​Gənclərdən Prezidentə müraciətlər gəlir - "Ön cəbhədə döyüşməyə hazırıq"

Baxış sayı: 
75
1  
0  

Son günlər Ermənistanın növbəti dəfə hərbi təxribata əl atması Azərbaycan cəmiyyətində böyük etirazlarla qarşılanmaqla yanaşı Xalq-Dövlət birliyini daha da möhkəmləndirib.
 
Publika.az xəbər verir ki, baş verən hərbi əməliyyatlar fonunda yüzlərlə gənc Prezident İlham Əliyevə məktub yazaraq dəstək ifadə edib və cəbhəyə yollanmaq istədiklərini deyib.
 
Müraciətlərdən bir neçəsini təqdim edirik:
 
Natiq Rəsulzadədən, Bakı - Hörmətli cənab Prezident. Son günlərin hadisələri vəhşiləşmiş erməni faşizminin simasını bütün dünyaya bir daha göstərdi. Təcavüzkar ölkənin rəhbərliyi vicdan əzabı çəkmədən öz ambisiyaları naminə, nəyin bahasına olursa-olsun hakimiyyətdə qalmaqdan ibarət merkantil şəxsi istəkləri naminə, öz qeyri-insani məqsədləri xatirinə ölkənin gələcəyi olan gəncləri qurban verərək sadə xalqın övladlarını ölümə göndərir. Bizim rəşadətli ordumuzun döyüşlərdə verdiyi itkilər, həyatın astanasında olan hərbi qulluqçılarımızın, gənc əsgərlərimizin həlak olması xalqın səbir kasasını daşdırır. Hörmətli cənab Prezident, Azərbaycan xalqı bütün tarix boyu dəfələrlə döyüş meydanlarında öz rəşadətini sübut edib. Azərbaycan xalqı düşmənlə mübarizəyə qalxıb və mənfur təcavüzkar üzərində qələbə qazanıb. Bunu Böyük Vətən müharibəsi də sübut edib, bu müharibənin döyüş meydanlarında Vətənimizin yüz minlərlə övladı canından keçib. Bunu Aprel döyüşləri də sübut edib, o vaxt düşmən çox sərt və qətiyyətli şəkildə dəf edildi. Mənim atamın da iştirak etdiyi uzaq Böyük Vətən müharibəsi illərində həmvətənlərimiz özlərinin böyük, çoxmillətli ölkəsi uğrunda alman faşizminə qarşı bu cür qəhrəmancasına döyüşə bilibsə, indi xalqımız Sizin bir sözünüzlə doğma torpağımızı – sevimli Azərbaycanımızı qorumaq üçün murdar erməni faşizminə qarşı döyüşə cəsarətlə gedəcək. Hörmətli cənab Prezident, mənim yetmiş bir yaşım var və qəhrəmanlıq iddiasında olmadan Sizə deyirəm: yaranmış şəraitdə mən öz xalqımla, xalqımızın ziyalıları ilə birlikdə Vətənə məhəbbətimi sözdə deyil, əməli işdə sübut etməyə hazıram. Mən nə siyasətçiyəm, nə də diplomat, mən yazıçıyam, lakin hər şeydən əvvəl, mən də Sizin kimi - öz Vətənini, xalqını ürəkdən sevən vətəndaşam. Şairlərin öz dövrü var, əsgərlərin öz dövrü. İndi əsgərlərin dövrüdür.
 
Dərin hörmətlə, Natiq Rəsulzadə Azərbaycan Xalq Yazıçısı
 
Elvin Həsilovdan, Qax - Azərbaycan Hörmətli Prezident, cənab Ali Baş Komandan. Bütün dünyada müharibələrin susduğu bir zamanda mənfur düşmənlərimiz sərhədyanı bölgədə, xüsusilə Tovuz istiqamətində yenə də təxribatlar törətmişlər. Milli Ordumuzun kəskin cavabı sayəsində düşmən böyük itki verərək geri çəkilməyə məcbur olmuşdur. Möhtərəm Prezident, Sizin rəhbərliyinizlə torpaqlarımızın işğaldan azad olunması üçün hər an ön cəbhədə vuruşmağa hazırıq.
 
