Gənc ərin müəllimə işləyən arvadından şok tələbi: Saçından tutub sürüdü ki...

Baxış sayı: 
93
1  
0  

 
Şirvan şəhərində arvadına xəsarət yetirməkdə ittiham olunan 1986-cı il təvəllüdlü Anar Soltanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Teleqraf.com-un xəbərinə görə, Anar Soltanov 29 iyul 2019-cu il tarixdə, saat 23 radələrində Şirvan şəhərində yaşadığı mənzildə arvadı Aytac Soltanova ilə mübahisə edib.
 
Mübahisə zamanı o, arvadının bədən nahiyəsinə yumruq-təpiklə müxtəlif dərəcəli xəsarətlər yetirib.
 
Anar Soltanovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham elan olunub.
 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Anar Soltanov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Qeyd edib ki, 2016-cı ilin sentyabr ayında Aytacla ailə qurub: “Əvvəllər mehriban dolansaq da, sonradan heç bir səbəb olmadan münasibətlərimiz pozulmağa başladı. 29 iyul 2019-cu il tarixdə, saat 23 radələrində Aytacla birlikdə yaşadığımız evə gəldik. Aytaca dedim ki, evdə olan əşyaları hara aparıb? Cavab verdi ki, atası evinə aparıb. Sonra ondan qızıllarının yerini soruşdum. Bildirdi ki, qızıllar özündədir. Amma qızılları mənə göstərmədi. Buna görə Aytacla aramızda sözlə mübahisə oldu.
 
Əsəbləşərək Aytacın qolundan tutdum, qızılları göstərməsini istədim. O isə mənə müxtəlif yalanlar deməyə başladı. Mən də Aytacın sifətindən və boğazından tutaraq sıxdım. Ondan qızılların yerini göstərməsini tələb etdim. O da əlimdən çıxdı və qaçaraq qonşumuz Məhbubəgilə getdi”.
 
Təqsirləndirilən şəxsin sözlərinə görə, iyulun 30-da, saat 7 radələrində işə gedib: “Həmin gün axşam saat 18 radələrində evə gəldikdə, atam Ramiz dedi ki, Aytac tezdən evə gəlib, əşyalarını götürərək gedib. Sonradan bildim ki, Aytac barəmdə polis şöbəsinə şikayət edib. Polis şöbəsinə çağırıldım və məndən izahat aldılar”.
 
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Aytac Soltanova qeyd edib ki, Sabirabad rayonu Türkəndi kənd tam orta məktəbdə təsviri incəsənət müəlimi vəzifəsində işləyir.
 
O, Anar Soltanovla aralarında yaranan mübahisənin başlanmasını belə izah edib: “Anar bir çox yerdən borca ərzaq və digər əşyalar götürərək həmin borcları verməyi mənim üstümə atdı. Borcları ödəyə bilmədiyimə görə mənimlə mübahisə elədi, borcları ödəməyimi tələb etməyə başladı. Mən isə təzə işə başlamışdım və maaşım az olduğundan borcları ödəyə bilmirdim.
 
İyulun 29-da saat 23 radələrində Anar evə sərxoş vəziyyətdə gəldi. Yataq otağımızda olarkən Anar dedi ki, saxlamaq üçün it alacaq, ona 200 manat pul lazımdır. Bildirdim ki, mənim hazırda pulum yoxdur. Ona belə dedikdə, sifətimə şillə vurdu. Sonra isə saçımdan tutaraq pul verməyimi tələb etdi. Həmin vaxt otaqdan çıxdım. Anarın atası Ramizə bu barədə bildirdim. O da dedi ki, özünüz bilərsiniz. Sonra evin dəhlizinə çıxarkən Ramiz oğlu Anara dedi ki, məni döysün. Belə deyib evdən getdi”.
 
Zərərçəkmişin sözlərinə görə, həmin vaxt evdən çölə çıxmaq istəyib: “Anar saçımdan tutdu, içəri çəkdi. Təpiklə sağ ayağıma bir neçə dəfə vurdu. Ağrıdan yerə yıxıldım. Yerdə olarkən Anar alnıma və başıma da bir neçə təpik vurdu. Sonra da çənəmi yumruqladı, ağzımdan qan gəldi. Saçımdan tutaraq sürüdü, məndən təkrarən pul istədi.
 
Anar gedəndən sonra qapı qonşumuz olan Məhbubə qapımızı döydü. Bir təhər ayağa durdum və qapını açdım. Məhbubə məni evinə apardı”.
 
Şirvan şəhər Məhkəməsinin hökmü ilə Anar Soltanovun barəsində olan cinayət təqibinə xitam verilib. Məhkəmə belə nəticəyə gələndə Cinayət Məcəlləsinin 73.2-ci (bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir) maddəsinin tələbləri əsas götürülüb.
 
Hökmdən narazı qalan Aytac Soltanova apelyasiya şikayəti verib. O, Şirvan şəhər Məhkəməsinin hökmünün ləğv edilməsini və əri barəsində müddətli cəza təyin olunmasını istəyib.
 
Aytac Soltanova şikayətində qeyd edib ki, Anar Soltanov barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi açılaraq baxılması üçün məhkəməyə göndərilib. Onun sözlərinə görə, 22 oktyabr 2019-cu il tarixində keçirilmiş məhkəmə baxış iclasında əri Anar Soltanov ailəni bərpa edədəcəyini bildirdiyindən onunla barışaraq şikayətindən imtina edib: “Buna görə də Şirvan şəhər Məhkəməsinin hökmü ilə Anar Soltanov Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edildi və barəsində olan cinayət təqibinə xitam verildi. Məhkəmə prosesi bitdikdən dərhal sonra Anar Soltanov verdiyi sözə əməl etməyərək məni nalayiq sözlərlə söyüb, təhqir etdi. Məni aldatdığını bildirdi, heç vaxt mənimlə ailə münasibətlərini bərpa etməyəcəyini söylədi”.
 
Zərərçəkmiş bu səbəbdən birinci instansiya məhkəməsinə verdiyi barışıq ərizəsindən imtina etdiyini, Anar Soltanov barəsində azadlıqdan məhrumetmə cəzası təyin olunmasını istəyib.
 
Aytac Soltanovanın şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elşad Əliyevin sədrliyi ilə baş tutan iclasda zərərçəkmişin şikayətinin dəlilləri araşdırılıb.
 
Şirvan Apelyasiya Məhkəməsinin hökmü ləğv edilib, Anar Soltanovun barəsində yeni hökm çıxarılıb.
 
Yeni hökmə əsasən, Anar Soltanov Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib. Onun barəsində aylıq qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 1 il müddətə islah işləri cəzası təyin edilib.

Загрузка...
Загрузка...