​Gürcü prezidentə ABŞ-dan sərt cəza: Bakıya qarşı məkrli planın pərdəarxası

Baxış sayı: 
60
1  
0  

 
Salome Zurabişvilinin Amerika səfəri ləğv edildi - ilginc gəlişmə və səbəb; Vaşinqtonda gürcü prezidenti niyə görmək istəmədilər? Azərbaycanın Avropaya yaxınlaşmasında maraqlı olmayan güclərin əsas hədəfi...
Gürcüstanla sərhəddəki “Keşikçi Dağ” məbədi ətrafında Bakı və Tiflis arasında yaranan süni gərginlik aradan qalxmayıb. Səbəb də məsələnin gürcü prezident Salome Zurabişvili səviyyəsində, lüzumsuz yerə gündəmə gətirilib körüklənməsi, hətta üstüörtülü şəkildə ölkəmizə qarşı ərazi iddiası səslənməsidir.
 
Halbuki sərhədlə bağlı dövlətlərarası komissiya fəaliyyət göstərir və gürcülər həmin komissiya çərçivəsində işi sürətləndirmək yerinə, prezident səviyyəsində tələb irəli sürürlər. Hətta keçən həftəsonu müxalif partiyalardan birinin rəhbəri sərhədçilərimizi və dövlətimizi aşağılamağı özünə rəva bilmiş, “azərbaycanlıları regiona gəlmə xalq” adlandırmışdı. Təsadüfmü?
 
 
Ondan başlayaq ki, Ermənistandakı “məxməri inqilab”dan sonra ABŞ “qərbyönlü” Paşinyandan əlini üzüb. Çünki erməni baş nazir artıq sələflərinin kursunu davam etdirərək, öz ölkəsini Rusiyanın siyasi-hərbi orbitindən çıxarmayacağını bəyan edib. Buna o, əmələn də riayət edir. Bu fonda təbii ki, Azərbaycan və Gürcüstanın Qərb üçün, Amerika üçün önəmi xüsusilə artmış olur. Söhbət təkcə iki ölkədən Avropaya doğru uzanan çoxmilyardlı Qərb layihələrinin və dəhlizlərin aqibətindən getmir.
 
Yeri gəlmişkən, gələn il Azərbaycan qazını Avropa daşıyacaq Cənub Qaz Dəhlizi (CQD) də istifadəyə veriləcək. Aydındır ki, bu layihədə Moskva maraqlı deyil - bunu açıq büruzə verməsə də. Çünki CQD Avropanın Rusiya qazından asılılığını azaltmış olacaq. Odur ki, regionda gərginliyin artması, xüsusın də Bakı ilə Tiflis arasında soyuqluğun, imkan daxilində isə konfliktin yaranması ən çox şimal qonşumuzun mənafeyinə uyğun görünür. Az öncə Gürcüstanın Axalkalaki bölgəsində erməni Xocalı canisinə büst qoyulmasında da “Moskva izi” görünmüşdü.     
 
Bu yandan isə Gürcüstan prezidentinin sərhədlə bağlı Azərbaycan-Gürcüstan əlaqələrinin istiləşməsinə kömək eləməyən bəyanatlar verməsi, “qaşınmayan yerdən qan çıxarması”, yumşaq desək, qəribə görünür. Hər halda, sərhəd xətlərinin dəqiqləşdirilməsi indi heç də iki ölkə arasında həlli vacib və strateji məsələlərdən sayılmır.
 
Maraqlıdır ki, bu qalmaqal fonunda iki gün öncə Zurabişvili birbaşa və dolayısıyla yenə Kremlin bölgədəki strateji maraqlarına xidmət edən bəyanat verib. ABŞ-ın “bostanına” isə daş atıb. Deyib ki, “Gürcüstan ərazisində ABŞ hərbi bazası inşa eləmək məqsədəuyğun deyil və təxribatdır” (belə bir bazanın qurulması ilə bağlı Tiflislə Vaşinqton arasında danışıqlar gedir). Onun sözlərinə görə, “ABŞ-la əlaqələrin inkişafına diqqət yetirilməlidir, ancaq bu, başqa ölkələri təxribata çəkməməlidir”.
 
