​Gəncə terroru: Ermənistana bu cəsarəti kim verir – “Onları ürəkləndirən silahı işğalçıya verənlərdir”

Baxış sayı: 
126
1  
0  

 
 
Ermənistan ötən gecə Gəncənin dinc əhalisinə qarşı xain hücumu həyata keçirtməklə terrorçu dövlət olduğunu bir daha təsdiqləmiş oldu. Bununla da işğalçı ölkə son həftə ərzində sayca ikinci dəfə gecə yarısı mülki vətəndaşları yatdıqları yerdı hədəfə aldı ki, bu da bəşəri cinayətdir.
 
Gəncə əhalisinə qarşı törədilən son terror aktı nəticəsində 13 nəfər dağıntılar altında qalaraq həlak olub, 48 nəfər yaralanıb, 20-dən artıq ev yerlə bir olub. Bundan əvvəlki raket hücumu da 10 nəfərin həyatına son qoymuşdu, 34 nəfər yaralanmışdı.  Ancaq Ermənistanın dinc əhaliyə qarşı həyata keçirtdiyi terror aktı nəticəsində itkilərimiz çoxdur. Elə srağagün Tərtər qəbiristanlığında dəfn mərasimindən qayıdan dinc sakinlərin hədəfə alınması nəticəsində 4 nəfər həlak oldu, daha 5 nəfər yaralandı.  Baş Prokurorluğun yaydığı məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində, 60 mülki şəxs həlak olub, 270 nəfər yaralanıb. Bundan başqa 327 mülki obyekt, 90 yaşayış binası və 1704 yaşayış evi yarasız hala düşüb.
 
 
İşğalçı ölkə beynəlxalq hüquq tanımadan dinc insanları hədəfə alır, daha çox itkilər verdirməklə Azərbaycanda panika yaratmağa, ordumuzun torpaqları işğaldan azadetmə əməliyyatını səngitməyə, ruh düşkünlüyü yaratmağa çalışır. Düşmənin niyyəti bəllidir, Xocalı, Qaradağlı soyqırımlarını törədənlərdən istənilən alçaqlıqları gözləmək olar. Amma heç şübhəsiz ki, bu alçaq terror aktlarını həyata keçirməklə Ermənistan öz mövqelərini möhkəmləndirmir, dinc əhalinin hədəf seçilməsi, ölkəmizin yarım milyonluq şəhərinə raketlərin yağdırılması işğalçı ölkəni bütün dünyanın gözündən salır.
 
Düzdür, dünyada Qarabağ məsələsinə münasibətdə ikili standartlar mövcuddur və bu, on illərdir davam edir. Amma Qarabağ cəbhəsindən xeyli uzaqda yerləşən Gəncə şəhərinin hədəfə alınması, dinc sakinlərin, uşaqların və qadınların öldürülməsinə heç bir dünya ölkəsi bəraət qazandıra bilməz. Təbii, onlar yenə də sadəcə təəssüfləndiklərini deyəcəklər, amma kimsə Ermənistanın bu vandalizmini müdafiə etməyəcək, çünki uşaq qatillərinə bəraət yoxdur!
 
 
Bu yerdə Prezident İlham Əliyevin 17 oktyabrda xalqa müraciətində söylədiyi bəzi fikirlərə diqqət çəkək: “Ermənistanın hərbi texniki potensialını sıradan çıxarmışıq. Bu qədər silah Ermənistanda haradandır. Ermənistan bankrot ölkədir. Ölkənin xarici borcu ümumi daxili məhsulun 60-70 faizini təşkil edir. Hansı pulla bu texnika alınır. Bu vaxta kimi məhv edilmiş texnikanın sayı aşağısı 2 milyard dollar səviyyəsindədir. Ancaq hələ də bunların texnikası qalıb. Həm işğal edilmiş, həm də Ermənistan ərazisində. Sual olunur? Kim onları silahlandırır? Bizə qarşı iradlar olur ki, biz silahlanırıq, silah alırıq və bu, vəziyyəti gərginləşdirə bilər, vəziyyəti məqbul olmayan məcraya istiqamətləndirə bilər. Ancaq sual olunur Ermənistan silahlananda? Bəs bu kasıb, yoxsul ölkədə bu qədər silah, texnika hardandır. Bu gün də onlara qaçaq yolla silah, texnika göndərilir. Bu suallara cavab istəyirik”. Dövlət başçısının da sözlərindən aydın olur ki, Ermənistanı nəinki cəsarətləndirən, həm də onları silahlandıran qüvvələr var”. 
 
 
“SKAD ballistik raket hücumu və Ermənistanın baş naziri Nikol Paşinyanın Gəncədə mülki şəxsləri necə gəldi, öldürməsi Səddam Hüseynin mülki şəxslərə qarşı istifadə etdiyi eyni taktika və raket sistemidir”.
 
Bunu isə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “twitter” hesabında yazıb.
 
Göründüyü kimi, işğalçı ölkə dinc əhaliyə qarşı dağıdıcı, qadağan olunmuş silahlardan belə istifadəni davam etdirir, gözünü belə qırpmadan. Həm də o da məlumdur ki, Ermənistan ciddi şəkildə savaşı iki ölkənin sərhədlərinə çəkmək, Rusiyanı, KTMT-ni proseslərə cəlb etmək və Azərbaycanın Qarabağı işğaldan təmizləməsi istiqamətində əks-hücumlarına zərbə vurmaq istəyir. İndiyədək həm KTMT-dən, həm də Rusiyadan belə reaksiyalar verilib ki, əməliyyatlar Qarabağın hüdudlarını aşmadığı üçün müdaxilə etmək niyyətləri yoxdur. Belə olan halda ortaya suallar çıxır, Ermənistana öz ərazisindən Gəncə şəhərini raketlərlə hədəfə almaq cəsarətini kim verir? Bu, yalnız çarəsizlikdən irəli gələn terror aktıdır, yoxsa, üzdə görünməyən, başqa, yeraltı oyunlarmı gedir? “Vur” deyən, Paşinyandan da üstün ağıl varmı bu prosesdə?
 
