​Gümrüdəki hərbi bazanın sabiq komandanı erməniləri ifşa etdi: “Qorxaqdırlar!..”

Baxış sayı: 
63
1  
0  

 
Qarabağda erməni tərəfdə döyüşən rus zabitindən şok sözlər; polkovnik Ruzinski: “Rusiya olmasaydı, nə Qarabağ ermənilərin olacaqdı, nə də Ermənistan adlı dövlət...”
Rusiyanın erməni kriminal oliqarxı, Rusiyaya qaçıb sığınan Miqran Poqosyanın İrəvana təhvil verməmək haqda qərarı barədə ötən sayımızda yazmışıq. Maraqlıdır ki, Rusiya Baş Prokurorluğunun imtina qərarı Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin İrəvan səfərindən dərhal sonraya təsadüf edib.
 
Düşmən ölkədən gələn məlumatlara əsasən, Ermənistan tərəfi, onun siyasi rəhbərliyi və ictimaiyyəti bu qərardan bərk məyus olub. Bunu ilk növbədə Kremlin İrəvana şilləsi və “demokratik Ermənistan”a qarşı demarşı kimi qəbul ediblər. Ermənistan mediasında Rusiya əleyhinə yazılar yenidən artıb.
 
*****
 
Məsələn, “Yeni Müsavat”ın məlumatına görə, yerli KİV-lərdən biri - 1in.am saytı yazıb ki, Moskvanın Poqoqsyanı təhvil verməkdən imtina eləməsi Rusiya ilə Ermənistan arasında ciddi siyasi böhranın nəticəsidir. “Hər halda, Ermənistana belə münasibət ölkəmizin 1 nömrəli strateji müttəfiqi sayılan Rusiyadan gəlib. Bu və başqa faktlar təsdiq edir ki, Ermənistanın xarici siyasəti, diplomatiyası iflas olub - özü də bütün istiqamətlər üzrə. İnqilabdan ötən il yarımda bizim xarici siyasətimizin heç fəlsəfəsi də dəyişməyib. Nəticə etibarilə nəinki Ermənistanın xarici siyasətinin Moskvadan birtərəfli asılılığı aradan qalxıb, üstəlik, ikitərəfli münasibətlərdə dərin institusional böhran yaranıb. Miqran Poqosyanla bağlı epizod yalnız vəziyyətin lokal təzahürüdür”.
 
*****
 
Göründüyü kimi, erməni toplumunda Moskvadan narazılıq artıb. İrəvanda artıq Rusiyadan asılı olmayan xarici siyasət yürütməkdən dəm vururlar. Eyni zamanda nə qədər qəribə olsa belə, Rusiyanın ucuz silahı və təbii qazından imtina da eləmirlər. Üstəgəl, Azərbaycanla müharibədə yenə Rusiyaya ümid edir, “Moskva Bakını müharibə eləməyə qoymaz” deyə Putindən imdad diləyirlər. Tipik erməni hiyləgərliyi və həyasızlığı yəni.
 
Gerçək isə belədir ki, SSRİ-nin çöküşündən sonra peyda olan Ermənistan adında saxta dövlət indi də müstəsna olaraq, Rusiyanın hesabına öz formal varlığını saxlayır və yenə məhz Moskvanın himayəsi sayəsində Azərbaycan torpaqlarının - Dağlıq Qarabağ və ətraf 7 rayonun işğalını davam etdirir. Hərçənd bu, çörəyi dizinin üstündə olan ermənilərə lovğalanmağa və vaxtaşırı öz sahiblərinə və əsas himayədarlarına, Ermənistanın yeganə varlıq qarantı sayılan Rusiyaya nankorluq eləməyə mane olmur.
 