Hörmətlə, Həsilov Elvin Bəxtiyar oğlu YAP Qax rayon təşkilatı Gənclər Birliyinin sədri Qax rayonu
 
Etibar Vəliyevdən, Tovuz - Azərbaycan Hörmətli cənab Prezident! Sizi Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsi və Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Tovuz rayon filialının üzvlərinin adından salamlayır, keçmiş döyüşçülərin daim Sizə inandıqlarını, hər an döyüş əmrinizə hazır olduğumuzu bildiririk. Azərbaycanın inkişafını gözü götürməyən namərd qonşularımızın fitnə-fəsad törətmək cəhdləri hər zaman puça çıxıb və bu dəfə də belə oldu. Hər bir Azərbaycan vətəndaşı bilir ki, Azərbaycan dövləti əmin əllərdədir, çünki sabitliyimizin qarantı olan Siz varsınız, sərhədlərimizi qoruyan rəşadətli ordumuz, ictimai asayişi yüksək səviyyədə təmin edən qətiyyətli polisimiz var.
 
Hörmətlə, Vəliyev Etibar Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin və Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Tovuz rayon filialının sədri
 
Kamran Dünyamalıyevdən, Salyan - Azərbaycan Hörmətli cənab Prezident. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatı qəti şəkildə pisləyir, düşmən təxribatının qarşısını alan ordumuzu dəstəkləyirəm. Əminəm ki, Sizin rəhbərliyinizlə qısa müddətdə Qarabağımızı işğaldan azad edəcəyik. Sizin iradənizə inanır, döyüşə hazır əsgəriniz kimi əmrinizi gözlədiyimi bildirirəm.
 
Hörmətlə, Dünyamalıyev Kamran Əlixan oğlu Azərbaycan Respublikası, Salyan rayonu, Həsənli kəndi.
 
Amil Babayevdən, Salyan - Azərbaycan Hörmətli cənab Prezident. Biz daim Sizin prinsipial, qətiyyətli siyasətinizi dəstəkləyirik. Verdiyiniz hər bir əmr bizim döyüş andımızdır. İşğalçı dövlətin törətdiyi təxribatın qarşısını alan ordumuzla fəxr edirik. Bu ordu Sizin sayənizdə qüdrətlidir. Cənab Prezident, Azərbaycan-Ermənistan sərhədində düşmən təxribatının qarşısını alan ordumuzu dəstəkləyir, keçmiş döyüşçü kimi əlimə silah alıb düşmənə qarşı döyüşməyə hazır olduğumu bildirirəm. Sizinlə fəxr edir, qürur duyuruq. Hər birimiz Sizin əsgərinizik.
 
Hörmətlə, Babayev Amid Azərbaycan Respublikası, Salyan rayonu.
 
Tələt Abbasovdan, Qax - Azərbaycan Hörmətli cənab Ali Baş Komandan. Milli Ordumuz çətin pandemiya dövründə belə öz xalqı ilə maraqlanmayan, təcavüzkar, faşist ideologiyalı Ermənistanın son günlər Tovuz rayonu istiqamətində törətdiyi növbəti təxribatlarına Sizin rəhbərliyinizlə layiqli cavab verməkdədir. Biz Sizin Qarabağ münaqişəsində tutduğunuz qətiyyətli mövqe və igid vətən oğullarının şücaəti ilə daim fəxr edirik! Hörmətli Ali Baş Komandan, Yeni Azərbaycan Partiyası gənci olaraq Sizin əmrinizi gözləyir, ölkəm uğrunda döyüşməyə hazır olduğumu bildirirəm. Yaşasın müstəqil Azərbaycan! #hərbirimizəsgərik.
 
