Güney Azərbaycan davası məlum irindən qurtulmalıdır!

Dünən çox dəyər verdiyim Güneyli ziyalımız böyük üzüntü içində mənə bir video ( linki rəydə) göndərdi . Videoda Çikaqoda şizofreniya sindromu yaşayan məlum şəxsin Güney Azərbaycanın tanınmış ziyalıları və bəndəniz haqqındakı səfsətələri öz əksini tapıb. 2014-cü ildən etibarən bu ruh xəstəsi milli olduğunu iddia etdiyi , lakin həqiqətdə öz şəxsi ruporuna çevirdiyi televiziya kanalından saatlarla zaman ayıraraq haqqımda cəfəngiyyatlar yaymaqla məşğuldur. Halbuki indi səsləndirdiyi iddialarına vaxtında - 2013-cü ilin iyulunda həmin telekanala özümlə , həyat yolumla bağlı 2 saatdan artıq verdiyim müsahibədə aydınlıq gətirmişdim. Amma bu əcaib zat bir il sonra həmin müsahibəni öz səhifəsindən , eləcə də Youtube kanalından siləcək qədər riyakar və saxtakar hərəkətdən belə çəkinmədi. Bəs bu avantüra virusuna yoluxmuş şəxsin hədəfi nədir əcəba? Görünən budur ki, yeganə günahımız adamın monopoliyada saxlamaq istədiyi bir prosesə yeni nəfəs verməyə çalışmağımız olmuşdur (sən demə prosesdə aktivlik və kütləvilik olanda adamın bu yolla formalaşdırdığı biznesi də iflasa uğrayacaqmış). Halbuki istər Güneydə olarkən, istərsə də Quzeydəki ictimai-siyasi fəaliyyətlərimdə , hətta bəzi soydaşlarımın etirazlarına tuş gəlsəm də belə hər zaman mövcud olan yeganə telekanalımızın müdafiəçisi olmuşdum. 2014-cü ilin aprelindən isə bu özəl kanalın şəxsiyyətlərin media terroru siyahısına əlavə olunarkən zamanımda mənə etiraz edənlərin dəlillərində haqlı olduqlarına özüm də əyani şahid oldum. İlahi, dünən əlimi sıxıb fəaliyyətimə görə razılıq ifadə edən həmin adam indi telekanaldan necə yalan, necə iftira uydururdu...

Güney Azərbaycanın tanınmış fikir böyüklərinin ,Milli davada söz sahibi olan bir sıra dostlarımızın istəyi ilə ( bu sətrləri yazarkən yenə o əzizlərimizin əfvinə sığınıram) Azərbaycanımız naminə son üç ildə onun ittihamlarından əsasən sükutla ötmüşəm , hətta sosial şəbəkələrdə bu ədəbsizlə bağlı sərt mövqelər açıqlanarkən belə səssiz qalmağa üstünlük vermişəm. Yetər ki, qarşıdurma olmasın, düşmən kənardan görüb sevinməsin. Amma mən susduqca bu "sağalmaz virus" öz həyasızlığına davam etdi. Və şübhəsiz bu həyasız davranışla yalnız "Qum saatı ilə işləyənlərin" dəyirmanına su tökdü. Özü də qəsdən, bilərəkdən, sayğıdəyər ağsaqqallarımız tərəfindən ona edilən xəbərdarlıqları qulaq ardına vuraraq. Halbuki ölkəmin reallığında az yaşlı uşaq belə çox yaxşı anlayır ki, xarici dövlətin kəşfiyyatı ilə azacıq bağlı olan birinin nəinki aktiv siyasətlə məşğul olmasına , hətta onun hər hansı ictimai- siyasi fəaliyyətdə olmasına belə imkan verilməz. Necə ki, analoji ittihamlarla Azərbaycan zindanlarında cəza çəkən məhbuslar az deyil. Bu inkarolunmaz gerçəyi o böhtançı zatın da qanmadığını düşünmürəm. Hətta öz təşkilatının təmsilçiləri ya telekanalın əməkdaşları olan bəzi dostlarım da zamanında bu macərasevərə haqqımda kifayət qədər pozitiv məlumatlar veriblər. Di gəl, içini çulğayan fəsad bu gerçəyi eşitməsinə və qəbul etməsinə imkan verməyib . Çünki varlığı başdan başa kin, nifrət, yalan və saxtakarlıqla zəngindir.