Görünür, onu da mənfur qonşular unudublar ki, 1997-ci ildə Ermənistan Rusiya ilə 50 illiyə (2047) müqavilə bağlayıb - vassallıq müqaviləsi. Ona qonşu Azərbaycan və Türkiyədən sığortalanmaq müqaviləsi də demək olar. Əvəzində Ermənistan öz suverenliyini, faktiki, Kremlə peşkəş edib. Ölkənin iqtisadi-maliyyə sferası, olan-qalan strateji obyektləri bütünlüklə Moskvanın nəzarətindədir. Ermənistanın Türkiyə və İranla sərhədləri, İrəvandakı beynəlxalq hava limanı FTX-nin (“FSB”) rus hərbçiləri tərəfindən qorunur. Xarici siyasətlə bağlı strateji qərarlar Moskvanın razılığı ilə verilir.
 
*****
 
 
Bu fonda ermənilərin Moskvadan giley-güzar eləməsi heç bir sağlam məntiqə və əndazəyə sığmır və haqlı olaraq, vaxtaşırı Rusiya siyasiləri və ekspertləri tərəfindən sərt reaksiyaya səbəb olur. Təkcə siyasilər və ekspertlər tərəfindən də yox.
 
Məsələn, bir neçə ay öncə Moskvanın və bütün Rusiyanın patriarxı Kirill İrəvanda anti-Rusiya etirazları ilə bağlı belə demişdi: “Erməni dövləti yaranan andan biz bu xalqı müdafiə edirik - hansı ki, heç pravoslav da deyil. Biz Ermənistanı həmişə rus dövlətinin tərkib hissəsi hesab eləmişik və katolik erməniləri göz bəbəyimiz kimi qorumuşuq. Belə qəliz coğrafiyada Ermənistan Rusiyasız heç vaxt mövcud ola bilməzdi. İndi isə diqqət edin, yaxşılıq necə də həyasızcasına unudulur. Sən demə, biz erməniləri istismar eləmişik və onların bu gün malik olduqlarını onlara verməmişik. Ermənilər bir həqiqəti unutmasınlar: Rusiyasız onlar bu torpaqlarda çox mövcud olmayacaqlar - hansı torpaqlar ki, onların xilaskarlarının, yəni rus pravoslav əsgərlərinin qanı ilə suvarılıb”.
 
 
Bugünlərdə isə Gümrüdəki 102 saylı Rusiya hərbi bazasının keçmiş komandanı, polkovnik Andrey Ruzinski verdiyi müsahibədə ermənilərin iş üzünü bir daha açıb. Eyni zamanda ermənilərin 1-ci Qarabağ müharibəsində “qələbə”ni necə əldə etdiyinə işıq salıb. Hərçənd reallığı onsuz da hamı bilir.
 
 
Andrey Ruzinski
 
“Yeni Müsavat” xəbər verir ki, Qarabağ müharibəsi zamanı hərbi xidməti ilə bağlı xatirələrindən danışan rus zabit deyib: “Mən Qarabağda xidmət etmişəm. Bizim hissələr ermənilərin tərəfində vuruşurdu. Və siz necə düşünürsünüz: bu əclaflar (erməni silahlıları - ”YM") bizim arxamızda gizlənirdilər və azərbaycanlılar uzaqdan görünən kimi silahlarını atıb geri qaçırdılar. Ancaq elə ki, haranısa tuturduq, qaçıb gəlir və qışqırırdılar ki, erməni torpağını “dəmir aşotlar”ın sayəsində azad ediblər. Xidmətim bitdi, doğma Stavropola getdim. Sən demə, biz Qarabağda onlar uğrunda vuruşanda onlar da orada yiyəlik edir, “Böyük Ermənistan” və “erməni döyüşçüləri” haqda çığır-bağır salırmışlar".
 
Ardınca polkovnik ermənilərin qısa xarakteristikasını verib: “Onlar qorxaqdırlar, vəssalam. Bilmirəm, siz ermənilər hansı qəhrəmanlıqdan danışırsınız. 1994-cü ildə Rusiya olmasaydı, Qarabağ da ermənilərin olmazdı. Rusiya olmasaydı, heç Ermənistan da olmayacaqdı”.
 
Bizcə, burada artıq əlavə şərhə lüzum qalmır...
 
“Yeni Müsavat”ın analitik xidməti

Загрузка...
Загрузка...