"Get, qardaş, get, orda gözlə bizləri, burda bizə yer yox artıq..."

Baxış sayı: 
52
3  
0  

"Etimad canının yarısını Qarabağa, yarısını da qazilərin şəraitinə həsr elədi"
Qazilər Birliyinin sədri, 1-ci qrup Qarabağ qazisi Etimad Əsədov ağır xəstəlikdən sonra dünyasını dəyişib. Silahdaşları, səngər yoldaşları Etimad Əsədovun ölümündən kədərləndiyini bildiriblər. 

İki Qarabağ qazisi və hərbi blogger mərhum döyüşçünün vəfatı ilə bağlı öz hüzn və kədər hislərini Moderator.az-la bölüşüb.

Qarabağ qazisi Əbuzər Əbilov:

"Etimad Əsədov bu gün son döyüşünü etdi. O, cavan yaşlarından döyüşə atıldı. İlkin olaraq qəsbkar düşmənlə, sonradan düşməndən az azğın olmayan məmur tayfası ilə, sonradan isə sağlamlığının düşməni olan xəstəliklə. O, bu namərdə dünyanı tərk etsə də onun savaş tarixi, qazi və şəhid ailələri üçün əməyi, şəxsinə isə rəhməti qaldı. Çox üzgünəm. Savaş insanları həyatlarını sərf etdiklərı Vətən savaşını bitirməmiş dünyadan köçməsinə baxdıqca məni qəhər boğur. Yaradanımız haqq dünyada onu qələbəsinə qovuşdursun İnşaAllah!"

"Qarabağın Həcəri" kimi tanınan Sabirə Mahmudova:

"Qarabağ göyləri çağırdı səni,
Nigaran ruhlara qovuşmaq üçün,
Nisgilə dözməyib getdi, Etimad,
Orda torpaqlara yovuşmaq üçün...

Etimad Əsədovun vəfat etdiyini eşitdim. Daha, qazi ölümlərini adi qarşılayırıq. İtirdiklərimizin ortalama yaş senzi 50-55, bəzən 60 olur. Azman oğullarımız gözümüz baxa-baxa ehtiyac içində, dərddən, dərmansızlıqdan, yaşadıqları gündəlik haqsızlıqlardan, ümdəsi, canlarını, bədən parçalarını qurban verdikləri Qarabağsızlıqdan köçürlər. Fərarilərin suladıqları meydanın küncündə boğulduqlarından yana, dözmürlər, özlərinə layiq yaşam tərzi olmadıqlarından dolayı nisgillə köç edirlər. Bu ədalətin itdiyi məmləkətdən, qoruduqları torpaq arzusu gözlərində qala-qala dünyalarını dəyişirlər. Burda Qazilərin haqqları üçün illərlə çarpışırdın, bu ədalətin qeyb olduğu məmləkətdə, əlindən gələni edirdin ki, kimlərinsə əzilən haqqı dirçəlsin. Sənə üz tutanlar çox vaxt haqqına qovuşurdu. Sağında, solunda sənə arxa-dayaq olan qazilərinlə bizlərə xor baxanları da yerlərində oturtmağı bacarırdın.Təmkinini ən son anda da itirmirdin. Mən buna şahidi oldum. Rəhmətlik Zaur dünyasını faciəli şəkildə dəyişən gecə, məsciddən bir gəldiyimiz maşında. Qazilərin, əlillərin haqları uğrunda mübarizəndə məhbəs də yaşadın. Yenə də onları atmadın, çıxıb sıralarında baş Qaziliyini yerinə yetirdin. Üstünə gələnlər, səni gözdən salanlar çox olsa da sınmadın. Bəzən haqlı, bəzən haqsız tənqidlərimizə də tuş gəldin. Amma kin saxlamadın heç kimlə. Qarabağ dərdini yüklənib özünlə götürdün. Nisgillə gedirsən, Şəhid qardaşlarımızın yanına.

Onlara de ki, biz bu haqsızlıqlara, Qarabağ dərdinə çarə tapmaqda acizik.
De ki, meydanda at oynadan fərarilərin əlində girovuq.
De ki, hər addımda əzdilər bizi, bizlərə dedilər ki, ağlınız vardısa döyüşməyəydiniz.
De ki, bir deyil, beş deyil, çoxusu bir sifətdədirlər.
De ki, ermənilər qan tökdüyümüz meydanlarda gərdiş etdikcə çər bağladıq, ürəklərimiz yandı, ciyərlərimiz bişdi.
De ki, çox məmurlarımız var ki, aldığımız 5 manatı da bizə çox görürlər. Əllərində əlac olsa, hamımızı bir tonqalda çatarlar.
Get, qardaş, get, orda gözlə bizləri, burda bizə yer yox artıq...
Əbədi mənzilin Ağdam olsun, Etimad Qazi başı.
Bağışla qardaş, təzyiqim yol vermədi ki, səni son mənzilinə uğurlayam. Üzgünəm.
Dindirmə, qan ağlaram..."

Hərbi xəbərlər və məlumatlar səhifəsinin admini, blogger Tofiq Şahmuradov: 

"Etimad Əsədovun vəfatı ilə bağlı ailəsinə və xalqımıza başsağlığı verirəm. O, canının yarısını Qarabağ döyüşlərində qoymuşdusa, yarısını da qazi qardaşların şəraitinin düzəlməsi üçün əsirgəmədi. Etimad Əsədov qazilərin haqq səsi idi, qazilərimiz üçün o bir başçı idi. Qazilərimizin şəraitinin yaxşılaşması üçün o, əlindən nə gəlirsə eləməyə çalışdı və elədi. Allah rəhmət eləsin!"

Загрузка...
Загрузка...