 
Politoloq Qabil Hüseynli Musavat.com-a açıqlamasında deyib ki, Ermənistan həmişə xristian dünyasının əlində bir oyuncaq, bir alət rolunu oynayıb və bundan xristian dünyasının bir çox ölkələri istifadə edib: “Paşinyan ağıldan kəmdir, paranoikdir, bunu bilirik. Gəncəyə ikinci dəfə, özü də böyük dağıdıcılıq qüvvəsinə malik olan raketlərin atılması artıq dəli-divanəlikdən xəbər verir. Amma hesab edirəm ki, onları həm də ürəkləndirənlər var. Birincisi, onları ürəkləndirən bu silahı işğalçılara verənlərdir. Mən xatırlayıram, bu silah yenicə istehsal olunanda və o, Sovet İttifaqının Qərbi Avropa ilə sərhədlərində yerləşdiriləndə çox böyük skandala səbəb olmuşdu. Amerika, Avropa dövlətləri Skad tipli bu cür dağıdıcı qüvvəyə malik olan silahların Avropa ilə sərhəddə yerləşdirilməsini orta mənzilli qanadlı raketlərin yerləşdirilməsinə dair müqavilənin ruhuna zidd olduğunu bildirirdilər. Sovet İttifaqı dövründə açıqca bildirirdilər ki, bu silahlar Avropanı yer üzündən silib ata bilər. İndi bu silahlar verilib Ermənistana. Özü də məlumata görə, bu silahlar son dövrlər, 27 sentyabrdan sonra işğalçı ölkəyə gətirilib və Ermənistan da bu silahlardan Azərbaycanın dinc şəhərlərini bombardman etmək üçün istifadə edir”.
 
Siyasi ekspert söylədi ki, bu gün Ermənistanı ruhlandıran xeyli xristian dövlətləri var: “Bunlar xristian təəssübkeşliyinə və ənənəvi olaraq Ermənistanla olan münasibətlərinə görə ona “qorxma, vur” deyirlər. Bu dövlətlərdən biri vaxtilə erməniləri Azərbaycan ərazilərinə köçürəndir, buna dair çoxsaylı arxiv materialları da var”.
 
Bəs, belə olan halda Ermənistanın terroruna necə qarşılıq verilməlidir? Azərbaycanın hədəfi yalnız Qarabağdakı erməni hərbi birləşmələri olmalıdır, yoxsa işğalçı ölkədə hazır vəziyyətə gətirilən hədəflər də yerindəcə məhv edilməlidir?
 
Q.Hüseynli: “Açığını deyim ki, hərbi əməliyyatları, cavab tədbirlərini Ermənistan ərazisinə keçirsək, erməninin “çörəyinə yağ sürtərik”. Çünki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Zas bu yaxınlarda bəyanat verdi ki, bölgədəki vəziyyət təşkilatda ciddi müzakirə olunur və həll yollarını tapmaq üçün müəyyən fikir mübadiləsi aparılır. Yəni ehtiyatlı formada bildirmişdi ki, KTMT bu proseslərə qoşula bilər. Ermənistanın da əsas arzusu budur ki, KTMT ilə Azərbaycanı üz-üzə qoysun. KTMT-də də əsas qüvvə ruslardır. Məqsəd rusları bu bölgəyə gətirməkdir. Ona görə də bütün gücümüzü, qüdrətimizi qoyub, bütün düşmən qüvvələrini silib-süpürməli, qisası orda almalıyıq. Qisas yeri Qarabağdır”.
 
Politoloq qeyd etdi ki, hava hücumundan müdafiə sisteminin təkmilləşdirilməsinə  də diqqəti artırmaq lazımdır: “Raketlərin havada məhv edilməsi istiqamətində tədbirlər artırılmalıdır. Ermənilər Gəncəni gecələr raket atəşinə tuturlar ki, raketlərin görünməsini, yaxud hansı ərazidən atılmasını müşahidə etmək mümkün olmasın. Amma onu diqqətə alan süni peykimiz həmin ərazilərdə müşahidə aparır, müharibə teatrını tamamilə çəkə bilir. Bu nöqteyi-nəzərdən biz havadakı süni peyklərimizi, hava hücumundan müdafiə sistemlərimizin cəbhəxanasında olan silahları və digər vasitələri qardaş Türkiyə ilə məsləhətləşərək işə salmaq və raketlərin havadaca, yaxud yerdən qalxan kimi məhv edilməsini həyata keçirmək lazımdır. Düzdür, Mingəçevirə atılan raketlərin demək olar ki, çoxunu havada vururuq, eyni şeyləri Gəncə üçün də tətbiq etmək lazımdır. Amma Qarabağ tərəfdə düşmənin digər ərazilərimizə çata bilməyəcək dərəcədə uzaqlara qovulması və torpaqlarımızın azad edilməsi onları sındıracaq. Bundan sonra Ermənistanı müdafiə edən qüvvələr yalvara-yalvara bizdən danışıqlar masası arxasında oturmağa dəvət edəcəklər”.
 
E.Paşasoy,
Musavat.com

Загрузка...
Загрузка...