bu hökumət insanları dilənçi bir vəziyyətə çatdırıb. Artıq insanlar da ayıldı ki, 5-10 dollar alıb, səslərini satmaqla, özlərinin gələcəyini satırlar. Yəqin ki, insanlar ayıldı, bu işlərə getməzlər. Artıq deyə bilərəm ki, Gürcüstanın tarixində ən iyrənc, onu dağıdan bir partiya  olaraq “Gürcü Arzusu”  kağızda qalacaq”.
 
“Parlamentin özündə böyük bir böhran yaşanır”
 
A.Süleymanov qeyd etdi ki, dünən parlamentin sessiyası olmalıydı, amma olmadı: “Artıq Gürcüstanda siyasi böhrandır. Parlamentin özündə böyük bir böhran yaşanır. Bu gün “Gürcü Arzusu” Partiyasının liderləri darmadağın oldular. Bütün liderləri istefa verirlər. Parlamentdə komitə sədrləri istefa verdilər, hansı ki, “Gürcü Arzusu” Partiyası parlamentdə onların üzərində qurulmuşdu. Artıq parlamentdə xırda alverçilər qalıblar. Bir də bir neçə oliqarx qalıb. Onlar üçün də fərqi yoxdur, kim hakimiyyətə gəlir, gəlsin. Hansı hökumət, partiya gəlsə, tez  papaqlarını dəyişib, o hökumətin qulu olurlar. 25-30 ildir gələn hökumətlə parlamentdədirlər, bu dövlətə də sərf edirdi. Amma artıq onların da yeri yoxdur, dövlətimizi yenidən bərpa etmək lazımdır”.
 
 Şamo EMİN, Hurriyyet.org

Загрузка...
Загрузка...