“Geri çəkilməkdən söhbət gedə biməz” - “Bu təxribatların məqsədi Sərdar bəyin timsalında ADP-ni ləkələməkdir”

Baxış sayı: 
126
2  
0  

Vüqar Məmmədov:  “Sərdar bəyi kimsəyə tanıtmağa ehtiyac yoxdur”
 
“...Bu təxribatlar İlham Əliyevin seçkilərlə bağlı verdiyi vədlərin hamısını heçə saymaq, seçkilərdə kifayət qədər ciddi saxtakarlıqlar edib, yenidən özlərinin natəmiz adamlarını, saxlamalarını, qullarını, qulbeçələrini parlamentə yerləşdirmək məqsədi daşıyır”
 
Son günlər Hurriyyet.org saytı tez-tez haker hücumlarına məruz qalmaqdadır. Yanvarın 7-də isə kiber-cinayətkar şəbəkə tərəfindən saytımızın parolları ələ keçirildi. Nəticədə, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun adından Hurriyyet.org-a saxta “etiraf” yerləşdirildi. Bütün bunlarla bağlı “Hürriyyət” qəzetinin və Hurriyyet.org saytının baş redaktoru Vüqar Məmmədovun münasibətini öyrənməyə çalışdıq.
 
- Vüqar müəllim, son günlər Hurriyyet.org saytına qarşı edilən bu təxribat nə ilə əlaqadardır?
 
- Öncə onu deyim ki, biz bu haker hücumları ilə ilk dəfə deyil, rastlaşırıq. Hurriyyet.org saytı təxminən 2016-cı ildən fəaliyyət göstərir və bu 3 ildən yuxarı müddət ərzində dəfələrlə belə hücumlara məruz qalmışıq. Təbii ki, hər dəfə belə şeylər olanda biz müvafiq qurumlara müraciət etmişik ki, bu məsələlər araşdırılsın, qarşısı alınsın. Amma təəssüf ki, bir dəfə də olsun, buna ciddi reaksiya verilməyib.
 
Bu dəfəki isə əvvəlki hücumlardan tamamilə fərqli idi. Əvvəlcə dekabr ayının 28-də sayta hücumlar başladı. Bu hücum DoS (Denial of Service) və DDoS hücumlar adlandırılır. Hansı ki, bu zaman tək saytın özünə yox, həm də məxsus olduğu serverə hücum olunur və server tərəfindən sayt bloklanır. Amma bu dəfəki hücum tamam fərqli idi. Deməli, hakerlər serveri vurandan sonra, serverin zəifləməsi nəticəsində saytda olan müəyyən boşluqları axtarıb  tapmaqla, saytın daxilinə girirlər. Sayta girəndən sonra, onun həm kodlarını, həm də parollarını oğurlayırlar. Bildiyiniz kimi, bu hücum baş verəndə ayın 7-si, saat təxminən 11:47 radələrində adminimiz tərəfindən bizə məlumat verildi ki, biz saytı idarə edə bilmirik və saytda bizim adımızdan materiallar paylaşılır. Təbii ki, bu, qısa bir müddətdə həll olunacaq məsələ olmadığından, yəni mütəxəssis tapınca, gətirincə, serverlə əlaqə saxlayınca, saytı tam dayandırana qədər üstündən saat yarım vaxt keçdi və bu ərəfədə həmin o materialı yayanlar istədiklərinə  dırnaqarası da olsa, nail ola bildilər. Yəni bu, Azərbaycan mətbuatında gerçəkdən şok yarada biləcək bir məlumat idi və bu məlumatı da düşünülmüş şəkildə etmişdilər.
 
Bu məsələ əvvəlcədən planlaşdırılmış çətənin, cinayətkar bir qrupun işi idi. Ayın 7-9-u arasında da sayt müxtəlif vaxtlarda həmin hücumlara yenə də məruz qalıb, dağıdılıb. Dünən gecə saat 12 radələrində saytın kodlarını və parollarını oğurlamaq üçün yenidən dəfələrlə cəhdlər oldu. Mütəxəssislər hətta gecə də işləyirdilər. Biz istəyirdik aydınlaşdıraq ki, bu hücumlar haradan gəlir və məqsədləri nədir. Təbii ki, bu dəfə onlar öz məqsədlərinə nail ola bilmədilər. Hazırda sayt normal şəkildə olmasa da, fəaliyyətini nisbətən bərpa etmişik.
 