Bura Azərbaycanla Avropa Birliyi (AB) arasında tezliklə imzalanması gözlənilən tərəfdaşlıq sazişi məsələsini də əlavə eləsək, son baş verənlərdə Rusiya “barmağı” daha aydın görünər. Bəzi iddialara görə, Rusiyada biznesi olan gürcü “boz kardinal” Bidzina İvanişvilinin pulu hesabına prezident olmuş Zurabişvilinin özü də əslində gizli rusiyapərəstdir. Onun ABŞ bazası ilə bağlı açıqlaması bu yöndə şübhələr artırır ki, azaltmır...
 
*****
 
“Azərbaycanla Avropa Birliyi arasında anlaşma üzərində işin yekunlaşacağı, Azərbaycan prezidentinin mayın 13-də Brüsselə zirvə görüşünə gedəcəyi bir vaxtda bir yandan Ermənistanın bizi yeni təxribatlara çəkmək cəhdləri, o biri yandan da Gürcüstanın bizə qarşı sərhəd tələbləri artır”.
 
Bu sözləri politoloq Erkin Qədirli deyib (Teleqraf.com). Ermənistanın Azərbaycana qarşı təxribat cəhdlərinin aydın olduğunu deyən ekspert bu cəhdlərin arxasında Rusiyanın dayandığına əmindir: “Rusiya bizim Avropa Birliyi ilə yaxınlaşmağımızı istəmir, bu, aydındır. Gürcüstan tərəfdən, özü də prezident səviyyəsində, bizə qarşı ”sərhəd tələbləri"nin arxasında da Rusiya dayanırmı? Gürcüstandakı yeni hökumətin Rusiyaya bağlılığı haqqında Gürcüstanın özündə də söhbətlər var. Nə desəniz ola bilər. Gürcüstanın öz oyunu da ola bilər. Avropa Birliyi ilə anlaşma öncəsi Azərbaycandan torpaq qoparmaq istəyə bilər. İmtina alacağını bilə-bilə bunu niyə etsin?"
 
Politoloqa görə, Azərbaycanı Avropanın gözündə danışıq apara bilməyən, anlaşmaq istəməyən tərəf qismində göstərməyə maraqlı olanlar az deyil. “Göründüyü qədəri ilə öz aramızda da elələri var. Gürcüstan da bu oyuna girdisə, onunla ciddi danışmaq lazımdır. Gürcüstan ölkəmizdən çox asılıdır. Ölkəmizin AB ilə yaxınlaşmasını istəməyən iki qonşumuz - Rusiya və İran-Ermənistanla yanaşı, Gürcüstan üzərindən də bizə qarşı siyasət yürüdə bilər. Hər ikisinin Gürcüstana bizim qazdan daha ucuz qiymətə qaz təklif etməsi də bu siyasətin içindədir. Bunlar kiçik və görünən addımlardır. Məqsəd birdir: Azərbaycanın bütövləşməsini, güclənməsini, demokratikləşməsini əngəlləmək”, - deyə o əlavə edib.
 
*****
 
Bur arada Salome Zurabişvilnin ABŞ-a sentyabr üçün nəzərdə tutulan ilk rəsm səfərinin təxirə salındığı məlum olub. “Yeni Müsavat”ın məlumatına görə, xəbəri “Rustavi 2" telekanalı etibarlı qaynaqlara istinadən yayıb. Bildirilir ki, səfər hələ mart ayından Gürcüstan XİN tərəfindən hazırlanırmış. ABŞ tərəfi hələ ki, bununla bağlı heç bir rəsmi izahat yaymayıb. Ancaq imtina qərarının məhz gürcü prezidentin son müəmmalı davranışları və rusiyayönlü bəyanatlarından sonra verilməsi diqqət çəkir. Qənaət hasil olur ki, ABŞ-da Zurabişvilini görmək istəmirlər.
 
Onu da əlavə edək ki, gürcü prezidentin son bəyanatı müxalifət tərəfindən sərt etirazla qarşılanıb. Hətta onun impiçmentinin vacibliyindən danışmağa başlayıblar. Məsələn, parlamentdəki “Avropa Gürcüstanı” fraksiyasının üzvü, deputat Qiqa Bokeriya prezidentin açıqlamasını ölkə üçün olduqca ziyanlı adlandırıb. “Bu adamın prezident statusunun özü Gürcüstanın milli maraqlarına qarşı təxribatdır. Bu adam ölkə əleyhinə zərərli baxış və ideyalarla zəngindir”, - deyə o bildirib.
 
Amma təkcə Gürcüstana qarşımı?..
 
“Yeni Müsavat”ın analitik xidməti

Загрузка...
Загрузка...