Ömründə bircə vərəq sanballı yazı yazmaq qabiliyyətinə malik olmayan savadsız və səviyyəsiz birinin mənim haqqımda dedikləri bir yana qalsın, Güney Azərbaycanın çox az sayda strateqlərindən olan Arif Kəskin, ya tanınmış qələm ustası Məhəmmədrza Ləvayi haqqında çətəçi, satqın kəlməsi işlətməsi gerçəkdən gülünc deyilmi?! Hətta bir zamanlar bu əsassız, iyrənc ifadələri milli haqlarını tələb etdiyi üçün zindanlara düşən Lətif Həsəni, Yürüş Mehrəlibəyli və başqa milli-mədəni fəallar haqda da işlətməkdən çəkinməmişdi bu "ram olunmaz mövcud". Yəqin ki, "adamın" telekanalındakı mənəvi terroruna tuş gələn yüzlərlə Vətən , Millət sevdalısının adını da ürəkağrısı ilə bu "qara siyahıya" əlavə edə bilərik. Gerçəkdən bu adamcığaz üçün mənəviyyat, kişilik, dostluq, bir süfrədə çörək kəsmək, dürüstlük, ədalət, mərdlik kateqoriyalarının heç bir anlamı yoxmu?! İnsan övladı ( artıq buna da şübhə edirəm) bütün həyatını yalanlar quraşdırırb başqalarını ləkələməyə çalışmaqla necə sürdürə bilər ?! Görəsən həmin dağıdıcı məxluq bezmirmi bu qədər üfunət qoxan pozucu əməllərindən?! 

Axı qaraladığın, çamur atdığın insanlar inandıqları yola sənin kimi qazanc mənbəyi kimi deyil, ürəklərinin səsi ilə gəliblər. Kimdən, haradan istəyirsən qrantlar alıb biznesinə davam edə bilərsən, amma bunu millət adına etdiyin sürəcə kimsənin susacağına da ümid etməməlisən! Sən, 10 ildən artıq bir müddətdə təsis etdiyin tv-nin milli yola xidmətindən daha çox bu prosesə ikitirəlik, parçalanma, xəyanət xofu gətirdin və bu nəhs əməlindən indi də əl çəkmirsən. Dəfələrlə demişəm, bir daha təkrar və tələb edirəm - Gerçəkdən şərəfin, qeyrətin varsa , azacıq insanlığın qalıbsa bunca çərənləmək yerinə bircə dəfə , təkcə bircə dəfə ortaya fakt qoy! 
Nəhayət ən acınacaqlısı budur ki, milli davada irinə çevrilən bu qəribə və mübhəm yaratıq fitnəkar, şantajçı və destruktiv əməllərilə daim özünü məsxərə obyektinə çevirməklə yanaşı Güney Azərbaycan hərəkatına da ağır ,həm də sağalması illər tələb edən zərbələr vurur. Axı nə zamana kimi?! Halbuki millətimizin haqq etdiyi hüquqlara çatması yolunda zindanların belə sındıra bilmədiyi neçə neçə oğul və qızlarımızın mübarizəsi son zamanlar öz bəhrəsini verməkdədir. Təəsüflər olsun ki, prosesə şübhə toxumu səpməklə onun qarşısını almağa yönəlmiş təxribatlar isə gücümüzü, enerjimizi özünə məşğul edir. Elə ən üzücü , narahatedici olan da budur. Mən borc bilib, həm də üzülərək qələmə aldığım bu yazını burada nöqtələyirəm. Münsiflik isə sizin olsun əziz soydaşlarım! 

Biz haqq bildiyimiz bu yola qədəm qoyarkən xeyir duamızı Bütövlük yolunun memarı Əbülfəz Elçibəyin ifadəsilə desək "Azadlıq sevdası daşıyanların ziyarətgahı, Dağlar piri, dağlar sultanı" Savalanda aldıq , Savalan qədər əzəmətli olan haqq davasının məsuliyyətini də yaxşı dərk edirik. Və inanırıq ki, ulu millətimiz haqlı olduğuna zərrəcə şübhə etmədiyimiz bu davadan şərəflə, uğurla və başıuca çıxacaq. Tanrım bu bu yolda təmənnasız yürüyənlərə yar olsun!

P.S Haqqımda irəli sürülən və səngiməyən ittihamlara cavab olaraq qələmə aldığım bu yazıdakı sərt ifadələrə görə böyüklərimizdən üzr istəyirəm. Xaraktercə davakar biri də deyiləm. Amma inanın ki, nə qədər yumşaq ifadələr tapmağa çalışdımsa "adam"ı təsvir etməyə yetmədi. Ümid edirəm ki, soydaşlarım, özəlliklə bu prosesdə aktiv olan dostlarımız da üç il dözəndən sonra yazdığım bu etirazı səmimi, qarşıdurmaya deyil, gerçəyin aşkara çıxmasına xidmət edən yazı kimi qəbul edəcəklər. Çünki bizlər susduqca suçlu obrazına düşürük, müqabil tərəf isə daha da həyasızlaşaraq irəli gedir. İndi isə bu yazıma o şəxsin özündən fakta söykənən cavab gözləyirəm, nəinki yemlədiyi qarğa quzğunlarının sosial şəbəkələrdəki hədyanlarını...

RÜFƏT Muradlı
 

Загрузка...
Загрузка...