- Qeyd etdiniz ki, bu hücumların arxasında cinayətkar çətə durur. Sizcə, bu cinayətkar çətəyə rəhbərlik edən, idarə edənlər kimlərdir?
 
- Bu məsələnin ayın 7-də baş verməsi heç də təsadüfi bir şey deyil. Yəni düşünülmüş, planlaşdırılmış bir şeydir. Bilirsiniz, bu seçkilərdə ölkə başçısı və Birinci vitse-prezident öz iradələrini ortaya qoyaraq, hətta ATƏT-ə, Avropa Şurasına belə, “gəlin, seçkiləri izləyin” deyə,  müraciət etdilər. Yəni “biz demokratik seçki keçirəcəyik, heç kəsə maneçilik törətməyəcək, əvvəlcədən siyahılar müəyyənləşdirilməyəcək” deyə, hamını əmin etdilər. Ölkə başçısı dedi ki, mən bu sözümün arxasında duracağam. Ancaq bilirsiniz ki, az öncə köhnə zehniyyət, yəni ölkənin dağıdılmasında, sökülməsində, bəlalara düçar olmasında müstəsna rolu olanlar hakimiyyətdən uzaqlaşdırıldılar. Təbii ki, bunların əlləri, dişləri qana batmışdı və bu səbəbdən də hakimiyyəti elə-belə vermək istəmirlər. Ona görə, bunlar parlamentdə yenidən təmsil olunmaq və gələcəkdə hakimiyyətin digər qanadına istədikləri təzyiqi etmək üçün yenidən qanunverici orqanda təmsil olunmaq istəyirlər. Xatırladım ki, bundan əvvəl televiziyamızda və saytımızda Aslan İsmayılovun müsahibəsi getmişdi. O müsahibədə Aslan İsmayılov demişdi ki, verilən siyahılar hazırda başqa yerdə hazırlanır. Bilirsiniz ki, Demokrat Partiyası da Cərdar Cəlaloğlunun başçılığı altında seçkilərə qatılmaq haqqında qərar verdi. Bu hücumların əsas məqsədi Sərdar bəyin başçılığı altında Demokrat Partiyasını ləkələmək, onların nüfuzuna xələl gətirmək, seçkilərdən əvvəl onları tamamilə nüfuzdan salmaq məqsədi daşıyır. Yəni bu, dediyim kimi, əvvəlcədən cinayətkar bir qrup tərəfindən planlaşdırılmış, hazırlanmış ciddi bir təxribat idi.
 
- Sayta hücumdan sonra ölkə başçısına, müvafiq qurumlara müraciət etdiniz. Bu müraciətlərinizə hər hansı cavab var?
 
- Mən ölkə başçısına iki gün əvvəl müraciət etmişəm. Amma artıq 4 gün keçməsinə baxmayaraq, nə Dövlət Təhlükəsizlik Xidmətindən, nə Daxili İşlər Nazirliyindən, nə Respublika Prokurorluğundan, nə də Rabitə Nazirliyindən işartı da yoxdur, yəni bu məsələyə reaksiya verilmir. Bəzən adam düşünür ki, bu orqanlardan ya kimlərinsə bu məsələdə əli var, ya da kimlərinsə təzyiqi vasitəsilə bu məsələdən özlərini kənar saxlamaq istəyirlər. Burada ciddi bir məsələdən söhbət gedir. Bu, tək “Hürriyyət” qəzetinin saytının dağıdılması məsələsi deyil, bu, Demokrat Partiyasını nüfuzdan salınması, həmin partiyanın nümayəndələrinin ləkələnməsi məqsədi daşımaqla yanaşı, eyni zamanda İlham Əliyevin millətimizin qarşısında verdiyi sözə bir təpkidir. Yəni bunlar həm də İlham Əliyevə demək istəyirlər ki, “nə deyirsən de, nə edirsən et, nə qərar verirsən ver, son sözü biz deyəcəyik”. Bu, Rusiyapərəst qruplardır və hazırda hakimiyyətdə təmsil olunanlardır.
 
