Evində oğrunu öldürən tələbəni hansı cəza gözləyir? - İstintaq

Baxış sayı: 
40
1  
0  

 
 
Bakının Səbail rayonunda evlərinə girən oğrunun qətlində ittiham olunan 18 yaşlı Faiq Abdullayevin barəsində olan ittiham dəyişdirilib.
 
Teleqraf.com xəbər verir ki, Faiq Abdullayevin ittiham olunduğu Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi həmin məcəllənin 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.
 
Faiq Abdullayevin barəsində toplanan cinayət işi baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Azər Tağıyevin icraatına verilib.
 
Bu gün Faiq Abdullayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Prosesdə Faiq Abdullayevin anket məlumatları dəqiqləşdirilib.
 
Cinayət Məcəlləsinin 123.1-ci maddəsi ilə ittiham olunan şəxsi iki ilədək müddətə islah işləri, iki ilədək azadlığın məhdudlaşdırılması və ya iki ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.
 
Qeyd edək ki, ötən il oktyabrın 17-də Daxili İşlər Nazirliyinin “102 – Zəng Mərkəzi”nə müraciət edən Bakı şəhər sakini olan bir yeniyetmə həmin gün gecə saat 2 radələrində naməlum şəxsin onların Bayıl qəsəbəsində yaşadıqları evdən oğurluğa cəhd göstərdiyini, atası Sakitlə rastlaşdıqda onu əli ilə vuraraq qaçdığını bildirib.
 
Dərhal Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və əməliyyat tədbirlərinə başlanılıb.
 
Oktyabrın 19-da saat 8 radələrində Səbail rayonunun A.İsmayılov küçəsində üzərində zorakılıq əlamətləri olan 40-45 yaşlı kişi meyiti tapılıb.
 
Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsi, Bakı şəhər Baş Polis İdarəsi, Səbail rayon Polis İdarəsi və rayon prokurorluğu əməkdaşlarının birgə apardıqları araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əhəd Həsənov olduğu müəyyənləşdirilib.
 
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində Əhəd Həsənovun Bayıl qəsəbəsindəki həmin evə oğurluq məqsədilə girdiyinə görə mənzilin sahibi Sakit Abdullayev və digər oğlu Faiq tərəfindən bıçaqla qətlə yetirildiyi müəyyən edilib.
 
Araşdırmalarla Sakit Abdullayevin azyaşlı oğlunun “102 – Zəng Mərkəzi”nə də cinayətin izini itirmək məqsədilə zəng etdiyi məlum olub.
 
Qəsdən adam öldürməkdə şübhəli bilinən Faiq Abdullayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil veriliblər.
 
Məlum olub ki, Əhəd Həsənov burğac (otvyorka) götürərək sahiblərin yatdığı evə girib. Oğru kombi qızdırıcı aparatının qoyulduğu yeri əvvəlcədən təyin edib və ora yaxınlaşaraq kombini sökməyə başlayıb.
 
Elə bu vaxt Sakit Abdullayev yuxudan oyanıb. Kişi yerindən qalxaraq tualetə gedib və orada kranda isti suyun olmadığını görüb. O, problemin nədən qaynaqlandığını ayırd etmək üçün kombi aparatına yaxınlaşıb. Orada naməlum şəxsin kombinin vintlərini açdığını görüb. Ev sahibi oğrunu zərərsizləşdirmək üçün oğlunu köməyə çağırıb.
 
Əhəd Həsənov bu zaman burğacı götürərək Sakit Abdullayevin üstünə cumub, onun sol gözünü yaralayıb.
 
Sonra Sakit Abdullayevi yerə uzadaraq bir-birinin ardınca ona burğacla zərbələr endirib.
 
Sakit Abdullayevin köməyə gələn 18 yaşlı oğlu Faiq Abdullayev oğrunun qan içində olan atasını öldürməyə cəhd etdiyini görüb. Həyəcanlanmış gənc bıçaq götürərək Əhəd Həsənovu zərərsizləşdirib. Faiq Abdullayev nə etdiyinin fərqinə varanda, artıq gec olub, Əhəd Həsənov ölüb.
 
İlkin istintaq zamanı Faiq Abdullayevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilmişdi.
 
Qeyd edək ki, hadisə törədən zaman Faiq Abdullayev ali məktəblərdən birində təhsil alırmış.
 
Müəllif: Hacı Zeynalov

Загрузка...
Загрузка...