​Ermənistan əhalisi sürətlə qocalır - demoqraflardan SOS

Baxış sayı: 
35
1  
0  

 
İşğalçı ölkədə doğum faizi inqilabdan sonra da azalmağa davam edir - səbəblər; sələflərin ağır mirasının altında qalan Paşinyan, üstəlik, Gürcüstan yolunun bağlanması riski ilə üzləşib - hökumət problemlər girdabından çıxa bilmir...
İşğalçı Ermənistandan gələn xəbərlər orada təkcə sosial-iqtisadi durumun yox, demoqrafik durumun da acınacaqlı olduğuna dəlalət edir. Ən önəmlisi odur ki, bu göstəricilər “məxməri inqilab”dan bir ildən çox keçsə də, getdikcə daha da pisləşməyə meyllidir, nəinki yaxşılaşmağa. Bu haqda ən əvvəl elə yerli ekspertlər SOS siqnalı verirlər.         
 
“2019-cu ilin birinci rübündə Ermənistanın 5 vilayətində əhali azalıb”. “Yeni Müsavat”ın Novostink.ru erməni qaynağına istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin Əhali Fondunun erməni ofisinin nümayəndəsi Tsovinar Arutyunyan deyib. “O sırada Loridə ölüm səviyyəsi doğumu 121, Şirakda 112, Sünikdə 67, Tavuşda 61, Vayotsdzorda 10 nəfər üstələyib. Mənzərənin daha dolğun təsəvvür edilməsi üçün xatırladım ki, 1990-cə ildə təbii artım 57 900 nəfər idisə, 2018-ci ildə bu rəqəm 11 900 olub”, - deyə demoqraf bildirib.
 
Onun sözlərinə görə, hökumət problemi bilir və onunla məşğuldur: “Bundan ötrü baş nazirin yanında ölkədə demoqrafik vəziyyətin yaxşılaşdırılması ilə bağlı komissiya yaradılıb. Artıq Lori, Ararat vilayətlərində situasiyanın öyrənilməsi üçün tədqiqatlara başlanıb - hansı vilayətlərdə ki, keçən il nisbətən ən yüksək təbii artım qeydə alınmışdı. Tədqiqatın nəticələri bir ay sonra məlum olacaq”.
 
 
Ancaq erməni mütəxəssisə görə, artıq bu gün söyləmək olar ki, əhalinin təbii artım sürətinə əsasən yüksək ölüm faizi, doğum faizinin aşağı düşməsi, miqrasiya, həmçinin boşanmaların artması təsir edir. “Mütəxəssislərin proqnozlarına görə, 2025-ci il üçün Ermənistanda artıq bütün ölkə boyu əhalinin azalması gözlənilir. Bu da əhalinin qocalması və miqrasiya ilə bağlıdır. Beləcə, ölkədə yaşı 65-dən yuxarı əhali getdikcə çoxalır. Əgər bu gün o, 12% təşkil edirsə, 2050-ci il üçün 22% olacaq”, - deyə məqalədə qeyd olunur.
 
“Beynəlxalq təcrübə bu problemin həlli üçün vahid reseptin olmadığını deyir. Əsas həll yolu odur ki, əhali öz ümidlərini, özünün və ailəsinin gələcəyini yaşadığı ölkə ilə bağlayır. İkinci faktor - gənclərin təhsil və işlə bərabər eyni vaxtda ailə qura bilməsidir. 2017-ci ildə apardığımız tədqiqatların yekunu bunu deyir. Bir çox gənclər ailədə 3 uşağın olmasını istəyir, lakin reallıqda bir və ya ikisi ilə kifayətlənirlər” - Arutyunyan əlavə edib.
 
*****
 
Söz yox ki, Ermənistanda əhalinin azalması və qocalmasında dünyadakı subyektiv amillərdən daha çox yerli, özəl amillər rol oynayır. Bura ilk növbədə həlli uzanan Dağlıq Qarabağ problemi, sərhədlərin bağlı qalması, müharibə təhlükəsi və işsizlik problemindən dolayı gənc əhalinin gələcəyə olan inamının sarsılması, bütün bunların nəticəsi olaraq isə əmək qabiliyyətli ermənilərin ölkədən kütləvi köç etməsi daxildir. Bu, həm də o anlama gəlir ki, Ermənistanda işğalçı orduya çağırışçı problemi getdikcə daha da qəlizləşəcək.
 
 
 
Diqqətçəkicidir ki, Ermənistanda inqilabdan sonra da doğum faizi artmayıb, əksinə, azalıb. Çünki əhalinin azalmasına səbəb olan, yuxarıda sadalanan faktorlar yerində qalır. Problemlərin problemi isə deyildiyi kimi, Qarabağ konfliktidir.
 
Son vaxtlar əmək qabiliyyətli ermənilərin ölkədən kütləvi köçünə qonşu Gürcüstandakı məlum proseslər də təsir edir. İrəvanda narahatdırlar ki, xaricə yeganə çıxış qapısı olan, Ermənistanı Rusiya ilə birləşdirən əsas tranzit ölkə kimi Gürcüstan günün birində əsas qapını da bağlaya bilər. Yeri gəlmişkən, bu yöndə artıq bəzi xəbərdarlıqlar gəlməyə başlayıb.
 
*****
 
“Keçən il sentyabrın 1-dən Gürcüstan hökuməti Rusiyadan Ermənistana idxal olunan taxıl məhsullarının ölkə üzərindən daşınmasına qadağa qoymuşdu. Ermənistan hökuməti uzun danışıqlardan sonra bu qərarı ləğv etməyə nail olsa da, Gürcüstan hökuməti yeni qadağa tətbiq etməyə hazırlaşır”.
 
Bu barədə Ermənistanda nəşr olunan, baş nazir Nikol Paşinayana yaxınlığı ilə tanınan “Jamanak” qəzeti yazıb.
 
Nəşrin məlumatına görə, Gürcüstan hökuməti bu il oktyabrın 1-dən Rusiyadan Gürcüstan üzərindən Ermənistana idxal olunan məhsulların daşınmasını qadağan edə bilər. “Bu halda un, çörək və ətin kəskin bahalaşması müşahidə oluna bilər. Donuz və quş əti, habelə heyvan yemlərinin böyük əksəriyyəti də Rusiyadan idxal olunur”, - deyə qəzet əlavə edib.
 
Bunun üzərinə Rusiyanın Ermənistana satdığı təbii qazı daha da bahalaşdıraraq, min kub metr üçün 200 dollara çatdıracağı ilə bağlı elə həmin nəşrin az öncə yazdığını da əlavə etsək, Paşinyan hökumətinin üzləşdiyi sosial iqtisadi problemlərin ağırlığı təsəvvür edilər. Demək, demoqrafik problem də ağırlaşmaqda, əhali qocalmaqda davam edəcək. Məsələ ondadır ki, ölkədə hakimiyyət dəyişsə də, iqtisadi-sosial göstəricilər dəyişməz qalır və o səbəbə iş qabiliyyətli ermənilər buna klassik şəkildə, yəni öz ayaqları ilə - ölkədən çıxıb getməklə etiraz edəcəklər...
 
“Yeni Müsavat”ın analitik xidməti

Загрузка...
Загрузка...