Bir də, çox maraqlıdır ki, mən bu gün yenə hüquq-mühafizə orqanlarının hamısı ilə bir-bir əlaqə saxlamışam,  hamısı deyir, araşdırma aparılır. Halbuki, Dövlət Təhlükəsizlik Xidmətinin imkanları Vüqar Məmmədovun imkanlarından qat-qat çoxdur, Respublika Prokurorluğunun və yaxud Rabitə Nazirliyinin informasiyası mənim informasiyamdan qat-qat çoxdur. Amma gəlin baxaq, bunların gördüyü işlərlə mənim gördüyüm işləri müqayisə edəndə biz onlardan qat-qat çox iş görmüşük. Biz artıq müəyyənləşdirmişik ki, bunu edənlər kimlərdir, hətta o yazını yazana qədər müəyyənləşdirmişik. Hətta həmin şəbəkənin yerləşdiyi ərazini, onların ofislərini müəyyənləşdirmişik. Amma iki gün keçməsinə baxmayaraq, hüquq-mühafizə orqanları hələ də araşdırma aparırlar. Nəyin araşdırmasını aparırlar, bilmirəm. Amma məndə olan məlumata görə, Dövlət Təhlükəsizlik Xidməti də artıq izə düşüb. Hansısa səbəbdən hələ ki, bir söz açıqlamırlar.
 
- Səbəb nə olar bilər?
 
- Ola bilsin ki, Dövlət Təhlükəsizlik Xidməti daha bir şəbəkənin başqa əlamanlarını da ələ keçirmək məqsədi ilə bu araşdırmanı geniş formada aparır. Ona görə, ictimaiyyətə açıqlamaq istəmir. Amma mənim əlimdə olan məlumata görə, artıq onlarda da bu məlumatlar var. Yəni biz əgər “Hürriyyət” qəzeti olaraq bu məlumatları əldə edə biliriksə, hüquq-mühafizə orqanlarının bunu əldə etməsi elə qeyri-adi bir şey deyil.  Daxili İşlər Naziriliyinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində kiber hücumlarına qarşı mübarizə idarəsi var. Əslində, bu, onların işidir. O gün mən Sərdar Əlibəylinin bir müsahibəsinə qulaq asırdırm, orada Əvəz Zeynallının məhkəməsindən bir sitat gətirdi. Deyir, Əvəz Zeynallının məhkəməsində Rabitə Nazirliyinin əməkdaşı bildirdi ki, biz ölkədə bütün informasiyanın hamısına, qəzetlərə, saytlara nəzarət edirik və bizim əlimizdədir. Əgər həqiqətən də Rabitə Nazirliyi bu informasiyaların hamısına nəzarət edirsə, o zaman Hurriyyet.org-a yerləşdirilən məlumat da onların əlində olmalıdır. Yəni bunların məlumatı olmalıdır. Buradan iki şey başa düşmək olar: ya Əvəz Zeynallının məhkəməsində deyilən şeylər sadəcə olaraq söz xətrinə deyilən sözdür, bunlar öz vəzifə səlahiyyətlərini yerinə yetirə bilmirlər, ya da Rabitə Naizrliyinin müvafiq qurumlarının bu məsələdə əli var. Və yaxud da hansısa bir qurumdan qorxurlar, ona görə də bu məsələni açıb ictimaiyyətə, yaxud “Hürriyyət” qəzetinə bildirə bilmirlər. Səbəb budur.
 
- Siz rəhbərlik etdiyiniz sayta qarşı təxribatı seçkilərlə əlaqələndirdiniz. Seçkilərə hələ bir ay vaxt qalıb. Bu müddətdə də təxribat cəhdlərini ehtimal edirsiniz?
 
