Firudin Cəlilov və “firudincəlilovçuluq” haqqında 2-ci məqalə - Pənah Hüseynin yazısı

Baxış sayı: 
115
3  
0  

 
F. Cəlilovun hələ “Elçibəy hakimiyyətə gəlməmişdən bir ay əvvəl test imtahanlarına keçmək məqsədilə qəbul imtahanlarını dayandırmaq barədə verdiyi sərəncam” hekayəsi
Əvvəli burada
 
Firudin Cəlilovun "test üsulunu Azərbaycan təhsil sisteminə mən gətirmişəm" iddiasını əsaslandırmasında hələ Elçibəy hakimiyyətə gəlməmişdən bir ay əvvəl test imtahanlarına keçmək məqsədilə qəbul imtahanlarını dayandırmaq barədə verdiyi sərəncam dəlili ciddi yer tutur.
 
"Mən Rəhim Hüseynovun vaxtında Baş nazirin müavini işləyirdim. İnstitutlar, məktəblər mənim kurasiyamda idi. Mən də test imtahanlarını gətirmək istəyirdim, amma bu çox ağır bir məsələ idi. Sərəncam verdim, qəbul imtahanlarını dayandırdılar ki, testə keçək. Sərəncamımdan bir ay sonra Elçibəy hakimiyyətə gəldi. Ona dedim ki, bu, artıq mənim səlahiyyətimdə olan bir iş deyil. Prezident sənsən, ya "hə” de, ya "yox”. Razılıq vermədi. Orada bizim Elçibəylə möhkəm davamız oldu. Bu söhbətdə Pənah Hüseyn, İsa Qəmbər, Arif Hacılı, İxtiyar Şirin də iştirak edib. Amma 30 ildə birinin qeyrəti çatıb bu barədə danışmadı. Heç kim etiraf etmədi ki, test üsulunu təhsilə Vurğun yox, Firudin gətirib”.
 
Həqiqətən də əgər belədirsə, onda kim mübahisə edə bilər ki, test üsulunu Azərbaycana F. Cəlilov gətirib və test üsulunun Elçibəy hakimiyyətinə, Xalq Cəbhəsi hakimiyyətinə və Elçibəyə nə dəxli var?
 
Lakin araşdırma göstərir ki, F. Cəlilov saxtakarlıq edir və məsələni faktiki və tarixi baxımdan "testi mən gətirmişəm" iddiasını sübut etmək məqsədilə, yəni qəsdən qarışdırır.
 
F. Cəlilovun test imtahanlarına keçmək uçün qəbul imtahanlarını dayandırılması haqqında verdiyi "sərəncam", sadəcə, mövcud deyil. Danışılan dövrdə, elə indi də, ümumiyyətlə, nəinki Baş Nazir müavininin, hətta Baş Nazirin hüquqi-normativ akt qəbul etmək səlahiyyəti yox idi və yoxdur.
Əgər söhbət F. Cəlilovun yox, Nazirlər Kabinetinin 2 iyun 1992-ci il tarixli "Qəbul imtahanlarının dəyişdirilməsi haqqında" sərəncamdan gedirsə (yəqin ki, F. Cəlilovun öz sərəncamı kimi qələmə vermək istədiyi də elə bu sərəncamdır), həmin sərəncam Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin orqanı "Azərbaycan müəllimi” qəzetinin 3 iyun 1992-ci il tarixli, 44-cü (7380) nömrəsinin 1- ci səhifəsində dərc edilib. Lakin bu sərəncamın nə F. Cəlilova, nə də test məsələsinə heç bir aidiyyatı yoxdur. Sərəncamın mətnində aydın şəkildə yazılıb ki, “Sərhədyanı ərazilər və Qarabağda olan müharibə vəziyyəti, erməni yaraqlılarının təcavüzü nəticəsində daimi yaşayış yerlərindən didərgin düşərək müxtəlif şəhər və rayonlarımızda ağır şəraitdə məskunlaşması abituryentlərin və onların valideynlərinin tədris müəssisələri yerləşən bölgələrə gəlişini çətinləşdirdiyi üçün, tabeliyindən asılı olmadan, eləcə də qeyri- dövlət tədrisi müəssisələrinə 1992-ci ildə tələbə qəbulunu mütəşəkkil təşkil etmək məqsədilə Azərbaycan Xalq Təhsili Nazirliyinin (nazir professor R. B. Feyzullayev idi) aşağıdakı təklifləri qəbul edilsin:
 
1. İyun ayında qiyabi və axşam şöbələrinə tələbə qəbulu ilə əlaqədar imtahanlar başqa vaxta keçirilsin; sənədlərin qəbulu müəyyən edilmiş mövcud qaydalarla aparılsın, ötən illərdən fərqli olaraq bütün qəbul imtahanları (əyani, axşam, qiyabi) cari ilin sentyabr ayının 1- nə qədər başa çatdırılsın.
 