Dərin hörmətlə, Abbasov Tələt İlqar oğlu Azərbaycan Respublikası, Qax rayonu.
 
Aybəniz Ədilovadan, Xaçmaz - Azərbaycan Hörmətli cənab Prezident, Ali Baş Komandan! Sizin rəhbərliyiniz altında ordumuz bu gün dünyanın ən güclü orduları sırasında yer alır. Ordumuzda olan ruh yüksəkliyi, peşəkarlıq, müasir hərbi texnikalar hər an torpaqlarımızı azad etməyə imkan verir. Biz YAP gəncləri olaraq daim Sizin yanınızdayıq, Sizin əmrlərinizi gözləyirik! Allah Sizi qorusun! Dərin hörmətlə, Ədilova Aybəniz Azərbaycan Respublikası, Xaçmaz rayonu
 
Ramazanov Vüsaldan, Zaqatala - Azərbaycan Hörmətli cənab Ali Baş Komandan. Bu gün Azərbaycan Ordusu ölkəni istənilən təcavüzdən qorumağa və hər an torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Hər bir vətəndaşımız yaxşı bilir ki, Azərbaycanın güclü dövləti, güclü ordusu var. Cənab Ali Baş Komandan, döyüş təcrübəsi olan zabit və əsgərlərimiz hər zaman Sizinlədir. Biz Sizə inanır və güvənirik. Əmrinizi gözləyirik, cənab Ali Baş Komandanımız!
 
Hörmətlə, Vüsal Ramazanov YAP Zaqatala rayon təşkilatının fəalı, Zaqatala rayonu.
 
Məmmədqulu Həsənovdan, Masallı - Azərbaycan Hörmətli cənab Prezident! Sizin fəaliyyətiniz daim xalqımızın rifahının yüksəlməsinə, insanlarımızın qayğı və problemlərinin yerində həll olunmasına yönəlib. Xalqımızın firavan yaşayışı naminə atdığını addımlar öz bəhrəsini verir. Bu günlərdə kəndimizdəki köhnə, sıradan çıxmış elektrik dirəkləri yeniləri ilə dəyişdirildi. Bununla da işıqla təminatımız xeyli yaxşılaşdı, fasiləsiz işıqla təmin olunduq. Cənab Prezident, Azərbaycan xalqının qayğısına qalaraq onların problemlərinin həlli istiqamətində gördüyünüz əməli tədbirlərlə bağlı Sizə dərin təşəkkürümüzü bildirir və gələcək işlərinizdə uğurlar arzulayırıq.
 
Hörmətlə, Həsənov Məmmədqulu Azərbaycan Respublikası, Masallı rayonu, Gəyəçöl kəndi.
 
Nəsibə Kərimovadan, Bərdə - Azərbaycan Hörmətli cənab Prezident, cənab Ali Baş Komandan! Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatın qarşısının alınmasında ordumuzun gücünə bir daha şahid olduq. İgid əsgərlərimiz 2016-cı il Aprel döyüşlərindəki kimi bizi bir daha qürurlandırdılar. Məhz onların sayəsində biz sabit, təhlükəsiz həyat yaşayırıq. Bilirik ki, bizi, ölkəmizi qüdrətli bir ordu qoruyur. Bizə qürur yaşadan güclü ordumuzun Ali Baş Komandanı Sizsiniz, cənab Prezident. Ali Baş Komandanımız kimi Sizə bildirmək istəyirəm ki, hər zaman əmrinizi gözləyirik. Torpaqlarımızın işğaldan azad olunması istiqamətində apardığınız siyasəti bəyənir, bir gənc olaraq Sizə səmimi qəlbdən öz təşəkkürümü bildirirəm.
 
Hörmətlə, Kərimova Nəsibə İlham qızı Azərbaycan Respublikası, Bərdə rayonu.
 