- Bu, artıq ehtimaldan keçib. Əgər ayın 7-də baş verən təxribata qarşı bir tədbir görülməycəksə, bu adamlar cəzalandırılmayacaqsa, həbs olunmayacaqsa, seçki prosesində yüz faiz bu qara piar davam edəcək. Söhbət tək bizdən getmir. Ola bilsin ki, tamam başqa saytlara girsinlər, başqa partiyaları da başqa cür ləkələsinlər, qarayaxmalar etsinlər. Və bir də burada maraqlı bir şey var, biz bunun vahid bir əldən idarə olunduğuna artıq tam əminik. Çünki iki gün apardığımız analizlər bizə bunu deməyə əsas verir. Deməli, nə baş verir? Sayta material 11:47-də qoyulub. Təxminən 7 dəqiqədən sonra ölkənin ən aparıcı saytları dayanmadan bu məlumatı tirajlayırdılar. Həmin saytların kimə məxsusluğunu da biz bilirik. O böyük saytlardan məlumatı götürəndən sonra kiçik saytlar paylaşdılar. Yəni o böyük saytlar 1-2 dəqiqə ara ilə tirajlayırdılar. Bir sözlə, göstəriş vahid bir mərkəzdən gəlmişdi. Belə deyək, düymə artıq basılmışdı, amma hamısı eyni vaxtda vermirdilər. Əslinə baxsan, eyni vaxtda vermək hamısına tapşırılmışdı, amma eyni vaxtda qoyulmaması səbəbi birinin admin panelinin bir az ağır işləməsi, birinin hansısa probleminin olmasıdr, birinin əlində materialın olmasıyla bağlıdır. Bu materialı 1-2 dəqiqə ara ilə verdiklərinə görə, hətta bəziləri ciblərindən pul qoyaraq “feysbuk”da sponsorlu səhifələrinə də yerləşdirməyə başladılar. Biz bu barədə Dövlət Təhlükəsizlik Xidmətinə, Prokurorluğa yazmışıq ki, bu saytlar da araşdırılsın. Çünki bu adam məlumat yayır. Sərdar bəylə bağlı dırnaqrası gedən materialı sponsorlu səhifəyə qoyub, geniş icitmaiyyətə çatdırmaq məqsədi təsadüf ola bilməz. Buradan da bəllidir ki, bunlar kiminsə əlinə işləyən adamlardır. Təxminən saat yarımdan, yəni həmin materialı ortadan götürəndən sonra, biz partiyanın bəyanatını və qəzetin adından açıqlama verdik ki, bu, bir təxribatdır. Təsəvvür edin ki, şübhələndiyimiz adamların hamısı “material bizim deyildi” deməyimizə rəğmən, yenə də o materialı saytlarından çıxarmaq istəmirdilər. Yəni tapşırıq ciddi idi. Bu da, dediyim kimi, Sərdar bəyin timsalında Demokrat Partiyasını ləkələmək və İlham Əliyevin seçkilərlə bağlı verdiyi vədlərin hamısını heçə saymaq, seçkilərdə kifayət qədər ciddi saxtakarlıqlar edib, yenidən özlərinin natəmiz adamlarını, saxlamalarını, qullarını, qulbeçələrini parlamentə yerləşdirmək məqsədi daşıyır. Burada ikinci bir şey yoxdur.
 
- Vüqar müəllim, ADP-yə, “Hürriyyət” qəzetinə olunan bu təxribatın seçkilərdə bir effekti olacaq?
 
- Bilirsiniz, bu, təxribatdır və Sərdar Cəlaloğlunu kimsəyə tanıtmağa ehtiyac yoxdur. Sərdar bəyin 30 ildən keçdiyi bir yol var və bu yol hamıya bəllidir. Demokrat Partiyasının da 1990-cı ildən keçdiyi bir yol var, bu yol yenə də hamıya bəllidir. Görürdünüz, sosial şəbəkədə statuslarında hamı yazırdı ki, bu, qurama bir şeydir. Belə bir şey mümkün deyil. Yəni buna inanan da azdır. Amma  bizdə bir məsələ var, deyir “milçək özü bir şey deyil, amma ürək bulandırar”. Kimlərsə burada ürək bulandırmaqla məşğuldurlar. Yəni onlar elə hesab etdilər ki, bu materialı bizim öz saytımızın parollarını oğurlamaqla və materialı sayta yerləşdimərklə, bizi rüsvay edəcəklər və yaxud da parlament seçkilərindən geri çəkilməyimiz üçün bir zəmin yaradacaqlar. Amma bunlar hamısı boş addımlardır, geri çəkilməkdən heç bir söhbət gedə biməz. Allahın izniylə və bu xalqın iradəsiylə “5-ci kolon” deyilən qruplaşma bu seçkidə güc gəlməsə, yenidən bu qədər saxtakarlığa getməsə, Azərbaycan parlamenti normal şəkildə seçiləcək və gerçəkdən bu xalqın seçdiyi övladları qanunverici orqanda təmsil olunacaqlar.
 
Şamo EMİN, Hurriyyet.org

Загрузка...
Загрузка...