2. Xalq Təhsili Nazirliyinə həvalə edilsin ki, qəbul imtahanlarının (əyani, qiyabi, axşam) vaxtı müvafiq xüsusi əmrlərespublikanın bütün tədris müəssisələrinə çatdırılsın.
 
Bu qədər. Nəzərə almaq lazımdır ki, imtahanların təxirə salınması deyərkən, söhbət sərəncamın mətnindən də göründüyü kimi, axşam və qiyabi şöbələrinə artıq elan edilmiş və sənəd qəbulu başlanmış qəbul imtahanlarından gedirdi. Əyani şöbəyə qəbul isə o dövrdə onsuz da avqust ayında keçirilirdi. Beləliklə, Ə. Elçibəy prezident seçilənə qədər Nazirlər Kabineti, Xalq Təhsili Nazirliyi, Prezident Aparatı xətti ilə rəsmi orqanlarda testə dair hər hansı müzakirələr aparılmamış, sənəd qəbul edilməmiş və göstəriş, sərəncam xarakterli aktlar verilməmişdir. Bunu ondan da görmək olar ki, F.Cəlilovun Ali Sovetin Milli Şurasının Elm və Təhsil Daimi Komissiyasının sədri kimi bilavasitə iştirak etdiyi ekspert- işçi qrupunun (rəhbəri professor Yaqub Mahmudov) hazırladığı Azərbaycan Respublikasının Təhsil Konsepsiyasının 5.1.3. bəndinin ali təhsilə qəbulla bağlı müddəası aşağıdakı şəkildə verilmişdi:
 
“Ali məktəbə dövlət qəbul sisteminin yeni mərkəzləşdirilmiş qaydası işlənib hazırlanır, həmin qayda işlənəkən qabaqcıl dünya təcrübəsi nəzərə alınır və ali məktəbdə qəbulda heç bir güzəştə yol verilmir. Qəbulda ixtisas biliyi və bacarığına üstünlük verilir. Qeyri-dövlət müəssisələrinə qəbul imtahansız da keçirilə bilər.”
 
Konsepsiya 13 mart 1992- ci il tarixdə KİV-də dərc edilmişdi və siyasi hadisələrlə müqayisə oluna biləcək intensivlikdə müzakirəsi KİV-də də aparılırdı. Müzakirə ilə bağlı heç bir materialda, o cümlədən F. Cəlilovun müəllifliyi ilə olan materiallarda test üsulu ilə bağlı hər hansı təklifə rast gəlinmir. Bundan əlavə, artıq bilavasitə F. Cəlilovun rəhbərliyi ilə Milli Məclisə təqdim olunmaq üçün hazırlanan və 9 iyul 1992- ci il tarixində rəsmi dövlət qəzeti “Həyat” qəzetində dərc edilən "Azərbaycan Respublikasının Təhsi Qanunu" layihəsinin “Ali Məktəblərə qəbul” haqqında 29-cu maddəsində nəinki, test üsulu təsbit edilir, ümumiyyətlə, test üsulu ilə bir araya söğmayan “qəbul imtahanlarının sayı”, “imtahanlar verildikdən sonra müsabiqə keçirilməsi” kimi anlayış, müddəa və qaydalar yer almışdır. Halbuki, artıq həmin dövrdə prezident Elçibəyin göstərişi ilə test sistemi hazırlayan işçi qrup yaradılb fəaliyyət göstərirdi və 11 iyul 1992-ci il tarixində Prezident Aparatında qəbul imtahanlarında testləşdirmə sisteminin əsasında keçirilməsinə həsr edilmiş rəsmi müşavirədə test sistemini hazırlayan həmin işçi qrupun Vurğun Əyyub tərəfindən verilən ilk hesabatı dinlənilmişdi. Müşavirə haqqında məlumat AZƏRİNFORM tərəfindən rəsmi məlumat kimi yayılmış və KİV- də dərc olunmuşdu. Həmin müşavirədə Baş Nazirin müavini F. Cəlilov iştirak etmırdi...
 
(ardı olacaq)

Загрузка...
Загрузка...