Bəxtiyar Seyidovdan, Siyəzən - Azərbaycan Cənab Ali Baş Komandan. Məlum olduğu kimi, iyulun 12-də erməni silahlı qüvvələri Azərbaycanın mövqelərinə ağır artilleriya qurğuları ilə atəş açıb təxribat törətmişlər. Bunun qarşılığında Azərbaycan Ordusu adekvat cavab verərək düşməni susdurub şəhidlərimizin qisasını aldı. Məhz Sizin Azərbaycan Ordusuna, Azərbaycan əsgərinə göstərdiyiniz xüsusi diqqət və qayğının nəticəsi olaraq bu gün düşmənə layiqli zərbə endirməyə qadir olan güclü Azərbaycan Ordusu var. Bunun üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Cənab Ali Baş Komandan, YAP-ın Gənclər Birliyinin Siyəzən rayon Təşkilatının üzvü olaraq Sizin əmrinizlə düşmənlə üz-üzə dayanıb, rəşadətli bir Azərbaycan əsgəri kimi döyüşməyə hazıram.
 
Hörmətlə, Bəxtiyar Seyidov Azərbaycan Respublikası, Siyəzən rayonu
 
Şamxal Yaqubovdan, Bərdə - Azərbaycan Hörmətli cənab Prezident. Siz hər zaman Azərbaycan Respublikasının milli maraqlarının təmin olunması üçün çalışırsınız. Ölkəmizin müstəqilliyinin qorunması və ərazi bütövlüyünün bərpa olunması məhz bu milli maraqların əsas qayəsidir. Sizin sayənizdə bu gün güclü orduya malik olan Azərbaycan Respublikası onun dövlət sərhədini pozmağa çalışan qüvvələrə anında elə sarsıdıcı cavab verir ki, təxribatçılar üçün onun təsiri illərlə davam edir. Ordumuz bizim qürur mənbəyimizdir. Cənab Ali Baş Komandan, əmin ola bilərsiniz ki, biz gənclər hər an Sizin əmrinizi gözləyirik. Biz gənclər üçün Vətənə sədaqət müqəddəs hissdir. Son aldığımız nəfəsə qədər Sizin yanınızda olduğumuzu və Sizin bir göstərişiniz ilə canımızı Vətən uğrunda verəcəyimizi bir Azərbaycan gənci kimi bildirmək istəyirəm.
 
Hörmətlə, Şamxal Yaqubov Azərbaycan Respublikası, Bərdə rayonu.
 
Ülkər Lətifovadan, Xaçmaz - Azərbaycan Cənab Ali Baş Komandan. Bu gün Azərbaycan gəncliyi Sizin gördüyünüz işlərlə qürur duyur. Xüsusən də, ölkəmizin təhlükəsizliyi naminə gördüyünüz işlər, ordu quruculuğuna yetirdiyiniz diqqət göz qabağındadır. Artıq düşmənlərimiz vahimə içərisindədir. Sizin "Qarabağ Azərbaycandır və nida" sözünüz onların Qarabağı tezliklə tərk edəcəklərinə və məcbur köçkünlərimizin həmin torpaqlara qayıdacaqlarına böyük bir işarədir. YAP gəncləri daim Sizin ətrafınızda sıx birləşib və Sizin əmrinizi gözləyir. Biz Sizə inanırıq, cənab Prezident.
 
Dərin hörmətlə, Ülkər Lətifova Azərbaycan Respublikası, Xaçmaz rayonu.
 
Aydın Rəşidlidən, Füzul - Azərbaycan Möhtərəm Prezident, cənab Ali Baş Komandan. Son hadisələrdən sonra biz Füzuli gəncləri əldə silah Vətənimiz Azərbaycanın rahat, firavan, gözəl gələcəyi üçün döyüşmək istəyirik. Füzuli gəncliyi Sizə inanır və hər zaman Sizin yanınızdadır. Hörmətlə, Aydın Rəşidli Azərbaycan Respublikası, Füzuli rayonu.

Загрузка...
Загрузка...